İNSANIN HƏYATI – DOĞUŞ VƏ ÖLÜM

Məqaləni əvvəllər xarici mətbuatdan oxuduğum bir elmi yazıya və yarım əsrlik həkimlik təcrübəmə əsaslanaraq qələmə aldım.

Müəllif

İnsan dünyaya gəlir, yaşayır və ölür. Dünyaya gəlişlə ölüm arasında yaşanan müddət insanın həyatı adlandırılır. Doğuluşdan 3 yaşa kimi olan vaxta körpəlik dövrü deyilir. Uşaqlıq illərinin dövrləri arasında dəqiq hədd qoymaq mümkün deyil. Əks təqdirdə ciddi səhvlər ortaya çıxa bilər. Bu dövrlər uşağın fərdi konstitusional xüsusiyyətlərindən asılı olaraq qısalıb uzana bilməsi mümkündür. Bundan əlavə, uşaqlar üçün hər dövrün özünəməxsus anatomik-fizioloji xüsusiyyətləri vardır.

Ana bətni dövrüprental (antenatal) dövr də adlandırılaraq, doğuşa qədərki müddəti əhatə edib 280 gün və yaxud hicri-qəməri təqvimi ilə 10 ay olur (bir hicr-qəməri ay 28 günlə hesablanır). Bu zaman kəsiyinin dünyaya gələcək körpənin formalaşmasında xüsusi rolu var. Bu fikir ilk deyilişdə çətin başa düşülsə də, həqiqətdə belədir.

Gələcək insanın formalaşmasında ata-ananın keçirmiş olduğu psixi və emosional hisslərin böyük əhəmiyyəti vardır ki, bu dövrün son mərhələlərində körpə ananın keçirmiş olduğu bütün hisslərə reaksiya verir.

Neonatal dövrü yeni doğulma və ya ana bətnindən yenicə xaric olma dövrüdür. Yeni doğulma dövrü fərdi xüsusiyyət daşıyır və müxtəlif araşdırmalara görə uşağın doğuluşundan 7-28 günə kimi davam edir. Bu dövr insan həyatının çətin və məsul dövrüdür. Çünki xüsusi şəraitdə inkişaf etmiş və ana orqanizmindən qidalanan döl xarici mühitə uyğunlaşmağa məcbur olur.

Südəmər dövr – yeni doğulma dövründən sonra başlayaraq uşağın bir yaşının axırına kimi davam edir. Bu dövrün də özünəməxsusluqları var. Dövrün əvvəlində uşaq üçün yeganə qida ana südüdür. Aylar artdıqca mədə-bağırsaq sistemi şirələrindəki fermentlərin fəallığı artır. Odur ki, ana südü ilə yanaşı bu yaşda uşaqların daha çox kalorili qidalar qəbul etməsinə ehtiyac yaranır.

Süd dişləri dövrü – uşağın 1 yaşından 6-7 yaşına qədər olan dövrə deyilir. Bu dövrün özü də iki mərhələyə bölünür: a) 1 yaşından 3 yaşına kimi, böyük körpəlik dövrü, b) Məktəbəqədər və ya bağça dövrü. Bu dövr 4 yaşdan 7 yaşa qədər davam edir.

Kiçik məktəb yaşı dövrü7 yaşdan 15 yaşa kimi müddəti əhatə edir. Bu dövrü də iki mərhələyə bölmək olar: a) İbtidai məktəb dövrü və ya 7-11 yaşa kimi, b) Cinsi yetişkənliyə qədər olan və ya 12-15 yaşları əhatə edən dövr.

Böyük məktəb yaşı və yaxud cinsi yetişkənlik dövrü (pupertat dövrü) – Ümumiyyətlə bu dövrün inkişafı bir sıra amillərdən: iqlim şəraitindən, qidalanma xüsusiyyətlərindən, yaşayış şəraitindən, cinsindən və s. asılıdır.

Oğlanlarda bu dövr 15-16, qızlarda 13-14 yaşlarından başlayaraq 18-20 yaşlarında qurtarır.

Sadalanan uşaq inkişafı mərhələlərinin əhəmiyyəti ondan ibarətdir ki, gələcək nəsillərin fundamental bazası bu dövrlərdə yetişir. Bu dövrlərdə uşaqların psixi, emosional durumu ailə və məktəbin davamlı nəzarətində olmalıdır.

