El sevgisi, el məhəbbəti qazanan insan ürəkdən gələn sözlər və yaxud yaşadığı ömrün sərvəti     

Heyranam qəlbinə insanların mən,

Orda nifrət də var, məhəbbət də var.

Hansını qazansan, səbəb özünsən,

Onlar nə taledə, nə qismətdə var.

Xalq şairimiz Bəxtiyar Vahabzadə elə bil bu misraları haqqında yazmaq istədiyimiz Arif Alı oğlu Əliyev üçün yazıb. Onun yaşadığı illərdə qazandığı yalnız  məhəbbət olub. Onu 1970-ci ildən tanıyıram. Böyük qardaşım Ağaməmməd (Allah rəhmət eləsin) onların kənd məktəbində  işlədiyi vaxtdan. Onunla söhbətləşər, məsləhət alardıq. O, həmişə xatirəmdə bu gün də ucaboylu, nəcib, səliqəli  geyimli, mədəni doğru və maraqlı fikir mübadiləsi aparan ağır təbiətli, ədəb-ərkanlı, sadə və səmimi bir insan kimi qalıb və qalmaqdadır. Dediklərim gəlişi gözəl sözlər deyil, şablon sözlər də deyil. Bu sözlər bir həqiqətdir bir gerçəklikdir. O vaxtdan yaranan ünsiyyət bu günə qədər davam edir. O, həm də dostluq etdiyim əsl dost, qardaş Kərim müəllimin sinif yoldaşı, əqidə dostu olduğu üçün demək olar ki çox vaxt bir yerdə olurduq. Söhbətləşib ayrılardıq.

Arif Əliyev saf insandir, qayğıkeş mehriban və gülərüzdür. İşgüzarlığı, vətənpərvərliyi, yurdsevərliyi və xeyrxahlığı ilə seçilir. Çox sadədir, hamiya tez inanır. Buna görə də bir çoxları ondan istifadə edib məqsədlərinə çatandan sonra onunla əlaqələrini kəsir.

“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru bildirəndə ki, Arif kişinin 85 illiyidir. Bir yazı hazırlamaq lazımdır. Balaca uşaqlar kimi əlimi qaldırıb dedim: – bu mənlikdi.

Allah insana ömrü, istedadı və ruzunun qədrini hələ ana bətnində olanda verir. Bəşər övladı dünyaya gəlir, ömür sürür, istedadının çırağını yandırır və ruzi qazanmaq üçün çalışır. Bizim yazı qəhrəmanı Arif Alı oğlu Əliyev kimi.

Arif Alı oğlu Əliyev çox zəhmətkeş bir ailədə göz açıb. Atası Alı, anası Dostuxanım kəndin ən hörmətli insanlarından olub. (Allah rəhmət eləsin) İsmayıllılar onları yaxşı tanıyır, onların xatirəsini yaddaşlarında saxlayırlar. Onlar hər səhər quşların oxumasını, günəşin çıxmasını, çiçəklərin, güllərin açılmasını böyük həvəslə seyr edirdilər. Atası adlı-sanlı kişi idi. Gözəl bağban idi. Bağındakı ağaclara, gül-çiçəklərə ömür-gün yoldaşı ilə birlikdə həvəslə qulluq edirdilər. Bu zaman balaca  Arif də bir an onlardan ayrılmır onu maraqlandıran hər bir şeyi öyrənməyə çalışırdı. Arif belə bir kişinin oğlu idi.

Arif Alı oğlu Əliyev 1936-cı ildə yanvar ayının 10-da İsmayıllı rayonunun İsmayıllı kəndində dünyaya göz açıb. Uşaqlığı güllərin, çiçəklərin arasında keçib. İlkin təhsilini İsmayıllı kənd ibtidadi məktəbində, orta təhsilini rayon mərkəzində yerləşən, hazırda İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində alıb. 1956-1957-ci tədris ilində bitmişdir. Sonrakı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna sənəd vermiş, müsabiqədən keçə bilməmişdir. Odur ki, o vaxtlar təzə qurulan Sumqayıt Kimya Zavodunda müxtəlif peşələrdə çalşmışdır. İşləyə-işləyə Sumqayıt Kimya-Texnologiya Texnikumuna sənəd vermiş və inşaat fakültəsinə daxil olmuşdur. 1959-1961-ci illərdə texnikumu müvəffəq qiymətlərlə bitirmişdir. İşini davam etdirərək, Təmir-Tikinti İdarəsində işləmişdir. Elə bu illərdə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra Arif Özbəkistan Respublikasının Fərqanə vilayətində tikinti idarəsində baş mühəndis vəzifəsində çalışmışdır.

Harada işləməsindən asılı olmayaeaq işinin öhdəsindən bacarıqla gəlmiş, hamının hörmətini qazanmışdır.

Söhbət əsnasında Arif Əliyev qeyd etdi ki, biz xöşbəxt insanıq ki, çoxunun arzu edib görə bilmədiyi   Zəfər qələbəsini görüb yaşayırıq. Doğma Azərbaycanın xoşbəxt övladlarıyıq ki, bu, bizə, şəxsən  mənə nəsib olub. Ən azı ona görə ki, bu gün dövlətimizi idarə edən böyük şəxsiyyət, dünya lideri, xalıqını sevən, gecə-gündüz yorulmadan əlindən gələni əsirgəməyən, verdiyi sözləri layiqincə yerinə yetirən, dünya siyasətçisi İlham Əliyevin rəhbərlik etdiyi ölkədə yaşayırıq. Düşünürəm, görəsən, bu xeyrxahlıq bu isti, həlim canıyananlıq öz mayasını haradan, nədən alır?

Cavabını da tez tapıram. Axı o ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev və analar-anası Zərifə xanımın övladıdır. Qarşılıqlı sevgi və hörmət üzərində belə ailədə tərbiyə alan övlad hökmən nur, işıq müqəddəs istəklərə malik olmalıdır. Bur gün bir ağsaqqal kimi gənclərimizə tövsiyəm budur ki, xalqını, elini, obasını, torpağını sevib-seçdiyi peşəsini və nəhayət, rəhbərini – Prezidentini sevsin.

Arif Əliyev ziyalılığı, vətəndaşlığı ilə bir ömür seçilmiş və fərqlənmişdir. Ülfət bağladığı peşəsinə sonsuz sədaqət bəsləyən, həyatının mənaslnı onda görən Arif bacarıqlı, inşaat sahəsində yüksək səviyyəyə malik savadlı inşaatçı kimi ad-san qazanmışdır. Çalışdığı kollektivlər tərəfindən həmişə saylıb, seçilmişdir.

Hər əməlində insanlıq vicdan saflığı duyulan Arifin peşəsini Kamil bilməsi onu arzu etdiyi mərtəbəyə qaldıribdır…

Biz Arifdən öz işi, fəaliyyəti ərzində əldə etdiyi müvəffəqiyyətlərdən danışmsını xahiş etdik. O isə təvazökarcasına:

– Özüm haqqında nə deyə bilərəm? Yaxşısı budur ki, qoy haqqımda  başqaları danışsın,- dedi:

Beləliklə, onunla vaxtilə bir sinifdə oxuduğu, bir müddət bir yerdə çalışdığı insanlarla görüşdük. Bir neçəsi ilə əlaqə saxladıq və bir neçəsini dinlədik.

Kərim İsbatov (sinif yoldaşı və dostu):

– Hər bir insan öz əqidəsi, əməli, əməyi, həyat tərzi, insanlara münasibəti və əxlaqi dəyərləri ilə özünü təsdiqləyir. Arif mənim məktəb illərimin çiyindaşıdır. Xeyrxahlığı, şərəfli əməyi, insanlara olan hörməti, ləyaqəti, səxavəti, sədaqəti ilə fərqlənənlərdəndir. Zamanla ayaqlaşmaq və daha irəlini görmək bacarığı var onda. Məşğul olduğu hər bir işdə, çalışdığı hər bir sahədə hörmət və nüfuz qazanıb, dostluqda sədaqətlidir. Odur ki, uşaqlıqdan bu günə kimi dost olaraq biri-birimizə gedib-gəlir istirahətimizi də bir yerdə edirik. 85 illik yubleyi münasibətilə dostumu səmimi qəlbdən təbrik edirəm.

Ədalət Həmidov (keçmiş inşaatçı, vaxtilə İsmayıllı şəhər sovetnin deputatı, şəhər İcrayiyyə Komitəsinin üzvü, Komsomol laureatı)?

– Cəmiyyətimizdə millət üçün, xüsusilə gənclər üçün gərəkli, örnək olan insanlar həmişə olub. Vətəni sevmək, torpağa məhəbbət, dosta sədaqət insanların canında, qanında olub. Arif də belələrindən olub həmişə. O, böyük bir nəslin nümayəndəsidir. İki oğul, üç qız övladı var. Doqquz nəvənin babası, üç nəticənin ağsaqqalıdır. Bir ailə başçısı kimi özünün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin mənəvi dəyərlərini qoruyub saxlayır və təbliğ edir. Onu sevənlər çoxdur. Övladlarını hədsiz məhəbbətlə sevən sadiq bir ailə başçısıdır. Ağsaqqaldır, gənclərin məsləhətçisi və yolgöstərənidir. Bir inşaatçı kimi də işinin öhdəsindən həmişə bacarıqla gəlib.

85 yaşlı ağsaqqalın tay-tuşlarını qonşularını əhatəsində olanları da dinlədik. Hamısı Arif haqqında xoş sözlər söylədilər. Söhbət əsnasında təqaüddə olan, vaxtı ilə inşaatçı kimi çalışan Ramiz Əliyev də söhbətə qoşuldu:

– 50 ilə yaxındır ki, Arifi tanıyıram. Həmişə işgüzarlıgi və dəqiqliyi ilə seçilib. Bu keyfiyyətləri sayəsində özünə çoxlu dost qazanıb. O, ömrünün ahıl çağlarında da, şərəflə yaşamağa üstünlük verib. El sevgisinədəyər verib. Bütün bunların arxasında illərin zəhməti, əməli, xeyirxahlıg,  daha nə bilim, nələr-nələr dayanir. Bura sadəlik, el-oba ilə birgə nəfəs almaq, onun xeryində, şərində içtirak etmək, şad günündə sevinmək, kədərli vaxtında dərdinə şərik olmaq kimi mənəvi keyfiyyətləri də əlavə etmək olar. Bax, bütün bu cəhətlərdir Arif kişini camaata sevdirən… Qurub-yaradan insanlar unudulmur.

İsmayıllı ictimaiyyəti camaatı qarşısında səmərəli xidmət göstərmiş Arif Alı oğlu Əliyev hazırda təqaüdçüdür. Asudə vaxtlarını dostları ilə keçirməyi, nərd və başqa stolüstü oyunlar oynamağı xoşlayır. Vaxtının çoxunu isə vatxı ilə tibb bacısı çalışmış, hazırda təqaüddə olan ömür-gün yoldaşı Firuzə xanımla, nəvələri və nəticələri ilə keçirir.

Arif kişi torpağı sevən adamdır. Həyət-bacasında, təsərrüfatla məşgul olur. Onun gümrah saxlayan da elə budur. O, qayğıkeş valideyn və yaxşı dostdur. Aldığı təltiflər də camaatin ona bəslədiyi hörmətdir.

Çox doğru deyrdilər ki, ürəkdən gəlməyən söz ürəkləri incidər. Arif Alı oğlu Əliyev haqqında söylənilənlər qəlbimizdə fərəh hissi doğurur. O, yaşadığı hər günü, açılan hər səhəri ömrünün ən böyük sərvəti hesab edir. İllərdir ki Arif Əliyev bu nəcibliklərdən yorulmur.

Hörmətli və əziz həmyerlimizi doğum günü – 85 illik yubileyi münasibətilə “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu və geniş oxucu kütləsi adından səmimi sevgi və sayğılarımızla ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, firavan həyat, işlərində uğurlar arzulayırıq.

Hacıməmməd Məmmədov,

İsmayıllı xəbərləri” qəzetinin ictimai müxbiri

 

 

 

 

 

Şərh Yaz