ADI ENSİKLOPEDİYAYA SALINMAYAN QƏDİM PİRƏBİLQASIM KƏNDİ     

 “İsmayıllı lövhələri” silsiləsindən. Dördüncü yazı.

Adətən hər hansı bir mövzuda nə isə yazmaq istəyəndə, əvvəlcə el yaddaşına, kitablara, ensiklopediyalara və digər tarixi mənbələrə istinad etməli oluram. Bu, mənim yazı stilimdir. Sabah deməsinlər ki, sən nəyə əsaslanıb belə yazmısan. Doğrudur, el yaddaşımız çoxdandır ki, sürətlə silinməkdə davam edir. O yaddaş daşıyıcılarının bir çoxu Azərbaycan Xalq Cümhuriyyətinin devrildiyi illərdə, bir qismi 30-cu illərin kollektivləşdirmə dövründə “kulak”, “mülkədar”, “qolçomaq”, “siyasi baxışlar” və s. adlarla represiyalara məruz qalaraq sürgünlərdə, digər qismi isə Böyük Vətən müharibəsi cəbhələrində həlak olmalarından sonra yoxa çıxdılar. Az-çox orda-burda ilişib qalan ziyalılarımız isə öz karyeralarından, tutduqları vəzifələrdən uzaqlaşdırılmalarından qorxaraq susmağı üstün tutdular, əllərinə qələm alıb tariximizi yazmadılar. Yeganə güman yeri qalırdı on cildlik, bərli-bəzəkli, qırmızı cildli “Azərbaycan Sovet Ensiklopediyası” adlı kitablara. Etiraf edim ki, hələ elə bir sevincli anım olmayıb ki, mən o kitablardan tariximizə, millətimizə, elimizə, obamıza dair nə isə əldə edim, axtardığım, məni qane edəcək müsbət, yararlı yeni bir məlumatlarla ayrılım. Elə bil bu kitablar heç millətimizə aid olan məlumat-sorğu toplusu deyilmiş. O cümlədən, Qarabağımıza, Şuşamıza və digər tariximizə dair yazılan məqalələr də, eynilə, elə bil heç Azərbaycan tarixçiləri tərəfindən yazılmayıbdır.  Hər biri 600 səhifə həcmində olan bu kitabları “ermənilərin şəkil albomu” adlandırmaq daha düzgün olardı. Sonrası da, 30 min say seçmə ziyalısı Nargin adasında, Şimal Buzlu okeanı sahillərində, Sibir tayqalarında, Orta Asiya səhralarında məhv edilən bir xalqın Ensiklopediyası da elə bu gündə omalı idi də! Yadıma 1960-cı illərdə tələbəsi olduğum Azərbaycan Dövlət Universitetinin auditoriyalarının birində “Sov.İKP tarixi” fənnindən ilk mühazirə oxuyan müəllimim Ağagül Muradovun bir sözü düşdü. O, Sov.İKP-nin 22-ci qurultayının qərarlarına (Stalinin mavzoleydən götürülməsinə) etiraz əlaməti olaraq, 60 il əvvəl belə demişdi: “Rusiyanı aqrar, aclıq və səfalət ölkəsindən –  atom silahı olan bir ölkəyə çevirən, bəşəriyyətin ən qanlı müharibəsindən qalib çıxaran bir Şəxsə qarşı olan bu qərar, olduqca  ədalətsizlikdir, bu ölkənin məhvi qaçılmazdır”. Bəli, yaşıdlarım bu fikrin təsdiqini öz gözləri ilə gördülər. İndi isə biz, yaxın keçmişin bu ibrət dərslərini nəzərə alıb, yüksək balla istər xarici, istərsə də öz Universitetlərimizə daxil olan, oranı fərqlənmə diplomları ilə bitirən arxasız balalarımıza sahib  çıxıb, müvafiq iş tapmadıqları təqdirdə onların xarici ölkələrə üz tutub axınına imkan verməyək. Onlar bu millətə Allah tərəfindən bəxş edilən istedadlardır.Yoxsa, ölkəmiz gələcəkdə kadr yoxluğu kimi faciələrlə üz-üzə qalacaqdır. Nə isə…

38 il bundan əvvəl (1987) çap edilmiş ASE-də (Azərbaycan Sovet Ensiklopediyasında) Pirəbilqasım kəndinin adı yer almasa də, onun haqqında olan məlumatlara, yazı-pozunun bu qədər inkişaf etmədiyi bir dövrdə, 230 ildən çox tarixi olan– 1790-1820-ci illər arası hökmranlıq etmiş Şirvan Xanlığının tarixini araşdırarkən rast gəldim. Belə ki, 1734-cü ildə qəsbkar Nadirqulu xan (Nadir şah) Şamaxını yerlə-yeksan edərək əhalisini Ağsu şəhərinin yaxınlığına köçürdü. Təzə salınan yaşayış məskəni “Yeni Şamaxı“ (indi isə bəzi mənbələrdə “Xaraba şəhər”) adlandırıldı. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra hakimiyyət dəfələrlə əldən-ələ keçərək, nəhayət, ailəsi və qohum əqrabası kef-damaq içərisində yaşayan, azğın, ədalətsiz və zülmkar Əsgər bəy və Qasım bəy qardaşlarının əlində cəmləşdi. Lakin ədalətli, üsyankar Şirvan zadəganları onları taxtdan saldılar. Hakimiyyətə Mustafa xan gəldi və tezliklə xanlığı asan idarə etmək məqsədilə xanlıq nəzdində “Hoz” adlı bir mahalı yaratdı. Mahalın idarə edilməsi Mustafa xanın əmisi oğlanları Xancan bəy, Mərdan bəy və bacısı oğlu Mehdi bəyə tapşırılır. Mahalın naibi isə Ədil bəy olur. Maraq üçün mahalın əhatə etdiyi ərazini qeyd edirəm. Mahala daxil olan 30 müsəlman kəndi: Acıdərə, Alpoud, Basqal, Bizlan, Çikinli, Zasıdərə, Kalva, Kələzeyvə, Kəlfərəc, Kəndəxan, Köylük, Qıçatan, Muğanlı, Mürzülü, Nuran, Nüydü, Pir Əbilqasım, Pir Qaraçuxa, Sarsura, Sərdahar, Sulut, Suraxanı, Şəbiyan, Şəmdlan, Tağlabiyan, Tircan, Varna, Zeyvə, Zərqava, Zərnava, və 8 erməni kəndi: Bəyliyan, Bilistan, Gürcüvan, Hinqar, Keyvəndi, Yenikənd, Zərgəran, Girdə.

Göründüyü kimi Pirəbilqasım kəndinin adı “hər şeydən məlumat” verən Ensiklopediyamızda göstərilməsə də, onun mövcudluğu heç də 300-400 illə ölçülməyib, tarixin daha dərinliklərinə doğru gedib çıxır. Görkəmli alim, filologiya üzrə fəlsəfə doktoru, Pirəbilqasım kəndində dünyaya göz açan, Xalq şairi Bəxtiyar Vahabzadənin özünün çoxsaylı tələbələrindən ən istedadlısı hesab etdiyi şair Pir Ağasən Bədəlzadə öz kəndinin tarixini 5-ci əsrdə Azərbaycanda olan Hun dövlətinin tarixi ilə eyniləşdirir. Ətrafda olan yaşayış məskəni Hunqar (Hinqar) və bulaq Hunaşın toponimlərinin, o cümlədən kənddə müqəddəs sayılan dağdağanlı qəbristanlıqda məzar daşı bilinən, insanların indi də Dəmro piri kimi etiqad etdikləri “Sofi Baba” qəbri, şairin istinad etdiyi mənbələrdəndir. Kənddə tarixi toponimlərdən biri də Darhuna adlanır ki, bu da hunların adları ilə bağlıdır. Pirəbilqasım kəndinin ən qədim adı isə Kəlovudan olub. Söz iki hissədən ibarətdir: kəl+ovudan. Kəndin ağsaqqal və ağbirçəkləri bu sözü belə mənalandırırlar ki, hər hansı qoşqu və minik heyvanlarını əhliləşdirib yararlı hala salmaq üçün müəyyən dövr tələb olunur. Bu dövrə “ovutmaq” (öyrətmək) da deyilir. Beləliklə, bu sözü ümumiləşdirərək “Kəlovudan”, bəzən də “Kolodan” adlandırıblar ki, ikinci söz türk tayfasının adı ilə bağlıdır. (Pirəbilqasım kəndi 1918-1920-ci illərdə, Xalq Cümhuriyyəti dövründə buraxılan xəritədə isə “Abdulqasım” kimi göstərilir).

“Pirəbilqasım” adını bir əfsanə ilə də bağlayırlar. Deyirlər ki, kənddə varlı bir qadının mal-qarasını otaran, sahibinə qarşı çox müti və etibarlı olan Əbilqasım adında bir çoban varmış. Bir gün otardığı inəklərdən biri itir. Çoban nə qədər axtarırsa, inəyi tapa bilmir. Çomağına söykənib dərin düşüncələrə dalan çoban hirslənmiş mal sahibinə nə cavab verəcəyi haqda dərin düşüncələrə dalır. Elə bu an, ani olaraq yer yarılır və Əbilqasım yerə gömülür. Sonralar ziyarətgaha çevrilən bu yerdə insanlar məqbərə ucaldırlar. Bu memarlıq abidəsi sonuncu dəfə 17-ci əsrdə bərpa edilib. Hətta bərpa edənin adı indi də abidə üzərində qalmaqdadır: Hacı…

Məqbərənin sonrakı taleyi haqda bildiklərimi, eşitdiklərimi geniş oxucu kütləsinə də çatdırıram. 1920-ci il aprel ayının 27-də devrilən, Şərqdə ilk demokratik quruluşlu dövlətimizlə birlikdə, milli-mənəvi dəyərlərimizə də ağır zərbələr vuruldu. Bütün dünya dövlətləri insanların inanc, etiqad yerlərini müqəddəs, toxunulmaz bildikləri halda, yeni gələn Şura hökuməti ilk gündən dinin bütün təzahür formaları ilə mübarizə aparan MAİ (Mübariz Allahsızlar İttifaqı) adlı könüllü ictimai bir təşkilat yaradır. Təşkilata Y.Yaroslavski başçılıq etməklə, bu birliyə N.K.Krupskaya, A.V.Lunaçarski, P.A.Krasikov, İ.İ.Skvortsov-Stepanov və başqaları da fəal köməklik göstərmişlər. 3 milyon üzvü olan bu təşkilat 1947-ci ildə Siyasi və elmi bilikləri yayan cəmiyyətlə, daha sonra isə “Bilik” cəmiyyəti ilə birləşdirilmişdir.

Bir gün Pirəbilqasım kəndinə səs yayılır ki, Bakıdan Allahsızlar cəmiyyətindən zırpı-zırpı kişilər gəlib ki, məscidləri, ziyarətgahları uçurtsunlar. Kəndin məmə yeyənindən pəpə deyəninə kimi, hamı axışır yuxarıda barəsində danışdığımız ziyarətgahın ətrafına. Hamının üzündə qorxu, kədər hissi duyulurmuş. Onlar həm Bakıdan gələnlərdən, həm də ziyarətgahdan qorxurmuşlar. Yerli adamlardan heç kəs cürət edib ziyarətgahı uçurmaq istəmir. Birdən Bakıdan gələn zırpılardan birisi irəli çıxıb kəndlinin əlindən külüngü alıb başı üstünə qaldırır və var gücüylə ziyarətgahın divarına çırpır. Divardan cəmi-cümlətanı xırda bir daş qopur… və vıyıltı ilə zırpı kişinin gözünə sançılır. Çıxmış gözün toplaşan insanların ayaqları altına necə düşdüyünü, o zırpının ağrıdan ilan kimi necə qıvrıldığını, Bakıdan gələn “qonaqların” peşmançılıqla kəndə sarı necə qaçdıqlarını hamı görür. Ziyarətgahdan azalan isə elə o göz boyda daş olur.

Pirəbilqasım kəndi şərqdən Şəmdlan, qərbdən Soğanlıq kimi antik şəhər qalıqları, şimaldan Cavanşir yurdu Tircan, cənubdan Hun dövlətinin yadigarı Hunqar kəndləri əhatəsində yerləşən tarixi, coğrafi məkandır. Bu yerlərin hər qarışı araşdırılmayan türk tayfalarının yaşadıqları tarixlə sıxısurətdə bağlıdır. Soğanlıqda kolxoz quruluşu dövründə qazılan silos quyularından tapılan küp qəbirlərini, kömürləşib qaralan buğda ilə dolu iri, nəhəng küpləri, ağızları gillə möhkəmcə suvanmış şərab dolu iri küpləri başqası yox, öz gözləri ilə görən bu yazının müəllifi olmuşdur. Bir xeyli şərqə sarı gedəndə Nüydü kəndi ətrafında da eynilə belə tapıntılar olmuşdur. Başqasını deyə bilməsəm də, kəndim Tircanda bir çox evlərdə, tapılan bu cür küplərdən indi də məişətdə istifadə olunur.

Hər dəfə “Dəmirçi döşü”, “Gürcüçal” və yaxud “Gürzəçal”, “Quru bağ” adlı yerlərdən keçib Tircandan Pirəbilqasıma gedərkən, özümü tarixin anlaşılmaz, dərin bir quyusuna düşdüyüm kimi hiss edirəm. Həyatda 92 il ömür sürmüş anam, dövrünün gözüaçıq insanları olmuş nəslindəki ağsaqqal və ağbirçəklərə, nənə və babalarına, ata və anasına istinadən belə danışardı ki, bu ərazilər olduqca tarixi yerlərdir.  İkinci Dünya müharibəsi dövründə və sonrakı aclıq illərində hər dəfə taxıl yığımından sonra yerə düşmüş sünbülləri yığmaq (qarayanıq) üçün bu yerlərə  gələndə, anam Dəmirçi döşü ilə Gürcüçal (bəzən də “Gürzəçal” deyərdi) sahələrinin qovşağında (indiki Bakı-İsmayıllı yolunun kənarında) bitən nəhəng qarağac ağacını göstərib deyərdi ki, keçmişdə bu ərazi babamgilə məxsus olub, o ağacı da babamın atası əkib. (1960-cı illərdə həmin ağac əkin sahələrindəki küləşi yandırarkən od tutub yanmışdı). Mərhum anam bu yerlər haqqında bildiklərini özünəməxsus tərzdə yozub  elə  maraqla danışardı ki! O deyərdi: “Quru bağa ona görə quru bağ deyirlər ki, ərazisi quzeydir. Ora Günəş işığı az düşdüyündən əkilən taxıl, meyvə ağacları çox az məhsul verir və yaxud da heç vermir. “Dəmirçi döşü”onunla əlamətdardı ki, Tircan kəndi 1907-ci ildə torpaq sürüşməsindən batdıqdan sonra yeni kəndi əvvəlcə bu ərazidə salmaq istəyiblərmiş. Sonradan ağsaqqalların məsləhəti ilə kənd indiki ərazidə məskunlaşmalı olur. “Gürcü çal”a gəldikdə isə, ona həm də “Gürzə çal” da deyirlər. Atam Zərbəli (1851) babası Abdullahdan (?) və atası Hacı Səbzəlidən (1831) eşitdiklərindən danışardı ki, nə vaxtsa bu ərazidə  gürcü qoşunları yerləşibmiş. Amma onlar burada qaldıqları müddətdə neçə-neçə əsgərini gürzə sancmasından itirirlər, məcbur olub buradan uzaqlaşırlar. Elə o vaxtdan bura həm “Gürzə çal”, həm də “Gürcü çal” adlandırılır”. 1929-cu ildə 7 illik təhsilini bitirən anam, təkcə anam olduğu üçün demirəm, çox mükəmməl savada malik idi. Dəfələrlə Bakıdan gəlib orada təhsil almaq üçün adam toplayanlara adını yazdırsa da, atası buna imkan verməyibdir. Amma anamın mənə nəql etdiklərini həmişə içimdə yaşadırdım. Arxivlərə ayaq açıb araşdırmalar aparanda öyrəndim ki, həqiqətən də gürcü çarı David 1124-ci ildə Şamaxıya hücum edərkən bu ərazidən keçibmiş. Əlbəttə, söhbət açdığımız ərazidən cəmi 4-5 km. məsafədə yerləşən Pirəbilqasım kəndinin indiki ağsaqqallarının da, bu barədə xəbərləri olmamış olmaz…

Böyük rus şairi K.Tixonov Azərbaycan xalqını “şair” xalq adlandırıb. O, pirəbilqasımlıları tanısaydı bəlkə də başqa cür deyərdi. Buranın hər bir sakini poeziya, ədəbiyyat vurğunudur. Bu, bir irs olaraq bəlkə də, Respublika qələm əhli arasında adı hörmələ çəkilən, əfsuslar ki, yazdıqları bizə gəlib çatmayan, Seyid Əzim Şirvani məktəbinə mənsub olan, əslən pirəbilqasımlı Kəmaləddin Bikəsdən qalma bir yadigardır. Şəxsən tanıdığım, şəxsiyyətlərinə böyük hörmət bəslədiyim, dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara can sağlığı arzuladığım ədəbiyyat və tarix müəllimi Nəsir Əbdürrəhmanov, riyaziyyat müəllimi İsgəndər Nəbiyev, Ədəbiyyat müəllimləri Əvəz Ədilov, Rəhimə Vəliyeva, kimya-biologiya müəllimi Sadıq Sadıqov, tarix müəllimi İbad Müslümov, Ramiz Nizamov, Sahib Xələfov, Xasməmməd Məmmədov, Qahir Məhərrəmov, İsmayıllı rayon Mədəniyyət Şöbəsinin müdiri və “Zəhmətkeş” qəzetinin redaktoru olmuş Əliheybət Eyvazov, hüquqşünas Məhəmməd Cabbarov, kənd camaatının aclıq illərində köməyinə yetmiş el ağsaqqalı Mirzə Nuriyev, ərəb-fars dillərinin mükəmməl bilicisi Məhəmmədseyid Sadıqov və energetika üzrə baş mütəxəssis Cahid Nəbiyev, bütün bu insanların hər biri özlərini şeir-poeziyasız təsəvvür etməmişlər. Pirəbilqasım  respublikanın hərb sahəsinə Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Nəsib Nəsirov, Vladiqafqazda General rütbəsinə təqdim olunan Anəz Baxışov, Birinci Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəmanımız pilot Ərəstun Mahmudov kimi, elm sahəsinə Zahir Müslümov, Xəlil Nəbiyev, Ağasən Bədəlzadə, Sərraf Süleymanov kimi böyük alimlər bəxş edən bir kənddir. Kəndinin adını ucaldanlardan biri də, Amerikada yaşayan məşhur sirk ustası Ayaz Nuriyev və başqalarıdır. Pirəbilqasım kəndinin son illər daha da böyüməsinə, abadlaşdırılmasına, asfalt yol və uzaqdan su çəkilməsinə səbəbkar olmuş xeyirxah, vətənpərvər insanların adlarını öyrənib yazımda adlarını qeyd etməyə çalışsam da, bacarmadım. Dedilər ki, o insanlar hər cür tərifdən, hər cür özünüreklamdan uzaq duran böyük hərflə yazılan İNSANLARDIR. Şəxsən mən bir müəllif kimi hamının fikrini ifadə edərək, dinimizə uyğun olaraq adının açıqlanmasını istəməyən o nəcib İNSANLARA: “Su qədər ömrünüz olsun”-deyirəm.

Bu gün Pir Əbilqasım başqa bir adla da tanınır – istedadı ilə, bilgiləri ilə, müdrikliyi ilə, ağsaqqallığı ilə hamıya nümunə olan ağ saçlı, 82 yaşlı şair, alim, filosof, tarixçi Pir Ağasəni ilə. Şairin evinə doğru uzanan cığırda neçə vaxtdır ki, onun ziyarətinə gələnlərin əlindən heç ot da bitmir. Ömrünün ahıllıq, pirlik dövrünü yaşayan sevimli şairimizə uzun ömürlə birlikdə, yaradıcılığında da yeni uğurlar diləyirik.

Vaqif Məmmədov,                                         .                                                                                                                                   AJB üzvü,  jurnalist-publisist

 

 

 

 

 

 

 

Şərh Yaz