Seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdi 

       

2003-cü ilin 15 oktyabrında Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi kursu yaşamağa davam etdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.

Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Prezident Cənab İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Prezident Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.

Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda işlək və təhdidlərə qarşı immuniteti olan siyasi sistem bərqərar olunub.

Prezident Cənab İlham Əliyevin əsas hədəflərindən biri daim milli maraqların qorunmasına, xalqın milli ideya ətrafında birləşməsinə, vətənpərvərlik ruhunun gənclər arasında daha da təbliğ edilməsinə yönəlib. Prezidentin hakimiyyəti illərində ordumuz sürətlə inkişaf edib. Böyük zəfərin başlanğıcı hesab olunan Aprel döyüşlərindəki qələbəmiz və 44 günlük Vətən müharibəsindəki zəfərimiz Ali Baş Komandanın qətiyyətli mövqeyini, Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ordu quruculuğunun necə inkişaf etdiyini göstərir.

Esmira Bədəlova,

Kürdmaşı kənd tam orta məktəbinin coğrafiya müəllimi

 

 

Şərh Yaz