NİZAMİ  DÜHASI…     

2021-ci ilin ölkəmizdə dahi Azərbaycan şairi və mütəfəkkiri “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı Nizami irsinin öyrənilməsi, nəşri və tədqiqini daha da yaxşılaşdırmaq və dühanın öz təbirincə desək “tanrı hüzurunda sıra tutmuş insanın, (Nizami) növbəti yubileylərini layiqincə qarşılamaq üçün yeni perspektivlər açır.

XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizaminin yaradıcılığında inkişafının ən yüksək mərhələsinə qədəm qoyur. Özünə qədərki zəngin elm və mədəniyyəti yaradıcı şəkildə mənimsəyən bu dahi sənətkar lirik və epik şeirə yeni istiqamət verdi. Ağlın girdabı ilə sənətin zirvəsi arasında vəhdət yarandı. Şərqin və Qərbin qədim mədəniyyətinə, yeni müsəlman şərqinin göylərə hücüm çəkən elm və incəsənətinə əsaslanan Nizami irsi dərin humanizmi, demokratikliyi ilə fərqlənir. Qadına və əməkçi insana münasibətində Nizami irsinin hüdudlarının təsiri ilə “Xəmsə” yaratmaq, yaxud hər hansı bir poemasına cavab yazmaq ənənəyə çevrilir. Hafiz, Əssar, Cami, Füzuli kimi sənətkarlar ona ustad kimi yanaşmışlar. Dərin psixologizim, ecazkar poetik vüsət, yüksək humanist qayələr, müdriklik, həssaslıq Nizamini Şərqdə intibah dövrü şeirinin dahi şairi kimi tanımağa və qiymətləndirməyə haqq qazandırmışdır.

Nizami-əbu Məhəmməd İlyas ibn Yusif 1141-ci ildə Gəncədə (o dövürdə Eldənizlər dövləti ərazisində) anadan olmuşdur. Şairin əsl adı İlyas atasının adı Yusif, babasının adı Zəki olmuşdur: oğlu Məhəmmədin doğulmasından sonra onunda adı şairin tam adına keçmiş və onun tam adı Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd olmuşdur. Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçmişdir. Əslində Nizaminin doğum tarixi dəqiq bilinmir. Məlum olan odur ki, şair, 1140-1146-cı (hicri 535-540) illər arasında doğulmuşdur. Nizaminin bioqrafları, tədqiqatçıları doğum tarixini 6 il arasında göstərirlər. UNESCO -nun da qəbul etdiyi tarixi 1141-ci il qəbul olunur. Əsas mənbə isə şairin “Xosrov və Şirin” poemasının “Kitab üçün üzr bölməsi olmuşdur.

 Fələk yaradırkən deyib mənəşir”

Lakin bu vücudum bir yun heykəldir,

Deyiləm düşmənlə vuruşan şirdən

Yetər ki, özümlə döyüşürəm mən.

R.Rza tərcüməsi

Burdan da məlum olur ki, şair “Şir” bürcü altında dünyaya gəlib. Şair bildirir ki, poema üzərində işə başlayarkən onun qırx yaşı olmuşdur, poemanı yazmağa isə şair, hicri təqvimlə 575-ci ildə başlamışdır. Bu hesaba əsasən belə nəticəyə gəlirik ki, Nizami 535-ci ildə (milad 1141-ci il) doğulmuşdur. Şairin sağlığında nə özü, nə də başqaları onun tərcümeyi-halını yazmışlar. Böyük sənətkarın ölümündən sonra yazılan təzkirələrdə isə onun həyatına aid dəqiq və sistemli məlumat verilməmiş, yaradıcılıq dühası haqqında dəbdəbəli fikirlər söyləməklə kifayətlənmişlər. Bəzən sufi adlandırılmış, möcüzələr göstərən bir şeyx kimi təqdim edilmişdir. Təzkirələr şairin ölümündən yazıldığından onların müəllifi şair haqqında geniş və dəqiq məlumata malik olmamışlar. Adının,atasının və babasının adını isə “Leyli və Məcnun” poemasında qeyd etmişdir. Şairin uşaqlıq illərindən ta onun “xəmsə illərinə”kimi dayısı Xacə Ömərin rolu misilsiz olub. Dayısının ölümünü özü üçün böyük itki hesab edib. “Leyli və Məcnun” yazılana artıq şairin atası, anası və dayısı həyatda yox idi. Onların ölümünü xatırlayanda 47 yaşı olub.Atasının ölümünü isə “Xosrov və Şirin” poemasında da qeyd edib. Orada “rəhmətlik atam” ifadəsini işlədib ki, bu da şairin atasının həyatda olmadığına işarə idi.

Anasının adı Rəisə olub. Əfsuslar olsun ki, əksər monoqrafistlər onun kürd olduğunu yazır. Lakin son dövr tədqiqatçıları dahi sənətkarın öz misralarından qənaətə gəliblər ki, kürd yox, igid (qord)olduğunu qeyd edib:

Gər madəre-mən Rəiseyi-qord,

Madər sefatane pişe-mən mord…

(Mənim anam igid Rəisə

Ana sifəti ilə də qarşımda öldü)

Unutmayaq ki, şair “kaf”, ”gaf” və “qaf” hərflərinin (fars dilinin) hökmranlıq etdiyi bir dövrün mütəfəkkiri olub. Buna bənzər bir uyğunluq da “İsgəndərnamə” əsərində vardır ki, Abxaz sərkərdəsi Davalidən danışarkəndə “Qord Davali” kimi qeyd etmişdir. Amma tarixə söykənərək qeyd edə bilərəm ki, Abxaz sərkərdəsinin kürdlə heç bir əlaqəsi ola bilməzdir.

