Qəhrəman oğullarmız qəlbimizdə yaşayacaq

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində mütəxəsis  işləyən Arzu Daştiyeva 44 günlük Vətən müharibəsində İsmayıllı rayonundan şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirməsi üçün işlədiyi müəssisədə “ŞƏHİDLƏR” güşəsi yaradıb. Xəstəxanaya gələnlər ilk növbədə yaradılan lövhə önündə dayanıb ölməz qəhrəmanları yad edirlər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində iştirak edənlərin sırasında Arzu həkimin oğlu da olub. O, Ali Baş Komandan, cənab Prezidentimiz tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Arzu həkim özü dəfələrlə döyüş bölgəsinə yollanıb, hərbiçilərimizə dəstək olub. Arzu həkim bildirir ki, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində qalib gələcəyimizə tam inanırdım. Ali Baş Komandan cənab İlham Əliyevin hər dəfə televizorda cıxışlarını dinlədikcə qürur hissi keçirirdim. 30 ildə erməni işğalcıları tərəfindən zəbt olunmuş torpaqlarımızın Şanlı Ordumuz tərəfindən azad olunan ərazilərin adını eşitdikcə məndə böyük ruh yüksəkliyi yaranırdı. Qələbə bizim olacaq deyə qürulanırdım.

Rayonumuza gələn şəhidləri, yaralı hərbiçiləri bizim xəstəxanaya gətrirdilər. Yaralılara əlimizdən gələn yardımı edirdik. Hər gün şəhid, yaralı xəbəri eşidirdik. Bir ana kimi ürəyim sızlayırdı. Bəzən göz yaşlarımı saxlaya bilməyib ağlayır, gecə-gündüz itkilərimizin olmaması, qalibiyyətimiz üçün Allaha dualar edirdim. Axı mənim övladım da ön cəbhədə  vuruşur, artileriya qüvvələrimizə düşmənin koordinatlarını ötürürdü. O düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv edib. Dəfələrlə gecə-gündüz, qorxu bilmədən müharibə bölgəsinə, Tərtərə raket yağışı altında getmişəm. Yol boyunca təcili yardım maşınlarının ürək dağlayan həyəcan siqnalı səslərini, yaralıları gördükdə, atılan topların səsini eşitdikdə günlərlə özümə gələ bilmirdim. Bir həkim kimi əsgərlər üçün əlimdən gələn köməklikləri də etmişəm.

Qələbə gününü – 10 noyabr Zəfər bayramını Tərtərdə, əsgərlərlə birlikdə qeyd etdik. Qəlbimdə bir hiss baş qaldırdı – Bütün dünyaya Azərbaycanı tanıdan şəhidlərimizin xatirəsini əbədiləşdirmək, gələcək nəsilləri məlumatlandırmaq ücün işlıdiyim müəssisədə tarixi bir guşə hazırlamaq.

Bu fikrimi həmkarım Aytən həkimlə bölüşdüm. O da mənə bu işdə köməklik edəcəyini bildirdi. Kollektivin rəhbərliyinə müraciət etdik, təşəbbüsümüz bəyənildi. Tez bir zamanda rayonumuzun şəhid ailələri ilə əlaqə saxladıq. Vacib məlumatları, şəkilləri toplayaraq lövhəni hazırlatdırdıq. Bu baxımlı lövhənin hazırlanmasında əməyi olan hər kəsə minnətdaram. Biz şəhidlərimiz üçün hər nə etsək də haqlarını ödəyə bilmərik. Onların müqəddəs ruhları qarşısında qürurla baş əyirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar, sağ qalan qəhrəmanlarımıza can sağlığı arzu edirik.

Hazırda xidmətdə olan hərbiçilərimizi Allah qorusun. Bəli,  Şəhidlər ölməz, Vətən bölunməz!

Nəqədər ki belə güşələr yaradılacaq, xatirə bulaqları tikiləcək, kitablar yazılacaq qəhrəman oğullarımız qəlbimizdə yaşayacaq.

Rafiq Həsənov

 

 

 

 

 

 

 

 

Şərh Yaz