İNSANLIĞA NÜMUNƏ – BƏHƏR ANA və MİRƏDDİN KİŞİ                

 

İsmayıllı lövhələri” silsiləsindən: Üçüncü yazı

 

60 milyon insan qırğınına səbəb olan 2-ci dünya müharibəsi öz dəhşətli izləri ilə tarixin ən qanlı səhifəsi olaraq bəşəriyyətin yaddaşında daim qalacaqdır. Bunlardan 26 milyonu SSRİ adlı İmperiyanın payına düşmüşdü. Respublikamızdan 700 minə yaxın adam (onlardan 40 mini könüllü olaraq) döyüşlərdə iştirak etmiş, 320 minə yaxını cəbhələrdən geri dönməmişlər. 400 mindən çox oğul və qızlarımız qəhrəmanlıq göstərərək orden və medallara layiq görülmüşlər. 124 nəfər Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ad almışlar. Beş milli diviziyamızdan biri olan Taqanroq diviziyası faşizm üzərində qazanılan möhtəşəm qələbədə həlledici rol oynamışdır. Beləki, Berlinə ilk ayaq basan, Brandenburq qapıları önündə müharibənin bitdiyini bildirən sonuncu gülləni atan, Reyxstaq üzərinə Qələbə bayrağını 2 may 1945-ci ildə ilk sancan Azərbaycan oğlu, leytenant Məcidovun rəhbərliyi altında 4 döyüşçümüz: Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev olmuşlar. Lakin bayrağı şəxsən sancan Məmmədov və digər 4 döyüşçü yoldaşları Marşal Jukovun şovinist göstərişi ilə ora göndərilən rus əsgərləri tərəfindən güllələniblər. Bu igidlik əvvəlcə rus Mixail Yeqorovun və gürcü Melitonom Kantariyanın, daha sonralar isə Sorokin, Bulatov, Kovalyov və daha neçə adamın adı ilə bağlanılıb. Bu tarixi həqiqəti o vaxt Brandenburq qapıları ağzında təşkil edilmiş mitinqdə general V.P.Zubov dilinə gətirərək: “Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada – Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının oğulları atdı” – desə də, 77 ildir ki, bu igidlik hələ də öz ədalətli həllini tapmayıb.

Respublika üzrə müharibədən qayıtmayanlar arasında ismayıllılar da çoxluq təşkil ediblər. Təkcə cəbhələrdə itgin düşənlərin 800 nəfəri bu rayondan olubdur, hələ ölənləri demirəm. Mən bunu o zaman İsmayıllı Hərbi Komissarı işləmiş mayor Babayevin imzası ilə Moskvaya göndərilən 1/064 saylı 25 fevral 1947-ci il tarixli məxfi raporta əsaslanaraq yazıram. Məktubda itgin düşənlər adbaad, anadan olduqları yerlər isə kəndbəkənd göstərilir. Bu siyahıda yer alan belə kəndlər arasında, bu gün mövcud olmayan, rayon xəritəsindən tamamilə silinən Zanqı, Bığır, Sovru, Varna, Vələsin, Daxar, Gendərə, Qərcə, Qərsələ, Kənəə, Ximran, Pirəqanım adlı kəndlər də var.

Cavan nəslin bir çoxlarından bu kəndlərin harada yerləşdiyinin coğrafi məkanını soruşsam da, hamısı çiyinlərini çəkdi, bilmədiklərini dedilər. Az-çox sağ qalmış yaşlı nəslin nümayəndələri isə, keçirdikləri təəssüf hisslərindən kövrələrək, qəhərləri boğazlarında düyünləndi. Bu kəndlərin, müharibədən dönməyən igidlərindən sonra xarabazara çevrildiklərini, əlacsız insanların isə çıxılmaz vəziyyətə düşərək, Respublikanın digər aran kənd və rayonlarına səpələndikləri xəbərni verirdilər. Marağıma səbəb olan bu mövzu ilə əlaqədar, yox olmuş kəndlərin sakinlərinin harada məskunlaşdıqları xəbərini eşitcək, dərhal oraya gedir, yaşları qüruba doğru əyilən bu yaşlı insanları sorğu-suala tutur, onlardan nə isə öyrənməyə çalışıram.

