Həmyerlimizin böyük uğuru                   

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Türk xalqları” şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru – həmyerlimiz Turan Teymurovun Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri” adlı monoqrafiyası bu yaxınlarda çapdan çıxıb.

Turan Teymurov İsmayıllı  rayonunun Buynuz kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-jurnalistdir.

Monoqrafiyada XX əsr qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun “Abay”  romanının sənətkarlıq məsələləri araşdırılıb. Romanda təsvirini tapmış XIX əsr qazax həyatı və onun panoramalı ifadəsi, epik vüsəti əsərdə məqsədli şəkildə ifadə olunmuş təfərrüat, epizodların, surətlərin bədii təsvir gücünü artıran detal problemi və onların qarşılıqlı əlaqələri tədqiq edilib.

Azərbaycanda  M.Auezovun həyat və yaradıcılığı, xüsusən də “Abay” romanı haqqında yubiley yazılarını, ayrı-ayrı məqalələri çıxmaq şərti ilə ayrıca tədqiqat əsəri yazılmayıb. Bu baxımdan monoqrafiya M.Auezov yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi istiqamətində ilk tədqiqat əsəri olmaqla mühüm əhəmiyyət daşıyır.

Kitab bakalavrlar, magistrlər, doktorantlar, mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Azərbaycanda Muxtar Auezov irsinin araşdırılıb öyrənilməsi sahəsində də mühüm addımlar atılıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda M.Auezovun həyat və yaradıcılığına həsr olunmuş elmi əsərlər yazılıb və nəşr olunub. İnstitutun “Türk xalqları” şöbəsinin əməkdaşı Turan Teymurov 2015-ci ildə Muxtar Auezovun “Abay” romanında epik vüsət və bədii detal” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Turan Teymurovun Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri” adlı kitabı Qazaxıstanın Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyası tərəfindən kitab halında nəşr edilib.

Həmyerlimizi bu yüksək uğur münasibəti ilə təbrik edir, ona həyatda və yaradıcılıqda yeni nailiyyətlər arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz