“Gənc peşəkarlar” klubu                           

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə  V qrant müsabiqəsi elan etmişdir. Bu müsabiqədə rayonun Tircan kənd tam orta məktəbinin tarix müəllimi Gülyanaq Əliyeva fərdi kateqoriya üzrə “Gənc peşəkarlar” klubu”  layihəsini təqdim edərək qalib oldu.

“Mahir  bir palançı olsa da insan

Yaxşıdır yarımçıq papaqçılıqdan

Nizami Gəncəvi

Peşə – insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir.

Hər bir şəxsin, xüsusilə gənclərin peşə və ya ixtisas seçimində diqqətli olmaları, şəxsi keyfiyyətlərini, qabiliyyətlərini, fizioloji xüsusiyyətlərini araşdırmaqla seçim aparmaları məsləhətdir ki, gələcəkdə peşmançılıq hissi keçirməsinlər.

Həmişə olduğu kimi indi də məktəblərdə şagirdlərin arasında dərsi qavrama bacarığında fərq var. Onlar fənləri bir o qədər də dərindən dərk etmirlər və odur ki, ali məktəblərə qəbul olmaq arzularından vaz keçirlər. Lakin valideynlər bununla razılaşmaq istəmirlər və övladlarının gələcəkdə ali təhsil alması üçün çalışırlar.

Onların ali təhsil almağını hər hansı peşəyə sahib olmaqdan üstün tuturlar.

Bəzi şagirdlər isə özləri peşə tədris məktəblərində təhsil almağın cəmiyyətdə bir o qədər müsbət qarşılanmadığını düşünürlər.

Şagirdlərin çox zaman valideynlərin öz arzularını həyata keçirmək istəkləri nəticəsində və ya digər səbəblərdən  düzgün istiqamətləndirilmirlər.

Bəzi şagirdlərin öz bacarıqlarını üzə çıxara bilməməsi də əsas səbəblərdən biridir

Zəif oxuyan şagirdləri Peşə tədris Mərkəzlərinə yönəltmək layihənin əsas məqsədidir.

Odur ki, biz müəllimlər zəif oxuyan şagirdlər və onların valideynləri ilə söhbətlər aparırıq. Onlara Peşə Tədris Mərkəzinin müsbət cəhətlərini izah etməyə çalışırıq.

Şagirdlərdə və valideynlərdə Peşə Tədris Mərkəzlərinə maraq oyatmaq lazımdır. Elə bu məqsədlə bu layihəni həyata keçirmək qərarına gəldim.

Şagirdlər bu layihə zamanı  təşkil edilən “Gənc peşəkarlar” klublarında maraq göstərdikləri peşələri  təşkil edilən kursların sayəsində daha da dərindən öyrənəcək  və sevəcəklər. İnanırıq ki, kurslarda iştirak edən 100 şagirddən 80-i Peşə Tədris Mərkəzlərində təhsillərini davam etdirməyə həvəslənəcəklər.

“Gənc peşəkarlar” klubları gələcək nəsilin həyatında böyük rol oynayacağına əminəm. Bu klublar gənc nəsilə hələ erkən yaşlarında sevdikləri peşələrə az da olsa yiyələnməkdə böyük rol oynayacaq.  Onların gələcək həyatlarına bir işıq salacaq. Xüsusiylə də ucqar kənd məktəblərində təhsil alan şagirdlərin cəmiyyətdə öz yerini tutmağa zəmin yaradacaq.

Layihəmizin sonunda  zəif oxuyan şagirdlər arasında peşələrə sevgi artırılacaq. Nəticədə cəmiyyətə yararsız olduqlarını düşünən belə şagirdlərdə ruh yüksəkliyi yaradılacaq. Onların cəmiyyətə bir peşəkar sənətkar kimi lazım olduğu sübut ediləcək.

Peşə Tədris Məktəbi ilə əlaqə yaradılacaq və  şagirdlər təhsillərini bu tədris mərkəzində davam etdirilməsinə zəmin yaranacaq.

Valideynlərin düşüncələrində az da olsa dəyişiklik olacaq. Övladları özlərini sevdikləri sahələrdə tapacaqlar.

Qızlar peşə məktəblərinə cəlb ediləcək. Bu da onları erkən nigaha girməkdən qoruyacaq. Gələcəkdə sosial vəziyyətlərinin yaxşılaşdırılmasına kömək edəcək. Layihə zamanı  yaradılan “Gənc peşəkarlar“ klubları zəif oxuyan şagirdlərin hansısa peşəyə marağını artırmağa şərait yaradacaq və klublar mütəmadi olaraq fəaliyyət göstərəcək.

Məktəblərin texnologiya müəllimləri və həvəskar müəllimlər bu klublarda fəal iştirak edəcəklər.

Bir sözlə, bu layihə həyata keçirilərsə  şagirdlər üçün gələcək həyatlarında böyük bir irəliləyişə imza atılacaq.

Gülyanaq Əliyeva,

İsmayıllı rayon Tircan kənd tam orta məktəbinin tarix müəllimi, layihə rəhbəri

 

Şərh Yaz