“Dağ çiçəkləri”      

 

           

 

Allahım bilir

 

 70 yaşıma

 

Yetmiş il – ömrümün o baş, bu başı,

Yetmiş il – könlümün sirri, sirdaşı.

Ölçüsü-biçisi bir məhək daşı,

Doğrusu, düzünü Allahım bilir.

 

Hələ Günəş doğur, hələ Ay batır,

Hələ bahar gəlir, hələ yay çatır.

Deyəsən, Tanrıdan mənə pay çatır,

Səksəni, yüzünü Allahım bilir.

 

Əlindən tutduğum axşam, səhərdir,

Dörd yanım bəmbəyaz xatirələrdir.

Çapdığım, qovduğum nallı kəhərdir,

Yolunu, izini Allahım bilir.

 

Ölüm gizlənibdir qaşımın altda,

Soyuq daşları da başımın altda.

Gülüşüm üzdədir, göz yaşım altda,

Odumu, közümü Allahım bilir.

 

Yazdım yazdığımı mən sətir-sətir,

Umub, umacağım görən bəs nədir?

Qəlbimdən boylanan şirin nəğmədir,

Dilimin sözünü Allahım bilir.

 

Körpə ümidlərim hələ ki canda,

Günlər təlatümdə, il həyəcanda.

Qovrulur arzular qaynar qazanda,

Dadını, duzunu Allahım bilir.

 

Çölüm, çəmənimdə solur çiçəklər,

Sükutlu nəğmədir ağ kəpənəklər.

Başımın üstündə uçur mələklər,

Beş arşın bezimi Allahım bilir.

Murad Məhərrəm

 

Sözlərində həqiqət yatır

 

Fikrim fikirlərdən üstün olubdur,

Dərdim daşdan çıxan tüstüm olubdur.

Qurdum bir tərəfə itim olubdur,

Çomağı əlimdən mən necə qoyum?!

 

Ağız deyən çatmır şeşə qulağa,

Yarpaq da etibar etmir budağa.

Küləyin zəhmindən düşür torpağa,

De, buna neyləsin günəşim, ayım!?

 

Çıxan can bir daha geri qayıtmır,

Atılan o ox da geri qayıtmır.

Qəflətdə yatanı güllə ayıltmır,

Susmasın, nə etsin qoşun, alayım?!

 

Zabit zabit olar, əsgər güclüsə,

Sərhəd sərhəd olar, səngər güclüsə.

Sipər sipər olar, əllər güclüsə,

Onu qıra bilməz selim, dağ çayım!

 

Birlikdə ölçülür əzəmət, Vüqar,

Birdir Kəpəz, Şahdağ, Savalan, Qoşqar.

Bir güllə heç zaman açılmaz bahar,

Olubsa, göstərin, görüm, qoy duyum!

 

Mövlud, sözlərində həqiqət yatır,

Saflığa, paklığa sədaqət yatır,

Qəlbində Vətənə məhəbbət yatır,

Bunu küləklər də deyir ki, yayım!..

Mövlud Teymur

 

Nura döndün

 

Ay da yollarıma, nur ələyəydi.

                 Leyla Əliyeva

 

Özün də bu yolda,

Bir nura döndün.

Ulduzlar nurundan,

Nur aldı o gün.

 

Ay da şahidliyə,

Nuruyla gəldi.

Haqqına tapınan,

Haqqa düzəldi.

 

Bu yol elə bir yol

Gedən yorulmaz.

Dinlədi, dərdlini

O, darda qoymaz.

 

Səsinə qoy hamı,

Bir anda gəlsin-

Vətən, vətən deyə,

Yanan da gəlsin.

 

Bu yol uğurlu yol,

Müqəddəs, təmiz!

Böyükdür necə də,

Axı qəlbiniz!

Alik Dənizsevə

Sənsiz

Olmasın bir günüm sənsiz,

Hara yetər ünüm sənsiz?

Qoy bu yoldan dönüm sənsiz,

Getsəm, bu yol bitməyəcək.

 

Ah çəkirəm, oyan, diksin,

Son evini fələk tiksin.

Gözlərimdən gülən əksin,

Getməyəcək, itməyəcək.

 

Sən əbədi əhli-dilim,

Sənsiz dərddi ayım, ilim.

Nizaminin, ay sevgilim,

Günü sənsiz ötməyəcək!

Nizami Göyçəli

 

Eləyir

 

Yavaş-yavaş dostlar bizi,

Qoyub gedir, tərk eləyir.

Yaxşı günün qədrin insan,

Yaman gündə dərk eləyir.

 

Yaşamayaq ömrü hədər,

Dünya fani, gəldi-gedər.

Həsrət, hicran, qüssə, kədər

Şirin canı tərg  eləyir.

 

Sanki uçur ömrün atı,

Ömrümüz bir qum saatı.

Zalım fələk zarafatı,

Son məqamda bərk eləyir.

Nəzifə Təhməzqızı

 

Təvazökar adam

 

Sən məni çatdırdın çox arzulara,

Yoluma nur saçdı xeyirxahlığın.

