Müqəddəs peşəyə tapınan insan, yaxud ana məhəbbətindən başlanan yol                

Xalq üçün çalışmaq, yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalı insanların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Millətin döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan belə ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalırlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən belə insanların mənalı ömür yolu özünü təsdiq əzmindən irəli gəlir. Yüksək duyumu ilə fərqlənmək qabiliyyətini isə insana kamillik səviyyəsi, şəxsi ləyaqət hissi, sağlam həyat tərzi bəxş edir. Bütün bunların vəhdətindən doğulan ali keyfiyyətlər onları daşıyan şəxsi güclü,  əbədi məsuliyyətə məhkum edir.

Fərqli zaman və məkanlarda çalışan belə yaradıcı ziyalılar milli ruhun təminatçısı olaraq söz sənətkarlığının zirvəsinə ucalmış, parlaq ulduzlara çevrilmişlər. Belə insanlar həyatın bütün sevincini, şirinliyini ağır zəhmətdən almış, mənəvi zənginliyi nəfsin can atdığı nemətlərdən üstün tutmuşlar. Nəcib məqsədlərə yetişmək əməli, zəkası ilə ucalan insanlar üçün dünyanın ən böyük xoşbəxtliyi olmuşdur.

O insan daha xoşbəxtdir ki, onunla birlikdə “addımlayan” sevimli peşəsi vardır. Peşə seçimi insan həyatında atdığı ən mühüm addımlardan biridir. Hər bir insanın gələcək taleyini bilavasitə seçdiyi peşə ilə mənalı, yaddaqalan, hətta bənzərsiz də edə bilər. Peşə seçimi insanın düşdüyü mühitdən, onu əhatə edən insanların təsirindən, həmçinin özünün daxili arzularından baş qaldıran istəkdən yaranır.

Böyük şəxsiyyətlərin, tanınmış ziyalıların bir çoxunun həyatına nəzər saldıqda məlum olur ki, onların böyük əksəriyyəti müəlliminin, bir qismi isə valideynlərinin yolunun davamçısı kimi özünə peşə, sənət seçmişdir. Bu, təbii haldır. Çünki insanı düşdüyü mühit formalaşdırır. Bəzən həkimin övladı həkim, müəllimin övladı isə müəllim peşəsini seçərək yolunu davam etdirir deyirlər. Bir çox tanınmış insanların  ailəsində də valideynlərin sənət və ya peşəsinin davamçıları da az deyildir. Lakin elələri da var ki, ürəklərinin dərinliklərində gizli arzuları, hamıya sirr olan məşğuliyyət istiqamətləri var, peşə seçimi gendən gəlmir. Belə insanlar ilahi varlığın bəxş etdiyi istedadın gücü, qüvvəsi ilə ucalır, tanınır, ad-san sahibi olur. Bu istək onlarda valideynlərindən deyil, oxuduğu kitablardan qaynaqlanır.

Onun bədii ədəbiyyata marağı qibtə olunacaq dərəcədə idi. Kitab mütaliə etməyi çox xoşlayırdı. Oxuduğu kitablardan çox şey əxz etmişdi. Rəhmətlik atası Cabbar kişi və anası Dilavər xanım övladları Bakı Dövlət Universitetinə qəbul olunanda çox sevinmişdilər.

Orta məktəbdə oxuduğu zaman ictimai işlərin görülməsinə can qoyurdu. Məktəb həyatını tərcümeyi-halı, ömrünün yadda qalan ən gözəl illəri hesab edir. Belə bir ömrü yaşamaq olduqca şərəflidir, – deyir.

Hər bir şagirdin şəxsiyyət kimi formalaşması, vətəndaş kimi yetişməsi müəllimin apardığı təlim-tərbiyənin təsir gücündən, səmərəsindən çox asılıdır. Yəni müəllim canlı sözün sehri, cazibəsi ilə istədiyinə nail ola bilər. Bu cəhətdən ədəbiyyat fənninin tədrisi daha çox böyük imkanlara malikdir. Azərbaycanın yazılı, istərsə də şifahi ədəbiyyatı insanın mənəvi dünyasının zənginləşməsi, kamilliyə çatması üçün qiymətli incilərlə zəngindir. Ədəbiyyat insan əxlaqının saflaşmasına xidmət edən sahədir. Ona görə ədəbiyyatı əxlaq fənni də adlandırmaq olar. Ədəbiyyatın, əlbəttə, bədii əsərin təsiri altında, yetişib həyatda öz amalı, məsləki uğrunda ölümün gözünə dik baxan Tomris, Babək, Nəsimi, Koroğlu, Nəbi, Həcər xarakterli, özlərinin onlara oxşadan oğul və qızlarımız heç də az deyil.

