Sən ağlasan – Vətən ağlar                          

 

Əlimdə bir dəftər – gündəliyin var, Ruslan. Onu demək olar ki, hər gün nəzərdən keçirir, təkrar-təkrar oxuyuram. Xəzinə, möcüzə saydığım bu gündəlik  vaxtilə hamının maraqla izlədiyi “Baharın on yeddi anı” filmini  yada saldı.

Ancaq məsələ ondadır ki, burada söhbət bahardan getmir. Zəfər günümüzə addım-addım yaxınlaşdığımız soyuq, çiskinli-dumanlı payız günlərindən, payız anlarından söhbət açılır. Bir məsələ də oradadır ki, çox hissəsi romantik olan, təxəyyülə əsaslanan həmin filmdən fərqli olaraq, sənin payız anların tam  real hadisələrə əsaslanır, romantikadan əsər-əlamət yoxdur. Adi bir şagird dəftəridir. Sənin nəfəsin duyulur, surətin canlanır, öz dəsti-xəttinlə bir çox şeylər yazılıb. Bəziləri cızma-qara şəklində, oxuya bilmirəm. “Hücum  planları” da demək olar, gündəlik də, düşüncələr də, ancaq hamısı bizim üçün müqəddəsdir.

Qızğın döyüşlərdə  də ölüm haqqında fikirləşmirsən,  qorxu-hürkü bilmirsən. Yalnız bir şey düşündürür səni; namərd düşmənin murdar ayağını  torpaqlarımızdan silmək.

Hücum mümkün olmayanda nə qədər kədərlənirsən, hey özünü danlayırsan. Ancaq neyləyəsən ki, 30 ildə torpağı şırım-şırım zəhərləyən, möhkəmləndirən bu mənfur düşmən sənin fikirləşdiyindən  də qat-qat hiyləgərdir.

Valideynlərindən dəftəri alan  gündən onu özümlə gəzdirirəm. Səni sanki həyatda olduğun kimi hiss edirəm. Hər gün də məni qorxu hissi çulğalayır: Dəftəri itirərəm və ya istəyərlər, artıq mənimlə həmsöhbət olmazsan. Xəyalımda, qəlbimdə dikəltdiyim o qəhrəman heykəlin uçula bilər.

Bu dəftər mənə güc verir, təpər verir. Lakin eyni zamanda ürəyimdə  daş kimi yumrulanmış sözləri vərəqlərə “tökə” bilmirəm. Axı hansından başlayım ki, səni bənzərsiz şəkildə “vəsf” edə bilim, ürəyindəki o böyük odu,atəşi- Vətən məhəbbətini ifadə edə bilim.

Bu anda ən çox ürəyimi yandıran bir məqamı – sənin gündəliyində yazılan: “Mən içəri girəndə də, yola düşəndə də Anam ağladı”, – sözləri oldu. Elə bu fikrinlə də üst-üstə düşən bir mahnının sözlərini xatırladım:

Ana bu gün şəhid oldum,

Ağlama sən!

Sən ağlasan: Vətən ağlar!

Hələ gənclik yaşını  yarıya çatdırmamış oğul?! Hardan yaranıb səndə ahıllara məxsus bu  dərin və müdrik düşüncə.

Ananın barmağına tikan batacağından qorxub çəkindirən bir gənc ölümün gözünə necə dik baxıb. Dünyada ən əziz nemət olan canını itirəcəyindən qorxmadan, hansı qəhrəmanlığın fövqündə durub ölümün özünə belə meydan  oxuyub.

Hardan başlayım və insanları  inandıra bilim ki, sən bu yaşında vətənin ağlamaması naminə qısa, lakin dəyərli ömrünü yanar məşələ, işıq dağına döndərib əbədiyyətə qovuşmusan, min-min həmyaşıdınla Azərbaycan adlı bir müqəddəs məmləkətin “imzalar içində imzasının” olduğunu dünyaya fəxrlə bəyan etmisənsən. Bu həqiqət naminə, bütöv Vətəni qorumaq  xatirinə öz səngərində mətin dayanaraq bir addım da geri çəkilməyib hansısa bir şairin misralarını ürəyinə qızıl hərflərlə yazmısan. Çünki yaxşı bilirdin ki:

Bu səngər məbəddir, pirdir, ocaqdır,

Bu səngər tarixə qovuşacaqdır.

Bu səngər bir parça Vətən torpağı,

Bu səngər düşmənə sipər, göz dağı.

Və indi sanki qalmışam “yerlə göy arasında…” Hardan, nədən başlayım ki, Vətən daşına dönən o körpə ürəyindəki böyük odu, alovu, vətənpərvərliyi, eyni zamanda səmimiyyəti, humanizmi çatdıra bilim.

(Bəzən söz insan hisslərini izah etməkdə aciz qalır. Sözün aciz qaldığı səhnə…).

Çünki sizin kimi yaşamaq eşqi ilə alışıb-yanan, işıqlı gələcək naminə saysız-hesabsız arzularla dolu sinələrini Vətən torpağına dəyəcək zərbəyə sipər edib mərdanə ölümləri ilə əbədiyyətə qovuşmuş övladlarımız mənən yaşamağa, tanınmağa, xatirələrinin əbədiləşdirilməsinə haqq edirlər. Çünki biz hardasa əfsanə, nağıl olan hadisələrdən deyil, gündəlik həyatımızdan qırmızı xətlə keçən neçə min illik tarixə malik milli-mənəvi  dəyərlərimizin ləyaqətli qoruyucusu olan sizin kimi real qəhrəmanlarımızdan söhbət açırıq. Bu da Azərbaycanın qəhrəmanlıq tarixinin salnaməsi olan daş bir kitabın yeni-yeni ölməz səhifələri olmaqla bərabər, ata-babalarımızın mənalı həyatlarından, öyüd-nəsihətlərindən yetərincə bəhrələnən, düşmənə qarşı amansız, onu yerində oturtmağa daim hazır olan bir cəsur döyüşçünün simasında ölümün gözünə dik baxmış, dünyada ən şirin nemət olan canlarını “uf” demədən fəda etmiş  hər bir Vətən övladının ruhu qarşısında mənəvi borcumuzu yerinə yetirəcək kiçik bir töhfədir.

Bu mənada son günlərini səciyyələndirmək üçün elə bilirəm ki, bir xəzinə tapmışam. Sanki hər döyüşdə səninlə yanbayan durmuşam. Qələbəmizə sevinir, müvəffəqiyyətsizliyə kədərlənirəm.

Nə qədər ki, dəftər məndədir, sağlığına inanıram. Çünki hər an, hər dəqiqə yazdıqlarını nəzərdən keçirirəm ,sanki mənimlə həmsöhbət olursan:

–   Gözüm önündə həyatın vərəqlənir: məktəblisən, ali məktəbi bitirib cəmiyyətə layiq şəxsiyyət olmaq üçün xəyalların var.

–  Xəyallarındakı həyatı qurursan, vətənin layiqli qoruyucusu olursan və… o böyük məqama- şəhidliyə çatırsan.

