Qoca qovaq                                 

 

Yorulub yolda qalanların, köç edib, gedib-gələn çobanların, kölgəndə yovşan dəstələyən qocaların, əli kitablı  qoyun-quzu dalıyca qaçan balaca balaların, güldən dəstə tutub çələng hörən qız-gəlinlərin, bir qızı sevib, adını yarpağına yazan oğulların, Girdimanda çimib kölgənə qaçıb süfrə açanların xatirələr, xəyalları var yaddaşında. Payız gəlməmiş yarpaqların tökülər bir gecədə. Girdimanın gur selinə məhəl qoymazsan, təklik qorxusu düşər canına. Əl vursalar, budaqların qan ağlayar. Kökün, gövdən dilə gələr bəlkə də… Xoş günlərin, kədərli anların olub. Kölgəndə çalıb-oynayan uşaqların, kəndlərdən gələn toy səslərinə rəqs edib kövrək budaqların.
Bəlkə də xatırlayırsan, Maçaxının yeddi igidini sel aparan anları. Bəlkə də körpə fidan olmusan o zaman. Dərdi, kədəri çox olub kəndinin. Son mənzilə yola salınan, tabutda gedən qocaların, cavanların dağı düşüb sinənə. Tabutun ağacdan düzəldildiyini görüb gizlətmisən budaqlarını. Utanmısan. İnsanın son anını görüb üzülmüsən. Üzulmüsən iki körpə şəhidin dəfninə şahid olanda. Onların da sonsuz xatirələri var səninlə bağlı. Uşaqlıq illərini kölgəndə keçirən anları. Onda demişdim sənə: “Qoca kötüklər üstə cavan budaqlar doğrayan həyat”ın amansızlığını. Onların məzarı üstündə salamlaşan bayraqları gün boyu görən sən olursan. Səhərlər salamlaşıb gecələr sağollaşan bayraqlar. Sanki izləyirsən olanları. Məni necə, duyursanmı, qoca Qovaq?!
Yurdumuza bahar gəlib. Təbiət öz işindədir. Qocalan bizik. Sənin də tumurcuqların canlanır. Əvvəl bəyaza, sonra yaşıllaşmağa can atacaq. Atalardan eşitdiyim bir söz vardı: “Filənkəs qovaq yarpağı kimidir”. Yarpağının gah bu üzü görünər, gah o üzü. Qəribədir! Bu bənzətməm bəlkə də yerinə düşür. Amma sən “Əfəndi yurdu”nun vəfalı qoca qovağısan. Qocalıq ucalıqdır! Ucal, qoca qovaq!
Zərifə Səmədova,

Maçaxı kəndi

Şərh Yaz