Belə söhbətlərimin ilki bu yaxınlarda Qurbanəfəndi kəndində baş tutdu. Eşitmişdim ki, Göyçayın Bığır kəndindən savayı, İsmayıllının da bu adda  belə bir kəndi olubdur. Bu kəndlər arasında hər hansı qohumluq əlaqələrinin olduğunu deyə biməsəm də, İsmayıllı Bığırı Qurbanəfəndi kəndindən xeyli şimalda, Böyük Qafqazın əzəmətli dağları arasında qədim yaşayış məskəni olubdur. Bu kənd, 1941-45-ci illər müharibəsi cəbhələrinə aparılan və bir daha geri qayıtmayan xeyli sakinlərindən sonra sönərək, ruhlar səltənətinə çevrilibdir. Arxa cəbhədə qalan insanlar, yolu-irızı olmayan, ehtiyac içərisində boğulan, hər cür kişi əməyinə ehtiyac duyulan, qədimdən qədim Bığır kəndini tərk etməli olurlar, təkcə, bir canlıdan başqa. Söhbətlərin birində eşitdim ki, Bığırı tərk edən sonuncu sakin yola düşərkən, yenicə balalamış iti də onlara qoşulub kənddən çıxır. Xeyli yol qət etdikdən sonra, it geri dönür və bir daha sahibinin yanına qayıtmayır. Növbəti yay fəslində it sahibi mal qarasını yaylağa – doğma Bığırına gətirəndə, ölmüş itinin 4 balası ilə evinin kəndarı ağzında ölüb, skletə çevrildiklərini görür.

80 il öncə Bığırdan köçüb Qurbanəfəndi kəndində məskunlaşan xeyirxah, kübar bir ailədən söhbət açmazdan əvvəl, həm cəbhələrə gedib qayıtmayan, həm də onların qayıdışlarını görmədən dünyalarını dəyişmiş bığırlıların ruhları şad olsun deyə, internetdən əldə etdiyim bir qisim bığırlı haqqında məlumatları yazıma əlavə etməyi özümə mənəvi borc bildim. “Bəlkə bu hərəkətimlə, cəbhələrdə həlak olmuşların və yurdda qalmışların ruhlarını doğma Bığırda görüşdürə bildim”, – düşüncəsi ilə, ruhlarına Fatihə, – deyirəm.

 

İtkin düşənlər və yolunu gözləyənlər

 

İtkin düşənin soyadı, adı, atasının adı Doğum

ili

İtkinlik tarixi Yolunu gözləyəni

kimidir

Novruzov Məmməd Xanalı o. 1910 01.09.1941 Arvadı Bəhər Səbzəli q.
Zeynalov Nüsrət Cəfər o. 1925 20.06.1943 Əmisi Cəbi Abdul o.
Mirzəyev Əzməmməd Həsən o. 1923 25.06.1942 Bacısı Gülzar Həsən q.
Hüseynov Şahnəzər Səlim o. 1911 20.09.1941 Bacısı Malikə Səlim q.
Məmmədov Qüdrət Bayram o. 1905 10.06.1942 Arvadı Güllü Bayram q.
Babayev Mövsüm Hacı o. 1923 18.08.1944 Atası Babayev Hacı
Məmmədov Şahviqat Əsəd o. 1903 20.06.1942 Arvadı Gövhər İsa q.
Mehdiyev Daməd Həmzə o. 1910 10.08.1941 Arvadı Şirinə Hacı q.
Əliyev Məmməd Əli oğlu. 1922 20.6 1943 Qardaşı Elyaz Əli o.
Əliyev Xudabaxış Baxış o. 1900 10.12.1942 Arvadı Qızıl Heydər q.
Əliyev Babanəzər Baxış o. 1913 10.10.1941 Əmisi Misir Əli o.
Sadıqov Cəlil Bayram o. 1921 20.07.1942 Qardaşı Mürşündə B. o
Abbasov Bülbül Qulu o. 1907 18.08.1942 Arvadı Zeynəb Hənif q.
Mehdiyev Mürsəl Eyvaz o. 1898 08.06. 1942 Arvadı Güleyba A.q.
Mehdiyev Nani Eyvaz o. 1915 11.08.1942 Bacısı Güleyba Abbas q.
Babayev Həmid Nabat o. 1906 07.09.1941 Qardaşı Zeyd İsbat o.

