Zilalə Törə qızı Xocaniyazova      

16 iyun 1973-cü ildə Özbəkistanda anadan olub. Qarşı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, həm də  Özbəkistan Respublikası Prezidenti yanında  Dövlət İdarəetmə Akademiyasında təhsil alıb.

2002-ci ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. O, “Ürəyimdə bir gül bitir”, “Qəlb şivəsi”, “Könülə yol”, “Həyət”, “Həsrət pıçıltıları”, Aksioma” adlı şeir kitablarının müəllifidir.

Uzun illər Özbəkistan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasında, Özbəkistan Respublikası Əmlak Komitəsi nəşriyyatında işləyib. Hazırda isə “Milli standart” jurnalında baş redaktor vəzifəsində əmək fəaliyyətini davam etdirməkdədir.

Respublika mətbuatında elmi, publisistik məqalələri və yaradıcılıq nümunələri ilə müntəzəm iştirak etməkdədir.

Bu günlərdə şairənin “Gəl, ey dost” adlı kitabı şair-tərcüməçi Şahməmməd Dağlaroğlunun uyğunlaşdırılması ilə “Maarif” nəşriyyatında Azərbaycan dilində çapdan çıxıb. Kitaba Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı professor Almaz Ülvi Binnətova ”Ön söz” yazıb.

Kitabdan bir neçə şeiri öxucularımıza təqdim edirik.

İsmayıllı xəbərləri”

 

Aprel

 

Ağacların sırğasın açıb,

Alıb qaçar, o oyunbaz yel

Pəncərəmdən xəbərsiz girib,

Gülümsəyir sevdiyim aprel.

 

Ey gözəl, ürəyin səması,

Mahnılar oxuyar göz yaşın.

Bəs edər, yağışda çox durma,

Bax, qayıdıb gəldi sirdaşın.

 

Yaz gülündən hörük toxuyar,

Bağlarıma bağışlar bu an.

Otların nazı üçün darıxıb,

Yer oyanmaqdadır yuxudan.

 

Qızılgülün köynəyi qat-qat,

Səhərlər sakitcə açılar.

Şirin bir nağıl başla, amma,

Məhəbbətdən söz açma, bahar.

 

Pəncərəmdən xəbərsiz girib,

Gülümsəyir sevdiyim aprel…

 

 

***

Küləklər dağıdar ruh-xəzanımı

Solğun rəng bürüyər dörd bir yanımı.

Xəyallar incidib miskin canımı.

Qəfil, yenə qəlbim ah çəkər onsuz,

Bəlkə, hamısına günahkar payız?..

 

Bir vaxt təskin verdi, dinmədi könlüm,

Atəşlər sönsə də, sönmədi könlüm,

Dünya ovsunladı, danmadı könlüm,

İllər dərd caladı dərdimə, əfsus,

Bəlkə, hamısına günahkar payız?..

 

Yağış gecə boyu dərdləşib, dindi,

Səs gələn bağlara sakitlik endi.

Ürək sənsizliyə uyarmı indi?

Xəyallar səs salmır, günlərim məyus,

Bəlkə, hamısına günahkar payız?..

 

Payızı gözlərdik bir vaxt səbirsiz,

Görüş fəsli idi, bəxt də töhfəmiz.

Ayrılıq-ağrılı indi qəlbimiz,

Bağları xatırlar eşq ətrin yalnız,

Əslində hamsına günahkar payız…

 

Həyət

 

Səndə yox qızılgül boyu, görkəmi,

Qamətin lalətək deyil, həqiqət.

Bu yalan dünyada könlümün dostu,

Qəlbim yarasına məlhəmsən, həyət.

 

Gülmüsən, otmusan, qəmlisən ancaq,

O nəfis ətrindən uçur qəlb bu an.

Anamın qoxusun daşıyan yarpaq,

Atamı son yola yolladın cavan.

 

Sən Haqqın yerdəki cənnətlik gülü,

Sambittal dağına ox sancıb bahar.

Dünyaya çığırıb gəldiyim günü,

Nənnimə xoş ətir doldurmağın var.

 

Yaşamaq yükünü tullasam, bezib,

Səs salsa  haqq dünya – dolanan məskən

Bir gün də qəbrimin torpağın görüb,

Ordan baş qaldırıb, sən bitəcəksən,

Bitib, ürəyimdən qalxarsan agah –

Gülmüsən, otmusan, qəmmisən, ya ah?!.

 

 

***

 

Mən doldum, səbr adlı kasalar sındı,

Hissdən, duyğulardan yoruldum tamam.

İndi məclislərdə, çoxluq içində,

Hamı tamaşada, mən xəyaldayam.