Nizami Dərbənd hakimi Beybars ibn Müzəffərin göndərdiyi Afaq adlı kənizlə,təxminən 1171-1172-ci illərdə evlənmişdir. Nizamiyə Məhəmməd adlı oğlu bağışlayan bu gözəl qadın “Xosrov və Şirin” yazılarkən ölmüşdür. Nizami Afaqı (bəzi mənbələrdə Appaq kimi qeyd edilib) daim məhəbbətlə xatırlayır. Hətta onun tez ölümünü bəxtinin uğursuzluğu kimi kədərlə qeyd edib.

Məhəmməd isə şairin yeganə övladı olub. ”Xosrov və Şirin” əsərini yazarkən 7, ”Leyli və Məcnun”u yazanda 14 yaşı olduğunu göstərib. On dörd yaşlı Məhəmməd şeirə maraq göstərib, ”Leyli və Məcnun”u yazmağı atasından bir daha xahiş edib. Nizami onu həkim,yaxud fəqih görmək istəyib. Gənc oğlundan hər bir sənəti kamil öyrənməyi tələb edib:

Kamil bir palançı olsa da insan

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Qivami Gəncəvənin də Nizami ilə qohum olduğu mənbələrdə qeyd edilməkdədir.

Şair yaradıcılığının ilk çağlarında saraylara can atsa da, “Sirlər xəzinəsi”ni yazarkən saraylara nifrət etdiyini vurğulayıb, saray şairlərini isə ciddi tənqid edib. Xalqa yaxınlıq onu çox erkən həyatın və sənətin həqiqətini dərk etməyə gətirib çıxarmışdır.

Nizami ömrü boyu Gəncədə yaşamış, başqa yerlərə gedə bilməmişdir. Bir dəfə Qızıl Arslan onu Gəncənin otuz ağaclığına otuz günlük bir səfərə dəvət etmişdir. Şair özünə qədərki Yaxın və Orta Şərq aləminin bütün mühüm elmi-ədəbi  hadisələri və şəxsiyyətlərinə bələd olmuş,onlar haqqında özünün düşüncə və mülahizələri yaranmışdır. İlk böyük əsəri olan “Sirlər Xəzinəsi”ndən başlayaraq biz onu bütün dini və dünyəvi elmlərə bələd olan bir şəxs kimi görürük. Onun əsərlərində ciddi fəlsəfi mübahisələrə, ulduzlar aləmi haqqında dərin təsvir və müqayisələrə, müxtəlif tarixi əsərlərdən məlumatlara rast gəlirik. Onun türk,ərəb və fars dillərindəki poetik əsərlərə bələdliyini xatırlamağa ehtiyac belə yoxdur. Onun əsərlərində Sənainin, Firdovsinin, Əsədi, Tusinin, Məhsəti və bu kimi bir çox sənətkarların adının çəkildiyini görürük. Şair hər bir yeni mövzu üzərində düşünəndə müxtəlif mənbələri araşdırmış, özünün dediyi kimi onların mayasını, məğzini götürmüşdür.

Hər nüsxədən bəhrə götürdüm,

Nəzmdən ona zinət verdim.

Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük ustadlarından biri sayılan Nizami lirik şeirində gözəl nümunələrini yaratmışdır. Şair poemalarına  qədər, onlarla eyni vaxtda, arada keçən böyük fasilələrdə, ”Xəmsə”nin tamamlanmasından sonra keçən vaxtda – bir sözlə, ömrü boyu lirik şeir yazmaqda  davam etmişdir. 30 yaşlarında yazdığı” Coşdu qumrovlar, yola qalxıb düzəldi karvan” qəsidəsi,1191-ci ildən sonra Nüsrədətdinə həsr etdiyi mədhiyyə, ömrünün sonlarında yazdığı “Qocalıq“ şeiri, Qızıl Arslanın və Əxistanın adı çəkilən qəzəllər, poemalardakı ayrı-ayrı işarələr bu mülahizəni bir daha təsdiq edir. ”Xosrov və Şirin”in sonunda xanəndələrin Nizami qəzəllərinin oxuduğunu yazan şair, ”Leyli və Məcnun” da artıq Nizami” divanı”nı qarşısına qoyduğu söylənilir. XV əsrdə təzkirəçisi Dövlətşah Səmərqəndi Nizaminin lirik şeirlər divanın 20 min beytə yaxın olduğunu qeyd etmişdir. XIV əsr Azərbaycan alimi Zəkəriyyə Qəzvini şairin “Xəmsə”dən əlavə bir divanı olduğunu göstərmişdir. Bu

