“Dağ çiçəkləri”

Biləsən

Mən heç dəyişmədim, mən heç dönmədim,

Varam olduğumtək, sənəm, biləsən.

Əvvəlki atəşlə döyünür qəlbim,

Od alır içimdən sinəm, biləsən.

Yazıram, gələndə ilhamım, nəşəm,

Sazdan, sözdən ayrı yox işim, peşəm.

Mən əbədi yanan odam, atəşəm,

Mümkün deyil yanıb sönəm, biləsən.

Adi adam sayma sıradan məni,

Seç, ayır, bacarsan, aradan məni.

Dəyişməz yaradıb Yaradan məni,

Mən elə əvvəlki mənəm, biləsən.

Nazir Ziya Talıstanlı

***

Sən ruhumun kölgəsi, sən üfüqün çizgisi,

Şeirimin aşkarı, ürəyimin gizlisi.

Hər kəsin misra-misra axtarıb tapmadığı,

Kimsənin çözmədiyi, kimsənin batmadığı.

Dünyanın ən sonuncu, ən sirli möcüzəsi,

Balıqların nəğməsi, kəpənəklərin səsi.

Xəyalımda itirib, gerçəyimdə tapdığım,

Nəfəsimdə, könlümdə, canımda yaşatdığım.

Həm dərdim, həm dərmanım, həm Kəbəm, həm niyyətim,

Ən böyük qələbəmdir sənə təslimiyyətim.

Sən Tanrı sərgisinin ən mükəmməl əl işi,

Günəşin qürubudur kirpiyinin enişi.

Min cəhənnəm qədərdir bir həsrət qığılcımı,

Qollarından öpərəm sanıb cənnət qucunu.

Səni elə sevdim ki, həsəd qoydum hər kəsi,

Heç bir nağılda olmaz bu sevgidən ötəsi.

Məni şair eyləyən eşq sənin əsərindir,

Bütün şeirlərimin ünvanı gözlərindir.

Oxuyanlar Leylidə yoxmuş bu hünər dedi,

Mənə “dəli” deyənlər, sənə “bəxtəvər” dedi.

Turac Hilal

İki daşin arasinda

Bu da gəldi, o da getdi,

Bahar ötdü, payız bitdi,

Xəzanlaşıb gülüm itdi,

İki daşın arasında!

Yeri, göyü tutub ahım,

Görən nədir bəs günahım?

Niyə bəxt yazdı Allahım,

İki daşın arasında?!

Haradan başlayır həyat?

Qırılıbdır pərvaz qanad.

Aşım gah təzə, gah boyat,

İki daşın arasında!

Hələ sevmək deyil hünər,

Könlüm gülər, ümid sönər,

Bir qərib sevdam mürgülər,

İki daşın arasında!

Bu taleyi hara yozum?

Dərdlərimi yazım-pozum,

Ağlar qalıb mələr quzum,

İki daşın arasında!

Dünya fani, ömür gödək,

Qoy, Allahım, rahat ölək,

Bəlkə bitdik çiçək-çiçək,

İki daşın arasında!

Murad Məhərrəmov

Qələbə paradı

Bu gün bütün dünyanın

Diqqəti Bakıdadır.

Burda hər udum hava,

Sanki bal, həyat dadır.

Qələbə paradına

Hər ölkədən gələn var.

Dostlar qürur içində,

Düşmənlər uzaqda, xar.

Ali Baş Komandanım

Qəbul edir paradı.

Bu gün məğlub düşmənin

Qanı zəhər, qaradı.

İzdihamın içindən

Bayraqlar gülür üzə.

Bu sevinc, bu təntənə

Necə yaraşır bizə?!

Qürurla gəlib keçir,

Qalib, şanlı ordumuz.

Sərkərdənin yanında

Yumruq oldu yurdumuz.

Gəlib keçir nizamla,

Topumuz, silahımız.

Zəfərlərdən keçəcək

Hər gələn sabahımız.

Bu da düşmən tankları,

Atılmışdı meydanda.

Görəsən, o döyüşçü

Nə düşünür bu anda?

Bugünkü fərəh, inam

Sarsılmaz, əbədidir.

Azərbaycan ölkəsi,

Ucalıq məbədidir.

Bu tarixi sən yazdın,

Qızıl qanınla, əsgər!

Mənim yenilməz ordum,

Sən qalib, sən müzəffər!

Hünərindən danışır

Bu gün dünyada hamı.

Tanrım, Sən özün qoru

Böyük, qalib İlhamı!!!

Şahməmməd Dağlaroğlu

Görmədim

Gəncliyim yarpaq tökdü,

Çiçəyini görmədim,

Arılar şirə çəkdi,

Pətəyini görmədim.

Ömür sanki sınaqdı,

Yolu dərədi, dağdı,

Tufanı məni yıxdı,

Küləyini görmədim.

Bu dünya da qarışdı,

Xeyir şərlə barışdı,

Hamı yalan danışdı,

Gerçəyini görmədim.

İzin tutdum hər ahın,

Bəlkə budur günahım?

Üzün gördüm Allahın,

Ətəyini görmədim.

Cəbrayıl Hüseyn

Vətən bəlli, torpağından, daşından

Adamın lap ağlı çıxır başından,

Vətən bəlli, torpağından, daşından.

Şahidiyəm, buna uşaq yaşımdan,

Ermənidən bizə qonşu olmayıb,

O millətdən yaxşı nəsə qalmayıb.

Dağ titrədi, qaya uçdu yerindən,

Nalə qalxdı, düşdü göyün belindən.

Hər şəhidin, hər qazinin dilindən,

Vətən, sənin adın-sanın düşmədi,

Ermənilər insan deyil, bəs nədi?

Aciz düşmən, xəyanətkar birisən,

Ruhsuz cəsəd, diri ikən ölüsən.

Ey şəhidim, sən hər zaman dirisən,

Şəhid qanı göyərdəcək torpağı,

Məhv olacaq hər bir nadan, tərs yağı.

Haqsızlığa dözmür ürək, bezir can,

And yerimiz şəhidlərdən düşən qan.

Torpağını öz qanıyla suvaran,

Oğulların doğulacaq hər zaman,

Belə gəlib, belə qalmaz bu dövran.

Kaş Rüstəmi başa düşə bu haylar,

Tərk edəcək onları “dost”, “dayı”lar.

Başlarına gec-tez çökər “saraylar”,

Diz çökərlər Azərbaycan önündə,

Yaşayırlar çoxdandı it günündə.

Rüstəm Məbudoğlu

Qadan alım

Zərif əllərinlə yanaqlarımdan,

Axan göz yaşımı sil, qadan alım.

Sözlər süzülsə də dodaqlarımdan,

Söyləyə bilməyir dil, qadan alım.

Möhnətim bir deyil, əllidi, yüzdü,

Qəlbimdə sirr olan bir kəlmə sözdü.

Dil deyil, söyləyən bu sözü, gözdü,

Anla, bu sirrimi bil, qadan alım.

Ürəyimdə qubar, gözlərimdə nəm,

Nalədi hər günüm, kədərdi həmdəm.

Qoy sənin üzündə görünməsin qəm,

Təbəssüm görünsün, gül, qadan alım.

Kövrək hisslərimi üşütdü sazaq,

Fələkdən istədim isti bir bucaq.

Göstərdi, nə fayda, sönmüşdü ocaq,

Qalmışdı yerində kül, qadan alım.

Roman Səfərov (Basqallı)

Sərhədçilərə

Zülmət gecə, sökülən dan,

Ürəyindən asılıbdır.

Taleyin bir acı dastan,

Tikanlarla yazılıbdı.

Sən sərhəddə keşikdəsən,

Hünərin var qalan izdə.

Qısılıbdır sənə Vətən.

Gədiklərdə, dağda, düzdə.

Dostluq edər düşmən üzdə

Kim deyir ev-eşikdəsən?

Sərhəd boyu, ölkəmizdə,

Yorulmadan, keşikdəsən.

Keçə bilməz quşlar belə,

Qoruyursan ümidimi.

Sərhəd – namus, eldə hələ

Bakirəlik rəmzi kimi.

Gözlər baxır dörd tərəfdən,

Dost sevinir düşmən xardı.

Övladına əziz Vətən,

Keşik çəkmək iftixardı.

Kifayət Cabbarova

Sənə yetmək üçün…

Sən mənə Allahın məhəbbət payı,

Mənimçün Ay idin – Günəşin tayı.

Sənsiz kəsilməkdə nəfəsim indi,

Sənsiz nə dünyam var, nə səsim indi.

Üzü qara ölüm ayırdı bizi,

Üzümdə, gözümdə sənsizlik izi.

O xoş günlərimiz ötdü yaz kimi,

Bir dəfə səslənən xoş avaz kimi.

Ala gözlərini süzməyin yadda,

Ömrümə naxışlar düzməyin yadda.

İndisə həsrətin qəlbi yandırır,

Gözüm nə görürsə, səni andırır.

Sən getdin, qalmışam gözləri nəmli,

Görmək istəməzdin sən məni qəmli.

Sənsiz dayanıram səssiz, səmirsiz,

Eh! Onda nə qədər xoşbəxt idik biz?!

İndi evə gəlsəm, yox qarşılayan,

Susur günahkartək ətrafda hər yan.

Sarılır boynuma tənhalıq hər gün,

Belə yaşayıram, mənasız, üzgün.

Tezliklə gələcəm, qarşılayarsan,

Sən mənə həyatda əbədi yarsan.

Sənə yetmək üçün bürüyüb ağa,

Dostlar tapşıracaq məni torpağa.

Mikayıl Rəşid

Gedən qasid

Gedən qasid, güzar etsən Göyçəyə

Geymini, Qərsəni gəzməmiş, gəlmə.