Yuxarıda göstərilənlərlə cəmiyyətin yeni üzvlərinin 0 yaşdan 17-18 yaşa qədər olan yaş dövrlərinin fərqliliyini nisbətən, az bir hissəsini olsa da diqqətə çatdırdım. Görülən işin mahiyyəti ondan ibarətdir ki, qeyd olunanları hər bir şəxs yetərincə bilməli, cəmiyyətin düşüncəli üzvünü yetişdirmək üçün həyata gələnləri qeyd olunan yaş dövrlərinə uyğun yetkin insan səviyyəsində yetişdirməlidir.

Son vaxtlar tez-tez televiziya kanallarında narkomaniyanın, boşanmaların, yeniyetmələr arasında cinayət hallarının artması müzakirə olunur. Bu sahədə görülən işlərin əks reaksiya verməsi də təəccüb doğurur. Vaxtilə orta məktəb şagirdlərinin hər birinə müəllim eyni gözlə baxır, keçilən dərsi bütün şagirdlərə eyni dərəcədə mənimsətməyə çalışardı. İndi isə tamam fərqli bir vəziyyət yaranıb. Müəllimlərin bir qismi dərs saatında şagirdlərə mövzu ilə bağlı səthi məlumat verərək, onları əlavə, ödənişli məşğələyə cəlb edir. Bu halda aztəminatlı ailələrdən olan şagirdlər çıxılmaz vəziyyətə düşürlər. Belə ki, ailəni güclə dolandıran valideynlər öz uşaqlarını əlavə məşğələlərə göndərə bilmir və ya bu işə görə borca düşməli olur. Bu kimi hallarda savadlı, intellekti yüksək olan şagirdlər təhsildən uzaqlaşmaq məcburiyyətində qalır və vacib iş yerlərini biliklilər deyil, imkanlılar əldə etmiş olur. Söz yox ki, bu vəziyyətin davam etməsi qarşıdakı 30-40 ildə acı nəticələrini ciddi problem kimi cəmiyyətə ötürəcəkdir. Yaxın gələcəyin xoşagəlməz bəlasına çevrilə biləcək bu problemin həllinə indidən nüfuzlu qurumlar səviyyəsində ciddi yanaşılmalıdır.

Bu kimi sualların müxtəsər cavabı müəllifi olduğum “Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq adlı” elmi məqaləmdə də öz əksini tapmışdır.

Beləcə, uşaqlar 6-7 yaşlarından məktəbə gedir, 17-18 yaşlarında orta məktəbi bitirmək barədə kamal attestatı alır, lakin kamillik zirvəsinə yetməyənlər də olur. Kamillik qazanmadan həyata atılanlar isə söz yox ki, müstəqil, normal yaşamaqda müxtəlif çətinliklərlə üzləşirlər. Qazana bildikləri həyat tərzi ilə özlərini, eləcə də cəmiyyəti razı sala bilmirlər. Bu qəbildən olan insanlar digərləri ilə müqaisədə həm də fiziki cəhətdən zəif olur və tez-tez xəstələnirlər. Bu fikirdə yanılmadığımı çoxillik həkimlik təcrübəm bütünlüklə təsdiqləyir.

Tibbi peşə etikasına həkim fəaliyyətinin xüsusi şəraitində ümumi etikanın təzahürü kimi baxmaq lazımdır. Həkim fəaliyyəti üçün onu tənzim edən özünəməxsus əxlaqi normalar vardır. Həkim elə ictimai münasibətlər aləminə qədəm qoyur ki, bu şəraitdə onun fəaliyyəti hər hansı başqa peşə nümayəndəsinin fəaliyyətindən fərqlənir. Həkim bir çox mütəxəssislərin qarşısına çıxmayan, çox incə və həssas məsələləri həll etməli olur.

Həkimlik əxlaqıTarixən formalaşmış və həkimlik sənəti vəzifələrindən irəli gələn müxtəlif dövlətlərin həkimlərinin nəsil-nəsil biri-birinə ötürdüyü müqəddəs adət və ənənələr, əxlaqi göstəricilər, normalar, tələblər və həkim məcəllələridir ki, bunlar həkimin xəstəyə, həkimlərin öz həmkarlarına bəslədiyi münasibəti tənzimləyir.

İnsan yer üzünün əşrəfidir, ən qiymətli kapitaldır. Onun sağlamlığının əldən getməsi yolverilməzdir. Onun ölümü minlərlə arzunun, təkrarolunmaz bir dünyanın sonu olaraq bədbəxtliklərə, üzüntülərə, kədərə səbəb olur.

