Bir kitaba sığmayan ömür və yaxud şəxsi nümunəsi ilə örnək olan insan  

Azərbaycan və onun hər bölgəsi mənə əzizdir. Qismətimə rayonumuzun dilbər güşəsi olan Qurbanəfəndi kəndində də çalışmaq düşdü. Beş ilə yaxın bu kənddə müəllim işlədim. Səhər-axşam kənddə gəzişər, kənd camaatı ilə söhbət edər, şəxsən tanıdığım adamları xəyalən adbaad xatırlayar, çox zəhmətkeş olan bu kənd camaatından, onlarla ünsiyyətdən razı qalardım. Qalmaq üçün məktəbə yaxın ev lazım idi. Kəndin ağsaqqalları iki mərtəbəli, uzun eyvanlı, səliqə-səhmanlı Mərdanovlar ailəsini məsləhət bildilər. Məsləhətə baxıb həmin ailədə qalmağa qərar verdim. Ailənin başçısı Ağabala əmi bir neçə il idi ki, dünyasını dəyişmişdi. (Allah rəhmət eləsin).

Ailəyə Camal ana başçılıq, böyüklük edirdi. Onu tanıyandan o bir el ağbirçəyi idi. Bütün kənd – böyükdən kiçiyə hamı ona “Ana” deyərdi. Onun bir sözü iki olmazdı. Kəndin bütün məclislərində başda oturdardılar. İlk sözü də, son sözü də, o deyərdi. Amma qəti yersiz danışmazdı. Həmişə qayğılı görünən, mülayim, xanım-xatun bir qadın idi. Camal ana harada otursaydı, diqqət də ora yönələrdi. O, zəhmətlə, alın təri ilə çörək qazanıb balalarını dolandırardı. Məktəbdə çalışırdı. Məktəbin təmiz, səliqəli olmasında xüsusi əməyi vardı.

Kolxoz vaxtı idi. Camal ana kolxozçu kimi tütün əkər, ailə üzvləri ilə birlikdə, tütündən qayıtdıqdan sonra nahar edib evdə xalça toxuyardı. Hamını sevmək, hamının sevimlisi olmaq çox çətindir. Etdiyi yaxşılıqdan ləzzət alanlar bu bacarıqlarını vərdişə çevirdikdə xoşbəxtliklərini tapırlar. Camal ana da belə xoşbəxt, xeyirxah insanlardan biri idi.

Hərdən ötən illərin xatirələri, acılı-şirinli olayları ilə baş-başa qalıram. Camal ana haqqında nəsə yazmaq qərarına gələndə hər dəfə ürəyi dolu, sadə və təvazökar, həmişə olduğu kimi görünən, zəhmətkeş bir qadın, bir ana haqqında söhbət açmaq, yazmaq mənə xeyli çətin görünürdü. Bunu açıq-aydın dərk etsəm də, anam qədər sevdiyim bu insan haqqında, onun başçılıq etdiyi ailə üzvləri barədə bildiklərimi geniş oxucu kütləsi ilə bölməyi özümə mənəvi borc bildim…

Camal Əlimirzə qızı 1923-cü ilin sentyabr ayının15-də Qalacıq kəndində anadan olmuşdur. Uşaqlıq, gənclik illərini Qalacıq kəndində keçirən Camal Qurbanəfəndi kənd sakini Ağabala Sərdar oğlu Mərdanovla ailə həyatı qurmuşdur. Beş oğul, dörd qız övladı böyütmüşdülər birlikdə. Ağabala kişi kolxoz quruculuğunda fəal iştirak edənlərdən idi. O, 1972-ci ildə, 69 yaşında dünyasını dəyişdi. Bundan sonra ailənin bütün ağırlığı Camal ananın üzərinə düşdü. Çətinliklərə baxmayaraq, Camal ana oğlanlarının beşinə də təhsil verdi, onları oxutdurdu. Qızlarını el adəti ilə toy edib köçürtdü…

Bu gün Mərdanovlar ailəsi köklü, çox tanınmış ziyalı bir nəsildir. Onların maddi imkanları heç o qədər də yüksək deyil, amma mənəviyyat baxımından olduqca zəngindirlər. Onlar 15 sentyabr 2023-cü ildə anaları Camal ananın 100 illiyini bütün kənd və ailə üzvləri, dostları ilə birlikdə qeyd etdilər, kövrək xatiələrlə nəsil şərcərəsini – ataları Ağabala kişini, anaları Camal nənəni, qardaşları Dəmir müəllimi və bacıları Solmaz xanımın xatirələrini andılar. Kənd qəbristanlığında böyük izdahamla ruhlarına dualar oxundu və xatirələr söyləndi. Həmin gün şəhid mayor Sübhi Balamirzə oğlunun qəbri də ziyarət olundu.

Bir kitaba sığmayan ömür yaşamış Camal ana haqqında hamı xoş sözlər söylədi. Onun sözü ilə əməli bir, saflıq simvolu idi, – dedilər. Camal ana insani xüsusiyyətləri ilə, gözəl ailə başçısı kimi bütün kənd camaatına bir nümunə idi. Övladlarının təlim-tərbiyəsi ilə bilavasitə özü məşğul olardı. Nə qədər yorğun olsa da, rahatlığını, dincliyini ailəsində, evində övladlarını qanadlarının altına çəkib əzizləməkdə tapardı.

Bir kitaba sığmayan ömür sahibi 2009-cu ilin dekabr ayının 3-də, 86 yaşında dünyasını dəyişdi. Onun vida mərasimində iştirak etdik. Böyük bir izdiham var idi. Vida mərasimində yaxın, qohum-qardaş, qonşu kənd camaatı, müxtəlif bölgələrdən iştirak edənlər var idi. Camal ananı tanıyan hər kəs gözüyaşlı, qəmli idi, çünki onlar bir el anasından ayrılırdılar…

Çox uzağa, dərinə getmirəm. Camal ananın taleyi, həqiqətən bir kitaba sığmayan idi. Bir qədər də ailənin üzvlərindən söhbət açım:

Oğlu Dəmir 1938-ci ildə dünyaya gəlmişdi. ADU-nin kimya fakültəsini bitirmişdi. Bakı şəhərinin 254 nömrəli orta məktəbində çalışmışdı. Müxtəlif vəzifələrin sahibi olmuşdu. Ləyaqətli, peşəsini sevən pedoqoq idi. 2021-ci ildə vəfat etmişdir.

Qızı Solmaz 1942-ci ildə doğulub. Səkkiz övlad böyüdüb. 2014-cü ildə dünyasını dəyişib. Oğlu Sərdar M.Ə.Sabir adına Şamaxı Pedoqoji Texnikumunu bitirmişdir. Qurbanəfəndi kənd tam orta məktəbində texnologiya müəllimi işləmiş, hazıda təqaüdçüdür. Oğlu Sərkar ADU-nin tətbiqi-riyaziyyat fakültəsini bitirib. (Bu barədə daha ətraflı məlumat veriləcək).

Səfər Politexnik İnstitutuna daxil olub. Müzəffər Kooperativ Texnikumunu bitirib, kiçik oğlu Firdiman Mühəndis İnşaat İnstitutunu bitirib, qızları – Firuzə, Tahirə, Gündüz evdar qadındırlar. Göründüyü kimi böyük bir ziyalı şəcərəsi, nümunəvi bir ailə, dövlətə, torpağa, yurda bağlı olan bir nəsil. Nəvələri Mərdan, Xaspolad, nəticələri Kənan və Mikayıl Qarabağ uğrunda müharibədə iştirak etmiş, müxtəlif medallarla təltif olunmuşlar.

Camal ananın qardaşı rəhmətlik Balamirzənin oğlu mayor Sübhi Mürsəliyev Qarabağ müharibəsində fədakarcasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. (Ruhu şad olsun).

Körpələr dünyaya göz açanda, evlərə sevinc, fərəh gəlir, üzləri gülür, çox vaxt böyük şadyanalıq edilər. Evlərə oğul payı bəxş olanda valideynlərin sevinci, arzuları daha çox olur. Övladlarını böyütmək, ali təhsilli etmək, hərbi xidmətə yola salmaq, ürəyi istəyən, öz ailəsinə uyğun, münasib olan bir ailənin qapısını döyüb qızına elçi getmək, el-obasını, qohum-qonşunu ətrafına toplayıb, el adəti ilə toy etmək, evinə gəlin gətirmək və s.

Mərdanovlar ailəsində oğlan uşaqları dünyaya göz açanda, bütün bu arzuları Camal xanım və ömür-gün yoldaşı Ağabala bəy də zaman-zaman yaşayıblar. Ailənin yetirməsi, bu gözəl balalardan biri 70 illik yubileyi elə bu yaxınlarda qeyd olunan Sərkar Ağabala oğlu Mərdanovdur.

Sərkar Mərdanov 1953-cü ilin 15 sentyabrında (Camal ananın doğum günündə) Qurbanəfəndi kəndində, kolxozçu ailəsində anadan olub. O, orta məktəbi bitirərək 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinə daxil olub. Oranı 1975-ci ildə əla qiymətlərlə bitirib. İlk əmək fəaliyyətinə 1975-ci ilin sentyabrında Azərbaycan Kənd Texnika Respublika Birliyinin məlumat-hesablama mərkəzi CHM istismarı şöbəsində böyük mühəndis vəzifəsindən başlayıb. Elə bu vəzifədə işləyərkən bütün müsbət şəxsi keyfiyyətləri və idarəçilik bacarığı üzə çıxıb. Vəzifələrdə pillələrlə yüksəlib. Əvvəl o, Rayonlararası təchizat bazarlarının məlumatlarının işənməsi şöbəsində müdir, 1979-cu ildə Azərbaycan SSR Mərkəz Statistika İdarəsinin Baş Hesablama İsmayıllı rayon məlumat hesablama stansiyasında böyük mühəndis, 1984-cü ildən 1992-ci ilə kimi Azərbaycan SSR Mərkəzi Statistika İsmayıllı Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb. 1992-ci ilin iyunun birindən 1993-cü ilin bir sentyabrına kimi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının Kənd təsərrüfatı və humanitar məsələləri üzrə müavini vəzifələrində fəaliyyət göstərib. 1993-cü ilin senytabrından 1999-cu ilin sentyabrına kimi İsmayıllı Ərazi Hidrometeorologiya İdarəsində əmək fəaliyyətini davam etdirib. Onun səmərəli fəaliyyəti, işgüzarlığı və qabiliyyəti rayon rəhbərliyinin diqqətini cəlb edib. Odur ki, onun ilk bələdiyyə seçkilərində namizədliyi bəyənilib. Sərkar Mərdanov İsmayıllı şəhər sakinlərinin, seçicilərin etimadını qazanaraq İsmayıllı bələdiyyəsinə 1999-cu ilin dekabrında üzv seçilib. Bələdiyyədə fəallıq göstərdiyi üçün iki seçkidə seçicilərdən yetərli səs ala bilib. O, bələdiyyədə sədr müavini, vergilər-iqtisadiyyat şöbəsinin müdiri və yerli büdcə məslələri daimi komissiyasının sədri vəzifələrdində nümunəvi işi ilə də seçilib.

Onun bir neçə dəfə rayon sovetinin deputatı olması da işgüzarlığına və qayğıkeşliyinə verilən qiymət kimi dəyərləndirmək olar. Bələdiyyə işindəki uğur və naliyyətlərinə görə o, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunmuş seminarlarda daim iştirak etmişdir.

Sərkar Mərdanov həmişə təhsilinin qayğısına qalaraq müxtəlif illərdə Latviya SSR-nin Riqa şəhərində İstehsalatın idarə edilməsi və iqtisadiyyatın əsasları kursunda, Bakı şəhərində İqtisadiyyatın planlaşdırılması və təşkili, mühasibat uçotunun əsasları kursunda, Ukraynanın Kiyev şəhərində SSR Dövlət Statistika Komitəsinin göndərişi ilə Statistikanın təkmilləşdirilməsi kurslarında iştirak edərək elmi savadını artırmışdır.

Əmək faəliyyətindən göründüyü kimi gənc yaşlarından vəzifədən-vəzifəyə irəli çəkilən Sərkar Mərdanov harada və hansı vəzifəni tutumasından asılı olmayaraq, öz vəzifə borcunu həmişə dərin məsuliyyət hissi ilə yerinə yetirib. Bir vəzifədən digərinə daha yüksək zəmanətlə təyin edilib. O zaman yaxşı bir deyim vardı: “Yaxşı kadr dövlətin qızıl fondudur”. Bu sözləri Sərkar Mərdanov haqqında da söyləmək tam yerinə düşərdi. Onun səmərəli əməyi müxtəlif təşkilatlar tərəfindən Fəxri fərman, Diplom, “Əməkdə fərqləndiyinə görə” medalı ilə mükafatlandırılıb. Sərkar Mərdanov olduqca vətənpərvər insandır, baş leytenant hərbi rütbəsini daşıyır.

Sərkar Mərdanov bir şəxsiyyət kimi tərifə ehtiyacı olmayan, tərifi sevməyən, hər cür tərifdən qaçan, tərifin özündən yüksəkdə olan səmimi insan, yaxşı yoldaş, sədaqətli dost, incə qəlbli, diqqətcil və qayğıkeş, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən sadə insandır. Ətraf mühitə olduqca həssas, şəxsi nümunəsi ilə örnək olmağı bacaran, bütün məqamlarda ədalətlilik prinsini seçən, adi söhbətlərdə belə düşünməyi və düşündürməyi bacaran, dərin və mənalı baxışları ilə seçilib, diqqəti cəlb edən adi bir insandır. Böyük və geniş ürək sahibidir. Sözü üzə şax deyəndir. İnsanların qeyri-səmimilyinə, ikiüzlülüyünə, qarşı barışmaz mövqelidir. Düz və tələbkar adamdır.

İşlərində nümunəvi olan Sərkar həm də nümunəvi ailə başçısıdır. Ömür-gün yoldaşı Zərifə Kazım qızı Mərdanova ilə birlikdə dörd övlad – iki qız, iki oğul tərbiyə edib büyüdüblər. Oğlu Elnur və Şəhriyar kiçik sahibkardırlar, hər ikisi ali təhsillidir. Şübhə yoxdur ki, belə ailədə yetişən övladlar atalarının zəngin həyat fəaliyyətindən ibrət götürüb, xalqın xidmətlərində ataları kimi şərəflə dururlar.

Sərkar müəllim, bu 70 yaş səni ali müdrikliyə aparır. Yubiley yaşın mübarək olsun! Gün o gün olsun ki, əzizlərin, səni sevənlər 100 illiyini qeyd etsinlər…İnşaallah!!!

Hacıməmməd Məmmədov

Şərh Yaz