Xocalı qurbanları yad edilib 

           

23 fevral 2024-cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində (İDHTK) Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin (DŞRGİİ) və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin təşkilatçılığı ilə 26 Fevral – Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbirdə kollecin tələbə-gənclər təşkilatı üzvləri arasında şeir üzrə bədii qiraət müsabiqəsi keçirilib.

Tədbirdə İDHTK-nin direktoru, müəllimləri, tələbələr, DŞRGİİ-nin rəis müavini və əməkdaşları iştirak ediblər.

Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Ədəbi-bədii hissədə tələbələrin hazırladığı səhnəciklərə və Çingiz Abdullayevlə bağlı sənədli filmə baxılıb, şeirlər dinlənilib.

Daha sonra İDHTK-nin direktoru Kəmalə Süleymanova və DŞRGİİ-nin rəis müavini Fərhad Qurbanov çıxışında Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu, bu soyqırımı nəticəsində dinc əhaliyə amansızlıqla divan tutulduğu, yüzlərlə uşaq, qadın, qocanın qətlə yetirildiyi bildirilib. Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son qoydu. Düşməndən bütün şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qisası alındı.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir.

Bədii hissədən sonra müsabiqəyə yer verilib. Tələbələrin səsləndirdikləri şeirlərdən sonra qaliblər müəyyənləşdirilib. Qaliblər DŞRGİİ-nin Diplom, Fəxri fərman və medalları ilə mükaftandırılıblar.

Kərim Boyaqçızadə

 

Şərh Yaz