 

Cəbhə komandirinin imza atıb möhür vurduğu üçkünc əsgər məktubunun acı xəbəri, Bəhər xalanı  Böyük Qafqaz sıra dağlarının arasında, əldən-ayaqdan uzaq olan Bığır kəndində axtarıb tapdı. Xəbərin ağırlığından onun gözləri qaraldı, gen dünyası başına fırlandı. Ətrafındakı lüt qaya və geniş alp çəmənlikləri arasında ilk dəfə olaraq tək-tənha, köməksiz qaldığını hiss etdi. Ömrü qısa sevdalı günlərini  xatırladı. Bütün varlığı kimi istədiyi ömür-gün yoldaşı Məmmədsiz yaşamaq istəmədi bu dünyada. Vaxtilə mötəbər bir nəslin – varda, ad-sanda, nüfüzda, insanlıqda, xeyirxahlıqda tanınıb-seçilən, 5 qardaşlı Novruzəli Bəy nəslindən olan Xanalı bəyin 6-cı oğlu Məmmədin xanımı olması ilə qürurlanan Bəhər xanım, bu gün böyüsünün 4 yaşı olan 3 südəcər körpəsi və üstəlik ata-anadan yetim qalmış neçə-neçə qaynı uşaqları ilə kimsəsiz qalmışdı bu dağlar arasında. Digər tərəfdən isə, kənd əhalisi getdikcə seyrəlirdi. Ailələr bir-bir, iki-iki birləşib kəndi tərk edir, aran kənd və obalara köçürdülər. Qış qapının ağzında idi. Bir də göz açıb gördü ki, kənddə bacasından yeganə tüstü çıxan onun evidir. Qonşu Çayqovuşan kəndində qohumları olsa da, ora xəbər aparası adam yox idi. Təzəkəndə, Ağbulağa, Yeniyola və s. kəndlərə köçmüş kənd əhalisi ilə də əlaqə kəsilmişdi, gediş-gəliş yox idi. Əri Məmməd müharibənin ilk günlərindən cəbhəyə səfərbər edildiyindən, yandırılası odun və ərzaq ehtiyatı da tükənmişdi. Bu ağır, üzücü fikirlərdə ikən, çöldən at kişnəməsinin səsi eşidildi. Ayaqları yer tutan uşaqlar sevincək qapıya cumdular. Gələn Məmmədin ailəsinin ayrılmaz hissəsi sayılan, onu özünə dost və qardaş seçdiyi Qurbanəfəndi kəndindən olan Mirəddin Qurbanov idi. O, Məmmədin “qara kağızının” acı xəbərini rayon mərkəzində eşidib tez özünü yetirmişdi…

