Qalacıq məktəbinin uğurları 

Dövlətimiz tərəfindən bütün sahələrə olduğu kimi, təhsil sahəsinə, təhsil işçilərinə xüsusi diqqət var. Ölkənin ən ucqar dağ kəndində də elm təhsil ocaqlarına güclü dövlət dəstəyi göstərilir. Odur ki, ən ucqar kəndlərimizdə belə yüksək nəticələr, davamlı uğurlar müşahidə olunur.

Ölkənin ucqar dağ kəndlərindən olan, qədim təhsil ənənələri malik məktəblərimizdən biri də İsmayıllı rayonunun Qalacıq kənd tam orta məktəbidir. Qalacıq kənd tam orta məktəbində inkişafa istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi qazanılan uğurların təminatçısıdır. Burada dərs günü Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayır ki, bu da milli vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmətdir və ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsində vətənpərvərliyin məktəblilərə təbliğ olunmasıdır. Məktəbin vəzifəsi yüksək təhsil verməklə yanaşı, milli-mənəvi, ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirmək, Vətəninə layiqli vətəndaş yetişdirməkdir. Elə bu məqsədlə də məktəbdə cənab Prezidentin ətrafında sıx birləşmək, dövlətçilik ənənələrinə sədaqət mövzusunda müntəzəm söhbətlər aparılır, hər bir şagird dövlətimiz, dövlətçiliyimiz, adət-ənənələrimiz, tarixi qələbəmiz, milli birliyimiz ilə qürur hissi duyur.

Təhsil uğurlarının əsasında müəllim əməyinin qiymətləndirilməsi və tələbkarlıq dayanır. Qalacıq kənd tam orta məktəbində 2017-2018-ci tədris ilində direktor vəzifəsi üzrə təyinatdan sonra məktəb həyatında xüsusi canlanma baş verdi. Nazirliyinin təşkil etdiyi direktorların işə qəbulu müsabiqəsində yüksək nəticə göstərən Qasımov Rusan Bəhruz oğlu direktor vəzifəsinə təyin olundu. Rusan müəllim direktor təyin olunduğu məktəbdə interaktiv idarə üsulu, tədris metodu, kollektivdə qazandığı hörmət sayəsində  məktəbin həyatında böyük canlanma, çox gözəl ab-hava yaranıb. Gənc direktor ilk gündən göstərilən etimadı və vəzifə məsuliyyətini dərk edərək işinə sevgi ilə yanaşdı, biri-birinin ardınca uğurlara imza atdı. İşini uğurlu təhsil siyasəti – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tələbləri əsasında qurur, təhsilin prioritet istiqamətlərində verilən hər bir tapşırığa fəallıqla əməl edir. R.Qasımov kollektivdə müəllim nüfuzunun yüksəldilməsinə, onların əməyinin qiymətləndirilməsinə çalışır. Sevindirici haldır ki, məktəbin hər bir müəllimi üzərinə düşən məsuliyyəti dərk edir, məktəblilərin dərin biliyə sahib olması, şəxsiyyət kimi yetişməsi üçün yüksək səylə çalışır.

Məktəbdə keyfiyyətli təhsilə nail olmaqla yanaşı, əlamətdar günlər, tarixi bayramlar, xüsusilə Ulu öndərin doğum və anım günləri müxtəlif məzmunlu tədbirlərlə yüksək səviyyədə qeyd olunur. Burada Heydər Əliyev muzeyi yaradılıb. Məktəb muzeyində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən tablolar, sənədlərin foto surətləri öz əksini tapıb.

Məktəbdə keçirilən tədbirlər şagirdlərinin böyük marağına səbəb olur. Tədbirlərin keçirilməsində məktəb şagirdləri yüksək fəallıq nümayiş etdirirlər. Keçirilən bilik yarışmalarında fənn aylıqları, fənn gecələrində şagirdlər böyük coşqu ilə iştirak edirlər.

Həmçinin 2019-2020-ci tədris ilindən etibarən məktəbin tarix-diyarşünaslıq güşəsi təsis olunub. Bu təşəbbüsə şagirdlərlə bərabər valideynlər də qoşulublar. Hazırda məktəbin muzeyində Qalacıq kəndinin tarixi və mədəniyyətini, sənətkarlıq növlərinin əks etdirən eksponatlar saxlanılır və nümayiş etdirilir.

Təlim-tədris mərkəzində təlim və tərbiyə işi vəhdət təşkil edir. Buradakı müəllim heyəti yaxşı bilir ki, pedaqoji proses bu iki amilin vəhdətindən ibarətdir. Şagirdlərin dünyagörüşünün yüksəldilməsi, müxtəlif sahələrə marağının artırılması məqsədilə çoxsaylı tədbirlər – bilik və idman yarışları, ədəbi-bədii gecələr, elmi tədbirlər, müxtəlif sahələr üzrə tanınmış şəxslərin həyat və yaradıcılığına həsr olunmuş digər layihələr şagirdlərin iştirakı ilə həyata keçirilir. Məktəbin “Gənc ekoloqlar” komandası təsis edilməsi belə tədbirlərdəndir. 25 şagirdin iştirakı ilə formalaşan komandanın hazırda 50-yə yaxın künüllü üzvü vardır. Bu könüllülər il ərzində kənddə təmizlik, ağacəkmə aksiyaları keçirir, təbiətin mühafizəsi istiqamətində bir sıra layihələr icra edirlər. 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Məktəb bağları” layihəsinə məktəbin “Gənc ekoloqlar”ı məmnuniyyətlə qoşulmuş, məktəbətrafı ərazidə 100-ə yaxın ağac əkmişlər. İDEA ictimai birliyinin təşəbbüsü ilə keçirilən “Zubrları təbiətə qaytaraq” layihəsi  çərçivəsində birliyinin əməkdaşları Qalacıq kənd tam orta məktəbində şagirdlərlə görüşüb könüllülərin fəaliyyətini yüksək dəyərləndiriblər.

Mütəmadi olaraq həyata keçirilən tədbirlərin nəticəsidir ki, məktəbin şagirdləri müxtəlif müsabiqə və yarışlarda qalib yerləri tutur, Fəxri fərman və diplomlarla təltif edilirlər. Məktəbin istedadlı şagirdləri fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında, inşa və rəsm müsabiqələrində, həmçinin idman yarışlrında fəal iştirak ediblər. 2022-2023-cü  tədris ilində Respublika fənn olimpiadalarının rayon mərhələsində məktəbin 6 nəfər şagirdi yüksək bal toplayaraq rayon birincisi olmuş və yarımfinal mərhələsində iştirak hüququ əldə ediblər, bir şagirdi Qardaşova Fidan Ceyhun qızı isə final mərhələsinə yüksəlmişdir.

Məktəbin uğurları direktorla yanaşı, pedaqoji kollektivin də  üzərinə böyük məsuliyyət yükü qoyur. Müasir məktəb modelini formalaşdırmaq istəyən kollektiv ilk növbədə intellektual qabiliyyət və düşüncəsi ilə  fərqlənməlidir. Bu mənada hər bir məktəbin xüsusi nailiyyətlər əldə etməsində, pedaqoji heyətin əməyi əvəzsiz sayılmalıdır. Heç şübhə yoxdur ki, bu uğurlar müəllimlərin və məktəb rəhbərliyinin gərgin əməyi sayəsində əldə olunub.

Bütün bu uğurların arxasında halal zəhmət, əzmkar fəaliyyət dayanır. Məktəbin direktoru təhsillə bağlı yenilikləri öyrənir və işini əsas istiqamətlərə və hədəflərə uyğun qurur, dövlət proqramlarının və layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə elan olunmuş “Cümhuriyyət ili”, “Nəsimi ili” və “Nizami ili”, “Şuşa ili” və “ Heydər Əliyev İli” kimi respublika əhəmiyyətli möhtəşəm tədbirlərə məktəbin müəllim və şagird kollektivi öz töhfəsini vermiş, yüksək nəticələr əldə etmişlər.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən məktəbin tədbirlər planı təsis edilmiş və plana uyğun olaraq silsilə tədbirlər və müsabiqələr təşkil olunmuşdur. 10 may 2023-cü il tarixdə “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib.

Məktəbin 60-dan artıq şagirdinə yüksək nəticəyə, məktəb və rayon tədbirlərində fəal iştiraka görə 2022-2023-cü tədris ilində Regional Təhsil İdarəsi və məktəb tərəfindən Fəxri fərmanlar təqdim olunub. Şagird fəallığının qiymətləndirilməsi məktəblilərin stimullaşdırılmasına səbəb olur ki, bu da təhsildə gələcək uğurların qarantıdır.

Məktəb rəhbərliyinin təşəbbüsü ilə 2019-cu ildən mövcud  sinif otaqlarına Azərbaycan Respublikasının Milli Qəhrəmanlarından birinin adı verilmişdir ki, bu ənənə bu gün də davam etdirilir. Hər bir Milli Qəhrəmanın adını daşıyan sinifdə onun həyat yolunu əks etdirən tablo və məlumatlardan ibarət guşə yaradılmışdır. Bu işdə məqsəd məktəblilərin vətənpərvərlik ruhunun yüksəltmək və Milli Qəhrəmanlarımızın şagirdlərə daha yaxından tanıdılmasına nail olmaqdır.

Bununla yanaşı, 2021-2022-ci tədris ilində məktəbdə ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi,  peşələr üzrə ilkin bilik və bacarıqlara  yiyələnməsi yolu ilə əmək bazarına hazırlanması məqsədi Aqronom köməkçisi və aşpaz, peşələri, 2022-2023-cü tədris ilində isə İT və Qənnadçı Peşə təmayüllü sinifləri yaradılıb. Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnmiş, təhsil aldıqları peşələr üzrə şəhadətnamələrlə təltif edilmişlər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcəkdir.

Son 5 ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarında Qalacıq kənd tam orta məktəbinin məzunları yüksək nəticələr göstərməkdədirlər.

2022-2023-cü tədris ili üzrə məzunlardan –19 şagird ali təhsil almaq üçün imtahanların birinci mərhələsində iştirak edib ki, onlardan bir nəfər 586, 5 nəfər 400 baldan yuxarı nəticə göstərmişdir. Digər şagirdlər isə müxtəlif nəticələr göstərərək ali təhsil almaq üçün zəruri olan keçid balını toplamışdır. Ümumilikdə, məktəbin 15-dən artıq şagirdi bu il müxtəlif ali təhsil ocaqlarının tələbəsi adını qazanmağa namizəddir. Məktəbin IX sinfini bitirən şagirdləri arasında 1 nəfər şagird göstərdiyi yüksək nəticələrə görə ümumi orta təhsil bazasını Fərqlənmə attestatı ilə bitirib. Həmçinin cari ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında yüksək nəticə göstərərək 270 bal toplamışdır. Bundan başqa orta ixtisas məktəblərinə qəbul olan məzunlar da vardır.

Ucqar dağ kəndində yerləşən elm-təhsil ocağının 2 məzununun “Əlaçı” verlişində uğurlu iştirakı İsmayıllı rayon təhsil ictimaiyyətinin və ümumilikdə təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. Hər il İsmayıllı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsi imtahanlarda uğur qazanmış məzunları müvafiq hədiyyələr, Fəxri fərman və Təşəkkürnamələr ilə təltif edir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, məktəbin nəaliyyət göstəriciləri gündən-günə artmaqdadır. Qazanılan uğurlar göstərir ki, bu gün Qalacıq kənd tam orta məktəbində geniş dünyagörüşlü, savadlı müəllimlər var. Bu müəllimlər dərs dedikləri şagirdləri savadlandırmaqla bərabər, Vətən sevgisi artmaqda olan vətəndaşlar kimi tərbiyə edirlər.

Hacıməmməd Məmmədov

Şərh Yaz