Sənin üçün əlimə qələq alanda, bütün bunlarla bərabər, xəyalımdan kino lenti kimi çox şeirlər, nəğmələr keçdi. Ancaq ən çox yadımda, yaddaşımda qalan məşhur bir şeirin aşağıdakı bəndini münasib bilərək onunla başlamağı qərara aldım:

Adını şeirlə mən alqışladım,

Sərv ağacı kimi ucaldı başım.

Sənin dastanını belə başladım:

Sağ ol, Vətən oğlu, sağ ol, qardaşım.

Sözümə ustad Səməd Vurğunun alman-faşizmi ilə müharibənin ilk günlərindən qəhrəmanlıq göstərən İsmayıllı balası Kamal Qasımova həsr etdiyi şeirdən misal gətirməklə başlamağım təsadüf deyildir, Ruslan. Çünki sən də bu igidin mənəvi xələfi kimi, XXI əsrdə Azərbaycan torpağının şöhrətli bölgəsi İsmayıllı yurdunun tarixinə igidlik imzası atanlardan biri oldun.

Gənc bir şairin aşağıdakı misraları nur olub, işıq olub neçə-neçə sənin kimi vətənpərvərin yolunu işıqlandırmış, qəlbindəki ən mötəbər hisslərin oyanmasına rəvac vermişdir:

El yolu borana, qara düşəndə,

Yurdun ağ gününə qara düşəndə,

Məmləkət balıqtək tora düşəndə

Hər kəsin Vətənə cihad borcu var.

Bu  müqəddəs borcun heç vaxt yaddaşından silinmədi.

Və yeri gəlmişkən, bu anda Əliş Əvəz adlı bir şairin bir neçə il əvvəl yazdığı və o vaxt hamını düşündürən misralarını xatırlamaq istəyirəm:

Yarımız müğənni,

Yarımız molla,

Yarımız şair.

Nəğmə oxuyuruq,

Dua eyləyirik,

Şeir yazırıq

Vətənə dair.

Bəs hanı vətəndaş

Vətənə qurban gedəsi baş?!

Şairin şeirinə, sorğusuna ən gözəl cavab 44 günlük Vətən müharibəsində sizin kimi Azərbaycan oğullarının Zəfər Gününə atdığı qəhrəmanlıq imzası oldu. Bu imzalar içində öz dəst-xəttin olduğuna görə Sənin üçün də bir ölməz söz “dastan”ı başlamaq istəyirəm. (Bu əsl dastan olmasa da, sənin dastana sığmaz həyatını əks etdirmək istədiyimə görə, bu kiçik yazı mənə dastan qədər əzəmətli görünür. Çünki bu bir aysberqin üzdə olan tərəfidir. Əsl şücaətini əks etdirmək üçün qələmin gücü yetməz. İnsan həyatına qarşılıq hansı söz yetər ki..!)

Bəli, “dərin-dərin dəryalara cumub” fikirləşirəm: necə, hardan başlamaq olar? Çünki ürəyimdə nakam  ömrünlə bağlı qəm notları üzərində “köklənmiş”  dərindən-dərin bir nisgil, bir həsrət var. Və sənə layiq (hərçənd ki, o sözlər hələlik çətin tapılar) ürəkləri titrədəcək səni sən kimi, olduğu kimi səciyyələndirəcək söz tapıb yazmaq, mirvari kimi “ipə-sapa düzmək” istəyirəm.

Bilmirəm ki, qısa, lakin dastanlara sığmayan həyatın üçün o əlvan “söz ilməsi”ni harda başlayıb harada qurtarım ki, həyatının “naxışları”nın bənzərsizliyini hamı görsün, hiss etsin. Fikirləşdiklərim  isə coşqun dağ çayı kimi elə  hey axıb gedir. Bu fikirlər  bir-birindən maraqlı, dəyərli, ürəyə nüfuz edəndir. Ancaq nə çarə ki, elə hey iti sürətdə axıb gedir, onlara yetib qələmə almağa imkan tapmaq olmur. Düşünürəm ki, sənin o bahar ömrünə elə şərəfli tarix, qəhrəmanlıq hopub ki… Onu qısa bir yazıya sığışdırmaq olmaz.

Aydın səma kimi göy gözlərini xatırlayanda göytürklərin məşhur ifadəsi yadıma düşür: “Göy üzü çadırımız, günəş bayrağımız”, – deyirdilər onlar.

Bir az da dərinliyə gedəndə “Dədə Qorqud” dastanlarında əks olunan, sanki bu günün “boyuna biçilən” bəzi məqamları  andıran, sərhəd pozulanda gözətçi Bəkilin yan-yana elin igid oğluna – Qazan xana göndərdiyi ismarışı xatırlayıram: “ Özünü yetir, yetməzsən, sərhəd pozular, qız-gəlinim əsir gedər”.

(Fikrimə qüvvət olaraq indi razılaşmadığım bir məsələni xatırlatmaq istəyirəm. Adətən, biz ədəbiyyatın tərifini söyləyəndə qeyd edirik ki, həyatı obrazlarla əks etdirən söz sənətidir. Lakin o, həyatın fotosu deyil, yüzlərlə hadisə ümumiləşdirilərək ədəbi əsərə gətirilir. Doğrudan da, bunun həqiqət olduğunu dəfələlə yəqin etdik. Ancaq yenə bu 44 günlük Vətən müharibəsi bir çox məqamlarda olduğu kimi, inandığımız həqiqətləri təkzib etdi. Bu mənada mənəviyyatımızın “güzgüsü”, ümumdünya mədəniyyətinin ən qiymətli incilərindən biri, məhəbbətin və qəhrəmanlığın misilsiz tərənnümçüsü kimi, bir parlaq ulduz tək şəfəq saçan “Kitabi-Dədə Qorqud” dastanlarını xatırlatmaq kifayətdir ki, ədəbiyyatın elə həyatın əsl fotosu olduğunu sübut edək. Ruslanın  tapdanan sərhəddimizin harayına yetişməsi  Qazan xanın qəhrəman hərəkətinin təkrarı deyilmi ?! )

Laçına – Vətən sərhədinə yolun göytürklərin: “Göy üzü çadırımız” (bu sənin gözlərin üçün), apardığın azadlıq müjdəsi isə “Günəş bayrağımız” ifadələrinə  necə də uyğun gəlir. (Bizim üçün sönməz Günəş olan Vətəninin bayrağı Laçında dalğalanır).

Və döyüş dostların, sonuncu şahidlərin də deyirlər ki, şəhadətə qovuşanda üzündə bir günəş təbəssümü, günəş nuru vardı. Sanki bu təbəssüm uzun illərin həsrətinə son qoyulduğuna görə, Vətənin bütövləşməsini görüb “qonmuşdu” o saf, təmiz, uşaq arzulu, uşaq gülüşlü simana. Eyni zamanda, Qazan xan timsallı oğlulların bugünkü nümayəndəsi! Sən o möcüzəli qəhrəmanların cərgəsində canın, qanın bahasına vətən sərhədini birləşdirib, bizi illərin xəcalət hissindən qurtarıb heysiyyətimizi özümüzə qaytarmadınmı?!

“Tanrı sevimlilərini ruhlar aləminə tez qovuşdurur,” – dahi Menandrın bu fikri sanki sənin də boyuna “biçilib” əbədiyaşar ruhuna həmişə minnətdar olacağımız, qədim və ulu bir yurdun – İsmayıllı torpağının mərd yetirməsi, igid oğlumuz – polkovnik-leytenant Ruslan Tağıyev. Sənin qısa, lakin mənalı həyatına “güzgü tutmaq” istəyəndə yaddaşımda müxtəlif “lövhələr” canlandı. O, lövhələrdən birində ömrünü dərin-dərin dəryalara bənzətdim. O dəryanın suyuna isə həyatının ayrı-ayrı məqamlarını saysız-hesabsız dağ çaylarının – irmaqların bolsulu nəhrlərə qovuşan təmiz suyunu əks etdirməklə mənalandırmaq istədim. Bu anda ustad Şəhriyarın çox dəyərli misralarını da xatırladım:

Bir insan köçürsə, dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedər.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedər.

Cahan boyda bir yükü  çiynimizdən götürüb özünü bir tabuta məhkum edən şir ürəkli, şir biləkli  OĞUL! Heç bilirsənmi nələr oldu?!

Bir anlıq Şəhidlik xəbərini alan el-obamızı düşündüm. Bu həsrətdən əvvəllər də neçə-neçə igidin “acı”  xəbərini alan Babadağın müqəddəs “qaşları çatıldı”, tarixlər şahidi Girdimanın suları şahə qalxdı, dağlarımızın vüqarlı qartalları əngin səmalarda süzmədi, zümrüd meşələrimizin pıçıltılı “bayatıları” oxunmaz oldu, Lahıcın alma bağları, Qubaxəlillinin nar ağacları kədər “selinə” qərq oldu, Niyalın xəfif mehi nisgilli nəğməyə çevrildi, Vətən torpağının bülbülü, torağayı, kəkliyi ötmədi, çəmənlərimizin allı –güllü gül-çiçəyinin rəngi saraldı və sadalaya bilmədiyim nələr, nələr oldu.

Və el-obamızın intəhasız dərdinin bu lal sükutunun əvəzinə, sənə bir nəğmə – ağı qoşmaq istədim… Fəqət… BACARMADIM Kİ…

İlk əvvəl olaraq, hələ üzündəki gənclik təravəti solmamış, qara şəvə saçları çözülməmiş bir el qızının –həyat yoldaşının ürəyində sənə yalvarışını da dinləməyə cəhd etdim  ki, ürəyimdəki söz “yükü”nün  buzu  ərisin:

Bir gün yuxuma gəl, sakit, ahəstə,

Gülümsər üzünü qəribsəmişəm.

Könlüm intizarda, qulağım səsdə,

Mehriban səsini qəribsəmişəm.

Bu da kömək etmədi.

Ancaq sonra fikirləşdim ki, hələlik bu böyük yanğını, dərdi, ələmi nakam ömrünə bir nağıl “qoşmaqla”  ifadə etmək olar. Adını isə belə qoymağı qərara aldım:

 

Fuad oğlu Ruslanın nağılı

 

İnanıram ki, o, illər, qərinələr ötsə də, dildən-dilə keçəcək, uşaqların ən sevimli örnək “nağılına” çevriləcəkdir :

Biri vardı, biri yoxdu. Uzaqdan uca-uca dağları göylərə meydan oxuyan, laləli-nərgizli düzləri ilə insanı heyran qoyan İsmayıllı məmləkətinin Qubaxəlilli adlı abad  bir obasında Fuad və Lətifə adlı iki gənc yenicə ailə həyatı qurmuşdular. İkisinin də hər bir gəncə xas olan gələcək haqqında özlərinə məxsus arzuları, istəkləri, ümidləri, düşüncələri vardı. Ən böyük arzuları isə  övlad-uşaq sahibi olmaq, onları xoşbəxt və firavan boya-başa çatdırmaq idi.

Tanrı istədiklərini ürəklərində qoymadı. İstəklərinə uyğun olaraq, düz bir ilin tamamında – 1982-ci ilin 12 iyununda ailədə bir oğlan uşağı dünyaya gəldi: uşağın zərif cismi  göylər kimi dərin, masmavi gözləri vardı. Ata uşağa çoxdan fikrində tutduğu bir adı verdi: Ruslan. Bu, hamının ürəyincə oldu. İlk uşaq ailəyə, qohum-əqrabaya bolluca sevinc gətirmişdi. Hamı bu sevimli uşağı oxşamaq, əzizləmək istəyirdi. Beləcə, günlər aylara döndü. İl tamam olanda o artıq yeriyir, həm də danışa bilirdi.

Böyüdükcə ən maraqlı, xoşladığı işlərdən biri babasının müharibə xatirələrini dinləmək idi. Sərbəst cümlə qurmağa başlayanda isə özündən müharibə “fantaziyaları” uydururdu:” tullanıb təyyarədən belə yapışdım”, “düşməni belə vurdum, belə yıxıldım” və s.

Uşaq dili ilə anlatdığı bu “uydurmaları”  evə gələn qonum-qonşuya, qohum-əqrabaya da o qədər xoş gələrdi ki, onu dinləməmiş dağılışmazdılar. Ən çox da atasını təqlid etməyə, onun kimi oturmağa, durmağa, iş görməyə çalışardı. Hətta bir dəfə o qədər yerə çatmışdı ki, müvəqqəti yerə qoyulan çəkiclə vurub barmağını əzmişdi.

Uşaq olsa da, kiminsə köməyinə gəlmək onun “şakəri” idi. Bir gün gözlənilmədən gələn qonağı qarşılamaq üçün tələsə-tələsə ev-eşiyi səliqəyə salmağa çalışan anasına kömək edərkən: “mamaya kömək lazımdır, mamaya kömək lazımdır,” – deyə həyəcanla vurnuxaraq gah qab-qacaqdan, gah xalça-palazdan yapışmışdı.

İki yaşına 3-4 ay qalmış bacısı Bənövşə dünyaya gələndə ən çox sevinən, uşaq marağı ilə saatlarla ona tamaşa edən də Ruslan idi.

Və günlərin birində 4 yaşı tamam olanda atasının işi ilə əlaqədar rayon  mərkəzinə köçəndə və anası da işə çıxmalı olanda, körpə Ruslanın da özünəməxsus öhdəlikləri  yarandı: verilən tapşırıqlara  ciddi əməl etmək. Həmin dövrdən də Ruslanda səliqə-sahman gözləmək, nizam-intizama tabe olmaq, öhdəliklərə ciddi əməl etmək ( balaca bacısından göz-qulaq olmaq) və s. kimi xarakterik  xüsusiyyətlər formalaşmağa başladı.

Ən çox xoşladığı işlər insanlarla ünsiyyət qurmaq, doyunca danışmaq, atasının iş yerinə getmək, nümayişlər zamanı onun boynunda tribuna önündən keçmək idi.

Nəhayət, çox arzuladığı məktəb yaşı çatdı. Şəhər 1 nömrəli tam orta məktəbinin rus bölməsinin I sinfinə qəbul olundu. Lakin hadisələr öz axarınca getmirdi. Məlum Qarabağ hadisələri başlamış və böhran getdikcə dərinləşirdi. Hadisələrin inkişafı ilə əlaqədar rus bölməsində dərs deyən bəzi müəllimlər Azərbaycandan getməli olmuşdular. Həm bu səbəbdən, həm də milli oyanışın cəmiyyət qarşısında qoyduğu tələblərə görə, Ruslan II sinifdən şəhər 3 nömrəli tam orta məktəbinə keçdi. Ancaq onun bir il rus bölməsində oxumağı kifayət etmişdi ki, televizorda rus dilində gedən verilişləri tərcümə edə bilsin.

Ruslan həm də istiqanlı uşaq idi. Anası işdə olanda qonşuları Zinyət xala onlara nəzarət edir, qayğılarına qalırdı. O da, ömrünün sonuna qədər bunu unutmamışdı (Hər məzuniyyətə gələndə mütləq bir günlüyə də olsa, bu ailəyə baş çəkirdi. (Sonralar onların bir oğlu da Ruslanın yolu ilə getmiş və hərbçi olmuşdur).

Atası rabitəçi idi və rabitə qovşağı işçiləri üçün tikilən binada yaşadıqlarına görə, hamı bir-birini tanıyırdı. Ruslan da qonşu uşaqları arasında ən böyüyü idi. Bu faktın özü də  uşaqların onu bir örnək, bir nümunə kimi qəbul etməyə bəs edərdi. Və bu üzündən təbəssüm əskik olamayan uşağa qarşı, uşaqların (balacaların da, böyüklərin də) istək və məhəbbəti elə o illərdə formalaşmağa başlamışdı, sonralarda davam etmişdi. Lakin bütün bunlarla bərabər, özünə məxsus xarakterik cəhətlər də vətənpərvər, cəmiyyətə layiq şəxsiyyət kimi formalaşmasında az rol oynamadı.

Ruslanın hər gəlişi məhəllədə böyük sevincə səbəb olurdu. Çünki bilirdilər ki, Ruslan gəlibsə, mütəlq onlarla bir yerdə olacaq, maraqlı tədbir təşkil edəcəkdir.

Hamının gözünün qabağında tarixi hadisələr baş verir, bu da uşaqların yaddaşına hansı şəkildəsə həkk olunurdu. Görünməz düşmənə qarşı olan nifrət hissi də, o illərdən Ruslanın qəlbinə yol açmışdı. (Baxmayaraq ki, o çox zərif, vuruşmağı, dalaşmağı sevməyən, ən çox ədalətə, nizam-intizama, hədsiz səliqə-sahmana meyilli biri idi. Buna görə ətrafı bir sevgi haləsi ilə dolu idi: istər qohumlar, istərsə də qonşular tərəfindən çox sevilirdi).

Ruslanın orta məktəb illərinin hər günü də maraqlı və məzmunlu idi. Ancaq rast gəldiyi hər bir problem zamanı  ədalətli mövqeyi ilə seçilir, haqsızlığa dözə bilmirdi.

Dərslərini yaxşı oxumaqla bərabər, məktəbdə keçirilən saysız-hesabsız tədbirlərin (xüsusən də vətənpərvərlik mövzusunda) fəal iştirakçısına çevrilmişdi. Bunu bütün qəlbi və ruhu ilə hiss etdirirdi.

Yuxarı siniflərdə  hələ yeniyetmə ikən yazdığı “Biz Azərbaycanın gələcəyik” adlı inşasında onun yüksək vətənpərvərlik hissi ilə döyünən qəlbini  görürük: “O necə qənirsiz gözəldir ki, hamı istəyir onu sevsin, əzizləsin, canı, qanı bahasına da olsa, qorusun, laləzara döndərsin. Bu, mənim doğma Vətənim, bənzərsiz təbiəti ilə dünyaya meydan oxuyan, şanlı tarixinin hər səhifəsi qəhrəmanlıq salnaməsi olan Odlar yurdu doğma Azərbaycanımdır.

Zaman-zaman xalqımızın həyatına saysız-hesabsız qanlı, fəlakət və faciələrlə, əzab və işgəncələrlə, eyni zamanda bənzərsiz igidlik və qəhrəmanlıq, hünər, cəsarət və rəşadətlə dolu tarix yazılmışdır.

Məhz bunların sayəsində XX əsrdə xalqımızın arzusu çin olmuş, müstəqillik qazanmışıq. Yenidən çətin əldə olunan azadlığın dadını hiss etdiyimizə görə X.R.Ulutürkün təbirincə desək, onu heç kəsə güzəştə gedən deyilik:

İstəsin, balamı verərəm ona.

Üzərəm, laləmi verərəm ona.

Ağzımın dadını, gözüm odunu,

Çayımı, selimi verərəm ona,

Vermərəm göylər boyda azadlığımı.

 

Lakin tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Bunun nə demək olduğu 28 aprel 1920-ci il çevrilişindən bizə məlumdur. Ona görə də, elə etməliyik ki, şüara çevrilmiş aşağıdakı həqiqəti qoruya bilək: “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Bunun üçün bizim, böyüyən nəslin üzərinə çox vacib məsələlər düşür. Şair bu fikri ürəyimizcə ifadə etmişdir:

Yurdum daşları da, qalxsın ayağa,

Yüz dəfə dirilsəm, ölsün bu canım.

Fərəhlə üzümü sürtüm torpağa

Deyim: ”Gözün aydın, Azərbaycanım”.

 

Rədd olsun namərdlər, çəkilsin alçaq.

Tərtəmiz bir nəsil gəlir sabaha.

Xainlər əzilib tapdalanacaq.

Baş qaldırmayacaq onlar bir daha.

Çünki döyüşlərdə mərdik, mətinik  

Biz – Azərbaycanın gələcəyiyik.”

Ruslan dərslərinə məsuliyyətlə hazırlaşmaqla bərabər, fiziki sağlamlığının da qeydinə qalır, mütəmadi olaraq idmanla məşğul olurdu. Dəfələrlə yarışların qalibi olmuşdu. O, məktəblər arasında keçirilən hərbi-idman yarışlarında da fəal iştirak edirdi. Hətta bir dəfə  təhsil aldığı şəhər 3 nömrəli tam orta məktəbi hərbi-idman oyunlarının Respublika yarışında iştirak edərək fəxri 3-cü yerə çıxanda, Ruslan da “Ən yaxşı atıcı” mükafatına layiq görülmüşdü.

Nəhayət, orta məktəbi müvəffəqiyyətlə bitirib, qəbul imtahanlarında kifayət qədər sevindirici bal toplayaraq (545 bal) Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundu. Burada oxuduğu illərdə ondakı vətən sevgisi, xalq sevgisi daha da kamilləşdi.  2003-cü ildə həmin ali məktəbi Qoşun kəşfiyyatı ixtisası üzrə bitirdi.