Bəhər xala 4 yaşlı oğlu Əfsəri, 2 yaş və 6 aylıq qızları Fəridə və Həqiqəti, qaynı uşaqları Rəhimi, Lumunu yanına alıb o vaxtdan Qurbanəfəndi kəndində məskunlaşmalı oldular. Onlar bir müddət Mirəddin kişinin darısqal mənzilinin bir gözündə bir ailə üzvü olaraq yaşadılar. Kənd əhalisinə qoşulub Ağ sular və Zeynal baba bulaqlarından su, Kələfcə nənə, Sərnic yeri, Yeddiqardaş pirləri ətrafındakı meşələrdən isə odun, şax  gətirdilər, kəndin xeyir-şərində iştirak etdilər, yerli adamlarla qaynayıb qarışdılar, onlardan özlərinə çoxlu dost-tanış tutdular. Bir müddətdən sonra ev tikmək üçün Mirəddin kişi öz həyətyanı sahəsindən onlara yer ayırıb verdi. Daha sonra isə, Bəhər xalanın yetimkarlığını nəzərə alıb, Mirəddin kişi bu dəfə özünə başqa ərazi tutur və ata-baba yurdunu birdəfəlik olaraq təmənnasız tərk edir, onu evqarışıq dostu Məmmədin ailəsinə bağışlayır, nəcib insanlıq nümunəsi göstərir. Ona göstərilən bu qayğılardan sevinən Bəhər xalanın yaraları tədricən qaysaqlanmağa başlayır, həyata olan ümidləri artır və uşaqlarını zəhmətə alışdırırdı. Bir dəfə də olsun qoyun-quzusunu, mal-qarasını həyətindən üzmür. Qışda havası nisbətən mülayim keçən Gideyli, Soltanlı kəndləri ətrafındakı qazmalarda binə tutur, yayda isə qoyub gəldiyi, həsrəti üçün burnunun ucu göynədiyi xaraba kəndi Bığıra baş çəkir, oradakı məzarlıqlarda uyuyan doğmalarının qəbirlərini ziyarət edir. Saxlayıb böyütdüyü buyruqçu uşaqlarına arxalanıb, Ağcabərə, Gülalan, Brovdal, Səlimsoltan, Uzunquş, Narınquş, Tülkütəpə kimi ətirli, bərəkətli yaylaqlarda mal-qara bəsləyir. Sular durulmaq üzrə gedirdi. Qaynı uşaqlarından Rəhimi evləndirir, bacısı Lumunu isə ərə verir. Digər tərəfdən, ailə yükünün yüngülləşdiyi bir vaxtda, Bəhər xalanı ard-arda iki faciə çulğalayır: qızları Fəridə 12, Həqiqət isə 9 yaşlarında qəflətən dünyalarını dəyişirlər. Çox keçmir, özünə arxa, qardaş, məsləhətçi bildiyi Nurəddin kişi də dünyadan köçür. Bu məğrur qadın həyatın amansız sınaqlarından sınmır, inləmir, sızlamır, ruhdan düşmür. Eşidir ki, başqa kənddə yaşayan qaynı Teyibin ailəsində iki ekiz qız uşağı dünyaya gəlib. Vaxt itirmədən gözaydınlığı üçün oraya gedir. Hər ikisinə adı özü seçir: Gülyaz, Gülnar. Gülyazı özünə qızlığa götürür və köynəyinin altından keçirir. Beləliklə, oğlu Əfsər bacısız qalmır. Hər bir əziyyətə qatlaşan Bəhər xala Əfsəri də, Gülyazı da ərsəyə çatdırır, ev-eşik, oğul-uşaq sahibi edir.

Bəhər xala sağlığında deyərmiş ki, süd ağzımı elə yandırıb ki, suyu da üfürə-üfürə içirəm. Bəli, həyat Bəhər xalanı 24 yaşında ikən ər dağı, əziyyətlə böyütdüyü iki övlad yanğısı, daha sonra isə ona qardaşlıq, əsl insanlıq qayğısı göstərmiş Mirəddin kişi kimi nəcib insan itgisi ilə sınağa çəkmişdi..  O, həyatdan qorxmadı, çəkinmədi, lakin onunla ünsiyyətdə olmaqdan da ehtiyat etdi. Yeganə oğlu Əfsəri əsgərliyə aparanda, o, belə hisslər keçirmişdi. Həyata inamı qalmamışdı. Bəhər arvad bütün varlığı və vücudu ilə ailəsinə bağlı olan Ana idi, nəvələrini sonsuz məhəbbətlə sevən Nənə idi. Oğlunu əsgər aparmasınlar deyə, onu 17 yaşında ikən təcili evləndirmiş, ağzındakı 32 dişinin hamısını “uf” da demədən bir neçə günün ərzində çəkdirmiş, 40 yaşına çatmadığı halda özünü göz görə-görə 70-80 yaşlı qarıya bənzətmişdi. O, hərbi komisarlığa gedib: “Kimsəsiz qarıyam, bəs, mənə kim baxacaq?”, – deyib, israrla oğlunu əsgərlikdən saldırmışdı. Ömrünün sonlarına yaxın isə eşidir ki, gəlini Firuzə 8-ci hamiləlikdə həkimlərin məsləhəti ilə “keysəriyyə” əməliyyatı olmalıdır. Tez maşın tutub dərhal xəstəxanaya gedir. Əməliyyat şöbəsinə çatar-çatmaz, başlayır əl-qol atıb saçlarını yolmağa, qışqıra-qışqıra ətrafdakılardan aman, imdad diləyir: “Qoymayın! Qoymayın! Vayy…sonsuz qalan balam vayy”-deyir. Odlu-alovlu nənəsinin bu halını görən böyük nəvəsi Eldar, onu sakitləşdirmək, ürək-dirək vermək üçün nənəsini qucaqlayır, üz-gözündən öpür, ona ürək-dirək verir və: “Ay nənə,  balan niyə sonsuz qalır ki, bəs bu yeddi uşaq onun deyil? Sən gəlninin qeydinə qal,”- deyir…

Bəhər xala kübarlığı, əliaçıqlığı, mərdliyi, cəsarəti, xoşqılıqlığı, ciddiliyi ilə Qurbanəfəndi kəndində yüksək hörmət, izzət sahibi zirvəsinə yüksəlir. Bütün kənd əhli ona “Ana” deyib müraciət edir. Ailələrdə ədəb-ərkan qaydalarından kənara çıxanları yanlış yoldan döndərmək istəyənlər, qız verib – qız alanlar, müşkül məsələləri yoluna qoymaq istəyənlər, ilk növbədə Bəhər xalaya müraciət edərdilər. Əziyyətini çəkib böyütdüyü Rəhimin uşaqları Həqiqət, Laləzar, Vahid, Bəhruz, Lumunun uşaqları Ədhəm, Sevil, Ədalət və eləcə də Gülyazın saç-saqqalı ağarmış, “nənə-baba” zirvəsini çoxdan fəth etmiş uşaqları,  bu gün də mərhum Bəhər arvadı “ANA“ adlandırıb əziz xatirəsini hörmətlə yad edirlər. Bəhər ana xəstələnib yatağa düşəndə, oğlu Əfsərə iki vəsiyyət edir. Birincisi o olur ki, onu əsl insanlıq nümunəsi olan Mirəddin qardaşının yaxınlığında dəfn etsinlər. İkincisi isə, Mirəddin yadigarları Ələddindən, Əkbərdən, Zeydulladan, Qurbandan, onların törəmələrindən ayrılmasınlar, onları özlərinə doğma bilsinlər.

