Xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri əsasında vahid birlik  

                 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə Ulu öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminar keçirib.

“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilən seminarın keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədovanın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kuninanın, təhsil və mədəniyyət işçiləri, gənclər, həmçinin rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Sevil Əhmədova qeyd edib ki, Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynayıb. Dahi şəxsiyyət Heydər Əliyev siyasətinin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətinin inkişafına, müstəqil dövlətimizin daha da qüdrətli olmasına öz töhfəsini verir. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir.

İrina Kuninan mərkəzin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dövlət orqanı kimi azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm səmərəli layihələr həyata keçirib və keçirməkdə davam edir.

Azsaylı xalqların nümayəndələrindən olan digər çıxışçılar İsmayıllı rayonunda mövcud olan multikultural mühit haqqında öz fikirlərini bildiriblər. Sonda tədbir iştiraçıları ilə xatirə şəkli çəkilib.

Şərh Yaz