Ömrünü şam kimi əridən vətənpərvər                   

Hamımızın sevimlisi, əzizi və uzun illər bütün şüurlu ömrünü Qurbanəfəndi kənd məktəbində şagirdlərin təhsili və tərbiyəsinə həsr etmiş mərhum müəllimimiz Balamirzə Mürsəliyev 1954-cü ilin aprel ayının 1-də mehriban qucağına vüqarla sığındığımız doğma kəndimizdə – Qurbanəfəndidə dünyaya göz açmışdır.

Kənd məktəbinin VIII sinfini bitirdikdən sonra Bakı şəhərindəki 1 nömrəli fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsil alır. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olur və 1976-cı ildə universiteti bitirərək təyinatı üzrə Koreliya MSSR-da geoloq kimi əmək fəaliyyətinə başlayır. Bir müddət sonra Azərbaycana, doğma rayona qayıdan Balamirzə müəllim rayonun icra strukturlarında işləmiş, işgüzarlığı, təşkilatçılığı nəzərə alınaraq, geodeziya üzrə mütəxəssis kimi boyük bir tikintiyə – İsmayıllı-Muğanlı yolunun tikintisində iş icraçısı vəzifəsindən istehsalat-plan şöbəsinin rəisi vəzifəsinədək yüksəlir.

Birinci Qarabağ müharibəsi başlayanda bir çox qeyrətli, vətənpərvər Vətən övladlarından biri kimi Balamirzə müəllim də Vətənin hər qarış torpağı uğrunda gedən ölüm-dirim savaşına qoşulmağı özünə borc bildi və ehtiyatda olan zabit kimi ön cəbhəyə yollandı. Bu qeyrətli Vətən övladı Tərtər və Ağcabədi istiqamətində düşmənə qarşı yeni ordu dəstələri yaradılması və təlimatlandırılmasında yaxından iştirak etdi.

Balamirzə müəllim həm Birinci Qarabağ müharibəsindən əvvəl, həm də Vətən müharibəsindən sonra doğma məktəbimizdə hərbi rəhbər işləyərək, şagirdlərimizin vətənpərvərlik ruhunda böyüməsində əvəzolunmaz xidmətlər göstərmişdir. Onun böyük təşəbbüsü və səyi nəticəsində neçə-neçə şagirdimiz orta məktəbi bitirdikdən sonra öz həyatlarını Milli Ordumuzun formalaşmasına həsr etmişdir. Onlardan biri də Balamirzə müəllimin doğma oğlu, İkinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə yüksələrək hamımızın fəxrinə çevrilmiş şəhid mayor Sübhi Mürsəliyevdir.

Balamirzə müəllimin yetirmələrinin böyük hissəsi yenə də Milli Ordumuzun sıralarında yağı düşmənlə üz-üzə dayanaraq doğma torpaqlarımızı göz bəbəyi kimi qorumaqdadır. Bu, hərbiçi müəllimin onlarda yaratdığı Vətənə məhəbbət ruhunun real təcəssümüdür. Məktəbdə hərbi rəhbər işləməklə bərabər həm də coğrafiya dərslərini tədris edirdi. O, şagirdlərdə bu elmə böyük maraq yarada bilmişdi. 6 yetirməsi rayonun və respublikanın müxtəlif məktəblərində coğrafiya müəllimi kimi fəaliyyət göstərir.

Balamirzə müəllimin əmək fəaliyyəti rayonun İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Hərbi Komissarlıq tərəfindən dəfələrlə qiymətləndirilmiş, Fəxri fərmanlar, Diplomlar və hədiyyələrlə mükafatlandırılmışdır. Bu bacarıqlı təhsil işçisi Respublika Pedaqoji Mühazirələr üzrə Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqənin qalibi olmuş, nazirliyin Fəxri fərmanına layiq görülmüşdür.

Öz şüurlu ömrünün neçə çiçəkli baharını, neçə şaxtalı qışını doğma kəndin yetirmələrinin savadlanmasına, vətənpərvər ruhda böyüməsində şam kimi əridən Balamirzə müəllim artıq bir ildir ki, aramızda deyil. Uzun sürən xəstəlikdən sonra keçən ilin bu ərəfəsində hamımızın əzizi və sevimlisi Balamirzə müəllim Allah dərgahında öz haqq dünyasına qovuşdu. Amma hamımız gözəl bilirik ki, o bizdən cismən ayrılıb, ruhən həmişə qəlbimizdə yaşayacaq.

Allah sənə qəni-qəni rəhmət eləsin, şəhid atası. Qəbrin nurla dolsun. Yaxınlarına, əzizlərinə uca Allahdan səbir diləyirik, cənnətlik eloğlum. Bir daha Allah rəhmət eləsin.

Kamal Allahverdiyev,

Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz