“DAĞ ÇİÇƏKLƏRİ”                             

Gözəlsən

 

“Nizami ili”nə 12-ci şeir

 

Sən görən deyiləm mən, sənsə elə o ləlsən,

Mənim gəncliyim ötdü, sən bir az da gözəlsən.

Nizami Gəncəvi

 

Nə həmin bülbüləm mən, nə sən həminki gülsən,

Nəğmələnnəm yenidən dönüb sevgiylə gəlsən.

 

Mehrinlə, ürəyinlə, yenə gəl məni dinlə,

Məst olun istəyinlə, görüm yenə o ləlsən?

 

Bəlkə bəxt üzə gülüb, dünya qədrimi bilib…

Demə: “Payızın gəlib, xəzanındı, xəzəlsən”.

 

Sən külək, mən yanan şam, söndürdün, almadım kam…

Uçmuşam, dağılmışam, gəl düz onu gözəl… sən.

 

Qəlbimizdə qəm-qəhər, ömür sürdük bir təhər…

Daha dözmərəm hədər qəmlərimlə üzülsən…

 

Ömrümüzdə nə vardı, fələk aldı, apardı…

Tək sevgimiz bahardı, gəl könlümə süzül sən.

 

Naziri canında can, bir dünyalıq işıq san,

Sən onunçun hər zaman qocalsan da, gözəlsən.

Nazir Ziya Talıstanlı

 

Məni sevənlər

 

Bu gün bir az öz dərdimdəm yazacam,

Ağlamayıb, gülə məni sevənlər.

Gecə-gündüz isti ələ möhtacam,

Doğulmayıb hələ məni sevənlər.

 

Nədən bunca duyğusuzdur ürəklər?

Əllər göydə, kəsilibdi ətəklər.

İlk baharda, açılanda çiçəklər,

Dəyişdilər gülə məni sevənlər.

 

Göz açandan gözəlliyə vurğunam,

Gözəllərə can deməkdən yorğunam.

Sevirsənsə, de, sevirəm, ay sonam,

Niyə düşsün çölə məni sevənlər?

 

Yaz var, yay var, payız ötər, qış olar,

Qara bulud yağış tökər, boşalar.

Ləzzət alıb, uf demərəm, xoş olar,

Tikə-tikə bölə məni sevənlər.

Giley-güzar elədimsə, çox ayıb,

Şahməmmədi Tanrı övlad, dost sayıb.

Gülə-gülə, qiyaməti yaşayıb,

Ondan sonra ölə məni sevənlər.

Şahməmməd Dağlaroğlu

 

SEVGİ UMMA

 

Sən güllü yaz, mənsə xəzan,

Daha məndən sevgi umma.

İlqarını, əhdi pozan,

Daha məndən sevgi umma.

 

Səndən gizli yanan odam,

Gözləməzdim həsrət dadam.

Dərdə doğma, sənə yadam,

Daha məndən sevgi umma.

 

Yanaşıdı eşqin, qəmim,

Çiçək vaxtı soldu zəmim.

İndi göz yaşı həmdəmim,

Daha məndən sevgi umma.

Xavər İsmayıllı

 

YADA SALAR ELLƏR MƏNİ

 

Həsrətindən son buluddum,

Ömür başlaya-başlaya.

Gözlərimdə göl qurutdum,

Yağışlaya-yağışlaya.

 

Kimə zülmət, kimə nurdum,

Dalğalara sinə vurdum.

Aran yerdə çadır qurdum,

Dağda qışlaya-qışlaya.

 

Yer üzünə göydən düşdüm,

Bir kamandan, neydən düşdüm.

Müdrikləşdim, mələkləşdim,

Şeytan daşlaya-daşlaya.

 

Ey qərib yol, çək gözümü,

Əyir, apar, sök gözümü.

İllər ötür, üz-gözümü,

Qırışlaya-qırışlaya.

 

Qucaqlayar yellər məni,

Tər çiçəklər, güllər məni.

Yada salar ellər məni,

Yanaq yaşlaya-yaşlaya.

Cəbrayıl Hüseyn

 

Gəlməz oldu

Ömrüm-günüm yetdi başa,

Ötdü illər, qalmaz oldu.