 

Yox sual açması, arəstə dünya,

Qəmlər zirvəsindən aşammamışam.

Mövcudam, məğruram, məhkumam, amma,

Ölçülü ömrümü yaşamamışam.

 

Yağış – kiçik bacım, sadiq, ədasız,

Gözlərim yaş tökər dost-əğyarımdan.

Ömür ötüb keçər eşqsiz, mənasız,

Kövrək nəğmə qopar ürək tarımdan.

 

Hamı bir, dünyada yox əzəl, üstün,

Könül sınıqlarım bir topa xırman.

Həmdəmim yağışla dərdləşib hər gün,

Anam – Yer üzünə güvəndim hər an.

 

Mən doldum… səbr adlı kasalar sındı…

 

Qısqanclıq

 

Hazırdır ildırım – mahir fotoqraf,

Təbiət hüsnünün şəklini alar.

Küləksə köməkçi – yüyürüb, əsib,

Ağac-qızlar saçın nizama salar.

 

Sonra, birdən tərslik edib haradan,

Tələsib gəlməkdə qısqanc yağışlar.

Sonra qəzəb ilə küləyi qovub,

Ağacın üzünə  şapalaq vurar.

 

Yarpaqlar qəfildən titrəyib gedər,

Ağac geri dönər: “Yolundan qalma!”

Yağış min əfsusla  dayanar. Danda,

Ağacın üzündə şapalaq izi.

Nazlanıb dayanar qırmızı alma.

 

 

* * *

Güc verin ürəyə, qaldırın ruhu,

Kübratək dik tutun alını, üzü.

Qürur və mətanət – bizim peşə bu,

Hər kəs gülə-gülə tapdamaz közü.

Hələ qarşıdadır ən parlaq günlər…

 

Uca, dik qayanın öz şahini var,

Çalağan uçuşu heç nə, boş-bekar,

Gömgöy asimana yaraşıqdı sar,

Ruhu yüksəklərə genliklər də dar,

Hələ qarşıdadır ən parlaq günlər…

 

Hər ömür dalğalı, yağış, qarı var,

Bəzən də olarsan səhvsiz günahkar.

Taleyin yolları gah geniş, gah dar,

Ağappağ  arzular – gözmuncuğular,

Hələ qarşıdadır ən parlaq günlər…

 

Bu həyat imtahan, sınaqlı dünya,

Riyalar ötəri, yaşamaz əsla,

Əgər Haqq yazanda yazıbsa, zira

Daşsa, öz yerinə qayıdır dərya,

Hələ qarşıdadır ən parlaq günlər…

 

 

* * *

Eşq deyilən o hiss – qədəhdə şərab,

İçdim, əhvalımı eylədim xarab.

Hər gün vücudumu alır iztirab,

Sən də məndən ötrü darıxırsanmı?

 

Mənim dəli könlüm, divanə ürək,

Sevib, sevdiyindən məstanə ürək.

Darıxmaqdan qərib, qəmxanə ürək,

Sən də məndən ötrü darıxırsanmı?

 

İçimə köz düşdü, içimdə atəş,

Xəyallarım boşdur, fikirlərim çaş.

Dərdimə bir qələm, bir kağız dərddaş,

Sən də məndən ötrü darıxırsanmı?

 

Axtaran gözümü dayandırım mən,

Şeirlə sözümü dayandırım mən.

Bəs necə özümü dayandırım mən,

Sən də məndən ötrü darıxırsanmı?

 

* * *

 

“Sabah gələcəyəm”, – dedin, gəlmədin,

Səhərlər qocalıb, gecə oldular.

Aylar yola saldım,  sabah gözlədim,

Bu aylar, bu illər, necə oldular?

 

Yazlar payız oldu, çiçəklər xəzan,

Sabahı gözlədi onlar mənimlə.

Səhərin gəlişi, ah, acı güman,

Sabahı gözləməm sabahdan belə!..

 

 

* * *

Bu gün hicrət etdi ürəyi heyrət,

İçimdə dörd fəsil dalaşıq etdi.

Gecə şübhələrdən bezikib ruhum,

Bilməm, dəli kimi, ha yana  getdi.

 

Yağış pəncərəmi döydükcə ağlar,

Şam kimi əriyər həsrətdən hisslər.

Ümid qəmli durar, göz baxınca dinc,

Gilli divar kimi, qəlbim tökülər.

 

Nə vaxtsa həm məğrur, həm adil idim,

Zirvədən ucada,  şimşəklər ancaq.

O vaxtlar qürurum mətin dağ idi,

Eşq yolunda oldum gil,  yada torpaq.

 

Gecə yarı… gözün sürməsin udub,

Sinəmdə çırpınıb, bir quş ağrındı.

Qəlbim  yamağından tikiş söküldü,

Səninçün darıxdım, özüm darıxdım…

 

 

* * *

 

Ürəyimə yaxın xəzanhal payız,

Mənim qəlbimdə  də tökülür xəzan.

Ətrafda səssizlik, hər tərəf məyus,

Sinəmdə yer tutur sanki asiman.

 

Ağactək töküldüm payız qoynuna,

Ürəyimdə cansız bir hiss gəzişər.

Sənsiz darıxmadan yaşamaq ağır,

Darıxıb yaşamaq, ondan beşbetər.

 

Damarımda axar həsrətli atəş,

Baxışımda yenə gül açar hicran.

Sən niyə sükutda, lalsan, susursan,

Bir ağız  söz söylə, soyuq telefon.

 

Çöldə yağış yağır, qəlbimdə yağış,

Sinəmdə islanır bir nadinc duyğu.

Ya dəli eləyər bu əzab sonda –

Bir gün öldürsə də, öldürəcək bu.

 

Sükunət zülmətin ümid isidər,

Gecə yorğanını örtər yorğun dərd.

Səhər səndən ötrü  darıxmağımçün,

Yaşamağım vacib, yaşamağım şərt…

 

Dərvişsayağı

 

Bu dünya bir bazar imiş,

Sevdası qəm, azar imiş.

Kimə gen, kimə dar imiş,

Gəl, dostum, susuz qalmışam,

Bu gün dərdə yar olmuşam.

 

Gör üzümü, halım xarab,

Hicran qanın içdim şərab.

İnandığım yuxu  – sərab,

Gəl, dostum, susuz qalmışam,

Bu gün dərdə yar olmuşam.

 

Ağla desəm, gözdə yaş yox,

Qərib qəlbə ürəkdaş yox,

Zahidlikdə ruh var, baş yox,

Gəl, dostum, susuz qalmışam,

Bu gün dərdə yar olmuşam.

 

Aşiq qəlbə siyah,  dünya,

Səhv edənə – günah dünya,

Bil, əsl dost Allah – dünya,

Gəl, dostum, susuz qalmışam,

Bu gün dərdə yar olmuşam.

 

 

* * *

 

Məni bu hisslərmi aldadır,

Aldadır baxışın qarası.

Ürəyi başqacür eləyir –

Eşq tutan badənin bəlası.

 

Reyhanın qoxusu çox şirin,

Şirindir məhəbbət xəyalı.

Açan gül saxlamaz sirrimi,

Bahara hamsını açmalı.

 

Bağçada tək ağac gül açmış,

Bəxtinə düşəndə nur, bilim.

Gözlərində gizlət,  qaranquş,

Bu sirri açma sən, ey dilim.

 

Payız nəğməsi

 

Payız yarpaqları tökür mərc ilə,

Onlar nəm götürmüş eşq namələri.

Ağacda oturan pis qarğa deyil,

Lənətli qismətin bəd nalələri.

 

Saralmış məktublar dar bir dəhlizə,

Gərəksiz kağıztək cırılan, düşən,

Xəyanət zəhəridir zədə ürəyə,

Hayqırdım: “Qatilsən, ürək, qatilsən!”

 

Eh, amma qızcığaz, o yarpaqları,

Zövq ilə toplayıb düzər səhnəyə.

Sahibsiz məktublar pıçıldar –  sirrin

Söyləyər ləkəsiz, təmiz ürəyə.

 

Bu yolda saf eşqə vardır qadağa,

Sən onu axtar tap, fikrindən enmə.

Ay qız, başın üstə durur pis  qarğa,

Get, dönmə sən…   geriyə dönmə.

Atamın nəsihəti

 

Arxanca it hürsə, diksinmə, balam,

Bil ki, sıralarda bircə nərin var.

Başına quzğunlar fırlansa əgər,

Deməli, öz sözün, başqa tarın var.

 

Məğribdən məşriqə karvanın yolu,

Düşmənlər bildiyi bu bir dar küçə.

Sənin ünvanın var uzaq, işıqlı,

Düşmənlərə məkan bu zülmət gecə.

 

Necə karvan keçər, şən, duyar qürur,

Yolunda dayanmış düşməni unut.

Qayatək əyilmə, dur hər an məğrur,

Ən ali hakim –  vaxt, qələbən – sükut.

 

Yaxşıdır, bunların hamsına şükür,

Çox getsə, şeirinə meyil salarlar.

Sən bir gün ünvana çatsan anidən,

Onlar paxıllıqdan yanıb ölərlər.

 

İtlər hürsə birdən, incimə, balam,

Bil ki,  sıralarda bircə nərin var.

 

 

Şərh Yaz