Ona görə də həkimlik əxlaqı həkimin xəstəyə qarşı çox diqqətli, mehriban olmasını mühüm xüsusiyyət hesab edir.

İnsanlar həyat adlandırdığımız ömür yollarında istəməsələr də müxtəlif xəstəliklərə məruz qalırlar. Belə hallarda onlar təkrar sağlamlığa qovuşmaq üçün həkimlərə müraciət edirlər. Başqa sənətlərlə müqayisədə həkimlik elə sənətdir ki, burada qarşılıqlı münasibətlər olduqca kövrək və səmimidir. Çünki burada söhbət insandan, onun taleyindən, həyata olan sonsuz məhəbbətindən gedir. Digər sənətlər üzrə olan mütəxəssislər həkim qədər insanın həyatına, onun taleyinə bu qədər yaxın münasibət bəsləyə bilmir.

Xəstə ilə həkim münasibətləri incə əxlaqi münasibətlər sferasına aid olduğu üçün burada həkimin müalicə təcrübəsi, sənətinə olan sədaqəti ilə bərabər onun şəxsindəki əxlaqi keyfiyyətlər aparılan müalicə zamanı mühüm əhəmiyyət kəsb edir. Ona görə də həkimlik əxlaqı həkim-xəstə münasibətində yetərincə diqqətli və mehriban olmağı tələb edir. Bu tələblər müalicə zamanı həkimin müəyyən etdiyi dərman və müalicə üsulundan heç də az əhəmiyyətli deyil. Bu səbəbdən də həkimlik sənəti üçün yüksək savada, tibb elminin gündəlik yeniliklərinə sahib olmaqla yanaşı, həm də qayğıkeşliyə, mehribanlığa, insanpərvərliyə yüksək səviyyədə yiyələnmək lazımdır.

Tibbi sahədə zəngin təcrübəyə sahib olanlar qeyd edirlər ki, adətən sadə, mehriban, xəstəyə can yandıran həkimlər, xəstələrin, eləcə də ictimaiyyətin hörmətini qazanırlar. Həkim üçün xəstə ən yaxın, doğma insan olmalı, xəstəyə görə isə həkim onun tamamilə arxalandığı, həyatını ona etibar etdiyi sevimli bir insan olmalıdır. Həkimin davranış tərzi, sifətinin ifadəsi, səsinin intonasiyasının və başqa diqqətdən yayınmayan amillərin son dərəcə böyük əhəmiyyəti vardır.

İnsan ömrü yaşanan illərdə sağlamlıqla bərabər, bəzən xəstəliklər və mürəkkəb həyat hadisələri ilə mübarizədə keçir. Üz verən xəstəliklər zamanı savadlı, yüksək peşə səriştəsinə malik həkimlərə ehtiyac duyulur. Müsbət, üstün həkimlik imkanları olan mütəxəssislərə rast düşmək isə el arasında yenidən həyata qayıtmaq kimi dəyərləndirilir.

Hamıya bəllidir ki, insan həyatı ölümlə bitir. Ölüm təbii hadisədir və heç kimə müstəsnalıq vermir. Dünyaya gələn insan dünyadan mütləq gedir və torpağa qovuşur. İnsan ölümü adi həyat hadisəsi olsa da, o, bir ömür hekayəsinin, insanın sevgi və nifrətinin, həyatla əlaqəsinin sonudur. Ona görə də bu itkilər qarşısında ölüm dəhşət doğurur, heç kim ölmək istəmir. Dünya, yaşamaq olduqca şirindir. Reallıq baxımından insanın görüb, dərk edə bildiyi hər şey bu dünyadadır.

Tibb işçiləri, həkimlər əmək fəaliyyətləri zamanı ölüm anları ilə də üzləşməli olurlar.

Məşhur cərrah Nikolay Amosov, “Ürək və fikirlər” adlı əsərində yazır: “Morq otağı digər morq otaqlarına oxşayır; pəncərələri böyük olsa da, işığı azdır. Bu, pəncərə şüşələrinin yarıya qədər al rənglə boyanmasından deyil. Bilmirəm nədəndir. Stol dəmirdəndir, mərmərdən olmalıdır. Bununla kasıblaşmarıq. Ölü üçün əhəmiyyəti yoxdur. Qəribədir – çox meyit görməyimə baxmayaraq, vərdiş edə bilmirəm”.

N.Amosov ölüyə də insani münasibət göstərilməsinin, meyitə hörmətlə yanaşılmasının zəruriliyindən çox duyğusal tərzdə danışır. Önun fikrincə və ümumiyyətlə, ölüyə hörmətlə yanaşma, dirilərə olan qayğının əyani nümunəsidir.

Məlum məsələdir ki, tibb ölümün qarşısını almağa deyil, onu uzaqlaşdırmağa cəhd göstərir. Tibb elmi həmçinin uşaqlıq illərində, cavan yaşda ölümlərin olmamasına səy göstərir. Bir sözlə, tibb insanların sağlam və uzunömürlü olmasına çalışır.

Bəzi hallarda xəstəlik səbəbindən ümidsiz vəziyyətdə yatağa düşənlər həftələrlə, aylarla əzab çəkir. Belə ümidsiz xəstələrə dünyanın ən qabaqcıl səhiyyə müəssisələri yüksək tibbi xidmətlə yanaşı, ilk növbədə humanizm prinsiplərini uca tutaraq mükəmməl qayğı və diqqət göstərilir. Xəstəyə vəziyyətinin ağırlaşdığını, həyatının sonuna gəldiyini bildirmək yolverilməzdir. Odur ki, zaman keçdikcə təbabət insanşünaslıq elminə çevrilməkdədir.

Əvvəldə qeyd etdiyim kimi, xəstə ona savadlı, təcrübəli həkimin xidmət göstərdiyini bildikdə sağalacağına, yenidən həyata qayıdacağına ümidlənir və o, yaşamaqda yeni məna görür.

Əfsuslar olsun ki, bəzən bu səviyyəni qazana bilməyən tibb işçiləri də olur və xəstə istəməsə də belələrinə rast gəlir. Nə yaxşı ki, belələri olduqca azdır və olmasa daha yaxşı olar. Bunun üçün həkimlik ixtisasına yiyələnən hər kəs, bu ixtisas üçün xarakterik olan bütün müsbət keyfiyyətləri qazanmağa can atmalı, xüsusilə də bu səviyyəyə çatmış həmkarlarının üstün cəhətlərini özününküləşdirməyi bacarmalıdır. Həkim bir an belə unutmamalıdır ki, duyan, qavrayan, yaxşını pisdən seçə bilən həssas bir varlığa xidmət göstərir.

Təkrar olsa belə, qeyd edim ki, insan həyatının başlanğıcı və sonu vardır. Başlanğıc – doğuş, son isə ölümdür.

Doğuluşda sevinclə qarşılanan insan həyatı ölümdə kədərlə qarşılanır. Ölümün qarşısını alan dərman yoxdur. Latınca bu, belə səslənir: Kontra vim mortes non est – medikamentum.

Hər bir ölüm şəxsin keçirmiş olduğu xəstəliyin ağırlaşması səbəbindən olur. Ümumiyyətlə, ölümün səbəbləri hələ tam aydınlaşdırılmayıb. Etiraf olunur ki, bəşəriyyətin bu sahədəki elmi səviyyəsi bağça yaşlı uşaqların anlama səviyyəsindədir. Onu da xatırladım ki, hazırda etimologiyası məlum olmayan ölümlər də baş verir.

Bir qrup alimin apardığı araşdırmalardan məlum olmuşdur ki, dəfn olunmuş 100 nəfər ölünün qəbri açılıb müşahidə aparıldıqda, onlardan 40-45 faizində ayılma halının baş verdiyi müşahidə olunub.

Aparılan təcrübəni xatırlatmaqda məqsədim odur ki, dünyasını dəyişəni tələm-tələsik dəfn etməyə çalışmaq heç də düzgün deyil. Beyin toxumalarının tam ölməsi üçün ən azı 12-18 saat vaxt lazımdır. Belə olduqda ölmüş sayılaraq dəfn olunmuş insanlarda dar məzarda ayılma ehtimalı yaranmaz.

Bu məqaləni oxuculara – insanlara təqdim etməkdə məqsədim bəşər övladının yüksək diqqət və qayğıya böyük ehtiyacı olduğunu bir daha diqqətə çatdırmaqdan ibarətdir. Unutmayaq ki, diqqət göstərmək, diqqət ummaqdan öndə durur.

Şahmurad Şirəliyev,

Respublikanın Əməkdar həkimi

İsmayıllı rayonu

Şərh Yaz