Dəmirli İldırım Gülalı oğlu                 

Yazıçı-publisist, tanınmış jurnalist, elimizin ziyalı oğlu İldırım Dəmirli (Dəmirli İldırım Gülalı oğlu) Haqq dünyasına qovuşub. Onun tərcümeyi-halından:

İldırım Dəmirli 1942-ci il dekabrın 31-də İsmayıllının qədim Lahıc qəsəbəsində dünyaya göz açıb. Azərbaycana görkəmli alimləri, tarixi şəxsiyyətləri, fədakar insanları və zəhmət adamlarını bəxş edən bu torpaqda uşaqlıq illərini keçirən İ.Dəmirli 1958-ci ildə İsmayıllı şəhərində orta təhsil alıb. İlk əmək fəaliyyətinə 1958-ci ilin sentyabrında, gənclik şəhəri Sumqayıtda tikinti idarəsində fəhləlikdən başlayıb. 1963-cü ildə istehsalatdan ayrılmadan Sumqayıt Kimya Texnologiya Texnikumunu, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1968-ci ilin yanvar ayından mətbuat sahəsində çalışır. Əvvəlcə “Kauçuk” qəzetində əməkdaş, 1972-ci ildən isə “Kimyaçı” qəzetində məsul katib vəzifələrində işləyib. 1986-1992-ci illərdə “Sosialist Sumqayıtı” qəzeti ilə əməkdaşlıq edib və “Mühərrir” kiçik müəssisəsində direktor müavini kimi fəaliyyətini davam etdirib.

1992-ci ildə “Azərbaycan kimyaçısı” qəzetində məsul katib, 2002-ci ildən bu qəzetin baş redaktoru vəzifələrində çalışıb. 2004-cü ilin mart ayında “Əsrin sədası” müstəqil ictimai-siyasi qəzetinin baş redaktoru təyin edilib, 2012-ci ilin yanvar ayından baş redaktorun birinci müavini kimi fəaliyyətini davam etdirib.

“İnsan və təbiət” qəzetinin redaktoru vəzifəsində çalışdığı illərdə Azərbaycan Rezpublikasının Əməkdar jurnalısti fəxri adına layiq görülmüşdü.

1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvü olmaqla, bir neçə kitabın müəllifi olan İldırım Dəmirli “Qızıl Qələm” media mükafatı laureatı idi.

Bütün varlığı ilə yurdsevən, vətənpərvər, dostcanlı insan olan İ.Dəmirlinin işıqlı çöhrəsi, səmimi rəftarı, xeyirxah əməlləri uzun müddət onu sevənlərin və tanıyanların xatirələrində yaşayacaqdır.

Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.

İsmayıllı Rayon İcra Hakimiyyəti,

İsmayıllı Yazarlarıədəbi-ictimai birliyinin üzvləri və qələm yoldaşlarından bir qrupu

 

Şərh Yaz