“Mənim peşəm mənim gələcəyimdir!” layihəsinin seminarı keçirilib                     

19 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində icra edilən “Mənim peşəm mənim gələcəyimdir!” layihəsi mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova, təlimçi Elnarə Qasımova və rayonun Təzəkənd kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib. Tədbiri giriş nitqi ilə İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbinin direktoru Elxan Bədəlov açıb.
Ardınca çıxış edən layihə rəhbəri, rayonun Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəfa Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib.  “Mənim peşəm mənim gələcəyimdir!” adlı maarifləndirici flayerlər də hazırlanıb və yaxın zamanlarda İsmayıllı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub.
Təlimçi Elnarə Qasımova məktəblilərin düzgün peşə seçimi baxımından sözü gedən layihənin əhəmiyyətindən söz açıb. Ölkədə insan inkişafı naminə peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan bu layihə çərçivəsində otra və orta ixtisas, peşə üzrə təhsil alanlar üçün bu cür təhsilin əhəmiyyətindən danışıb. Bu sahənin stimullaşdırılması, peşə təhsilini təbliğ edən mövzuların müzakirəsinin vacibliyini qeyd edib.
Seminarda iştirak edən müəllim və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Mövzu ilə bağlı maarifləndirici flayerlər paylanıb.

 “İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz