Şəhadətə ucalan əsgər…
(Hekayə)
Sentyabr ayının axırları idi. Bir neçə gün idi ki, xain qonşularımız müxtəlif istiqamətlərdən bölgələrimizi atəşə məruz qoyurdu. Ali Baş Komandanımız 2020-ci il 27 sentyabr tarixində səfərbərlik elan etdi. Bütün ehtiyatda olan hərbiçilərimiz səfərbərliyə qoşuldu. Qardaşım İbrahim də baş gizir rütbəsində olduğu üçün könüllü olaraq cəbhəyə yollandı.
Aradan bir neçə gün keçmiş mənə zəng etdi ki, anama, atama heç nə bildirmə Füzuli uğrunda gedən vuruşmada ayağımdan yüngül zədə almışam. Hər gün xəstəxanaya gedəndə gözüm yaralı əsgərlərin arasında onu axtarırdı. O, həmişə belə deyərdi: “Biz öz doğma torpaqlarımızı Allahın köməkliyi ilə geri qaytaracayıq. Adımız igid Mübariz kimi dillərdə dastan olacaq. “Onun bu kəlmələri qulaqlarımda əks-səda verirdi.
Neçə gün idi ki, əlaqəmiz yox idi. Artıq bir neçə rayonumuz düşməndən geri alınmışdı. Şiddətli döyüşlər zamanı bir neçə həkimimiz döyüş bölgəsinə yollandı. Mən də onların arasında idim. Cəbhəyə getdiyimi valideynlərimə demədim. Çünki onlar İbrahimə görə narahat idilər. Artıq cəbhədə idik. Yaralımız çox idi. Ürəyim sızıldayırdı. Allahım, sən özün kömək ol. Amma qəlbimdə bir qədər də sevinc hissi vardı. Ağdərə, Kəlbəcər, Füzulinin bir neçə kəndini döyüşçülərimiz almışdı. Hamımızın bir istəyi vardı – zəfər bizim olsun. Burada vaxtımızın necə keçdiyini bilmirdik. Yaralılarımızın gətirilməsi davam edirdi. Bütün güc və diqqətimizi yalnız onlara kömək etməyə yönəltmişdik.
Ordumuzun Şuşa istiqamətində olduğunu sanki kim isə qulaqlarıma pıçıldadı. Şükürlər olsun, Allahım, deyəsən zəfər çalacağıq, – deyə düşündüm.
Səhərisi gün xeyli yaralı daxil oldu. Bir neçə əməliyyatımız uğurla başa çatdı. Həkimlərdən kimsə növbəti döyüşçümüz çox yaralıdı, – deyə səsləndi. Yaralını əməliyyata hazırlayan tibb bacısı onun cibindən kimliyini çıxarıb: Məlikov İbrahim Səməd oğlu, – deyə səsləndi. Ürəyim bir anlıq dayandı. Özümü zorla ələ aldım. Bu, mənim qardaşım İbrahimdi. Birdən kimsə mənə: Zərifə, özünə gəl, – deyə qışqırdı.
Qışqıran əsgər yoldaşım Elşad həkim idi. Özümü ələ alıb qardaşıma tərəf yaxınlaşdım. Yersiz narahatlıq verməyim deyə, əlindən tutub səssizcə durdum. Əməliyyat öncəsi son sözləri bunlar oldu: Anamla atamı ağlamağa qoyma. Qoy mənimlə qürur duysunlar. Mənim yalnız bir arzum olub – müharibə qələbəmizlə sona yetsin. Torpaqlarımız erməni faşistlərindən geri alınsın. Bir əlimdə Azərbaycanın, o bir əlimdə Türkiyənin bayrağı kəndimizə gəlim. Bu dediklərimi edə bilmədən ölsəm, tabutumun üzərinə Azərbaycan və Türkiyə bayraqlarını sərib, mənim əvəzimdən kəlmeyi-şəhadət gətirərsən, – deyib İbrahim huşunu itirdi.
Onu dərhal əməliyyat masasına aldılar. Çox uzun və yorucu bir əməliyyat getdi. Həkimlər əllərindən gələni etdilər… Mərmi onun sinəsinə tuş gəldiyindən, bütün daxili orqanlarını parçalamışdı. O, artıq gözlərini əbədiyyətə yummuşdu. Söylədikləri qardaşımın vəsiyyəti oldu. Dizlərimin üstünə çökdüm, amma gec idi.
Səhərisi gün şəhid tabutunu kəndə gətirdik. Anam, qardaşım fəryad qopardılar. Hansı ananın ürəyi övlad itkisinə dözər axı? Axı o, oğlunun toyunu gözləyirdi…
Yağış yağırdı. Sanki zəfərə can atan şəhidlərimizə görə göz yaşı tökürdü göy üzü. Mən doymadım onu görməkdən. Hansı ana, bacı arxa-kömək bildiyindən doydu axı? Amma zaman göstərdi ki, biz – azərbaycanlı ana və bacılar güclü və dözümlüyük. Çünki deyə bilirik: Şəhidlər ölmür, onlar hamısı bizim şəhadətə ucalan əsgər övladlarımız, qardaşlarımızdır.
Ləman Məmmədli,
Diyallı kəndi