Ata-baba torpaqlarımız olan Qarabağ uğrunda gedən qanlı müharibədə –  Vətən savaşında Azərbaycan əsgərinin göstərdiyi igidlikləri buna misal göstərmək olar.  Bu gerçəklik bugünki nəslin gözü qarşısında baş verdi. Nə qədər igid oğullarımızı itirdik. Ancaq Qələbə qazandıq. Zəfər gününü yaşadıq. Yəqin ki, bu igid əsgərlərimiz haqqında kitablar yazılacaq, yeni-yeni əsərlər meydana gələcək. Bu qəhrəman oğulların ədəbiyyat müəllimləri də çox vətənpərvər olub. Bu igid oğullar ədəbiyyatımızın müsbət təsiri altında formalaşıblar. Qeyd etdiyim kimi gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyələnməsində ilk növbədə ədəbiyyat, tarix müəllimlərinin rolu misilsizdir.

Belə müəllimlər millətin gələcəyi, sabahın qurucusunu yetişdirənlərdir. Onlardan biri İsmayıllıda Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin işinə rəhbərlik edən Rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Cabbar qızı Zeynalovadır. Vaxtı ilə onunla bir məktəbdə çalışdığım üçün, pedaqoji fəaliyyətinə yaxından bələdəm. Belə pedaqoqlar cəmiyyətdə özləri üçün yaşamırlar. Hər şeyin müəyyən həddi, ölçüsü olduğu halda, Ülviyyə  xanımın şagirdlərə, Vətənə olan məhəbbətinin ölçüsü yoxdur. Məhz bu məhəbbətin nəticəsidir ki, ana dilimizin və ədəbiyyatımızın tədrisi sahəsində onun əldə etdiyi uğurlar rayonun pedaqoji ictimaiyyətinin diqqət mərkəzindədir.

O, istedadlı pedaqoq olmaqla bərabər, həm də sevdiyi peşə üzrə tədqiqat yazılarının müəllifidir. Müasir məktəb tədbirlərinin keçirilməsi üçün ssenarilər hazırlayan və onu ictimaiyyətə təqdim edən ziyalıdır.

Ü.Zeynalova şərəfli müəllim adının daşıyıcısı kimi ömrünün əllinci baharını yaşayır. Sözün əsl mənasında, xoşbəxt adamdır. Bu xoşbəxtliyi qazanmaq heç də asan başa gəlməmişdir. Qarşısına qoyduğu ülvi məqsədlərə nail olmaq üçün durmadan çalışmış, yetərincə qüvvə sərf etmişdir. Halal zəhmətlə ucalmaq Ülviyyə müəllimin ən böyük amalı olub. O, təmiz ürək, yüksək zəka və mənəviyyat sahibidir. İsmayıllı müəllimlərinin qəlbində hörmətə layiq yer tutub. İlahinin bəxşişi olaraq səsində bir cazibə var. Bu da mövzunun şagirdlərə çatdırılmasında mühüm rol oynayır. Diksiyası, təmkinli danışığı olduqca rəvandır. Zahirən mülayim və sakit görünsə də, içində təlatüm olduğunu hiss etməmək mümkün deyil.

“Ata” kəlməsini çox sevir Ülviyyə xanım! Çox sözü bu ifadə ilə başlayıb, onunla da bitir. Artıq həyatda olmayan, dünyasını dəyişən atasını (Allah rəhmət eləsin)  yaxşı tanıdığımdan, necə gözəl insan, övladsevər olduğundan surəti hələ də gözlərim önündə canlanır. Övladın ataya bu qədər dərin məhəbbəti onu bir daha gözlərimdə ucaldır.

Ülviyyə müəllim “ana” kəlməsini də tez-tez işlədir. Demək olar ki, dərslərini bu sözlə başlayıb, bu sözlə bitirir. Vətən sözünü “ana” ilə yanaşı deyir həmişə.

Onun dərslərində çox iştirak etmişəm, açıq dərslərinin təhlilin aparmışam. Bu müəllimin dərslərini dinləməklə, ətraflı, düzgün qərara gəlmək mümkündür. Dərslərində sanki adam sehrli bir aləmə düşür, özünü unudur.  Adama elə gəlir ki, o, hər dərsinə günlərlə, həftələrlə hazırlaşmışdır. Əslində, belə deyil. Onun orta səviyyəli dərsini görməmişəm.

Ülviyyə Zeynalova tədris etdiyi fənn və onun metodikasını dərindən bildiyinə görə ana dili və ədəbiyyat fənnini məktəbdə yüksək peşəkarlıq səviyyəsində öyrədə bilib. Pedaqogika, psixologiya və uşaq fiziologiyasını yaxşı bilir. O, şagirdlərdə nitq mədəniyyətinin formalaşması üçün müxtəlif üsul və vasitələrdən həmişə yerli-yerində istifadə edib.

Müəllimin dərs dediyi siniflərdə şagirdlər mədəni-kütləvi tədbirlərdə, fənn olimpiadalarında və müsabiqələrdə fəal iştirak edir, yüksək nəticələrə nail olurlar. Dərs dediyi sinif şagirdləri və valideynlər onu öz metodikasına və biliyinə görə yaxşı müəllim kimi tanıyır, hörmət bəsləyirlər. Bunlarla yanaşı, Ülviyyə xanımın nurlu siması göz önündə gözəl həyat yoldaşı, mehriban ana, zərif qadın obrazı kimi də canlanır.

Bugünki uğurlarına görə müəllimlərinə minnətdar olan Ü.Zeynalova qazandığı  hər bir nailiyyətini onların adı ilə bağlayır, həmçinin tədris prosesində müəllimin üzərinə düşən məsuliyyətin nə olduğunu yaxşı anlayır. Hazırda bir metodist kimi fəaliyyəti təqdirəlayidir. İşinə məsuliyyəti günbəgün artmaqdadır. Rayonumuzun ana dili və ədəbiyyat müəllimlərinin fəaliyyətinin yaxşılaşdırılması, iş təcrübələrinin yayılması, müxtəlif müsabiqələr keçirmək, tez-tez məktəblərdə olub dərsləri dinləmək və müxtəlif tədbirlərdə iştirak etmək onun gündəlik qayğılarındandır.

Bu bacarıqlı müəllimin, mehriban ananın gözəl ailəsi – ləyaqətli ömür-gün yoldaşı, iki övladı var. Övladları xarici ölkədə təhsil alır. Oğlu Süleyman Volqaqrad Dövlət Tibb Universitetini bitirib, qızı Lalə Volqaqrad Tibb Universitetinin altıncı kurs tələbəsidir. Ülviyyə müəllim övladlarının gözəl tərbiyə və təhsil almasında ailəsindəki İsmayıllının korifey müəllimlərinin – Əsli müəllimin, Qulu müəllimin rolunun böyük olmasını, övladlarının gələcəkdə həkimlik peşəsinə məhəbbətin isə ailədəki həkimlərin nümunəsindən irəli gəldiyini söyləyir.

Ülviyyə Cabbar qızı Zeynalova Vətənin, xalqın şərəfini daim uca tutur, milli mənəvi dəyərlərimizin, tariximizin, ədəbiyyatımızın və mədəniyyətimizin qorunub yaşadılmasında, inkişafında fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, bununla fəxr edir, qürur duyur.

Qazancı, mükafatı insanların ona olan sevgisi, inam və hörmətidir. Bunlar onun həyat leytmotividir.

Müqəddəs peşəyə tapınan insanın iş təcrübəsi, şagirdlərlə, Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə necə işləməsi, uğurları haqqında müxtəsər sözlərimizi söylədik. Onun ana məhəbbətindən başlanan ömür yoluna qısaca nəzər yetirdik. Bütün bunlar bir qəzet səhifəsinə sığmayan istəklərdir. Onun şərəfli əlli illik ömür yolu bir dastandır.

Son olaraq bu fədakar müəllimin timsalında müəllim ordusunu hər il oktyabr ayında keçirilən müəllim günü münasibətilə ürəkdən təbrik edir, onlara can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayır, işlərində yeni-yeni uğurlar diləyirəm. 1971-ci ildən başlanan nurlu, şərəfli ömür yolun mübarək, Ülviyyə müəllim!

Sən əziz, sevimli şagirdlərinə,

Nə qədər həssassan, nə qədər həlim.

Məni də qoy kiçik uşaq yerinə,

Hər səhər həvəslə dərsinə gəlim.

P.S. Yazını başa çatdırdıqdan sonra bir xəbərin də sevincini yaşamalı oldum: Əmək fəaliyyəti nəzərə alınaraq Ülviyyə Cabbar qızı Zeynalova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.

Hacıməmməd Məmmədov,

“Qızıl Qələm” mükafatı laureatı

 

 

 

 

 

 

 

Şərh Yaz