Klassik irsimizin işığında                     

 

Hörmətli Rafael müəllim, Sizin klassik irsimizə tutduğunuz gur işığın altında qələmə aldığınız Azərbaycan ədəbiyyatının incilərindən sayılan Məhsəti Gəncəvi ədəbi irsinin araşdırılmasına aid ədəbiyyatşünaslığımıza çox böyük töhfəniz olan “Söz tək gözəl Məhsəti” monoqrafiyanızı böyük şövqlə oxudum.

Onu da qeyd edək ki, hələ sağlığında mərhum Xalq şairimiz  Musa Yaqubla baş tutan görüşlərimizdə ustad sənətkar qədim dövr ədəbiyyatımız və bu ədəbiyyatın yetirmələrindən olan Məhsəti Gəncəvi, Xəqani Şirvani və başqa korifeylərimizin həyatından maraqlı mülahizələr söyləyirdi. Məhsəti yaradıcılığından söz düşmüşkən heç sübhəsiz ki, Sizin uzun illər araşdırmalarınızın nəticəsi olan “Söz tək gözəl Məhsəti” əsərinizdən pafosla danışırdı.

Qeyd etdiyiniz kimi Məhsəti çox az tədqiq olunmuş sənətkarlardandır. Ali məktəblər üçün nəzərdə tutulmuş “Qədim Azərbaycan Ədəbiyyatı tarixi” kitabında da bu böyük sənətkar haqqında çox qısa məlumat verilir.

Hələ altmışıncı illərin əvvəllərində Bakı Dövlət Universitetində təhsil alarkən mətbuatı izləyir, bu böyük söz sərrafının yaradıcılığı ilə yaxından tanış olmaq istəyirdim. Bu istəyimə yalnız indi, əsərinizi mütaliə etməklə yaşımın ixtiyar çağında çata bildim.

Məlum olduğu kimi Şərq ədəbiyyatında hər zaman qadın problemlərinin həlli ön plana çəkilmişdir. Qeyd etdiyiniz kimi, Məhsəti inanırdı ki, qadın həmişə hücrələrin qaranlığında, çürük ehkamların zəncirində saxlamaq olmaz. Necə ki, Məhsətini saxlaya bilmədilər. Bu yolda sənətkar qarşılaşdığı bütün çətinliklərə sinə gərmişdir. Bəlkə də elə buna görə Məhsəti uzun illər tədqiqdən, təbliğ  olunmaqdan  kənarda qalmışdır. Orta məktəbdə oxuduğum əllinci illərdə proqramlarda Məhsətinin yaradıcılığına yer verilməmişdir.

Məhsəti Nizami Gəncəvinin və daha sonralar Füzulinin qələmə aldıqları məhəbbət dastanı- “Leyli və Məcnun” poemalarındakı baş qəhrəmanların çəkdiyi müsibətlər ilə üz-üzə qalmışdır. Leyli də azad fikirli olduğu üçün keçmiş feodal qaydalarına baş əymək istəmədiyinə görə öz etiraz səsini ucaltmışdır.

Qərbin feodal saraylarındakı xanımları səhərlər yuxudan “Serenada” mahnılarının müşayəti ilə  oyadırdılarsa, axşamlar onları “Yamb” mahnılarının həzin melodiyası ilə yuxuya verirdilər. Məhsətinin qədim çalğı aləti olan udun müşayəti ilə söylədiyi rübailər isə dinləyən hər kəsi hər zaman oyaqda saxlayırdı. Əgər paralellər aparsaq onda Qərb dünyasının qadınlarına nisbətən, Şərq qadınlarının mübarizliyi göz önünə gələr.

“Söz tək gözəl Məhsəti” əsərində Məhsəti və ondan sonrakı müəyyən dövrün onlarca  qabaqcıl şairləri haqqında məlumat verilir. Əslində bunların hər birisi ayrı-ayrılıqda ədəbiyyatşünaslığımızda   öz tədqiqini gözləyən sənətkarlardır. Başqa bir tərəfdən bu, həm də ədəbiyyatımızın zənginliyindən xəbər verir. Həmin sırada kitabda “Məhsəti və Əmir Əhməd” dastanının təhlilinə xeyli yer ayrılmışdır.

Əsərdə Məhsətinin fəlsəfi və estetik görüşlərindən, bədii əsərin məzmun və forma kamilliyindən, bədii təsvir vasitələrindən yetərincə maraqlı məlumatlar verilir.

Həyatın formalaşmasında dörd ünsürün – hava, su, torpaq və günəşin başlıca əhəmiyyət kəsb edildiyi əsaslandırılır. Eyni zamanda bu dörd ünsürün bir-birini inkar etdiyini və nəticədə inkişafın baş verməsi təsdiq edilir.

Qeyd olunduğu kimi, Məhsəti rübailərində təmiz məhəbbəti, insanın sevmək, sevilmək arzularını yüksək sənətkarlıqla əks etdirmişdir. Odur ki, dövrün mühafizəkar qüvvələri onu müxtəlif adlarla ləkələməyə çalışırdılar, lakin Məhsəti hər zaman təmiz adını, qeyrətini qoruyub saxlaya bilmişdir. O, rübailərin birində deyir:

Qeyrətdən ölərəm, ey ruhum, inan,

Səni yuxuda da görsə bir nəfər.

Məhsəti sədaqətdə, məhəbbətdə o qədər etibarlıdır ki, aşiqinin kiminsə yuxusuna girməsinə belə ehtiyat edir.

Bu qiymətli əsərin məziyyələri və əhəmiyyəti haqqında ədəbiyyatşünaslarımız daha dəyərli faktları ortaya qoya bilər. Yazdıqlarımı isə sadəcə olaraq bir oxucunun, ədəbiyyat  həvəskarının qələm məhsulu kimi dəyərləndirə bilərsiniz.

Aqillərin dediyi kimi, alimlik də, şairlərin söz demək istedadı da Allahın lütfüdür. Ona görə də onlar Rəbbimizin nəzərində Peyğəmbərlərinmizlə yanaşı məqamda, ən uca mərtəbədədir.

Hörmətli Rafael müəllim, çox hörmətli akademik qarşımızdan Dünya Azərbaycanlıların Həmrəyliyi və milad günü olan Yeni il bayramları gəlir. Vaxtı xeyli qabaqlayaraq  bu əlamətdar bayram günləri münasibətilə Sizi ürəkdən təbrik edir və yaradıcılıq yollarında yeni-yeni uğurlar, ən əsası olan – can sağlığı, könül xoşluğu arzulayıram.

Böyük hörmət və  sayğı ilə:

Heydər Xəlilov,

İsmayıllı rayonunun Sumağallı kəndi

18 dekabr 2021-ci il

Tel: 051-434-50-79

Şərh Yaz