Şır-şır axan bulaqların suyundan

Götürüb badəyə süzməmiş, gəlmə.

Bir soraq et əsrlərdən, illərdən,

Sazlı-sözlü ötən şirin dillərdən.

Dəstə bağla çiçəklərdən, güllərdən,

Dər, sinən üstünə düzməmiş, gəlmə.

Şahin kimi uç Xıramın qaşından,

Seyr elə yurdumu dağın başından.

Sorğu elə tariximdən, yaşımdan,

Köçürüb yaddaşa yazmamış, gəlmə.

Müqəddəsdir ömrün onlu hər çağı,

Özü cənnət, səcdəgahdır qucağı.

Miskin Abdal, Seyid Bayram ocağı,

Yurdda gəzdiyini sezməmiş, gəlmə.

Əlaslan Hümmətoğlu

Necə gedim o dağlara

Yol gedəsən ömür boyu,

Üzü dağlara-dağlara.

Ənvər Rza

O dağları çən alıbdı,

Qarsız, tərlansız qalıbdı.

Ətəkləri saralıbdı,

Necə gedim o dağlara?

Mənsiz ötür qışı, yazı,

Gülmür üzü, ötmür sazı,

Cığırı, yolu narazı,

Necə gedim o dağlara?

Göyçə gölü göz yaşımız,

Gör nələr çəkdi başımız.

Öndə Zəfər savaşımız,

Necə gedim o dağlara?

Gözləməyə vaxt qalmamış,

Ölmərəm qisas almamış.

Ordum qələbə çalmamış

Necə gedim o dağlara?

Nizami Göyçəli (Nadirov)

Güclü görün

Güclü görün hər bir kəsin gözündə,

Mətin dayan söhbətində, sözündə.

Mərdlik olsun addımında, izində,

Allahdan qeyriyə boyun əymə sən,

Qoy sənə el-aləm, dost desin əhsən!

Əksilmə qarşına çıxarsa bir dərd,

Yoluna, izinə çıxarsa namərd.

Çıxsa da qarşına aslan, dayan mərd,

Dizinə qorxaraq heç vaxt döymə sən,

Qoy sənə el-aləm, dost desin əhsən!

Əymə qamətini, əymə belini,

Üzmə Yaradandan heç vaxt əlini.

Şirin et hər zaman sözü, dilini,

Yetimin qəlbinə heç vaxt dəymə sən,

Qoy sənə el-aləm, dost desin əhsən!

Yaxına buraxma qəmi, qüssəni,

Azaltma dilindən şirin məzəni.

Şir ürəkli bilsin bütün el səni,

Ədanla özünü çalış öymə sən,

Qoy sənə el-aləm, dost desin əhsən!

Şükür et, ömründən hər ötən günə,

Nə qədər çətinlik üz versə sənə,

Düşün, xoş gün düşər bir gün əlinə,

Dolub bulud kimi qara geymə sən,

Qoy sənə el-aləm, dost desin əhsən!

Xuraman Baxış

Yaxşılıq eylə

Düşüncələrim silsiləsindən

Eyni yol yeriyir fani dünyada,

Yaxşı da, yaman da gəlib gedəcək.

Bir diqqət eyləyək qohuma, yada,

Bilmirik ömrümüz harda bitəcək.

Sağ əllə veririk sədəqə, ehsan,

Sol əl verdiyini bəlkə bilməsin.

Tək özün düşünmək ən böyük nöqsan,

Düşün insanlığı, sonda ölməsin.

Qalan insanlıqdı, gedən insandı,

Yaxşılıq yolunda yaxşılıq eylə.

Yaxşı əməllərin şöhrətdi, şandı,

Kim çatdı pisliklə bir ada söylə?!

Mehriban İbrahimova

Fikirnamə

Qorxuram qanadlı fikirlərimdən,

Uçub orbitindən çıxa bilərəm.

Dünya gördüyümdür – Kant deyən kimi,

Yıxılıb, onu da yıxa bilərəm.

Hərdən öz zənnimdə çox çaşıram, çox..

Qismətlə, taleylə çarpışıram çox!..

Bitməz dərdləri var, yapışıram çox,

Cəmləyib içimə yığa bilərəm.

Demirəm iddia, söz istəyirəm,

Demirəm əlli, ya, yüz istəyirəm.

Sadəcə, dünyanı düz istəyirəm,

Halına bu sayaq baxa bilərəm.

Arzu tuluğuydum, heç çin olmadı!

Daha nə uydurum, qalıbmı dadı?!

Deyirlər, bu, elə köhnə dünyadır,

Yox, ondan bir qədər çıxa bilərəm.

Sevsəm də həyatı, yox etibarı

Mənasız qovğası bitəydi barı!..

Halal adamları, düz adamları,

Sevərək bağrıma sıxa bilərəm.

Şahlar Hacıyev

Şərh Yaz