Bəhər ana necə arzulamışdısa, eləcə də oğul-qız, nəvə-nəticə nənəsi oldu. Oğlu Əfsər 6 qız, 3 oğul atası, qızı Gülyaz isə 3 oğul 2 qız anası olur. Hər iki övladın hər birininin uşaqları həyata, cəmiyyətə yararlı insan kimi yetişdirilib, hamısı xoşbəxt ailə həyatı qurublar.  Nəvələri Eldar, Heydər və Tərlan ataları Əfsər kişi kimi halal zəhmət adamları olublar. Eldar Bakıda ali inşaat təhsili alıb uzun müddət “Kolxoztikinti” və rayon istehlak cəmiyyətində iş icraçısı işləyibdir. Rayonda neçə-neçə əzəmətli tikintilər onun adı ilə bağlıdır. Heydər, mahir qarmon ifaçısıdır. Ona “qızılbarmaq Heydər” ləqəbi də veriblər. Tərlan ata yurdunda qalıb səcərə ənənələrini davam etdirən kəndin hörmətli adamlarındandır. Nəticələrindən Laçın Dövlət Pedaqoli Universitetinin doktranturudur, Əkinçilik İnstitutunun nəzdində olan “Etalon” firmasının  direktorudur. O, həm də incə qəlbli lirik şairdir. Xalq Şairi Musa Yaqubun xeyir-duası ilə bir kitab müəllifidir. Elçin hərbiçidir, 2-ci Qarabağ vuruşunun iştirakçısıdır. Göstərdiyi igidliklərə görə neçə-neçə hökumət təltiflərinə layiq görülüb. Yalçın isə, yüksək məhsul verən toxumçuluq üzrə mütəxəssisdir, bacarıqlı, qabaqcıl fermerdir.

Yazımızın girişinə 20-ci əsrin 40-cı illərində Qərbdən əsən müharibə küləklərinin təsirindən tez bir zamanda kimsəsizləşən, sakinləri cilayi-vətən olub ətraflara səpələşən qədim Bığır kəndindən başlamışdıq. Bütün varlığı ilə bu kəndə bağlı olan 63 yaşlı Eldar Novruzovun evində oturub nostalji duyğularla keçmişi xatırlayır, xaraba Bığırdan danışırıq. O, bir az nənəsi Bəhər arvaddan eşitdiklərinə, bir az da yaylaq-qışlaq zamanı gördüklərinə duz-istiot qatıb, onu dinləyənləri inandırmağa çalışırdı ki, Bığır həqiqətən də qədimdən qədim bir kənd olubdur. Kəndin böyüklüyünü əks etdirən geniş xarabalıqlar, neçə-neçə meçit yerləri, torpaq sürüşməsindən sonra açıq-aydın görünən, bir-birinin üstündə yerləşən 4 qat, 5 qat məzarların təsviri, adamı intəhası olmayan keçmişə aparırdı. Əfsuslar ki, Eldar qardaşımızın sağlamlıq durumu, yolun uzaq və keçilməzliyi, havaların sərtliyi bu danışdıqlarımızı lentə almağa imkan vermədi. Eldar müəllimə can sağlığı arzu edib, qarşıdakı yay mövsümündə, inşallah, o yerlərə birgə gedəcəyimizə söz verdik..

Qurbanəfəndi kəndi də, qədimlikdə Bığırdan geri qalmır. Burada kəndin qədimliyinə diqqəti cəlb edən Yeddiqardaş piridir. Kəndin ağsaqqal və ağbirçəkləri danışırlar ki, burada olan yeddi qəbrin altısı qadına, biri isə kişiyə məxsusdur. Bildiyimiz kimi türklər bacıya da “qardaş“ deyirlər. Bu sübut, bu dəlil bu yerlərin qədim oğuz-türk tayfalarına mənsubluğuna tutarlı arqumentdir. Bundan əlavə, kənd ətrafında, kol-koslar arasında çoxlu sayda “pir” adı ilə bağlı toponimlər olduğundan, Qurbanəfəndinin bir adı da Pirlidir. Şair Laçın Novruz öz kəndi haqda belə yazır:

Hər daşı tarixdir, mənim obamın,

O mənim beşiyim, dövlət, varımdır.

Tarixçi istərəm, gələ öyrənə,

Görə ki, bu Pirlim, Qobustanımdır.

Vaqif Məmmədov,

Jurnalist-publisist, AJB-nin üzvü

 

 

Şərh Yaz