Yaddas kitabcasi

Tariximizin ən böyük amnistiyası

Amnistiya yunan sözü olub “unutma, bağışlama” mənasını verir. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğunun götürülməsi də mümkündür.

Cəzaçəkmə sahəsində ədalət prinsipinə riayət olunması ümummilli lider Heydər Əliyevin humanizm siyasətinin əsas qayələrindən biri olmuşdur. Bu siyasətin nəticəsi olaraq təkcə 1995-2003-cü illərdə ulu öndər tərəfindən 32 əfv fərmanı imzalanmışdır ki, bunun nəticəsində 3 mindən artıq şəxs bağışlanılaraq cəzalardan azad edilmişdir.

Azərbaycanda ölüm hökmünün icrasının dayandırılması da ümummilli lider Heydər Əliyevin uğurlu addımlarından biri olmuşdur. 1998-ci ildən etibarən ölüm hökmü tamamilə ləğv edilərək, Respublikamızın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür.

Hər bir şəxsin azadlıq hüququ onun dünyaya gəlməsi ilə ona mənsub olan əsas təbii hüquqdur. Ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər hər şeydən əvvəl respublikamızın hərtərəfli inkişafı və gələcək perspektivləri üçün zəmin yaratmışdır. Əzəldən bəri ümummilli lider Heydər Əliyevin  öz xalqının hüquq və azadlıqlarının qorunmasında əsasını qoyduğu humanizm ənənələrini uğurla davam etdirən Prezident cənab İlham Əliyev hər zaman əfvetmə və amnistiya institutlarının çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin etmiş və cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirmişdir.

Amnistiya aktlarının qəbul edilmə təşəbbüsləri ölkəmizdə cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətkarlığın pofilaktikası baxımından, o cümlədən məhkumlarının sayının azaldılmasına gətirib çıxaran vacib bir amilə çevrilib. Bu təşəbbüs, həmçinin ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir.

Azərbaycanda həyata keçirilmiş uğurlu siyasət nəticəsində 1995-2021-ci illər ərzində 11 amnistiya aktı qəbul edilmişdir. Həmin aktlardan 4-ü Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-2016-cı illərdə qəbul edilmişdir. Sonuncu amnistiya aktı məlum olduğu kimi 2016-cı ildə 28 May – Respublika Günü münasibətilə qəbul olunmuşdur. İndiyə qədər qəbul edilən amnistiya aktları 117 min şəxsi əhatə etmişdir.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfərin birinci ildönümü ilə bağlı bu qələbənin memarı müzəffər Ali Baş Komandan İlham Əliyevin Milli Məclisə təqdim etmiş olduğu yeni amnistiya aktı isə tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə tariximizin, demək olar ki, ən böyük əfv sənədidir. Bu əfv sənədi əslində böyük qələbənin qızıl amnistiyasıdır. İndiki amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunmasıdır.

Azərbaycan  Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin işğaldan azad olunmasının Azəbaycan xalqı üçün müstəsna əhəmiyyəti vurğulanıb və məhz Zəfər Günü ərəfəsində Vətən müharibəsinin birinci ildönümü ilə bağlı amnistiya təşəbbüsünün zərurəti əsaslandırılıb. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapmışdır.

Bu Akt əsasən Vətən müharibəsində və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin  yaxın qohumları, Vətən müharibəsində və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə  Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunan şəxslərə, həmçinin Xocalı soyqırımında əlil olan şəxslər, həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumlarına, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslərə, eləcə də həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxınn qohumlarına da  tətbiq ediləcəkdir.

Amnistiyanın tətbiqi məsələlərinin həllində Azərbaycan Prokurorluğu da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrinin müəyyən edilməsi məqsədilə Baş prokuror tərəfindən 5 noyabr 2021-ci il tarixdə imzalanmış əmrdə 2020-ci ilin sentyabr ayının 27-dən etibarən Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq II Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda rəşadətli ordumuzun tarixi qələbəsi xüsusilə vurğulanaraq, həmin əmrin məqsədi prokurorluğun rəhbər heyəti tərəfindən Qərarın təxirəsalınmadan və düzgün icra olunması təmin edilməklə, icra zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsi, prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyanı tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsi üçün zəruri tədbirlərin görülməsi olmuşdur.

Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini dərk edərək gələcəkdə bu kimi səhvlərə yol verməməlidir.

Sirr deyil ki, Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, dövlətçiliyimizi daha da gücləndirib. Belə bir vaxtda amnistiyanın elan olunması Ulu öndərimizdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir. Zəfər günü münasibətilə qəbul olunan bu amnistiya aktı minlərlə insana azadlıq, ailələrə sevinc bəxş etmiş oldu. Mərhəmət, xeyirxahlıq, bağışlamaq kimi ən ali keyfiyyətlərə malik olan cənab İlham Əliyevin bu humanist siyasətini xalqımız yüksək qiymətləndirir. Bu da insanların ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Zənnimcə, bu amnistiya Azərbaycan cəmiyyətinin haqq-ədalətə, insan hüquqlarına olan inamını daha da gücləndirəcək, məhkum olunmuş şəxslərdə müsbət motivasiya yaradaraq, onları pis əməllərdən çəkindirəcəkdir.

Raya Qəfərova,

İsmayıllı rayon prokurorunun köməkçisi

 

Şərh Yaz