NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA QADINA YENİ BAXIŞ                  

Dünya ədəbiyyatının aparıcı mövzusunun məhəbbət mövzusu olduğu heç kəsə sirr deyildir. Dünya bədii fəlsəfi ədəbiyyatında daha çox məhəbbətin bir növü – qadınla kişi arasındakı məhəbbət öz əksini tapmış və bu zəngin, çoxçalarlı duyğunun başqa tərəfləri müəyyən mənada kölgədə qalmışdır.

Dünya ədəbiyyatının müxtəlif dövrlərinə nəzər salsaq görərik ki, qadın-kişi münasibətlərinə baxış heç də birmənalı olmamışdır. Məsələn, qədim yunan cəmiyyətində qadına ayrılan ikinci dərəcəli rol böyük filosof Aristotelin əsərlərinə də təsirsiz qalmamışdır. O, məhəbbəti qadınla kişi arasındakı münasibətlərdən daha çox insanla Tanrı arasındakı münasibətlər kimi qiymətləndirmişdir.

Qədim türk dastanlarında qadına münasibət məsələsi daha maraqlıdır. Kitabi-Dədə Qorqud dastanının elə birinci boyundan biz qadınların kölə vəziyyətində, ikinci dərəcəli məxluq olmadığını görürük. Maraqlıdır ki, ”bu, təkcə qadınların özləri tərəfindən deyil, kişilər tərəfindən də etiraf edilir. Məsələn, Bayandır xanın buyruğu ilə oğlu, qızı olmadığına görə qara çadıra aparılan, altına qara keçə döşənib qara qoyunun ətindən  qovurma yedirdilən və bir oğuz bəyi kimi bu baxımdan izzəti-nəfsi təhqir edilən Dirsə xan ”bu qara eyib bana  ya bəndəndir, ya xatundandır” deyir. Göründüyü kimi, Dirsə xan kişi və qadın arasında günahları tən bölür”.

Məhəbbətin kişi ilə qadın arasındakı qeyri-qanuni akt kimi təqdiminə abidədə cəmi iki yerdə rast gəlmək olur – “Basatın Təpəgözü öldürdüyü boy”da çobanın pəri qızı ilə münasibəti, ”Uşun qoca oğlu Səgrək boyu”nda yetim qızla yetim oğlanın münasibəti. “Məhəbbət mövzusunda həya-abır baryerinin keçilməməsi, açıq-saçıq səhnələrin verilməməsi və bunun ümumiyyətlə eyib  ayılması sonrakı ədəbiyyatımızda da öz ənənələrini möhkəm qoruyub saxlayır və bu baxımdan, məsələn qonşu İran ədəbiyyatı ilə fərq nümayiş etdirir“. Bu isə hər şeydən əvvəl xalqın, müəllifin əxlaqi prinsipləri, mentaliteti ilə bağlıdır. Müqayisə üçün deyək ki, orta əsrlər şərqində geniş yayılmış “Əlfiyyə-şəlfiyyə” janrında əsər yaratmış Fəxrəddin Əsəd Gürganinin (XI əsr) kişi və qadın arasındakı cinsi münasibətlərin bədii təsvirinə həsr olunmuş “Vis və Ramin” açıq-saçıqlığına, açıq səhnələrin təsvirinə görə hətta iranlı alimlərin özləri tərəfindən tənqid edilmişdir.

İnsan cəmiyyətinin yaranmasının qadınla bağlı olmasına baxmayaraq, zaman-zaman qadına münasibət çox adi olmuşdur. İslamiyyətdən əvvəl qadın kişinin şəhvətinə məhkum olunan adicə bir varlıq idi. Kəbinsiz qadınlar ən adi canlı kimi H.Cavidin də dediyi kimi, ”ən nəfis işvəli bir qüvvə” – deyə başqasının zövqünə, istəyinə uyğun olaraq alınıb-satılırdı. Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan qadınlara münasibət müxtəlif  dövrlərdə və quruluşlarda, islamaqədərki sivilizasiyalarda çox acınacaqlı bir şəkil almışdı. “Şərqə  mədəniyyət ixrac edən” qərb dövlətlərində bu günə qədər qadınların bir çoxu əyləncə alətidirlər. Təəssüflər olsun ki, bu cür arzuolunmaz hallar bizim məmləkətdən də yan keçməmiş və illərlə formalaşmış əxlaqımızın içindən parçalanmasında öz təsirini göstərmişdir. Lakin təmiz bir din olan İslam öz gəlişiylə bu zərif məxluqların mənəvi və fiziki cəhətdən əzilməsinin üstündən xətt çəkmiş, qadını öz layiq olduğu zirvəyə qaldırmışdır.

Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından Nizami elə bir dövrdə yaşayırdı ki, hələ insanlığın etik-əxlaqi prinsiplərinin ədəbiyyata yol alması təzə-təzə formalaşmaqda idi. Nizamidən əvvəl, istərsə də onun yaşayıb-yaratdığı dövrdə qonşu xalqların əxlaq normaları və prinsipləri ilə türk etik-didaktik yaşayış və davranış prinsipləri, eləcə də qadına baxış və ona münasibət, cəmiyyətdə qadına ayrılan yer və rol haqqında düşüncələr, qadın şəxsiyyətinə verilən qiymət arasında böyük fərqlər aşkara çıxarmaq mümkündür. Elə buna görə də fars etnik ədəbi mühitində geniş yayılmış açıq-saçıq, çox zaman isə ədəbsiz səhnələr türk ədəbi mühiti üçün məqbul sayılmır, yolverilməz hesab edilirdi. Nizaminin ümumən insanlara verdiyi qiymət  qadınlara da aid edilir. Şairin yaratdığı qadın obrazları cəmiyyətin müxtəlif zümrələrindən, təbəqələrindən götürülmüşdür. Bunların arasında hökmdar da var, kəniz  də var, döyüşçü də.

İlk peması “Sirlər xəzinəsi“ndə qadın surəti və onun cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq və hüququnu tələb etməsi “Sultan Səncər və qarı“ mənzuməsində çox inandırıcı bir şəkildə verilmişdir:

Zülm edib bir dul qarıya çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından,

Dedi: “Səndə zülm az görməmişəm,  qulaq as,

Səndə gördüyüm zülm əsla hesaba sığmaz.

Bir kefli darğa gəlib evimdə məni döydü-döydü,

Salıb təpik altına məni doyunca söydü-söydü.

Göründüyü kimi Nizami Gəncəvi dul və yaşlı qadının dili ilə ölkəyə və qadına düzgün münasibəti bərqərar etməyə çağırır.

Nizami poemalarının qadınlarını birləşdirən ümumi xüsusiyyətlər vardır: zəriflik və gözəllik, zəka və sədaqət, tədbirlilik və səmimiyyət. Əsərlərdə qadının əksər hallarda bir tərbiyəçi, nəsihətçi kimi çıxış etməsi onun  analıq funksiyasından irəli gəlir. ”Qadına münasibət məsələsində öz sələfləri və müasirləri  içərisində tutduğu unikal üstün mövqeyi aydın başa düşən şair, yeri gəldikcə həməsrlərinin qadına baxışını da bu və ya digər bir obrazın dili ilə ifadə etməyi və buna öz sənətkar etirazını bildirməyi də unutmur. Şairin qadınlığa hüsn-rəğbəti o qədər böyükdür ki, o hətta mənfi qadın obrazı da yaratmamışdır”. Nizaminin qadın obrazları əsasən xeyir işlərdə fəaliyyət göstərir, o dövrdə geniş yayılmış qadın hiyləsi və fitnəsi haqqında təsəvvürlərə qətiyyən cavab vermirlər. Bu isə hər şeydən əvvəl ondan irəli gəlir ki, Nizami qadına bir ana kimi baxır və bu analıq funksiyasını o, qlobal kontekstdə götürür. Nizami poemalarında qadının əksər hallarda bir tərbiyəçi, nəsihətçi  kimi çıxış etməsi də məhz onun analıq funksiyasından irəli gəlir. Nizaminin qadın obrazları gözəllik etalonu olduqları kimi, həm də nəciblik, xoş əxlaq, sədaqət simvoludurlar.

Nizaminin qadın obrazları şəriət ehkamları qarşısında itaət göstərir, xoşbəxt həyatı ancaq namuslu nigahda görürlər. Bu cəhətdən şairin Şirin, Leyli kimi qəhrəmanları xarakterikdir.

Nizami Gəncəvinin ikinci poeması “Xosrov və Şirin“də qadın azadlığı, onun sevib-sevilməsi, haqqını tələb  etməsi, ana kimi yüksək bir ada layiq olması və cəmiyyətin aparıcı qüvvəsi olması, bəşəriyyətin onsuz yetim qalması ideyası çox bariz şəkildə göstərilmişdir. Müəllif əsərdə Şirinin bibisi Məhinbanunun qardaşı qızına verdiyi nəsihətlərdə qadın qürurunun hər şeydən üstün olduğunu vurğulyır:

Bilər göylər də, vardır səndə ismət,

Sənə şahlıq olar dünyada qismət.

Əgər o Aydırsa, biz də Afitabıq,

O Keyxosrovsa, biz Əfrasiyabıq

Qəbahətdir kişi ardınca getmək

Qadınlarçun eyibdir böylə etmək. 

Və ya:

Qadınlar var durar orda ərən tək,

Kişi çoxdur, qaraüzdür ölən tək.

Bu sözlərlə Məhinbanu Şirini eşqində alçalmamağa, məğrurluğunu sındırmamağa çağırır.

Nizaminin Şirini sevir, lakin sevgini cismani ləzzət almaq, şəhvani ehtirasına tabe olmaq kimi başa düşmür. O, sevgiyə daha real, yüksək düşüncə ilə yanaşır, yaxşı adı hər şeydən üstün tutur, hisslərinə qalib gəlməyi bacardığı üçün insan kimi ucalır, namuslu məhəbbət fədaisinə çevrilir. Qadın-kişi münasibətlərində Nizaminin görmək istədiyi əsas cəhət halallıqdır, yəni xalqın uzun əsrlər boyu üstün tutduğu əxlaqi normalara uyğunluqdur. İlk poeması “Sirlər xəzinəsi”ndə Nizami məhəbbəti müxtəlif yönlərdən izah etmiş, məhəbbəti humanizm, insana məhəbbət şəklində vermişdir. Nizami bu məhəbbəti “həvəsnamə”yə qarşı qoyur və buna görə də sifarişçinin tələbi ilə “həvəsnamə” yazmalı olduğundan şikayətlənir. ”Ancaq Nizami qarşısına “həvəsnamə”ləri kor-koranə təqlid etmək məqsədi qoymamış, şəhvət və ehtiras mənalarını ifadə edən həvəs sözünə yeni fəlsəfi məzmun vermiş və bu janra gətirdiyi yeniliyi “ağılı həvəsləndirən pak həvəs” yaratması  ilə izah etmişdir”.

Nizaminin “Xosrov və Şirin” əsərində verilən Şirin obrazı uzaqgörən və ağıllıdır. Şirin sevdiyi insanın mənəvi cəhətdən kamilləşməsinə, həyatda mərhələ-mərhələ yüksəlməsinə kömək  edir. Uzun müddət şahlığın verdiyi imtiyaz və imkanlar nəticəsində Xosrov səhvlər edir, cinayətə gedir. Həyatda Şirin kimi günəş təbiətli bir  şəxslə qarşılaşması, onu sevməsi Xosrovun üzündəki eybəcərlik pərdəsini tədricən cırıb atır, qəlbinin dərinliklərində gözəlliyə, məhəbbətə olan güclü meyil onu ucaldır, xırdalıq, yüngüllük, səthilik içində batıb qalmağa qoymur. İki fərd arasındakı məhəbbət əslində Nizami üçün fəlsəfi fon rolunu oynayırdı və bu kontekstdə o, öz yüksək humanist ideyalarını şirin bir dillə oxucuya çatdırmaq, məhəbbətin köməyi ilə insanı kamilləşdirmək, gözəlləşdirmək, vəhşi ehtiraslardan və instinktlərdən uzaqlaşdırmaq, bu dünyanın gözəlliklərindən həzz almağa yönəltmək istəyirdi.

Qadının ailəyə, nigaha bu qədər sədaqəti Nizami yaradıcılığında əsas yer tutur. Nizaminin Leylisi, Şirini ailə-nigah məsələlərində xalq adət-ənənələrinə hörmətlə yanaşaraq ləyaqəti hər şeydən üstün tuturlar. “Qadını “ya pərdədə, ya da gorda” görmək istəyən İsgəndərin bir qədər sonra Nüşabənin ağlı qarşısında heyran qalması buna nümunədir“.

Şairin beşinci poeması “İsgəndərnamə“dəki Nüşabə surəti xüsusilə diqqəti cəlb edir. Nizaminin Nüşabəsi sanki bütün qadın obrazlarının tamamıdır. O, qadın haqlarının müdafiəçisi, qadın müdrikliyinin mücəssəməsidir:

Erkək tinətliyəm olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.

Nizami Gəncəvi özünəqədərki ədəbiyyatda qadına olan bütün baxışların səmtini böyük sərkərdə İsgəndərin dilindən verilən “qüvvətdə erkәkdәn ucadır adın” sözləri ilə dəyişir.

Bununla bәrabәr diqqәt edincә,

Sözlәrin yerlidir, doğrudur mәncә.

Eşq olsun bu fikri sağlam qadına

Mərdliyin yolunu göstərir mana.

Müəllif qadın iradəsinin möhkəmliyini, qadın sevgisinin zənginliyini, qadın fədakarlığının intəhasızlığını bu surətlər vasitəsilə əks etdirir.

Göründüyü kimi, Nizami Gəncəvi adını idarəedici bir qüvvə kimi, əlçatmaz bir varlıq kimi təsvir edir. Bütün bunlar müəllifin qadına baxışında, o cümlədən o dövr ədəbiyyatımızda qadına münasibətdə bir yenilik idi. O, qadına bu prizmadan yanaşaraq cəmiyyətin təfəkküründə yanlış formalaşmış qadın obrazını təzələməyə, yeniləməyə cəhd göstərir. Müəllif insanları bu yanlış təsəvvürlərdən qurtulmağa səsləyir. Axı qadın cəmiyyətin əsas üzvüdür. Qadın cəmiyyətin yaradıcısıdır. Axı hər bir qadın bir anadır. Nizami burada sədaqət, vəfa, xeyirxahlıq, ismət, ləyaqət, gözəllik, nəciblik, zəriflik, uca Yaradana inam anlayışlarını məhz “qadın” sözündə, ”qadın” anlayışında cəmləmişdir. Dahi sənətkar yaratdığı bu qadın surətləri vasitəsilə cəmiyyətin qadın haqqındakı bütün anlayışlarını alt-üst edir. Onların simasında insan mənəviyyatının əzəmətini, insanın qüdrət və gözəlliyini üzə çıxarır.

Əsmər Cəfərli,

İsmayıllı rayon Keyvəndi kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi,

Bakı Dövlət Universitetinin bakalavrı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz