Son iki nəfərimiz qalana kimi 

Dost gəlişi bayram olar ifadəsi var dilimizdə. Dostların kollektiv surətdə, öncədən müəyyən olunmuş ünvana gəlişi isə yəqin ki, daha təmtəraqlı bir ovqat bəxş etməlidir.

Belə xoş, maraqlı və yaddaqalan bir görüşün yaşantısı bir neçə gün əvvəl İsmayıllıda baş tutdu.

1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) avtomatika və hesablama texnikası fakültəsinin avtomatika və telemexanika ixtisası üzrə birinci kursa qəbul olunmuş 26 nəfər tələbənin 12 nəfəri İsmayıllı rayonundakı “Qaya” istirahət mərkəzində bir araya gəlmişdilər. İnstitutun 618 “A” qrupunda 5 il bərabər təhsil almış ozamankı gənclərin hər biri indi təqaüddə olan ağsaqqal babadır.

Onların illər sonrakı görüşlərini müşahidə etmək olduqca zövqverici idi. Söhbətlərinə qulaq asmaq isə yaxın keçmişə səyahəti xatırladırdı. Söhbətlərindən bəlli oldu ki, 5 illik ali təhsil müddətində onları 3-cü kursdan keçmiş SSRİ-nin ən ünlü şəhərlərinə – Moskva, Leninqrad, Kiyev, Lvov, Kalinin və Nalçikə təcrübəyə göndəriblər. Qrupdakıların bir qismini isə diplom işi yazmaq üçün 6 ay müddətinə Moskva İdarəetmənin Problemləri Elmi Tədqiqat İnstitutuna göndəriblər. Bu qrupda iştirak edənlərin biri, həmyerlimiz Əlaləm Babayevdir. İsmayıllıd baş tutan görüşün də təşkilatçısı elə o olub.

Söhbət zamanı bildirdi ki, 1973-cü ildə 36 nəfərlə institutu bitirdik. Ötən 50 il ərzində yoldaşların mütəmadi görüşləri olub. Biri-birinin xeyir-şər işlərindən kənarda qalmayıblar. Dünyasını dəyişənlərimiz olsa da, ailəvi gediş-gəliş əlaqələrimiz davam etməkdədir. 5 il əvvəl “Talıstan Forest” istirahət mərkəzinə yığışmışdıq. Onda tələbə adı qazanmağımızın 50 illiyini qeyd etdik. Bu il görüşümüzü elə institutu bitirdiyimiz günə, bayrama – may ayının 27-28-ə saldıq. Görüşümüz bayram təntənəsinə bir giriş oldu.   Həyat müvəqqəti, arzular tükənməzdir. Söz vermişik ki, bu görüş ənənəsini son 2 nəfərimiz qalana kimi davam etdirək…

Bu il onlar 12 nəfər idi. Görüşlərini videolentə almağı, fotoşəkillərə çevirməyi də nəzərə almışdılar.  Onların şən zarafatları, şirin söhbətləri sanki orta məktəbi yenicə bitirib müstəqil həyata qədəm atdıqları günlərin təkrarına bənzəyirdi. Görüş dəqiqələrində onlardan heç birinin 70-dən yuxarı yaşı olduğuna inanmaq olmazdı. Gözəl, unudulmaz anların davam etməsi sanki zamanın 50-55 il geri qayıtması təsirini bağışlayırdı.

Bol nemətli, duz-çörəkli süfrə kənarında sadiq dostların söhbətlərini dinləmək necə də xoş idi.

Çox sağ olsun, Əlaləm müəllim əziz dostlarına məni də təqdim etdi. Birdən-birə araya sükut çökdü. Qonaqlardan professor elmi dərəcəsinə qədər yüksəlmiş eynəkli ağsaqqal: Şairdirsə, yəqin ki, sözünü şeirlə deyər, – deyə gülümsündü.

Təqdimata və söz verildiyinə görə təşəkkür edib, əzbərdən bildiyim 4-5 şeirimdən birini, “İsmayıllı torpağında” şeirimi qonaqların diqqətinə çatdırdım. Sağ olsunlar, 45 il əvvəl yazdığım kiçik şeiri böyük ürəklə alqışladılar. Bu şeiri səsləndirməkdə məqsədim həm qonaqları salamlamaq, həm də İsmayıllı gözəlliklərinə diqqət yönəltmək idi:

 

Gün boylanar, şeh zərləşər,

Güney yanar, gözəlləşər.

Sular axıb əzbərləşər

Dağın, daşın dodağında –

İsmayıllı torpağında.

 

Dolan düzü, çıx zirvəyə,

Gözəlliyi duyum deyə.

Hər nemətdən düz süfrəyə

Buz bulağın qırağında –

İsmayıllı torpağında.

 

Qartal qıyı, maral səsi,

Girdimanın sərt nərəsi,

Bulaqların zümzüməsi

Sevənlərin qulağında –

İsmayıllı torpağında.

 

Arxalıdır sıra dağlar,

Bir üzü gül, bir üzü qar.

Bir şairə, bir şair var

Hər ananın qucağında –

İsmayıllı torpağında.

Gözəl anlar, söylənilən şirin xatirələr davam etməkdə idi. Belə görüşlərin paytaxt Bakıda deyil, İsmayıllıda, təbiət qoynunda keçirilməsinin də özünəməxsusluğu var. Belə görüşlərin İsmayıllıda keçirilməsi rayonumuzun turizm potensialını nümayiş etdirmək, İsmayıllı gözəlliklərinin daha çox insana göstərmək kimi sadə bir məna kəsb edir. Bu həm də uzun illər biri-biri ilə çörək kəsən dəyərli ziyalıların biri-birinə olan istək, bağlılıq və dostluqlarının möhkəmliyinə, qırılmazlığana olan sədaqətin nümunəsidir.

Həm də bu yazını qələmə almaqda məqsədim sadəcə, 55 il əvvəlki ilk görüşün möhkəmliyini diqqətə çatdırmaq, və belə gözəl ənənələrin – dostluqda, yoldaşlıqda etibarlı olmağın gənclərimiz tərəfindən qorunub, davam etdirilməsinə diqqət çəkmək oldu.

Şahməmməd Dağlaroğlu

Şərh Yaz