AXIR Kİ, DÖZMƏDİ BU DƏRDƏ ÜRƏK                         

Sədaqətli dostum, Əməkdar jurnalist İldırım Dəmirlinin əziz xatirəsinə

 

Ona zəng açmaqdan həmişə çəkinərdim. Bilirdim ki, 25 ildir itgisinə yanıb-yaxıldığı sevimli Zemfirasının yoxluğuna həsr etdiyi o nisgil dolu misraları yenə eşidib, sarsılacağam. Dəfələrlə bu barədə ona: “ Ay İldırım,  özünü üzmə, özünü ələ al” – desəm də, bir-iki silgidən sonra yenə həmin yazını təkrarən telefonuna bərpa edərdi. Bu gün bacısı oğlu Xoşbəxtdən eşitdiyim kədərli xəbərə inanmadım. Boğazımda düyümlənən qəhərimi güclə udqunub, bir təhər  İldırımın nömrəsini yığdım. Həmişəki  kimi yenə eyni üzücü musiqi parçasından sonra, yenə həmin qəmli misraları eşitdim:

Sən ey dərdlərimə şərik olan, gəl,                                                                                                                  Yoxsa, dərd çəkməkdən daha doymusan?                                                                                                         Bildinmi oğlundan, qızından əvvəl  

Sən məni… sən məni yetim qoymusan.                                                                                                            Bilmərəm nə şaxta, nə duman, nə çən,

Səni gül-çiçəyə bələrəm, gülüm.                                                                                                                                                                                                                 Sən mənim yanıma gələ bilməzsən,                                                                                                                   Mən sənin yanına gələrəm, gülüm.

Şeir, telefonda bu dəfə iki dəfə səsləndi. Dud… dud.. edib, cavab verilmədən susdu. Onun telefondakı bugünkü səsi, mənə mənzil başına çatmış qocaman, yorulub yorğun düşmüş və nəhayət yenicə rahatlıqla nəfəs almağa başlamış bir səyyahın halını xatırlatdı. Əmin oldum ki, o, artıq söz verib gedəcəyi səfəri başa vurubdur. Öz sevimli Zemfirasına qovuşubdur, yenə birlikdədirlər. Bir-birlərinin əllərindən tutub, vüsala yetişmişlər kimi:

– Nə yaman qocalmısan, ay İldırım? – soruşur Zemfira.                                                                                       – Düz deyirsən, Zemfira. Demə, ayrılıq bütün dərdlərin ağırıymış. Bir bilsəydin, sənsizlikdən nələr çəkmişəm?.. Sən isə, heç dəyişməmisən, necə vardın eləsən, Zemfira –  gözəl… göyçək… cazibədar…                                                                     …Telefonuma gələn səs məni qapıldığım xəyaldan ayırdı. “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru   Şahməmməd Dağlaroğlundan idi gələn zəng. O da, yuxarıdakı acı xəbəri təsdiqləyirdi. İldırım barəsində bir yazı yazmağımı xahiş edirdi. Ürəyimdə: ”Axı, nə yazım, necə yazım, ay Şahməmməd müəllim?!”- dedim. Cəmi 10-15 gün olardı zəng etmişdi mənə:  “Qardaş, hazırlaş, iki gündən sonra gəlib səni Kəlfərəcə aparacağam” vədini vermişdi. İndi isə, hələ də yolunu gözlədiyim, səsindən gümrahlıq, sağlamlıq yağan bir adamın yoxluğu haqqında nə yazmaq olar? Heç nədən şikayəti yox idi. Dilinin şirinliyi də, duzlu-məzəli yumoru da, zarafatları da, şaqraq gülüşləri də yerbəyerində idi. Cingiltili səsi hələ də qulağımdadır.

30 dekabr 1942-ci ildə dünyaya göz açmışdı Respublikanın Əməkdar jurnalisti İldırım Gülalı oğlu Dəmirli. On uşaqlı ailədə 3-cü övlad idi. İlk ibtidai təhsilini Kəlfərəc kəndində, sonrakı təhsilini isə əvvəlcə Basqalda, daha sonra İsmayıllıda, 1 saylı orta məktəbdə başa vurmuşdu. 1958-ci ildə bitirdiyi orta təhsildən sonra Bakıya gəlib Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə müvəffəq imtahan versə də, o zamankı qanunlara uyğun olaraq, iki illik əmək stajı olmadığından, müsabiqədən keçə bilməmişdi. Elə həmin il sənədlərini Sumqayıt Kimya-Texnologiya Texnikumuna verir, daxil olur və oranı müvəffəqiyyətlə bitirir. Gənc İldırım məşhur “Boru-prokat” zavodunda usta köməkçisi, usta, operator, növbə rəisi işləyə-işləyə jurnalist olmaq arzusundan da əl çəkmir. “Sosialist Sumqayıtı” qəzetində tez-tez şeirləri, məqalələri çap olunur. Qəzetin nəzdində təşkil olunan ədəbi dərnəyin ən fəal üzvü və təşkilatçısı olur. Ona görə də qəzetin redaktoru Oktay Cəfərov ona “Təşkil” ləqəbini vermişdi. 1961-ci ildə İldırım Universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olur. Diqqəti çəkən o olur ki, bir neçə ildən sonra 3 illik həqiqi hərbi xidmətə çağırılan, sovet qanunlarının bütün ciddiliyi ilə yaşayan Moskva kimi möhtəşəm bir şəhərdə, həqiqi əsgəri borcunu yerinə yetirən bu azərbaycanlı balası, eyni zamanda xidmətdən ayrılmadan ali təhsil almağı da bacarır, halbuki, o zaman qiyabi təhsil almaq, həqiqi əsgəri xidmətdə olanlara şamil edilmirdi.

İldırımı, gənclər şəhəri Sumqayıtın ilk sakinlərindən biri hesab etsək, heç də yanılmarıq. O, burada özünü tapdı, arzusunu tapdı, sevgisini tapdı, gələcəyini tapdı. Ana qoynundan yenicə ayrılan  bir kənd uşağı kimi əvvəl-əvvəl çox darıxdı bu şəhərdə. Sonralar, çoxdan Sumqayıta gəlib ev-eşik sahibi olmuş həmkəndlilərini axtarıb tapdı, evlərinə ayaq açdı, onlarla təmasda oldu. Belə ailələr arasında ən səmimisi, ən qəlbə yatanı Maqsud kişinin evi oldu İldırım üçün. Maqsud kişi həm də İldırımın atasının yaxın dostu idi. Gediş-gəlişə ara verəndə, İldırımı özü axtarıb tapardı Maqsud kişi. Sonra elə oldu ki,  özü də hiss etmədən, bu ailəyə ən çox bağlı olan İldırımın özü oldu. Ailədə böyüyən gözəl-göyçək Zemfira instituta hazırlaşırdı. Onun tədrisinə köməklik və yol göstərən bir ziyalıya böyük ehtiyacı vardı. İldırım lazımı ədəbiyyat və digər vəsaitlərlə Zemfiraya köməklik edəcəyini öhdəsinə götürür. Quş qanadlı illər biri-birini əvəz etdikcə, İldırımla Zemfira da yaşa dolur, püxtələşir, aralarındakı münasibətlər başqalaşırdı. Bir-birlərini görməyəndə qəribə hisslər keçirərdilər, darıxardılar. Bir gün, İldırım qəzetdə şəkli ilə birlikdə dərc edilmiş məhəbbət mövzusunda yazdığı şeirlərini bilərəkdən Zemfiranın kitab-dəftərləri arasında “unudub” getmişdi. Zemfira isə buna heç bir əhəmiyyət verməmişdi. İkinci dəfə isə, İldırım Zemfiranın dəftərini alıb arxa vərəqinin bir küncünə ürək şəkli çəkmişdi. Zemfira bunu da görcək tez vərəqi cırmış, ovucları içərisində əzişdirərək İldırımın üstünə atmış və ona “utanmaz” deyib, gur, qıvrım saçlarını qarışdıraraq, uzaqlaşmışdı. Başqa bir inciklik isə, Bəxtiyar Vahabzadənin “Şəbü-Hicran” poemasını təhlil edərkən baş vermişdi. İldırım, əsərdə müəliminin qızına vurulan aşiq obrazına girib:

Ey müəllim, sən mənə neçə il dərs demisən, 

İndi belə görünür hər şeyi tərs demisən.                                                                                                                 Mən sənin ciyərparəni sevirəm, nə olar?                                                                                                             Göz gördü, könül sevdi, mənim nə günahım var? –

beytini elə ucadan, elə təsirli, elə intonasiya ilə demişdi ki, qonşu otaqda istirahət edən Zemfiranın atası eşitmişdi. Həyadan yanaqları qıpqırmızı pörtən Zemfira, tez əlləri ilə üzünü örtmüş, ata-anasının yanında İldırımı evdən qovmuşdu. Bu hadisədən sonra İldırımın ayaqları Maqsud kişinin evindən kəsilir. O, Zemfiranın bu hərəkətini min yerə yozdu. Gecələr yerinə qor töküldü, gözləri səhəri diri açdı. Yeməyini, içməyini unutdu. Tənhalığa meyl göstərdi. Qaldığı yerə gec gəlib, tez getdi. Üz-gözündən payız havası duyulurdu və s. Allah bilir, bu fikir, bu xəyal, bu düşüncə, bu hərəkətlər hansı faciə ilə nəticələnəcəkdı, əgər, iş yolunda Maqsud kişiyə rast gəlib onunla qucaqlaşıb öpüşməsəydilər?!…

İldırım ailə quranda çox gənc olsa da, o, artıq Sumqayıtın sayılıb-seçilən ziyalılarından hesab olunurdu. O,  əvvəlcə“Sosialist Sumqayıtı” qəzetində məsul katib, sonra isə çoxtirajlı “Kimyaçı” qəzetinin redaktoru olmuşdu.  Şəhər və zavod ictimaiyyəti arasında böyük nüfuza malik idi. Bunu nəzərə alan şəhər rəhbərliyi, İldırıma toy ərəfəsində şəhərin mərkəzində – “qorkomun” binası yaxınlığında ona iki mənzilli ev vermişdi. Toy kartejini əzəmətli və həmçinin toya gələnlərə xidmət göstərmək üçün, hələ dövlət fərqlənmə nişanları verilməyən 7 ədəd “yağ içində” olan, sarı rəngli “Qaz-24” markalı taksilər ayırmışdı. Anası Balabacı xanımın və atası Gülalı kişinin sevinclərinin həddi hüdudu yox idi. Sonrakı illərdə İldırım iki oğul, bir qız atası olanda da, xoşbəxt ata-ananın sevinci, oğlanları İldırımın sevinci ilə üst-üstə düşmüşdü.

“Xoşbəxtlik qapını döydüyü zaman, bədbəxtlik bəzən də bacadan girir”, – demişlər atalar. Sevdalı günlərin ömrü az oldu bu cütlüklərin. Gün görüb yaşamaq anında, qar, çovğun qopub, yolları qapadı. İldırım dərdə qapandı. Sumqayıt səhraya çevrildi, İldırımsa Məcnuna. Dərdini gecələr Ayla, ulduzla, gündüzlər Günəşlə, dəniz sahilinə gedib mavi Xəzərlə bölüşdü. Bu eşq macərəsini nəzmə çəkdi, qəzet səhifələrinə çıxardı, kitab halına saldı, ürəyi soyumadı. Bir yerdə qərar tuta bilmədi, səyyaha, dərvişə döndü. Harasa tələsirmiş kimi hey, vurnuxurdu. Axır ki, bu dərdə, nisgilə dözməyən ürək, bir an içində susdu.

İldırım yaxşı oğul olmaqla bərabər, həm də qayğıkeş ata, mehriban qardaş, nəvələrinə nəvaziş göstərən baba və bütün qohumların  işinə yarayan qohumcanlı bir insan idi. Xeyir və şər məclislərinin başında oturardı. İldırım eyni zamanda haqqı-sayı itirməyən, duz-çörəyə sadiq qalan, dost-tanışı unutmayan, mehriban, gülərüz vəfalı şəxs idi. İldırım müəllimin İsmayıllıdan çıxdığı müddət 60 ili keçsə də, o, bu illər ərzində elə bir il olmayıb ki, İsmayıllıya baş çəkməsin. Rayona hər gəlişində, ona dərs demiş ağsaçlı müəllimlərini, keçmiş məktəb yoldaşlarını və yoldaşlıq etdiyi həmyaşıdlarını axtarıb tapar, ziyarət edər, onlarla görüşərdi. Elə ömrünün son günlərində də, elə bil, ayrılıq dəminin yaxınlaşdığını hiss edirmiş kimi, son vida görüşünü Pirəbilqasım kəndində istirahət edən, məktəb yoldaşı və yaxın dostu, istedadlı şair, filologiya üzrə fəlsəfə doktoru, 82 yaşlı Pir Ağasən Bədəlzadəni və  İsmayıllıda şair Şahməmməd Dağlaroğlunu ziyarət etməkdən başlamışdı. Sonra Basqaldan, Tircandan, İsmayıllıdan tutmuş, ta Qax, Balakən, Zaqatalada yekunlaşmış, aradakı rayon, kənd və obalarda yaşayan bütün tanış-bilişlərinə baş çəkmiş, toyları olmuşların toylarını təbrik etmiş, yası düşənlərə başsağlığı vermişdi. Bütün səfər boyu onu qarşılayanlara özünü olduqca nikbin və gümrah göstərmiş, hətta ruhu cavan, yaşı isə 79-u haqlamış, qəlbi yaralı Əməkdar jurnalist, özünü tam sağlam göstərərək, Qaxda soyuq dağ çayında çimən uşaqlara qoşulub, özünü buz kimi sulara atmışdı.

Azərbaycanın Əməkdar jurnalisti İldırım Dəmirlinin itgisi, 2020-ci ildə sinədəftər şair Oktay İsmayıllıdan, 2021-ci ildə isə Xalq şairi Musa Yaqubdan sonra İsmayıllı rayonunun ədəbi-yaradıcı mühitinə dəyən ən böyük  zərbələrdəndir. O, bütün ömrü boyu doğulub boya-başa çatdığı rayonun ictimai, siyasi həyatını əks etdirən yazılar yazmış, kəndini, el-obasını tərənnüm etmişdir.

Əziz dostum və qardaşım, 2020-nin mayında sənə analıq etmiş bacın Badamı, 6 ay sonra sinəmizə dağ çəkən 22 yaşlı əzizimiz Səmidi Qarabağ uğrunda vuruşlarda itirdik. İndi isə səni itirdik. Nə etmək olar? Bu gəlimli-gedimli dünyada əlimizdən nə gəlir ki? Bir ruhani düşüncəsi ilə sənə Rəhmət diləyirəm. Uyuduğun məkan “Nurlu olsun” – deyirəm. Dostumuz, qardaşımız şair Pir Ağasənin sənə ithaf etdiyi şeirinin bir parçasını yazıma əlavə etməklə, sənə ƏLVİDA deyirəm, əziz dost!

 …Ömrü bəzəsən də lap dürr içində,                                                                                                               Gizli qəm gizlənər bir-bir içində.                                                                                                                       Bilmədik ən gözəl ömür içində,                                                                                                                               Bir qaranlıq qalır bir şırım kimi…

 

…Gecəm var, nurludur ağ gündüzümdən,                                                                                                      Qəlbimin telləri bir sarı simdən.                                                                                                                                  Dost var, göz yaşıtək düşər gözümdən,                                                                                                                 Dost var ki, gözümdə göz nurum kimi.

 

Taleyin qəmləri mənə ərk edib,                                                                                                                             Sevincə uymuşam, məni tərk edib.     

Məni bu dünyada qəmim bərkidib,                                                                                                                  Qəmimi sanıram qürurum kimi.

 

Bağrıma basıram mən səni bərk-bərk,                                                                                                               Əlin şəfalıdır, sinəmə əl çək.                                                                                                                          İLDIRIM, yoluma səpdin nur, çiçək,                                                                                                             Yandırıb yaxmadın ildırım kimi.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  Vaqif Məmmədov,                                                                                                                                                              AJB üzvü, publisist

 

 

Şərh Yaz