Nailiyyətləri artırmaq, çatışmazlıqları aradan qaldırmaq gündəlik işimizdir            

 

“Kitabxanalar xalqın milli sərvətidir”. Ulu öndər Heydər Əliyevin bu sözləri xalqın tarixi yaddaşını yaşadan, mədəni intibahında dünyagörüşündə əvəzsiz rol oynayan kitaba və dəyəri əsrlərdən-əsrlərə daşıyan mədəniyyət ocaqlarına – kitabxanalara verilən ən yüksək qiymətdir.

Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

2020-ci ilin ilk aylarından bütün dünyanı öz çənginə almış koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər İsmayıllı rayonunda da davam etdirilməkdədir. Məlum qadağaların, tələb və tövsiyələrin ilk növbədə təhsil ocaqlarına, kitabxanalara tətbiqi dövlət tərəfindən yetişən nəslin sağlamlığına göstərilən diqqətin yüksək önəm kəsb etdiyinin əyani təzahürüdür.

Kitabxanalara tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl etməklə yenidən fəaliyyətə başlaması kitabsevərləri, xüsusilə məktəbli oxucuları çox sevindirdi. Mütaliə üçün darıxmış oxucular yenidən kitabxana qapılarını açıq gördülər.

Məktəbli oxucuların kitabxanalarla yenidən yaranan əlaqəsi bizim də diqqətimizdən yayınmadı. “İsmayıllı xəbərləri” qəzeti olaraq, biz də diqqət çəkən bu məqamı əsas tutub İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq kitabxanası bölməsinə üz tutduq və müəssisənin müdiri İnqa Namazovadan kitabxananın bugünkü işi ilə bağlı bəzi məqamlara aydınlıq gətirdik. Müsahibə şəklini alan söhbətimizi oxucularımıza təqdim edirik:

– Uşaqlarla işləmək, onların qəlbinə yol tapmaq böyük səbir, yüksək təmkin və bir sıra vacib pedaqoji, psixioloji vərdişlər tələb edir. Kitabı sevdirmək, qorumaq baxımından tələb və tövsiyələriniz arzuladığınız səviyyəni alırmı?

Əvvəlcə onu deyim ki, uşaqlarla işləmək maraqlı olduğu qədər də çətin və məsuliyyətlidir. Kitabxana işçisi oxucu ilə münasibəti elə qurmalıdır ki, qarşı tərəf kitabsız olanda darıxdığını hiss etsin. Kitabxana işçilərinin əksərinin qadınlar təşkil etdiyini əsas götürsək, hər birimiz kitabxanaya üz tutanlara ana, bacı qayğıkeşliyi ilə yanaşmalıyıq. Uşaqlara göstərilən diqqət və sevgi cavabsız qalmır. Oxucu-kitabxana münasibəti  gündəlik tələbat halını alır. İşin yalnız bu cür qurulduğu kitabxanalarda keyfiyyətli xidmətdən söz açmaq olar və bu tələbə cavab verən iş qurmağa daim səy göstəririk.

Kitabların qorunmasına gəlincə, bu sahəyə diqqəti gündən-günə artırırıq. Oxucularla bu istiqamətdə vaxtaşırı söhbətlərimiz olur. Çalışmalarımız müsbət nəticə verir. Amma kitabxanalarla əlaqəsi olanlar kitabların və dövri mətbuatın səhifələrinin cırıldığının, çıxarıldığının, kitablarda müxtəlif yazıların və cızmaqaraların şahidi olub. Yazılı mənbələrə bu cür münasibət gələcək nəsillərə xəyanətdir. Unutmamalıyıq ki, kitablar xalqın milli-mənəvi sərvətidir.

– COVİD-19 yeni növ virusun pandemiyası ilə mübarizədə tələblərdən biri də “Evdə qal, mütaliəsiz qalma” oldu. Bu müddət ərzində kitaba, kitabxanaya, mütaliəyə maraq səviyyəsindən razılıq etmək olarmı?

– Bu sualınıza təəssüflə cavab verməli olacağam. Ciddi cəhdlərə baxmayaraq, bu gün çoxumuzu düşündürən əsas problemlərdən biri elə gənclər arasında kitaba, mütaliəyə marağın azalmasıdır. Nə üçün kitabxanalarda oxucularımızın sayı günbəgün azalır, yeniyetmə və gənclərimiz bu məbədgahlara gəlmək arzusuna biganədirlər? Bu sual üzərində mükəmməl işləməliyik. Məktəblər şagirdlərlə bədii ədəbiyyat mütaliəsi üzrə məsələyə diqqəti artırmalıdırlar. Valideynlər də evdə kitaba sevgi ilə yanaşmağa üstünlük verməlidirlər. Hər evin kiçik də olsa kitabxanası olmalıdır. Valideyn övladının kitaba bağlılığını gücləndirmək istəyirsə, evdə özü də kitabla ünsiyyətdə fəallıq, nümunə göstərməlidir.

– Kitab bilik mənbəyidir. Bu dəyərli mənbəyi qorumaq və sevdirmək dövlət siyasəyinin mühüm istiqamətlərindəndir. Bu barədə diqqətə çatdırılacaq fikirlərinizi bilmək olarmı?

– Tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də kitabxanalardır. Təhsilimizin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, onun zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış və ona xüsusi qayğı ilə yanaşmışdır.

XXI əsrdə Azərbaycanın qlobal informasiya məkanına daxil olması kitabxana işinə də müsbət təsir göstərmiş və onun informasiya-kommunikasiya texnologiyaları ilə təminatını zəruri etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin 20 aprel 2007-ci ildə imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamına və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında fərmanına əsasən, ölkə kitabxanalarının bu istiqamətdə təminatı sürətləndirilmiş, cəmiyyətin informasiya qəbulunda tutduğu mühüm yer müəyyənləşdirilmişdir.

– Söz yox ki, zamanın, zamanla bərabər bir sıra məsələlərin dəyişməsi – yeni texnologiyaların yaranması, qloballaşma dövrünün çoxsaylı tələbləri kitaba, kitabxanaya münasibəti də dəyişmişdir. Zamanın tələblərini ödəmək olurmu?

Son illərdə nəinki informasiya məhsullarının formaları və növləri barədə, həmçinin kitab nəşri, kitabların mühafizəsi, yayılması və informasiya xidməti sahələrində bir sıra müəssisələrin rolu və funksiyaları barədə təsəvvürlər dəyişib. Komputer və telekommunikasiya mühitinin yaradılması və inkişafı kitabxana prosesinin inkişafı fonunda baş verir.

İkinci onilliyinin başa çatan XXI əsrə qlobal informasiya əsri deyirlər. Bizim ölkəmiz üçün də bu yol qaçılmazdır.

Zaman, dövr dəyişir. Yeni texnologiyalar bütün sahələrdə hegemonluğu ələ alır. Qloballaşma dövründə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi də zərurətdən  irəli gələn məsələlərdən olmuşdur. Hazırda bütün dünyada əhalinin kitabxanalara marağının azalması və mütaliədən uzaqlaşması problemə çevrilmişdir. Bəzən bu, yeniyetmə və gənclərimizin zövqünün dəyişməsi, informasiya texnologiyalarına və şou proqramlara daha çox meyilli olmaları ilə əlaqələndirilir. Ancaq bir həqiqət də var ki, əgər kitabxanalarda mütaliə üçün lazımi şərait yaradılsa və oxucu ona lazım olan ədəbiyyatla təmin edilsə, o, heç vaxt oradan uzaqlaşmaz.

Bütün bunlara baxmayaraq, bu gün çoxumuzu düşündürən əsas problemlərdən biri də gənclər arasında kitaba, mütaliəyə marağın azalmasıdır. Nə üçün kitabxanalarda oxucularımızın sayı günbəgün azalır, xüsusilə yeniyetmə və gənclərimiz bu məbədgahlara gəlmək arzusunda deyillər? Bizcə, problemin əsas səbəblərindən biri kitabxanaların maddi-texniki bazasının zəifliyidir.

Qeyd etmək istərdim ki, erkən yaşlarından kitaba marağı olmayanlarda bu cəhəti sonrakı yaş mərhələlərində formalaşdırmaq çox çətindir. Hətta mümkünsüzdür. Deməli, uşaqların kitaba bağlılığı məsələsinə onların məktəbəqədər yaşları vaxtında baxmaq, bu məsələyə uşağın cəmiyyətə ilkin inteqrasiyası zamanı ciddi diqqət yetirmək lazımdır.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisə kimi hansı qayğılarla əhatə olunmusunuz, kitabxananızın maddi-texniki bazası məktəbli dostlarla münasibətdə gözlənilən tələbləri ödəyirmi?

– Maddi-texniki bazası möhkəm olmayan kitabxana oxuculara yüksək səviyyədə xidmət göstərə bilməz. Kitabxanalar hər cür şəraiti olan binalarda yerləşdirilməli, bütün lazımi avadanlıqla təmin edilməlidir.

Oxucunu kitabxanaya cəlb edən başlıca amillər fondun zənginliyi, yeni kitabların və dövri mətbuatın vaxtlı-vaxtında alınmasıdır.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisə kimi son vaxtlar rəhbərlik tərəfindən bu istiqamətdə fəaliyyətimizin müsbət tərəfə dəyişməsində bir sıra tədbirlər görülmüşdür və bu proses davam etməkdədir. Əsas məqsəd kitabxanaları informasiya məkanına çevirmək və bununla oxucuların kitabxanalarda mütaliəyə cəlb olunmasını təşkil etməkdir.

Kitabxana işçilərinə münasibət də dəyişməlidir. Adətən bu peşə sahibləri hansı şəraitdə işləmələrindən asılı olmayaraq, onlara müraciət edən oxucuların müxtəlif sorğularına daim səbirlə, təmkinlə cavab verməyə, onları maraqlandıran ədəbiyyatla təmin etməyə çalışırlar. Odur ki, müxtəlif zövqlü, sorğulu oxuculara yüksək səviyyədə və operativ xidmət etmək üçün lazımi şərait yaradılmalıdır.

Əsas bir amili unutmamalıyıq ki, kitabxana işi nə qədər elektronlaşdırılıb avtomatlaşdırılsa da, kitabxanaçıların əməyini heç nə ilə əvəz etmək olmaz. Bu sahəyə ən müasir texnologiyaların tətbiqi işinin arxasında da məhz həmin peşə sahibləri durur. Yazılı mənbələrimizi qoruyan və onların istifadəsində əvəzsiz vasitəçi olan kitabxana işçilərinə xüsusi münasibət olmalıdır və nə yaxşı ki, bu sahədə narazılıqlar yoxdur.

– Elə bir fəaliyyət sahəsi yoxdur ki, orada problem olmasın. Sizin üçün problem sayıla biləcək nəsə varmı?

– Bu barədə söhbətimizin əvvəlində az da olsa demişdim. Əsas problemlərimizdən biri kitabxanaların maddi-texniki bazasının zəifliyidir.

Bir çox kitabxanalarımız texniki vəsaitlərlə vaxtlı-vaxtında təmin edilmir. Ötən əsrdən qalmış avadanlıqlar da köhnəlib sıradan çıxmaq üzrədir. Bəzi kənd kitabxanaları şəraiti olmayan rütubətli, təmirsiz, uyğunlaşdırılmış binalarda və ya otaqlarda yerləşdirilib. Düzünü desəm, heç o qədər oxucusu da yoxdur. Kəndlərlə müqaisədə imkanlarımız xeyli yüksəkdir. Amma yeniləşmə, müasirləşmə artdıqca imkan və şəraitimizin də  artması çox yaxşı olardı. Belə ki, kitabxanalara lazımi texniki vasitələrin, yeni kitabların verilməsi zəruri ehtiyacımızdır.

– Zəfərlə bitən, Azərbaycan xalqına sonsuz sevinc yaşadan 44 günlük Vətən müharibəsi kitabxananızda oxucu artımına səbəb ola bildimi?

– Bu tarixi Qələbə böyükdən-kiçiyə hamımızı sevindirdi. Şanlı Qələbə sevinci ilə kitabxanamıza üz tutub bu mövzuda ədəbiyyat əldə etmək istəyən oxucularımız da olub. Onları yaxın gələcəkdə bu səpkidən kitablarımızın olacağı ümidi ilə yola salırıq. Sevindiricidir ki, bir şair olaraq sizin müharibə gedə-gedə yazdığınız şeirlərdən ibarət, müəllifi olduğunuz “Döyüşən sətirlər” kitabı məktəbli oxucular tərəfindən yüksək maraqla qarşılanıb. Belə kitablarımızın sayı sözsüz ki, artacaqdır.

– Zaman dəyişdikcə zövqlər, tələblər də dəyişir. Bu istiqamətdə son müşahidələriniz və imkanlarınız? Oxucuları kitabxanalara cəlb edə biləcək bir təklifiniz vardır?

– Oxucunu kitabxanaya hər hansı xahiş və ya sözlə cəlb etmək mümkünsüzdür. Əvvəldə vurğuladığım kimi, kitabxanaya kitabı, mütaliəni sevənlər gəlir və bu sevgini insanlara vaxtında “paylamaq” lazımdır. Oxucunu kitabxanaya bağlayan başlıca amillər həmin kitabxana fondunun zənginliyi, bu məkan üçün yeni kitabların və dövri mətbuatın vaxtlı-vaxtında alınmasıdır. Bəlli məsələdir ki, ailələr dövri mətbuata 30-40 il əvvəlki kimi ya abunə olmur, ya da ola bilmirlər. Bu məsələdə sosial şəbəkələr də kifayət qədər əks təsirə malikdir. Dövri mətbuatla əksər ailələr tərəfindən abunə olunmaması nəzərə alınmalı, hər bir kitabxananın ən azı 10-15 adda qəzet və jurnala abunə olunmasına təminat yaradılmalıdır. Bu məsələnin həllinə nail olmaqla  kitabxana-oxucu münasibətlərinin müsbətə dəyişməsi istiqamətində atılan uğurlu addımların atıldığına şahid ola bilərik.

Sonda onu da qeyd edim ki, kitabxana olaraq vəzifələrimizi tam aydınlığı ilə dərk edir. İşlərimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Nailiyyətlərimizi artırmaq, çatışmazlıqları aradan qaldırmaq üçün var qüvvəmizlə çalışacağıq.

– Maraqlı müsahibə üçün təşəkkür edirəm.

– Çox sağ olun!

Şahməmməd Dağlaroğlu

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz