Dahi özbək şairinin hikmətləri Azərbaycan dilində çapdan çıxıb         

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Əlişir Nəvainin hikmətləri” kitabı Bakıdakı “Nüsxə” nəşriyyatında Azərbaycan və özbək dilində çap olunub.

Kitab Özbəkistan Elmlər Akademiyasının Əbu-Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun Klassik Şərq ədəbiyyatı şöbəsi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib və institutun Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.

Layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, elmi məsləhətçi tarix elmləri doktoru, professor Bəhram Aduxalimov, nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru Kamilcan Rəhimov, özbək dilindən uyğunlaşdıran Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahməmməd Dağlaroğlu, Azərbaycan dilindəki mətnləri uyğunlaşdıran Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Qasımova, redaktorları filologiya elmləri namizədi Səliməxon Eşanova və filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir.

Kitabda şairin müxtəlif əsərlərində yer almış hikmətli kəlamları və ibrətamiz deyimləri cəmləşib. Bu kəlamların qələmə alındığı vaxtdan əsrlər keçsə də onlar öz təsir gücünü, tərbiyəvi əhəmiyyətini bu günümüzə qədər gətirib çıxarıb.

Qeyd edək ki, “Əlişir Nəvainin hikmətləri” adlı əsər Özbəkistanın, türk dünyasının böyük şairi Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə Azərbaycan dilinə tərcümə olunaraq çap edilib.

Həyata vəsiqə almış layihənin rəhbəri – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, xeyirxah insan Samir Abbasova, kitabın ərsəyə gəlməsində zəhməti olan digər tanınmış elm, sənət və qələm sahiblərinə, eləcə də AZƏRTACın Orta Asiya üzrə xüsusi müxbiri, xoş xəbərlər carçısı Qulu Kəngərliyə minnətdarlıq edirəm.

Ş.Dağlaroğlu

Şərh Yaz