İsmayıl Söhbət oğlu Zülfüqarov 

Tanınmış bioloq-alim İsmayıl Söhbət oğlu Zülfüqarov ömrünün 65-ci ilində dünyasını dəyişib.

İsmayıl Zülfüqarov İsmayıllı rayonunun Talıstan kəndində ziyalı ailəsində anadan olub. O, biologiya sahəsində tanınmış alim, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreyanın Pusan Milli Universitetinin 17 il tədqiqatçı-professoru olmuş, biologiya üzrə fəlsəfə doktoru kimi fəaliyyət göstərmişdir.

2016-cı ildən ömrünün sonuna qədər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasına rəhbərlik edib. O, institutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının Seminar şurasının üzvü kimi fəaliyyət göstərib, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası Azərbaycan Milli Komitəsinin sədr müavini olub.

İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir.

Ziyalımız İsmayıl Zülfüqarovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladıq. Vəfatı ilə bağlı ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Allah rəhmət eləsin.

İsmayıllı Rayon İcra Hakimiyyəti

 

Şərh Yaz