Dərd söylədim dağa- daşa,

Dillərimi bilməz oldu.

 

Sillə çəkdi qəm üzümə,

Namərd şər dedi sözümə.

Qaranlıq çökdü gözümə,

Bəxtim bir də gülməz oldu.

 

Saraldı çəmənim, çölüm,

Yetişdi qocalıq, ölüm.

Qaldı xarım, soldu gülüm,

Bahar daha olmaz oldu.

 

Gülxar, oldun dərdə düçar,

Daha qapını kim açar?

Qaldın dərdli, qaldın naçar,

Gedən getdi, gəlməz oldu.

Gülxar Cəbiqızı

 

Azərbaycanım

 

Azadlığın mübarək,

Doğma Azərbaycanım.

Sən sərəfim, şöhrətim,

Sənə qurban bu canım.

 

Baş əyirik ucalan

Bayrağının önündə.

Hər şəhidin, qazinin

Bir mən bitir gözündə.

 

Hər bir kəs öz canından

Varlığından keçibdir.

Qan tökülmüş torpağın

Üstündə and içibdir.

 

Bütövlüyün mübarək,

Hər an oduna yanım.

Sən azad ol, sən yaşa,

Canım, Azərbaycanım!

Rüstəm Məbudoğlu

 

İsmayıllım

 

Dünyanı dərk edib duyduğum gündən,

Könlümü vermişəm, gözəlim, sənə.

Zövq aldım hər yerdə, hər zaman səndən,

Gözümdə işıqtək əzizsən mənə.

 

Gözəl İsmayıllım, ey doğma yurdum,

İnanma nə vaxtsa səndən doyaram.

Canımla, qanımla bağlıyam sənə,

Torpağın üstünə mən baş qoyaram.

Xoşbəxtlik yazısı düşər hər kəsə,

Burda güllər açar, quşlar ötüşər.

Hamı bir-birinə əziz, doğmadır,

Hamı bir-birilə qəlbin bölüşər.

 

Hər qəmimiz, sevincimiz birdir-bir,

Hər qarışın, hər bucağın pir oldu.

Rahatam, gözəlim, səninlə burda,

Ön sırada igidlərin şir oldu.

 

Qoy durum dolanım başına sənin,

Mübarəkdir doxsan yaşın, ay anam!

Gözümün işığı, ey gözəl yurdum,

Adına, özünə hər an qurbanam.

 

Ömrüm, günüm ötmür əbəs burada,

Yaşadıqca səndən alıram həvəs.

Ürəyimdən bir səs gəlir, a dostum,

Görməyə bu yurdu sən də bir tələs.

 

Bura qədəm qoyan əliboş getməz,

Şair, sən də bu torpağa nəğmə qoş.

Doğma yurdum, ey əzizim, ey canım,

Səninlə ürəyim hər an olur xoş.

Xuraman Baxış

 

Haqqın dünyası

 

Dünyanın sirrini düşünən beyin,

Hələ öz sirrini aça bilməyib.

Milyonları yığıb “mənim” deyənlər,

Ölümün əlindən qaça bilməyib.

 

İnsanın özü də sudan yarandı,

Suda doğulsaydı ölərdi insan.

Şeytana, iblisə aldanmasaydı,

Bəlkə də çox şeyər bilərdi insan.

 

Olmazdı nə günah, nə də günahkar,

Axmazdı torpağa insanın qanı.

Eh, Habil Qabili öldürməsəydi,

Bəlkə də qıymazdı insan- insanı.

 

Görürəm dünyanın hər yerində qan,

Günahsız başlara bombalar yağır.

İsti ocağını tərk edir insan,

Dünyanın hakimi bəs hara baxır?

 

Bağışla, Allahım, bağışla məni,

Olmaram günahkar, düşmərəm ası.

Özün lənət eylə şərə, şeytana,

Ümidsiz qalmasın Haqqın dünyası !

Mirəli İsmayıllı

 

BƏDNAMƏ

 

Qara daşam bu dünyada,

Göyərməyə xəyalım yox.

Hansı günə doğulmuşam,

Bir işıqlı camalım yox?!

 

Nə göylərdə mələyim var,

Nə ümiddən dirəyim var.

Bircə halal çörəyim var,

Dosta bir özgə halım yox.

 

Cığırlar, yollar çox olub,

Qismətim bu düz yol olub.

Ürək amala qul olub,

Canıma ondan zalım yox.

 

Boş çıxdı dolu sandığım.

Xəyalnan dolu sandığım.

Dərd-vərəmdir qazandığım,

Dava-dərmana pulum yox.

 

Fələkdən umdum tabımı,

Hey artırır əzabımı.

Həyat verib cavabımı,

Daha özgə sualım yox.

 

Düzlük dönüb azarıma,

Qiymət kəsir bazarıma.

Çıxım, gedim məzarıma,

Mənim bir özgə yolum yox.

Şahlar Hacıyev

 

***

Ya tapıb aşkar etmişəm, ya da ki, heç tapmamışam,

Neyləyim ki, tez tapmayıb itənimi gec tapmışam.

 

Görüb dərd-qəm götürmüşəm kimdən ötrüsə çəkməyə

Günah bilir bunu mənə, elə bilir suç tapmışam.

 

Saç hörməkdən xoşum gəlir, düyünlərə uc tapanda,

Elə bilirəm hörməyə, daramağa saç tapmışam.

 

Tapmaq sarıdan taleyim gətirbdir ki elə,

Mənim olmayan ev-eşik, mənim olan köç tapmışam.

 

Rahatlığından ötəri çalma vurub gəzməmişəm,

Başıma pərçim eyləyib ağrıtmağa tac tapmışam.

 

Yeyərək gözü doymayan neçələriylə rastlaşıb,

Yemədən doymuşam deyən neçə-neçə ac tapmışam.

 

…Bağlı görüb tapıntını demişəm ki, dərd tükənib,

Açıb, baxıb görmüşəm ki, ömrə yoldaş yük tapmışam.

 

Bir düyünlü məsələnin həllinə uc tapmış olub,

Düşünmürəm çox çətinə, çox düyünə uc tapmışam.

 

Çay aşağı, çay yuxarı kimlərləsə itirməyib,

Tamam, səni tək itirib, tək axtarıb, tək tapmışam.

Tamam Nur Tağlabiyanlı

                                              19 dekabr 2021-ci il

 

Namuslu, qeyrətli şəhidlərimiz

 

Yağıya, düşmənə baş əymədiniz

Namuslu, qeyrətli şəhidlərimiz!

Qanla tarix yazdı əməlləriniz,

Namuslu, qeyrətli şəhidlərimiz!

 

Vətən torpağını vermədiz yada,

Düşmən bayrağını tutdunuz oda.

Sizə heyran qaldı hamı dünyada,

Namuslu, qeyrətli şəhidlərimiz!

 

Düşmən ordusunda çox oldu itən,

Olmadı onlardan arzuya yetən.

Sizin adınızla yüksəldi Vətən,

Namuslu, qeyrətli şəhidlərimiz!

 

Qəhrəman, qəmgindir coşan ürəklər,

Hamınız sevimli, gül üzlü, təklər…

Sizə yas saxlayır güllər, çiçəklər,

Namuslu, qeyrətli şəhidlərimiz!

Qəhrəman Zərnavalı

 

Mövlud üçün

 

Buynuz kəndi bil, oylağın,

Şairlikdə var sorağın.

Bir gün olum kaş qonağın,

Mövlud, sənin, Mövlud, sənin.

 

Ətirlidir hər bir sözün,

Xoş niyyətlə gülür üzün.

Dost axtarır hər an gözün,

Mövlud, sənin, Mövlud, sənin.

 

Çox evlərdə kitabların,

Odur sənin dövlət-varın.

Hər sahədə vardır karın,

Mövlud, sənin, Mövlud, sənin.

 

Kəlmən şirin, fikrin dərin,

Parlaq olsun səhərlərin.

Bir incidir şeirlərin,

Mövlud, sənin, Mövlud, sənin.

 

Cavid deyir, olmaz qəmin,

Haqq şairsən, oldum əmin.

Başa yetsin hər niyyətin,

Mövlud, sənin, Mövlud, sənin.

Aşıq Cavid Əmiraslanov

Şərh Yaz