İşıqlı xatirələr toplusunun təqdimatı         

 

Tanınmış jurnalist Daşdəmir Əjdəroğlunun ərsəyə gətirdiyi “Basqalın Miryavər abidəsi” kitabının “Qoşa bulaq” istirahət mərkəzində, çay süfrəsi kənarında təqdimat mərasimi keçirilib.

Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olmuş istedadlı pedaqoq, ziyalı, “Tərəqqi” medallı, ömrünün 62 ilini R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbində keçirmiş Miryavər Hüseynovun əziz xatirəsindən bəhs edən bu kitabda qiymətli dostlarının, əzizlərinin, yaxınlarının, müxtəlif sahələrdə çalışan dəyərli insanların, yetirmələrinin onun elmi, əmək fəaliyyəti, insanlığı, yüksək mənəvi keyfiyyətləri barədə maraqlı fikir və düşüncələri, bu işıqlı insan ilə bağlı xatirələri toplanıb.

Kitabda həmçinin bir görkəmli tədqiqatçı kimi M.Hüseynovun etnoqrafiya elminə verdiyi əvəzsiz töhfələrini, Basqal qəsəbəsinin ictimai-siyasi həyatında göstərdiyi xüsusi fəallığını, elmi-pedaqoji fəaliyyətini, xeyirxahlıq və nəciblik kimi xüsusi məqamları dolğun əks etdirən xatirələr oxuculara təqdim edilir.

Təqdimat mərasiminə toplaşanların demək olar ki, hər biri bu dəyərli kitabı ərsəyə gətirdiyinə görə  müəllifə dərin təşəkkürünü bildirib. Miryavər müəllimlə bağlı kitabda yer almamış xatirələr dilə gəlib.

Təqdimat həm də çoxdan biri-birini görməyən həmyerlilər, yaxınlar üçün bir görüş yeri olub.

Tədbirin sonunda mərasim iştirakçılarından bir qrupu xatirə şəkli çəkdirib.

Bəhruz Məmmədov

 

Şərh Yaz