Nəhayət, kursantlıq illəri də başa çatdı. 2003-cü ildə leytenant rütbəsi ilə Bakıda qalıb işləyəndən sonra, 2004-cü ildə Naxçıvan korpusuna təyinat aldı. Ailə ilə ilk uzunmüddətli ayrılıq başladı. Ancaq qış aylarında məzuniyyətə gələ bilirdi. İlk əvvəl buranın sərt təbiəti səhhətinə təsir etsə də, o tezliklə bacarığı, qabiliyyəti, iradəsi və çalışqanlığı ilə komandanlığın rəğbətini qazandı. Bir çox yaddaqalan hadisələrin fəal iştirakçısına çevrildi. Hətta bir dəfə digər yoldaşları ilə birgə hazırladıqları əməliyyat nəticəsində bir gecə içərisində 500×2000 metr ərazi düşməndən geri alınmışdı. Bu əməliyyata görə Ruslana vaxtından əvvəl kapitan rütbəsi verilmişdi.

Ruslanın qətiyyəti, nizam-intizamı ailə həyatı quranda da özünü göstərdi. Sevdiyi qızla evlənəndə hər kəs onun məntiqi fikirləri ilə sözsüz razılaşmalı oldu. Həmin vaxt atanın ürəyi fərəhlə döyündü: Deməli, o, ailə başçısı olmağa, özü öz “dövlətini qurmağa” hazırdır, bundan sonra hər işdə onunla məsləhətləşmək, fikirlərini öyrənmək vacibdir. Belə inamlı məsləhətləşmələrin birində Ruslan bacısının həyatını xilas etdi (Əməliyyat olsa idi, hadisələr başqa cür olardı).

Beləliklə, illər keçdikcə Ruslan da yeni vəzifələrə təyin olundu. 2003-2004-cü illərdə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində dinləyici, ardınca müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə taqım komandiri, kəşfiyyat bölümünün komandiri, kəşfiyyat bölmə rəisinin köməkçisi və kəşfiyyat bölməsinin rəisi vəzifələrində xidmət etdi. Lakin harada olur-olsun, hansı vəzifədə işləyir –işləsin peşəkarlığı, bacarıq və nizam-intizamı ilə rəhbərliyin rəğbətini qazanmaqda davam edirdi. Növbəti məzuniyyətə gələndə valideynlərinə fərəhlə belə hadisələrindən birini danışdı: “Bir gün bütün zabitlər cərgəyə düzülüb korpus komandirini (general Kərəm Mustafayev) qarşılayırdı. General cərgənin önündən keçib mənə çatanda dayandı, əlini çiynimə qoyub: “Necəsən, Tağıyev” deyə mehribanlıqla gülümsündü, mənim kefimi xəbər aldı”. Bu, Ruslanın öz  işində qazandığı hörmətin bir nümunəsi idi. Onun hərb həyatında belə nümunələr saysız-hesabsız idi.

Nəhayət, 2012-ci ildə təhsilini davam etdirmək (bugünkü magistr dərəcəsində) üçün yenidən Bakıya dönür. 2014-cü ildə təhsilini başa çatdırır. Bu zaman artıq onun ailəsində Fuad və Polad adlı 2 oğlan uşağı böyüyürdü (onların hər ikisi, sonradan anadan olan qızı Nuray da İsmayıllıda dünyaya gəlmişdilər).

Ruslan təbiəti çox sevirdi. Məzuniyyətdə olarkən ailə ilə tez-tez açıq təbiətdə – meşədə, dağda vaxt keçirməyə tələsərdi. Eyni zamanda məhəllə uşaqları ilə futbol, atası ilə tennis oynamağı sevərdi.

2014-cü ildə Akademiyanı müvəffəqiyyətlə bitirib artıq mayor rütbəsində Şəmkir  korpusunda “N” saylı hərbi hissəsinin kəşfiyyat rəisinin kəşfiyyat planlaşdırılması üzrə baş köməkçisi vəzifəsinin icrasına başladı.

Naxçıvan elini qarış-qarış gəzib-dolaşan, dağına, daşına bələd olan Ruslan, artıq ölkəmizin digər bölgəsini yaxından tanımağa, sevməyə başladı. Ataların çox gözəl sözü var: “Dostunu göstər, deyim sənin kim olduğunu”. O, burada qəlbinə yaxın bir çox vətənpərvər insanla  tanış oldu. Bu tanışlıq  bir çoxları ilə səmimi və qırılmaz dostluğa çevrildi: Xüsusən, ürəyi vətənpərvərlik hissi ilə yoğrulan Polad Həşimovla yaxınlığı Ruslanda bir çox müsbət xarakterik xüsusiyytələrin yaranmasına və möhkəmlənməsinə kömək göstərir.

Polad Həşimov şəhidlik zirvəsinə ucalanda məzuniyyətdə olan Ruslan generalın qəhrəmanlığından, mətinliyindən, vətən və nizam-intizam sevgisindən, iradəsindən, səmimiliyindən, alicənablığından, ailəcanlılığından və sairdən o qədər yana-yana, ağızdolusu danışırdı ki, sanki ətrafdakılar da onunla həmişə ünsiyyətdə olmuşdular. (Hətta atası gecə P.Haşımovu yuxuda görmüşdü).

Ruslan həmin vaxtlar feysbuk səhifəsində belə bir yazı paylaşmışdı: ”İndiyədək çox qəhrəmanlığın olub, görünür  şəhidlik general olandan sonra qismət imiş. Sənin qisasını almağa Allah bizə nəsib etsin”.

Ruslanın Şəmkir həyatında valideynləri də var idi. 2-3 aydan bir bayramları orada birgə keçirirdilər.

Heyvanlara qarşı onda mərhəmət hissi çox güclü olduğuna görə, belə görüşlərdən birində saxladığı sahibsiz itləri də rayona aparmağı israrla təkid edirdi.

Ruslan 2017-ci ilin 20 fevral tarixindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin baş zabiti vəzifəsinə təyinat aldı. Və onun əksər günləri, demək olar ki, bölgələrdə keçirdi. (İş yerləri tez-tez dəyişsə də, sabit qalan çox şeylər vardı: İşinə dərin məsuliyyət, möhkəm nizam-intizam, yüksək vətənpərvərlik hissi). Burada da, həmişə onun işindən razılıq edilirdi. Buna baxmayaraq, o öz üzərində  daim çalışır, hərbi, siyasi biliklərini artırmaq arzusunda idi. Odur ki, bu məqsədlə 2019-cu ildə  ikili razılaşma əsasında Çinin Pekin şəhərində təhsilini davam etdirib və Çin Xalq Qurtuluş Ordusunun Milli Müdafiə Akademiyasının 68-ci ali komandalıq kursunu uğurla bitirib, diplomla geri qayıdıb.

Ruslan bunula da kifayətlənməmiş və Türkiyənin Savunma Universteti ATASEREN-də təhsil almaq şansı yaranan kimi, öz namizədliyini irəli sürmüş və lazımi sertifikatları almışdı. 2020-ci ilin avqust ayında İstanbula gedib şifahi müsahibədən də keçib geri qayıtmışdı. Artıq sentyabrın 29-da təhsilini davam etdirəcəkdi. Lakin həmin vaxta bir həftə qalmış məzuniyyətə göndərildi, elə bu müddətdə də İkinci Qarabağ müharibəsi başlandı.

Həmin vaxta qədər xidmət etdiyi dövr ərzində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəf və vicdanla yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə bir sıra təltifləri olmuşdu:

  1. “Qüsursuz xidmətə görə” binci dərəcəli medal (2021)
  2. III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı;
  3. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
  4. II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
  5. “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı;
  6. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı;
  7. “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı.

24 sentyabr 2020-ci ildə Ağcabədiyə 929 nəfər əsgər aparır. Bir ay müddətindəki döyüşdən sonra sənədlərlə bağlı Bakıya gəlməli olur. Sənədləri Nazirliyə təhvil verəndə, 777 nömrəli hərbi hissə kəşfiyyat rəisinin yaralanması ilə əlaqədar yerinə Ruslanı göndərməyi qərara alırlar.

23 oktyabrda Bakıda yaşayan qohum-əqraba başına toplaşır. Həmin vaxt bibisi oğlu kapitan-pilot Səyyub da orda olur. Söhbət əsnasında məlum olur ki, Ruslanın verdiyi koordinatlarda olan düşmən obyektlərinin bəzilərini Səyyub (helikopterdə atıcı) vururmuş.

24 oktyabrda valideynlərinə zəng vurub gələcəyini bildiri. Həmin gün hamıya cəbhədəki vəziyyət barədə çox optimist məlumat verdi. Ordudakı ruh yüksəkliyindən, xalq-ordu birliyindən, əhalinin orduya dəstəyindən fəxrlə danışdı. Lakin söhbət əsnasında “Daha nizamlı, mütəşəkkil olsaydıq, itkilərimiz iki-üç qat aşağı olardı”, – deyə yana-yana qeyd etdi.

Anasının təkidi ilə gecə qalmağa razı olan Ruslanın narahatlığını görən atası, ona durub uşaqlarının yanına getməyi məsləhət görür. Maşına minəndə ata-anasının: ”Özündən müğayət ol”, – qəhərli tövsiyəsinə inamla: “Hər şey ola bilər, hər şeyə hazır olmaq lazımdır”, – cavabını verir və maşından bir dəftəri (həmin gündəlik dəftəri) çıxarıb atasına göstərib: ” Evə qoyacağam”, – deyir və sonra oxumağı məsləhət görür.

25 oktyabr səhər tezdən zabit yoldaşı mayor Taleh Kərimova zəng edib tələsməyi məsləhət görəndə o, cavabında zarafatla: “Ruslan, yadındamı orta məktəbdə sevimli şairimiz  Bəxtiyar Vahabzadənin “Həyat, sən nə şirinsən” şeirini keçirdik. Orada iki yüz il yaşayan loğman da bir neçə saniyə vaxt azanmaq üçün  əzrayıldan  canını yaxın çəmənlikdə almağı  xahiş edir. İndi biz də bir azca ləngiyək və ölümün acığına həyatın “dadını çıxaraq”, – deyib. (Sanki artıq öncəki hadisələri hiss etmişdilər).

Nəhayət, vidalaşıb günortadan sonra Füzuliyə yola düşürlər. Vidalaşarkən həyat yoldaşı ayaqlarına yıxılıb yalvarır ki, balalarının xatirinə özünü qorusun. Ruslanın isə son sözləri bu olur: “Mən heç bir şəhiddən artıq deyiləm. Onların da övladları var. Hər şeyə hazır olmaq lazımdır. Onu da bil ki, mən səni yıxılmış görmək istəmirəm, mətin ol, dözümlü ol, iradəli ol”.

Axırıncı SMS-lərin birində isə həmin fikri təkrarlayaraq yazırdı: “Möhkəm ol! Hər şeyə hazır, qürurlu olmalısan. Qismətimdə şəhid olmaq varsa, buna da hazır olmalısan. Şəhidlərimizin heç birindən artıq deyiləm.İndi bir az təhlükəsiz işlərlə məşğul olsam da, sabah harda olacağım bəlli deyil. Səndən çox xahiş edirəm, iradəli ol”.

Burada Çex xalqının qəhraman oğlu Yulius Fuçikin vaxtı ilə  dediyi sözləri xatırladım: “Qoy gələcəyin  oxucuları bilsinlər ki, müharibədə  adsız qəhrəman olmayıb. Onların hər birinin özünə məxsus siması, arzuları, ümidləri olub. O, qəhrəmanların hər birinin vətən naminə fədakarlığı, adı tarixə düşmüşlərin fədakarlığından az deyildir”.

Ruslangil 25 oktyabrda Horadizə çatıb bir gecə orada qalıblar (Ola bilsin ki, gündəliyinin son səhifəsini orada yazıb).

26 oktyabrda zəng edib maşını hara qoyduğunu izah edəndə atası sözünü kəsib: ”Gəlib maşını özün götürərsən”, – deyib.

Bəli, Ruslan harda olur olsun, bir gün Vətəni, el-obası naminə şəhid ola biləcəyini düşünür, bu fikir onu daha qətiyyətlə irəliyə səsləyirdi. O bu yoldan dönə bilməzdi. Çünki onu Ana Vətən çağırırdı. Çünki bu, 30 ildə heysiyyəti tapdalanmış Vətənin səsi idi. Ruslan bu ulu səsə biganə qala bilməzdi.

Nəhayət, 26-sı günü onları aparan maşın Talehi Qubadlıya, Ruslanı isə Güləbürdə (Laçın) düşürür.

Laçına gedəndən sonra 3 gün ondan heç bir xəbər-ətər gəlmədi. Növbəti gün əlaqə saxlayanda, atası, təhlükə varsa, zəng etməməyi məsləhət gördü. (Çünki əsgərlərinə müraciətlə dediyi sözləri eşitdi: “Dağın dibinə çəkilin, məsafə saxlayın”).

Valideynləri noyabr ayında məzuniyyətə çıxıb Bakıya getməyi planladırmışdılar. Yolüstü Kürdəmirdə olanda (Bacısı orada yaşayır) Ruslan zəng edir, anası və bacısı ilə xeyli danışır və hər şeyin qısa vaxtda və xoş sonluqla bitəcəyini deyir.

Növbəti gün dua üçün əlləri göydə olan və Qubaxəlilli kəndindəki ailə məzarlığını ziyarət edən ata, əbədiyyətə qovuşmuş əzizlərindən də kömək diləyir: “Siz haqq dünyasındasınız, biz isə nahaq dünyada. Bilmirəm sizin ordan nə köməkliyiniz dəyə bilər? Ancaq əlinizdən nə gəlirsə, edin ki, Ruslanımız sağ-salamat evinə dönə bilsin” (Sən demə, həmin dəqiqələrdə həyatının son anlarını yaşayırmış. Ruhların da “köməyi” onu baba “ocağında” qarşılamaq olub).

Babası xoş əhval-ruhiyyə ilə yaxşıca gəzdirdiyinə görə Polad o günü: “Unudulmaz” adlandırmışdı. Və sonra aldıqları acı xəbər sübut etdi ki,doğrudan da, bu onların Ruslanla bir dünyada nəfəs aldıqları  sonuncu unudulmaz xoş gün imiş.

… Laçında olduğu müddət ərzində o, gecə saat 3-4 radələrində kəşfiyyat məlumatları toplamaq, azad olunacaq ərazilərdə texnikanın keçə bilməsi məqsədilə tabeliyində olan əsgər və zabitləri, həmçinin könüllü bələdçiləri qruplara bölür, tapşırıqlar verir, əlaqə yollarını göstəriri, sonra isə yola çıxırdılar.

R.Tağıyev orda olduğu qısa müddət ərzində Laçının Güləbürd, Səfiyan, Arpagədik Xanalar, Sudərəsi, Aşağı Fərəcan, Xocavəndin Çaylaqqala  və s. yaşayış məntəqələrinin azad olunmasında xüsusi fəallıq və qəhrəmanlıq göstərmişdir.

Bələdçi yoldaşı Babək Mürsəlovun dediyinə görə, Xocavəndin Çaylaqqala ərazisində yerləşən düşmən obyektlərinin koordinatlarını elə dəqiq vermişdi ki, elə ilk atəşlərdən sonra düşmən böyük itkiyə məruz qalıb geri çəkilmişdi.

Xaçmazdan olan bir döyüş dostu da Ruslanın mətinliyindən, əsgərləri vaxtında səfərbər etmə qabiliyyətindən ağızdolusu danışırdı: “Apardığı psixoloji söhbətdən sonra: “Ardımca” – deyib maşına əyləşdi. Ruslanın tabeliyində 15-20 nəfər zabit, 70-80 nəfər əsgər və 30-a yaxın bələdçi olsa da, həmişə “İrəli” deyil, ardımca əmrini verməyi tərcih etmişdi. Biz 2 ədəd “Ural” maşını ilə Xocavəndin kəndinə yola düşdük. Orada da qorxu nədir bilmədən əlində ratsiya dimdik duraraq, ayaq üstə hamının gözü qarşısında yenə də öz tapşırıqlarını verirdi. Buna görə də  bayaqdan tərəddüd edənlər də, düşmən üzərinə qətiyyətlə hücuma keçdilər”.

Kapitan Kamranın dediklərindən: “Hücumda olan bölmələrimizi düşmən minaatanlardan atəşə tutmuşdu. Ölən və yaralananlar var idi. Ancaq vəziyyət çox çətin idi: Kimsə cürət edib “güllə yağışı”nın altına girmək istəmidi. Qəfil onu gördük ki, Pikap fason bir maşın sürətlə onlara tərəf götürüldü. Biz isə yalnız müşahidə edirdik.Maşın dayandı. Bir nəfər tez düşüb şəhid və yaralıları kuzova yerləşdirdi, bir göz qırpımında geri qayıtdı. Nəfəsimizi çəkmədən bu mənzərəyə tamaşa edirdik. Xoşbəxtlikdən  atəşlərdən yan keçə bildi. Yalnız maşından düşəndə onun Ruslan olduğunu gördüm :  Ruslan məhz belə igid oğlan idi!

Son döyüşü elə onunla birgə olan bələdçi Babək Mürsəlov belə təsvir edir: “Noyabrın 3-dən 4-nə keçən gecə yenə saat 4 radələrində komutan əsgər və zabitlərini 3 qrupa böldü və qarşıda duran vəzifələri aydınlaşdırdı, tapşırıqları yerinə yetirdikdən sonra isə gözləmə yerini xəritələr vasitəsilə göstərdi.Özünə ən təhlükəli yeri-mərkəzi seçdi. Mən də onunla bir qrupda idim. Yola düşdük. Bir xeyli irəliləyib neytaral  zonaya girdik. Burada Ruslan bizi 2 qrupa böldü. Mina təmizləyənlər və  snayperçi baş leytenantla kənd yolunu təmizləyib bayraqla işarə eləmələrini tapşırdı. Sonra isə göstəriş verdi ki, qarşı dağdan ata bilərlər, buna görə oranı zərərsizləşdirməlisiniz.

Biz isə yolumuza davam etdik. Gecə görünməsini təmin edən avadanlıqlarla düşmənin canlı qüvvəsinin, texnikasının və digər obyektlərinin yerləşdiyi koordinatları dəftərinə qeyd edəndən sonra səhərə yaxın qayıtmağa başladıq. Koordinatları atıcı bölmələrə ötürəndən sonra, bizi gördülər və atəşə tutdular.

Biz kiçik bir yamacda idik. Mən qolumdan yaralandım. Hər ikimiz yerə uzandıq. Ruslan sağ böyrü üstə uzansa da, yenə əsgərlərə bir-birindən aralı dayanmağı əmr edirdi.

Xatirimdə qalıb ki, hardasa saat  9 radələri olardı: yanımıza bir mina düşdü. Özümə gələndə artıq saat 12 radələri idi. Ruslan və mən arxası üstə uzanmışdıq. Onun üzündə bir təbəssüm var idi, səs-səmir də eşidilmirdi.Bu səssizlik məni üşəndirdi.

Elə bildim ki, atışma dayanıb. Əlimi uzadıb gözlərini zorla açdım. Artıq gec idi, o keçinmişdi.

Ratsiyası ilə xəbər vermək istədim, başa düşdüm ki, qulaqlarım batıb. Nəhayət, özümə gəlib komutanın şəhid olduğunu, özümün isə yaralanıb çoxlu qan itirdiyimi xəbər verdim. Yerimizi deyəndən sonra Ruslanın ayaqqablarından yapışıb dərəyə tərəf sürünməyə başladım. Bura neytral zona idi. Digər qrupdakı yoldaşlarımız da bu xəbəri eşidib köməyə gəldilər və bizi oradan çıxara bildilər”.

Ruslanın yoxluğunu heç vaxt həzm etməyəcəyini qeyd edən Vüsal Bağırlı sözünə Bəxtiyar Vahabzadənin “Dörd yüz on altı” poemasından ona daha çox uyğun gələn aşağıdakı misralarla başlayıb:

Yumşaq təbiətli bu həlim insan

Deyərdin, quşa da daş ata bilməz.

Ancaq… Top ardına keçdiyi zaman

O yalnız əsgərdir, –

Ölməz, yenilməz!

Sonra isə ürək parçalayan hisslərini qələmə alıb:

“Müharibə qurtardı… Yaralar qaldı… Onların bəziləri tez, bəziləri gec sağalacaq, bəziləri isə ümumiyyətlə, qaysaq bağlamayacaq, sağalmayacaq. Əzizimiz Ruslanı əbədilik itirmə dərdimiz də belə yaddan çıxarılmaz dərdlərimizdəndir.

…Noyabrın beşində səhər yuxudan oyanıb telefona baxarkən gözüm dostum Vüqarın göndərdiyi yazıya sataşdı… Sanki dilim-ağzım qurudu, əlim-qolum keyidi. Nə edəcəyimi, nə düşünəcəyimi bilmədim. Mexaniki hərəkətlə əl-üzümü yudum,paltarımı geyinib evdən çıxdım. Elə bil robot olmuşdum. Belə bir acı xəbərin reallığını, dəhşətini qəbul edə bilmirdim, anlamaq istəmirdim, onunla barışmaq istəmirdim. Düz ora – İkinci Fəxri xiyabana necə və nə vaxt çatdığımı bilmədim. Ruslanın məzarını, şəklini, qəbirüstü yazısını görənə qədər inanmadım baş verənlərə.