”divan” XVII əsrdə Səfəvilərin dövlət kitabxanasında olmuş və Saib oradan bir çox şeirləri öz “Səfinə”sinə köçürmüşdür. Nizami Gəncəvi lirik irsindən 6 qəsidə, 120 qəzəl, 30 rübai məlumdur.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        Şərq şeirinin 3 əsas şəklini, janırını-qəsidə, qəzəl, rübaini lirikasında önə çəkib. ”Xəmsə”də dövrün, mühitin geniş epik lövhələrini cızan şair lirik əsərlərində duyğu və düşüncələrini əks etdirir. Bu duyğu, düşüncələri özünün şəxsi hissləri kimi ümumiləşdirir. Məhz buna görə şairin ən kədərli əsərlərində də gələcəyə inamdan doğan bir nikbinlik yada salır gah gələcəklə qorxudur, həqiqəti aydınlaşdırır, bağlı gözləri açmağa, donuq vicdanlara hərarət verməyə, daş ürəkləri yumuşaltmağa çalışır. Dünyanın ən böyük humanistləri, yəni intibah dövrü sənətkarları kimi Nizami poeziyasının da bir məhvəri, bir qibləsi vardır ki, o da insandır. Ona görə də insana zidd olan bütün hallar onun poeziyasında müxtəlif mövqelərdə atəşə tutulur, onların başına qəzəb, nifrət alovları yağdırılır. Nizaminin lirikası ilə onun poemaları arasında istər məzmun, istərsə də forma baxımından yadlıq, fərq axtarmaq tamamilə yersizdir.

Şərq poeziyasında qəzəl janrının inkişafına uyğun olaraq Nizaminin qəzəllərində sujetlik, mövzu vəhdəti özünü göstərir. Y.E.Bertels, onun ardınca bəzi Azərbaycan alimləri qəzəldə mövzu vəhdətini, sujetliliyi Nizaminin qəzəli fəlakətdən qurtarmaq meyli, ədəbiyyata gətirdiyi yenilik kimi qeyd edirlər. Şairin zəngin irsindən kiçik bir hissə qalsa da, bunlar şairin lirik duyğularından, qənaətlərindən danışmağa kifayət qədər imkan verir.

Klassikin ilk iri həcmli əsəri isə “Sirlər xəzinəsi” poemasıdır. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janırının ən qiymətli nümunəsi olan bu əsər dahi şairin yaradıcılıq manifesti idi. ”Sirlər xəzinəsi” adından da göründüyü kimi, zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Şair sanki özünə qədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona yeni humanist, demokratik istiqamət vermişdir.                                                                                                                        Məhz bu poemanı Sənai Qəznəvinin”Hədiqətül-həqiqə”əsərinə bir paralel kimi yazması təsadüf nəticəsi deyildir. Şairin sələfinin əsərlərinin adına uyğun ad seçməklə bərabər, onun bəzi fikirlərinə də şərik olduğunu bildirmiş, hətta bəzi hekayələrini mübahisə kimi yazmışdır. ”Sultan Mahmud və qarı” hekayəsi ilə “Sultan Səncər və qarı” hekayələri buna misaql ola bilər.

“Sirlər xəzinəsi”ni sözün həqiqi mənasında Nizaminin yaradıcılıq manifesti adlandırmaq olar.

”Xəzinə “adını əsərə şair təsadüfü verməmişdir. O doğurdan da, həyatın müxtəlif sahələrini əhatə edən, cəmiyyətin müxtəlif təbəqələrinin rəngarəng surətlər silsiləsini yaradan, çoxlu yeni fikirlər, ideyalar, qənaətlər ifadə edən bir əsərdir.                                                                                                                                                        Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, 20 məqalə və bu iyirmi məqaləni epik lövhələrlə əks etdirən 20 kiçik hekayədən ibarətdir. Xalq və hökmdar problemi Nizami poeziyasının, o cümlədən “Sirlər Xəzinəsi”nin əsasını təşkil edir. Çox vaxt bu problemi ədalətli hökmdar ideyası şəklində ifadə edirlər. Guya Nizaminin məqsədi ədalətli hökmdar surəti yaratmaq imiş. Şair əvvəlki əsərlərində buna çalışmış, lakin arzuladığı ideal hökmdar surətini İskəndərin simasında son əsərində yarada bilmişdir. Nizami yaradıcılığında xalq və hökmdar probleminin həllinə,inikasına bu cür yanaşmaq, məncə, birtərəfli yanaşmadır. Nizaminin məqsədi ideal şah surəti yaratmaq olsaydı, ilk əsərindən başlayaraq son əsərinə qədər istənilən qədər ədalətli şah obrazları yarada bilərdi, onlarda heç bir nöqsan göstərməzdi. Onda Nizami Nizami olardımı? Əlbəttə, yox. Nizami dühasının böyüklüyü ondadır ki, o xalqla hökmdar arasındakı münasibətlərin kölgəli cəhətlərini qorxmadan cəsarətlə açıb göstərə bilir. Onların səhvlərini, cinayətlərini üzlərinə deməkdən çəkinmir, ibrətləndirmək, qorxutmaq, öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları ədalətə, insanlığa, sülhə istiqamətləndirir.

Aləmi kim fəth eləyər zülm ilə,

Mulkü ədalətlə alarlar ələ.

Məmləkət ədilə olar payidar,

İşlərin ədl ilə olar bərqərar.

Əmək və əmək adamına dərin məhəbbət Nizami yaradıcılığını səciyyələndirən əsas keyfiyyətlərdəndir. Şair “Sirlər Xəzinəsi” də bu mövzuya xüsusi diqqət yetirir, əməyi insanın zinəti, yaraşığı, onu hər cür bəlalardan qoruyan bir vasitə sayır. Nizami belə hesab edir ki, hər bir adam işləməli, zəhməti ilə dolanmalıdır. ”Süleyman və əkinçi”, ”Kərpickəsən qocanın dastanı” hekayələrində Nizami öz fədakar ,zəhməti ilə ruzi qazanan, zəhmət çəkməyi özünə borc bilən sadə adamların heyranedici surətini yaradır. Nizami əmək adamlarından həmişə dərin məhəbbət, yüksək hörmət hissi ilə danışır. Onlar hər cəhətdən başqa adamlara, xüsusən əməyə xor baxan tüfeyli hakim təbəqələrə qarşı qoyur. ”Sirlər xəzinəsi” zəngin və mürəkkəb məzmunlu, yüksək sənətkarlıqla yazılmış bir əsərdir. Azərbaycan intibahının qiymətli abidəsi olan poema insanlığın işıqlı sabahına inamla, sadə adamlara məhəbbətlə yazılmışdır. Əgər dühanın ilk poeması Yaxın və Orta Şərq intibah ədəbiyyatında geniş yer tutan didaktik poema janrına daxil idisə, ”Xosrov və Şirin” aşiqanə-fəlsəfi roman silsiləsinin ən yüksək nümunəsi kimi meydana çıxmışdır. Nizami bu əsəri 1177-ci ildə Sultan Toğrul ibn Arslan hakimiyyət başına keçəndə yazmağa  başlamışdır. Bu şeirin tarixi səbəbi haqqında adlanan bəhsin başlanğıcında Nizami aydın şəkildə bu cəhətə işarə edərək yazır ki, ”Sultan Toğrul taxta çıxanda mən bu binanın əsasını qoydum”. 1180-81-ci ildə tamamladığı “Xosrov və Şirin” üzərində Nizami 4 ildən çox işləmişdir. Qızıl Arslanla görüşünü təsvir edəndə də Nizami bu məsələyə toxunmuşdur. Qızıl Arslan da şairlə söhbətində onun əsər üzərində zəhmət çəkdiyini xatırlatmışdır. Məhz neçə illik gərgin zəhmət nəticəsində Nizami geniş yayılmış bu aşiqanə mövzunu misilsiz bir sənət abidəsinə çevirmiş, ona dərin ictimai fəlsəfi, həm də humanist, demokratik məzmun vermiş, Cahan Pəhlavanın gizlətdiyi kimi, adi bir sevgi dastanı yaratmışdır. ”Sirlər xəzinəsi” kimi bir xəzinədən sonra “həvəs yolunda əziyyət çəkməyi” özünə rəva görmür. Hətta  işləyib bitirəndən sonra öz narazılığının səbəbini bildirib. Poemanın müqəddiməsində “Eşq haqqında bir neçə söz başlığı altında özünün məhəbbət anlayışını irəli sürür. Dahiyanə sadəlik, ecazkar fəlsəfi dərinlik, əzəmi şeiriyyat bu kiçik parçanın səciyyəvi cəhətləridir.

Poemanın sujeti son dərəcə dəqiq və məharətlə qurulmuşdur. Xosrovun Şirinə olan məhəbbəti poemanın əsas mövzusudur. Lakin şair əsas mövzu olan məhəbbəti dövrün ictimai, siyasi, əxlaqi hadisələri ilə təmasda, əlaqədə göstərmişdir. Əsas mətləb dahiyanə bir ekspozisiya ilə başlayıb. Zahirən bu ekspozisiyanın əsas məsələ ilə əlaqəsi yoxdur. Halbuki bu hadisə Xosrov mətləb üstünə gətirir, gələcəyini xəbər verir.

Beş yaşında hər kəsdən ibrət götürən, yaşı artdıqca biliyi artan, illər keçdikcə tükü tükdən seçən, tük kimi zərif sözlər danışan artıq on yaşında otuz yaşlıları heyran qoyan Xosrov uşaqlıqdan işığa, biliyə can atır. Yaş on üçü keçəndə könlündə hər şeyə maraq oyanır, dünyanın yaxşı və yamanın  dərk edir. Amma Xosrov ciddi səhvlər edir. İlk vaxtlarda Şirinin hissləri ilə oynayır. İnsan və aşıq kimi deyil, hökmdar kimi davranır. Ancaq türk qızı Şirin onun hökmdar şıltaqlığına tabe olmur. Budur türk qadınının böyüklüyü Şirinin və öz vicdanının səsini dinləyən Xosrov tədricən dəyişir, hökmdarlıqdan əl çəkir. Oğlu Şiruyə tərəfindən ölümcül yaralandıqda su istəmək üçün Şirini yuxusundan oyatmağa qıymayan Xosrov olur. Şirin isə Nizami humanizminin ən möhtəşəm ifadə formalarından biridir. Nizaminin sevgi fəlsəfəsi,insan haqqında anlayışı, qadına münasibəti, mənsub olduğu əfsanəvi-tarixi keçmişinə məhəbbəti bu surətdə cəmləmişdir. İnsan psixologiyasını dərindən bilən Nizami Şirini çox danışdırmağa, onun çox söz söyləməsinə ehtiyac görmür. Bununla bərabər hərəkət və düşüncələri haqqında bir qədər ətraflı danışmağı lazım bilir. O, Şirini də öz-özü ilə vuruşmada göstərir, onun da ağlı ilə hissi eyni dərəcədə soyuqqanlı, laqeyd deyildir. Düzdür, Şirin öz hissini, güclü məhəbbətini ağlına tabe etdirə bilir. Nizaminin qüdrəti ondadır ki, bunu bacarıqla əks etdirir:

Ağlı “təslim olma” deyərkən ona,

Nə arzu hakimdi, yarəb könlünə

Qazanmış tikan tək itiyidi yaman,

Nə xoşdur,qırmızı gül aça tikan

Zahirdə olsa acıqlı,ancaq

Könlü mehribandı, ürəyi yumşaq.

Şirin eşqə sədaqətini, ad və namusunu gözləmək bacarığını həmişə təsdiq edir. Xosrovun ölümündən sonra Şiriyənin eybəcər məhəbbətinə üzdə qəbul edib mənəviyyatca gülür. Fərhad isə öz təmənnasız zəhməti ilə, hünəri Şirini cəlb edir. Fərhadın zəhmətinin haqqını ödəməkdə acizlik çəkir. Qulağındakı sırğaları Fərhada bağışlayır. Oxucular bunu bir mənalı qəbul etməsələr də şair Şirin obrazının timsalında Fərhadın əməyinə baş əymiş olur.

“Xosrov və Şirin” poeması böyük intibah şairi – Nizaminin insan gözəlliyinə dərin inamını əks etdirən parlaq sənət abidələrindən biridir.

1188-ci ildə şair Şirvanşah Əxsitandan “Leyli və Məcnun” əfsanəsi mövzusunda yeni bir əsər yaratmaq barədə sifariş alır. Məhəmməd Cahan Pəhləvanın eşq mövzusunda əsər istəməsi kimi bu sifariş də intibah ideyalarının və əhval-ruhiyyəsinin nə qədər geniş yayıldığını, hakim təbəqələrə də təsir etdiyini göstərmək baxımından maraqlıdı. Əxsitan şairdən mədhiyyə, qəsidə yox, ayrı-ayrı hökmdarları tərifləyən əsər yox, eşq haqqında – əsası mahiyyət etibarılə insan haqqında poema istəyir. Eşqdən  yazmaq insandan yazmaq demək idi, ona görə Nizamini “Leyli və Məcnun” mövzusunda razı salmayan əsas bir cəhət vardı. Bu əfsanə kədərlə, faciə ilə bağlı idi.Belə bir əhval şairə xoş gəlmirdi.

Bu ayə olsa da aləmə bəlli,

Qəlbə gətirməyir şadlıq, təsəlli

Şadlıqdır,eyhamdır sözün  arxacı

Bunlarla düzəlmir söz ehtiyacı

Kədərlə, zəncirlə bağlansa dastan,

Sözlər çılpaq olar, can çıxar inan.

Nizami sevinc, şadlıq, uğurlu hadisələr təsvir etmək, insanda nikbin,gözəlliyin qələbəsinə inam doğuran əsərlər yazmaq tərəfdarıdır. ”Leyli və Məcnun”əfsanəsi ilə bağlı ənənə isə nikbin, uğurlu məzmunu rədd edirdi. Birdən-birə, özündən aslı olmayaraq faciəli bir əsəryazmaq zərurəti qarşısında qalan sənətkar həyatın faciəliyini əks etdirməkdən çəkinmir, qorxmur. Həqiqi intibah ziyalısı olan şair köhnəliyin sükutunu onunla birlikdə yeniliyin faciəsini göstərir. Nizami bu əsəri yaradərkən İbn Küteybənin “Şeir və şairlər kitabı”, Əbülfərəc İsfahanın “Nəğmələr kitabı”, İbn Sərracın “Aşiqlərin məhvi” kitablarını dərindən araşdırır. Tədqiqatçılar qeyd edir ki, Məcnun tarixi şəxsiyyət olmuş, VII əsrin sonlarında yaşayıb. Əsərdə dünya və insan problemi təkcə əsas hadisələrin, insan surətlərinin təsvirində deyil, şairin lirik ricətlərində, qəhrəmanların düşüncə söhbətlərində də öz əksini tapmışdır. Poemanın mərkəzi surəti Məcnundur. Faciənin müəyyən mənada səbəbi də,  obyekti də, nəticəsi də odur. Məcnun faciəsi zamanın zəruri nəticəsidir. Dünya mütəfəkkiri Getenin təbirincə desək, Məcnun qızılgül qoymağa yarayan billur güldan olduğu halda, Nizami onun içində palıd ağacı əkmişdir. Sevgi, insanlıq, sənət üçün yaranmış Məcnun dünyanın amansız  qanunları, bu qanunları yaşadan adamlar ilə üz-üzə gəlməli olmuşdur. Onun götürmək istədiyi yük ağır olduğu üçün onu əzib məhv etmişdi. Məhv olsa da, əzilsə də zəmanəsinə ağır bir zərbə endirmiş, onun alnına dəhşətli bir damğa basıb. Uğursuzluğunu dərk etməsi Məcnunun faciəsini daha da artırır. Dünyada başqaları kimi zamanın nəbzini tuta bilməyən, ictimai bəlaları həzm edə bilməyən, uzaq üfüqlərdəki qızartının həsrəti ilə tələsən, ona can atan böyük insan kimi bədbəxt olur. Zaman Məcnunu anlamaq üçün yetişməmişdi. Ona görə də zaman onu Məcnun (dəli)adı verib qanundan kənar elan etdi.

Leyli ilə Məcnun da bilirdilər: Bilirdilər ki, onların dövründə sevgi ən ağır, dəhşətli, bağışlanmaz cinayət hesab edilir. Bəli: zaman və onun tələbləri Leylini Məcnundan ayırdı. Məcnun həssas qəlbində ancaq bir duyğu mövcuddur – Leyli dünyası. Məcnun çöllərə düşdüyü vaxtda ən maraqlı məqamlardan – oxucunun diqqətini çəkən hissə maralla söhbət idi:

Dedi: Həsrət çəkən dağlar maralı,

Səndəmi tayından düşdün aralı?

Ey çöl qoşunun gözəl sarvanı

Dağlar döşündəki çadrın hanı?

Xoş ətirli canandan gətirir xəbər

Gözün sevgilimin gözünə bənzər.

Bu tordan qoy ayağın azad olsun

Yetiş öz tayına oda şad olsun.

Əgər Məcnun mühitlə barışmadığını bildirərək çöllərə düşür, heyvanlar arasında yaşayırsa, düşməndən Məcnun, divanə adı almaqdan çəkinmirsə, Leyli də İbn Səlama həqiqi arvad olmamaqla, öz eşqinə sədaqətini qorumaqla özünü təsdiq edir. Poemanın ilk səhifələrindən başlamış ölümünə qədər Leyli sonsuz bir həsrətlə Məcnunu axtarır, onu görmək,onun şeirlərini eşitmək istəyir. Leyli daim gözü yoldadır. Ata və ər qorxusu onu qanad açmağa qoymur.

Eşq ürək verir ki,səndə qanad aç,

Bu qarğa quzğundan kəklik kimi qaç

Ad ilə namusla: ”tərpənmə” deyər,

Tək uçan kəkliyi qızılquş yeyər.

Bir qadın nə qədər cəsur olsa da

Yenə də qadındır adı dünyada.

Məcnundan fərqli olaraq İbn Səlam poemada zəmanəsinin oğludur. Onun özü Məcnun olmadığı kimi, məhəbbəti də Məcnun məhəbbəti deyildir. İbn Səlam məhəbbəti, səadəti pulla almaq istəyir. Əsas səhvi də bu idi. Bunu Nizami cəmiyyətə çat bir ismarıc kimi çatdırmaq istəyir ki, məhəbbət, səadət pulla alınmaz.

Nizami faciəni labüdlüyünü, onun xoşbəxt sonluqla qurtarmasının qeyri-mümkünlüyünü inandırıcı göstərmək üçün bir neçə mühüm epizodu diqqətlə işləyir. Biri Nofəlin rəvayətlərdə tarixi şəxsiyyət kimi vergi yığan bir dövlət məmurudursa, Nizami onu xeyirxah məğlub edilməz bir sərkərdəyə çevirməsidir. Nofəl dövrünə görə bir qəhrəmandır, Məcnun faciəsi çərçivəsində isə gücsüzdür. Şairin dahiliyi, böyüklüyü ondadır ki, yazdığı hər bir poemasının mövzusunu uyğun bəhr, üslub, ahəng, hadisə və poetik dil xüsusiliyi ilə seçilir. Müqəddimədəki bəhslər də daxil olmaqla poemanın bütün hissələri vahid ideyaya tabe edilib, feodal qanunlar məngənəsində əzilən, boğulan insanın faciəsidir.

Sənətin ağır dolanbaclarından şərəfli bir yol keçən, zəngin yaradıcılıq təcrübəsi qazanan, müdrükləşən, həyat təcrübəsi və yaradıcı təxəyyülü kamilləşən Nizami yaradıcılığının qanuni nəticəsi “Yeddi gözəl” əsəridir. Bu əsər (1197-ci ildə yazılıb) əvvəlki poemanın təkrarı deyildir, hər hansı məzmunun nəzmə çəkilməsidə deyildir, Firdovsi “Şahnaməsi”dəki “Bəhramgur” hissəsinində dəyişdirilmiş varianti da deyildir. Bu arayıb-axtarmaqdan doymayan, dərin düşüncəli alimin axtarışlarının, böyük sənətkarın topladığı zəngin materialdan yonub, yoğrulub yeni canlı sənət heykəlidir. Əsas qəhrəman olan Bəhramın həyatını, fəaliyyətini nəzmə çəkmək şairin  ümdə fikri olmayıb. Əsas hadisələr Bəhramın yeddi gözəlin şəklini görmək, onları əldə etmək, peşman olub onlardan əl çəkmək xətti ilə bağlıdır. Hadisələr Xəvərnəq qəsrində cərəyan etməyə başlayır. Nizami burada da qəhrəmanı Yəmənə gətirdikdən sonra da tələsdirmir.

Hadisələrin təbii axını üçün imkan verir Bəhram ov edir, qəhramanlıq göstərir. Neman, Simnar əhvalatı başlayır.

Sujetdə mühüm yeri yeddi gözəlin danışdığı 7 hekayə təşkil edir.

Nizaminin “Yeddi gözəl” poeması həyat haqqında aktual düşüncələrin nəticəsidir. Əsərin sujeti qurulanda da bu cəhət nəzərə alınmış, son dərəcə müasir, zəngin həyatdan doğan bir poema yaradılmışdır:

Bircə qat telə çox gövhər düzmüşəm

Qorxuram qırılsın, xətər sezmişəm.
Doğrudan da poemanın yeddi gözəllə sujeti incə bir telə bənzədilə bilər. Bu tel əsərin zəngin məzmununu vahid bir məhvər ətrafında birləşdirmişdir. Yeddi gözəl, yeddi fərqli mədəniyyət:

Qara geyimli hind qızı (Saturn timsalı), Çin qızı (Sarı rəngli geyimdə), Xarəzm gözəli (yaşıl geyimli), Havay gözəli (qırmızı paltarlı), Məğrib gözəli (firuzəyi paltarlı), Rum (bizans) gözəli (səndəl ağacı rəngli paltarda), İran gözəli (ağ rəngli paltarda).

Əsərdəki bütün hekayələr poemanın ümumi qayəsi ilə birləşərək müxtəlif şəkillərlə xeyirin şər üzərində qələbəsini təsdiq edir, insana və insanda gözəlliyin qələbəsinə inamı göstərir. Bu hekayələr poema ilə birlikdə Azərbaycan və Şərq intibahının ən böyük nümayəndəsi olan Nizaminin fikir və sənətkarlıq qüdrətinin parlaq şəkildə təcəssüm etdirir. Sanki şair poemada yeni insan axtarışında idi. Əsərdəki Yəzdqurd Neman, Fitnə, Çoban Rast-Rövşən, Çin xəqanı, Mənzər, Sidə, Simnar və başqa sürətlər ilk növbədə Bəhramguru daha yaxşı başa düşməyə kömək edir. Nizami Bəhram surəti ilə ədalətli şah necə olmalıdır sualına cavab verməklə bərabər insanın özünün axtarışını göstərir. ”Yeddi gözəl”poeması məzmun və forma, şairin humanist ideyalarının ecazkar bir qüdrətlə ifadə etmək baxımından ən maraqlı əsərlərdən biridir, dahi şairin yeni böyük yaradıcılıq qələbəsidir.

“İsgəndərnamə” əsəri Nizami yaradıcılığının əzəmətli bir yekunudur.İstər mövzunun seçilməsi və onun işlənməsi, istərsə də zamanın tələbindən irəli gələn mühüm əhəmiyyətli məsələlərin qoyulması baxımından bu, Nizami yaradıcılığını bitirir. Yaxın və Orta Şərq ölkələri xalqlarının ədəbiyyatında yeni və qanuna uyğun bir hadisədir. Belə bir əsərin meydana çıxmasının bir tərəfdən Nizaminin öz ədəbi fəaliyyəti,axtarışları, o biri tərəfdən yaxın şərq xalqlarının elm və incəsənətinin gur inkişafı hazırlamışdır.

Makedoniya fatehinin hərbi qələbələri, qərbin, xüsusəndə şərqin bir çox ölkələrini az bir zamanda tutması, onun Şərqdə birinci müəllim kimi tanınan böyük Yunan filosofu Ərəstu ilə yaxınlığı vəsair ona böyük şöhrət qazandırmışdır, haqqında çoxlu uydurmalar, əfsanələr, rəvayətlər yaradılmış bir sərkərdə, alim, peyğəmbər, Allahın iradəsini yerinə yetirən bir şəxsiyyət kimi tərənnüm edilmişdir.

İsgəndərin ölümündən bir qədər sonra Klitarx və Onesikrit onun tərcümeyi-halını yazmağa göstərmiş, Plutarx və başqa tarixçilər bu tərcümeyi-halıda genişləndirməyə, dəqiqləşdirməyə çalışmışdır. İlk vaxtlar İsgəndər Şərq mənbələrində şər qüvvə, dağıdıcı bir işğalçı kimi təqdim edilir. ”İsgəndərnamə” iki hissədən ibarət olması ilə də (“Şərəfnamə” və “İqbalnamə”) yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiqləyir. Şair əsərdə İsgəndəri Filippin oğlu olduğunu bir daha təsdiqləyir. İsgəndər dünyaya gələn vaxt hakim Nikomaxosun da oğlu olub, onun adını Ərəstu qoyublar. İsgəndər və Ərəstu ilk dərsini hakim Nikomaxusdan alıb. Hətta Ərəstu öz atasından öyrəndiklərini İsgəndərə də öyrədir. Müəllimi, İsgəndərə ölümü ərəfəsində vəsiyyət edib ki, Ərəstundan ayrılmasın, onu özünə vəzir edib məsləhətlərinə qulaq assın, müəllimin haqqını oğluna çatdırsın.

Nizamiyə qədərki ədəbiyyatda – “Şahnamə”də Əristalis (Aristotel) adına rast gəlinsə də oxucuya bu əsərdəki qədər tanıdılmır. Beyləquş kimi ədalətli, ağıllı, sülhsevər bir hökmdarın ailəsində doğulmaq, uşaqlıqdan at minməyi, qılınc oynatmağı öyrənib, dövrünün ən yaxşı alimlərindən dərs almaq, Ərəstu kimi antik dövrün dahi bir zəkası ilə bir yerdə oxumaq onun təbiətindəki tükənməz imkanları üzə çıxarır, gələcək qələbələri üçün zəmin yaradır. ”Şərəfnamə”nin əsas sütunları İsgəndərin Misir, İran, Bərdə, Hindistan, Çin (Türkistan) səfərləri, ruslarla müharibələri və zülmət aləminə səfəridir. Bu hissədəki Dara, Pələngər, Nüşabə, Çin xaqanı kimi surətlər İsgəndər – kimliyini təsvir etmək üçün xüsusi yaradılmış obrazlardır. Əsərin utopik olması (reallıqdan uzaq)isə şairin dünya görüşünün təcəssümüdür.

İsgəndərin Bərdəyə gətirilməsi şairin vətənpərvərliyini, eyni zamanda isə türk xanım qadının böyüklüyünü göstərmək üçün atılmış əsaslı addımdır.

Erkək tinətliyəm, olsam da qadın

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən biraz,

Aslanın erkəyi, dişisi olmaz!

Nüşabə İsgəndər kimi aqil, alim, qadir bir dünya fatehinə meydan oxuyan, onun öz önündə diz çökdürən qadın qəhrəmanıdır – şairin. Şair Nüşabəni gözəllik, insanlıq, ədalət, mərdlik mücəssiməsinə çevirir.

“İqbalnamə”də Nizami ictimai-fəlsəfi düşüncələrə üstünlük verir, insan ağlının təntənəsindən, insan təbiətinin qadir olduğu bəzi duyğulardan, elm və din, ağıl və əxlaqdan söz açır. Bu hissədə alimlərlə görüş əsas sujet xəttidir. ”İsgəndərlə Sokratın söhbəti”, ”Alimlərin Hörmüzü inkar etmələri”, ”Əflatunun çalğı aləti hazırlaması”, ”Əflatunun keçmişdən əhvalat söyləməsi” və s. kimi başlıqlar yer alıb.

Dünyanın ən məşhur alimlərinin bir araya gətirib böyük Nizami: Əflatun (Platon), Ərəstu (Aristotel), Valis (Fales), Fərfuriyus (Porfiri), Bəhnaz (Plin), Sokrat, Hermes kimi tanınmış şəxsiyyətlərlə İsgəndər bir xəlvətə çəkilib dünyanın yaradılması haqqında elmi söhbət, fikir mübadiləsi aparıb.

Əsərin gedişində İsgəndər hökmdar, alim olaraq qalır, lakin onun xarakterinə yeni bir keyfiyyət əlavə olunur. O həm də peyğəmbər olur, Allahın iradəsi ilə dünyanı dolaşaraq yer üzündə yaşayan bütün insanları həqiqət yolunma dəvət edir.

Əsərdə Nizaminin təsvir etdiyi “Xoşbəxtlər ölkəsi”, bu ölkənin həyatı,ictimai münasibətləri dahi şairin humanist arzularının bəhrəsi idi.

Nizami irsinin öyrənilməsi öz dövründən başlamışdır. Şairlər, alimlər təzkirə və tarix əsərlərinin müəllifləri onun haqqında heyranlıqla danışmışlar. XIII əsrdə yaşamış hind şairi Əmr Xosrov Dəhləvi onun şagirdi olmaqla fəxr etmiş və yazmışdır:

Nizami hər sözü demiş birinci

Qoymamış cilasız qalsın bir inci.

XIV əsr Azərbaycan şairi Ə.Təbrizi isə məsnəvinin Nizami ilə qurtardığını qeyd edib.

Nizami irsinin müasir tədqiqi macar alimi Baxerin “Nizami və əsərləri” monoqrafiyası ilə başlamışdır. İlk dəfə bu əsərdə şairin öz əsərləri əsasında onun tərcümeyi-halı yaradılmışdır.

Avropada Levi, Arberri, Y.Ripka və b. Nizami haqqında oçerklər yazmışlar. Rusiyada Nizami irsini Bertels gözəl tədqiq edib. ”Böyük Azərbaycan şairi Nizami“ (1940), ”Nizami” (1948;1956) və “Nizami-Füzuli” kitabları Nizamişunaslığın ən yüksək naliyyətidir.

Nizami irsinin Azərbaycanda öyrənilməsi sahəsində daha çox iş görən filoloq-tədqiqatçılar: Həmid Araslı, M.Quluzadə, M.Rəfili, Ə.Səfərli, Q.Əliyev və b. olub.

Nizami Gəncəvi əbəs yerə klassik şair adlandırılmayıb! Nizami irsi bugün də öz aktuallığını və müasirliyini saxlayır və inanırıq ki, illər sonra da saxlayacaq!

JALƏ ALIZADƏ,

İsmayıllı şəhəri N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi   

 

 

 

 

 

 

 

Şərh Yaz