Əlinlə qol çəkdim çox uğurlara,

Təriflər eşitdim hey yığın-yığın.

 

Gözünlə baxıram gələn sabaha,

Uğura aparır göstərdiyin yol.

Səninçün qiymətli, çox şeydən baha,

Ürəkdən deyilən adi “Çoxsağol”.

 

Təvazökar adam, gözütox adam,

Tanrı hifz eləsin, yaxşı ki varsan.

Sənin varlığınla rahatam, şadam,

Təmiz, saf adınla sən bəxtiyarsan.

Şərqiyyə Balacanlı

 

Salam, əsgər

 

Salam, əsgər, salam olsun şərəfinə, adına,

Can qoymusan, yetişmisən sən Vətənin dadına.

 

Zəncirləri qıra-qıra, od-alovdan keçmisən,

Hər bir qarış torpaq üçün müqəddəs and içmisən.

 

Sağ ol, əsgər, yarıb keçdin təlatümlü sədləri,

Calaq etdin bir-birinə düşmən qıran illəri.

 

Yorulmadan, usanmadan qəhrəman tək vuruşdun,

Bütün düşmən sədlərinin, önündə sən durmuşdun.

 

Cəsur əsgər, nə durmusan, Vətən sənin and yerin,

Bu vətənin harayına, çağrışına hay verin.

 

Qoy qalmasın yağı düşmən, bir dənə də, vur, öldür,

Gülləkeçməz sinəni ver, qalx ayağa, dur, öldür.

 

Sən vətənin xilaskarı, ucalardan ucasan,

Tarixləri yazanda sən, yeni tarix yazarsan.

 

Hər bir uca zirvələrdən as üçrəngli bayrağı,

Qoy yurdumun azad olsun hər qarışı, oylağı.

 

Qalx ayağa, igid əsgər, səninləyik, durma, vur,

Bu düşmənə qoy dərs olsun, ümüdləri qırma, vur!

 

Neçə illər bu torpağın sinəsinə dağ çəkən,

O düşməni əzən, yıxan, nər, qəhrəman oğulsan.

 

Aman vermə baş qaldıra, o mənfuru dağıt, sök,

Qanmayana elə dərs ver, kəs boğazın, qanın tök.

 

Vətən bizim qeyrətimiz, şərəfimiz, şanımız,

Biz vətənçün doğulmuşuq, halal olsun qanımız.

 

Anasının arxasında gizlənənə ar olsun,

Silahına sarıl, əsgər, Allah sənə yar olsun!

 

Sən qeyrətin beşiyində halallıqdan öc aldın,

Vətən səni çağıranda namusundan güc aldın.

 

Gizlənmədin “var-dövlətin”, haramlığın dalında,

Sən kişisən, hünərlisən, o yazılıb alnında.

 

Vətənini qoyub qaçan gədələrə inanma,

Silah götür, düş qabağa, vətən darda, yubanma.

 

Salam olsun sən əsgərin şərəfinə, şanına,

Vətən sənin namusundur, namərd qurban canına.

 

Məbudoğlu səninlədir, bir ürəkli neçə can,

Qoy eşitsin bütün dünya, Qarabağ-Azərbaycan!

Rüstəm Məbudoğlu

 

***

Dərd üstündən dərd gəlir, vermir ara mənimçün,

Sağaldandan olmadı  təbib yarə mənimçün.

 

Düşünür qarə günü ağartmaq əldən gəlir,

Ayırıb pis günündən günüqarə mənimçün.

 

Bu iş hansı naşıya həvalə olunubsa,

Düşüb bəxtin yaxşısı ixtisarə mənimçün.

 

Oturub nə zamansa şirin-şirin yediyim,

Dönüb bu gün ağuya, zəhrimarə mənimçün.

 

Caıamağa sınanı verirlər ki, al, cala,

Tikə-parə olmayan olub parə mənimçün.

 

Tül geyənin yanında hazır olmadadı tül,

Tapılmayır nə atlaz, nə də xarə mənimçün.

 

Arzu-kam olduğundan elin bəxtiyarlığı,

Dönüb, Tamam, Vətən, el bəxtiyarə mənimçün.

Tamam Nur Tağlabiyanlı

 

Bayatılar                                                                                        

 

Gün batdı, axşam oldu,

Bir günüm də tam oldu.

Sənsiz qalan ürəyim

Səndən ötrü şam oldu.

 

Görmədi Murov məni,

Tutdu qar, qırov məni.

Atıb yaralayaydın,

Sanaydın bir ov məni.

 

Gülün gecə təri var,

Açan gülün zəri var.

Mən sevdiyim igidin

Dağlara bənzəri var.

 

Dağlara baxıb gəldim,

Sulartək axıb gəldim.

Göndərdiyin gülləri

Telimə taxıb gəldim.

 

Yar gəldi, hara getdi?

Çəkildim dara, getdi.

Hicran, həsrət əlindən

Günlərim qara getdi.

 

Taqət yox dizlərimdə,

Nəfəsin sözlərimdə.

Mən səni ömür boyu

Gəzdirdim gözlərimdə.

Sayad Abulova

 

 

Şərh Yaz