Orada – soyuq baş daşı üzərinə həkk olunmuş hərbçi formalı fotoşəkli, altındakı “Polkovnik-leytenant Ruslan Tağıyev” sözləri, dərddən diz çökmüş ananın taqətsiz silueti şübhəni, inamsızlığın kövrək sərhədlərini acı bıçaq kimi ürəyə sancılan həqiqətə çevirdi.

Bu yaxınlara qədər özü ilə yazışırdıq. Mən cəbhədən suallar “yağdırırdım, o isə ümumi cavablar verirdi. Yəni narahat olma, hər şey yaxşı olacaq, döyüşlər gedir, qələbə bizimlədir və s.

Sonra cavablar qəflətən susdu. Heç nə yazmırdı. Bilirdim ki, artıq ön cəbhədədir, döyüşdədir.

İndi telefon yaddaşında onun adına baxıram. Adama qəribə gəlir ki, daha bu nömrənin sahibi həyatda mövcud deyildir. İnanmaq olmur ki, o yoxdur: başqa dünyaya, bizim anlamadığımız başqa bir zamana, başqa məkan formatına köçmüşdür.

İlk tanışlıqdan məndə elə təəssürat yaratmışdı ki, sanki onu uşaqlıqdan tanımışam. İşimlə bağlı bir neçə dəfə yolumuz kəsişəndə, köməyi lazım olanda canı-dildən əsirgəməmişdi.

İşıqlı siması, xəfif təbəssümü, mülayim rəftarı, üzü, cizgiləri, mimikası, uşaq təbəssümü indi də gözümün  önündən getmir. O qədər sadə, ünsiyyətə rahat insan idi ki…

İnanmaq olmurdu ki, belə xoş, işıqlı simanın, gülümsəyərkən qıyılan gözlərin arxasında zabitəli əsgər nizam-intizamı, sərt hərbçi həyatı, inadkar döyüşçü dözümü və iradəsi gizlənmişdir.

Dostları, yoldaşları, yaxınları, doğmaları – bir sözlə, hamı xətrini çox istərdi.

İndi söz tapa bilmirəm. Sanki hamısı qəhətə çəkilib. İndi qəlbim yana-yana onu deyə bilərəm: Heyif, çox heyif belə qardaşdan, belə dəyərli igiddən. Şərəflərini tamam itirmiş haqsız düşmənlərə görə ən yaxşı, ən dəyərli insanlarımızı itirdik. Doğrudur, fədakar analarımız dünyaya yeni- yeni igidlər bəxş edəcəklər. Birinin əvəzinə mini doğulacaq. Lakin itirilən qəhrəmanlarımızın yeri qəlbimizdə boş qalacaq. O sağalmaz yara həmişə sızım-sızım sızıldayacaq.

Yalnız təsəlli edəcək bir həqiqət var, Ruslan: Qarabağ geri alındı. Canını fəda etdiyin Şuşa alındı. Ən başlıcası qisasın alındı.

Məzarında rahat uyu, igidim, rahat yat, əsgərim. Sən qələbəyə sanılı saatlar qalanda gözlərini əbədi yumsan da, artıq mühribənin qələbəmizlə başa catacaq inamı ilə Tanrı dərgahına – şəhidliyə ucaldın. Elə bu ucalıqda da xatirən qəlbimizdə əbədidir, RUSLAN!”

Bəlkə də, çoxları üçün bu bir nağıla bənzəmədi. Ancaq gündə  bir “arpa dənəsi boyda” böyüyən, nağılabənzər işlərin qurucusu bir Vətən fədaisinin, torpaq, yurd qoruyucusu olan qəhrəman bir oğul olma adını doğrultmaq üçün enişli-yoxuşlu sadə həyatının içərisinə müqəddəs şəhid qanı yoğrulub onun. Və bu ömrə əbədiyaşar bir ölümsüzlük möhürü vurulub: Şəhid kimi Tanrı dərgahına yüksəlib. Bundan uca, müqəddəs məqam tanıyan, bilən varmı, görəsən?!!

Çoxları üçün sadə həyatdır, deyilmi? Ancaq bu həyat ömrümüz boyu yaşayacağımız bir sevinc, fərəh, qürur və ağılagəlməz, sözlə ifadə edilməz  hisslər bəxş edib bizlərə. Belə olan təqdirdə həyatı bahasına həyat bəxş edən bu həyatı adi həyat adlandırmaq olarmı?!

Bəli, bir igid ömrünün, bir şəhid ömrünün cismani sonu gəldi. Bu günümüzün – Qarabağ dastanını qanı, canı ilə yazan Vətən oğullarından  birinə valideynlərinin, dostlarının, düşüncələrimizin  köməyi ilə düzüb-qoşduğumuz xarakterik “nağılımız”, yaxud nağılvari hekayətimiz bitdimi?!

Əlbəttə ki, YOX.

Yekun olaraq bu gün üçün formal şəkildə nəql etdiyimz hadisələrin, “nağıl qəhrəmanımızın” həyatı real şəkildə belə bitdi. Ancaq onun hələ neçə-neçə əsərə mövzu olacaq mənəvi həyatı davam edəcək, nəsillərə nümunə olacaqdır.

HƏLƏLİİSƏ  EPİLOQ  ƏVƏZİ:

– Azərbaycan  ordusunun kəşfiyyatçısı polkovnik-leytenantı Ruslan Fuad oğlu Tağıyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Tərtər, Kəlbəcər, Suqovuşan, Qubadlı, Laçının işğaldan azad edilməsi uğrunda gedən  döyüş əməliyyatları zamanı rəhbərlik etdiyi bölmələrə yüksək peşəkarlıqla başçılıq etmiş, düşmənin xeyli canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində şəxsən fədakarlıq və rəşadət göstərmişdir. Döyüş şəraitində düşmənin saysız-hesabsız strateji obyektlərinin koordinatlarının dəqiq müəyyən olunub vaxtında məhv edilməsində misilsiz xidmətləri olmuşdur.

Ruslan Tağıyev noyabrın 4-də Laçın uğrunda gedən gərgin döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərək qəhrəmancasına şəhid olub. Vətən uğrunda canını fəda edən, 38 illik ömrünün 21 ilini Vətənə xidmətə həsr edən igid zabit Ruslan Tağıyev II Fəxri Xiyabanda dəfn edilib. Özündən sonra Vətənə Fuad, Polad və Nuray adlı övladlarını əmanət edib.

Suverenliyimizm və ərazi bütölüyümüzün təmin edilməsi uğrunda  döyüş əməliyyatlarına qatılan  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev “Vətən uğrunda” medalı (ölümündən sonra), 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı (ölümündən sonra), 29 dekabr 2020-ci tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif olunmuşdur.

Rəna Mirzəliyeva,

“Qızıl Qələm” media mükafatçısı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz