“Lahıc” kitabına ikinci həyat verilib    

 

Mart ayının 3-də görkəmli alim, saysız-hesabsız məqalə, hekayə, povest, roman və memuarların müəllifi, böyük yazıçı və tərcüməçi, görkəmli ictimai xadim Manaf Süleymanovun 110 illik yubileyidir. Azərbaycan Təhsil Şurası ədibin yubileyinə müəllifi olduğu “Lahıc” kitabını latın əlifbası ilə çap edərək kitaba ikinci “həyat” bəxş edib.

Kitabın təqdimat mərasimi İsmayıllı Uşaq kitabxanasında baş tutub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı RTŞ-nin müdiri Rövşən Əliyev, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Azərbaycan Təhsil Şurasının sədri Samir Mehdizadə, Şuranın sədr müavini Cəfər Bağırov və rayon ziyalıları iştirak ediblər.

Öncə görkəmli yazıçının həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları kitab haqqında fikirlərini bölüşüb, doğma Azərbaycanımızın mirvarisi İsmayıllının unikal məkanı olan Lahıca həsr olunmuş kitabın xüsusi əhəmiyyətini vurğulayıblar, “Lahıc” kitabının latın əlifbası ilə nəşri həm lahıclılar, həm də böyüməkdə olan gənc nəsl üçün dəyərli hədiyyə olduğunu bildiriblər.

Tədbirin sonunda bir daha Təhsil Şurasına yazıçının 110 illik yubileyinə verdikləri töhfəyə görə lahıclar və rayon ictimaiyyəti adından təşəkkür edilib.

Şərh Yaz