İsmayıllı Yazarlarının yaradıcılığından

VƏTƏN HARAYI           

 

Əlin tətikdən çəkməz,

Gözləri almaz kimi.

Yuxu nədir bilməzlər,

Zaman qızıl misallı.

Ətraf çiskin, dumandı,

Hava qışın ayazı.

Amma içlərindəki

Çiçəkli yaz havası.

Hərdən mürgü arasa,

Sanki ətraf dil açır:

“ – Qalx ayağa, ay oğul!

Ətrafın düşmən dolu,

Önün tuzaqla dolu.

Vətən əsarətdədir…”

Səksənirlər yerindən.

Bu səs kimin səsidi?

Koroğlunun, Babəkin,

Qazan xanın səsimi?

Daşa dönmüş tarixi

Qopuzunda hifz edən

Dədə Qorqud səsimi?

 

Vətən eşqi səslənir,

Əsgərlərin qəlbində.

Qədəm qoyan torpaqlar

Ana qucağı kimi

Bir rahatlıq gətirir

Od-alovun içində…

-Mənfur düşmən,

İtil, get!

Vətənimin üstündən,

Tariximin üstündən!

-Dağlar əks-səda verir,

İgid əsgər səsinə.

Gedirlər irəliyə…

Kükrəyən dəniz təki,

-Bax, o dağlar arxası

Bizim əziz Şuşadı!

Sevinc gözləri parlar…

 

Xudayar dilə gəlir:

“- Şuşanın dağları

Başı dumanlı,

Qırmızı köynəkli,

Yaşıl tumanlı.

Dərdindən ölməyə

Çoxdur gümanlı…”

 

Bülbültək xoş avazı

Yayılır Vətən üstə

Yağışa həsrət düşən

Çöllərtək cana dolur:

Hər dağ, təpə, çəmən, çöl

-Vətənin hər qarışı…

 

Xudayarın ecazkar

Səsi dillərə düşür.

Eşqi dillərə düşür.

Səslənir hər könüldə,

Dillənir hər könüldə.

Nur üzlü  Şəhidimiz!

Turac Məmnun,

Buynuz kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

 

Rövşən Ağayev (Niyali)

 

Bu dağlara nə olmuş?

 

(Uşaqlıq dostlarıma)

 

Bu dağlara nə olmuş,

Boylanırlar yollara

Elə hey küskün-küskün.

Bəlkə çən, bəlkə çiskin

Kövrəldib bu dağları?

Bu dağlardan hər payız,

Köçər durna qatarı.

Bu ayrılıq çağında

Niyə ötürər köksün

Min hicran görmüş dağlar!

Min tufan görmüş dağlar!

Bu dağların göz yaşın

Bulud içib ağlayır,

Bu dağların söz-sovun

Sükut alıb saxlayır.

Payız-qış sərhədində

Ümidini yoxlayar –

Oğul yetirmiş dağlar!

Oğul itirmiş dağlar!

Bu çəmənlər, talalar

Bir yanğılı ümidlə

Niyə belə qovrular?!

Bu yollar, bu cığırlar

Həmdəm axtaran təki

Hara belə qıvrılar?

Bu bulaqlar, bu çaylar

Kimi belə haraylar?

Qayaların alnında

Qırışlar çoxalıbdır.

Qayaların sərtliyi

Elə bil yox olubdur.

Bu dağlara nə olub?..

Bu dağlar belə kövrək,

Qəlbi yuxa deyildi.

Bu dağlar ömrümüzdə

Təkcə xəyal deyildi,

Təkcə yuxu deyildi.

              Lahıc, 1982-ci il

 

Vətən sevgisi

 

(Almaniyada hərbi xidmətdə olduğu vaxtda)

 

Çoxdandır dağlara çıxmamışam mən,

Ocaqsız olmuşam, odsuz olmuşam.

Vətən torpağına baxmamışam mən,

Lakin demirəm ki, yurdsuz olmuşam.

Onu daşıyaraq ürəyimdə mən,

Hətta zövq almışam gözəlliyindən.

 

Çoxdandır buz kimi soyuq sulardan,

Zümrüd bulaqlardan içməmişəm mən.

Coşaraq saf, təmiz, şux arzulardan

Gözəl yaylaqlara çıxmamışam mən.

Lakin canladaraq xatirələrlə

Onlarsız ömrümü vermədim yelə.

 

Çoxdandır gəzərək sahillərində,

“Dəli” Girdimanı eşitməmişəm.

Nə də bir kölgəli kolun dibində

Oturub ləzzətlə çörək yemişəm.

Bunsuz olmuşamsa, kədərlənmişəm,

Vətən torpağıdır ürəyim, sinəm.

 

 Girdimançay

 

(Fərqli variant)

 

Hikkələnsə, yatağına sığışmayır,

Gur, dəlisov nərəsindən batır qulaq.

Çılğınlaşır, sahilləri viran qoyur,

Qara-qonur pəncəsini uzadaraq.

 

Zaman keçir, nənidəki körpə kimi.

Uyuyaraq yatağında yırğalanır.

O halından bu halına körpü kimi,

Ürəyim də qucağında yırğalanır.

 

O coşanda, qayalarla pəncələşir,

Azadlığın həsrətini çəkənlərtək.

Sakitləşsə, ləpələri inciləşir,

Gözlərində göz yaşları tökənlərtək.

 

Pıçıldayır, qucağında axır onun, –

Dağdan çoban tütəyinin həzin səsi.

Düşünürəm: bu dəlisov dağ çayının

Nədən şirin layla olur zümzüməsi?

 

Coş, Girdiman! Coşsun ürək, coşsun ilham,

Coş, Əzizim! Coşğunları sevir həyat!

Tək yazda yox, il uzunu coşaq müdam,

Qoy səsimiz zirvələrdə çalsın qanad!

                                Lahıc, 1979-cu il

 

Analar o zaman böyük sayılar

 

Dağ dağa söykənər, insan insana,

Mərd haqqa söykənər, namərd böhtana.

Pöhrələr qayğısız boy ata bilməz,

Ətəkdən tutmalı, ətəksiz bir kəs.

 

Qayalar o zaman möhtəşəm olar,

Qartal balasını qartal eyləsin.

Analar o zaman böyük sayılar,

Yad, yetim uşağa balam söyləsin.

                                  Lahıc, 1979-cu il

 

Yenidən doğulsunlar

 

Siz təsəlli verməyin,

Pislərin pisliyindən

Məni kədər bürüsə.

Könlümü almayın, qəm

Fikrimi, düşüncəmi

Öz ardınca sürüsə.

Bir əfələ güləntək

Bu halımı qınayın.

Yazığınız gəlmədən

Qəlbimə köz bağlayın

Yaraları qoparın

Qoy qan bürüsün məni

Kədər, qəm əvəzinə

Qəzəb dalğalarıyla

Parçalansın bu sinəm.

Soyuyan ocaqları

Kül örtər, bilirsiniz.

Məni kədər sarısa

Sönən ocaq sanın siz.

Nə təhər istəsəniz,

Varlığımı yandırın.

Soyuyan hisslərimi

Tezcə alovlandırın!

Yox! Təsəlli verməyin,

Tutulsam göylər kimi,

Vıyıltılı küləktək

Qəm-kədər səmasından

Qovun fikirlərimi.

Qoy onlar şaqqıldayıb

İldırımtək olsunlar

Dəli tufandan sonra

Füsunkar bir dünyada

Yenidən doğulsunlar.

Yenidən doğulsunlar.

                        1978-ci il

 

 

MÜƏLLİM

 

65 yaşında təqaüdə yola salınan müəllimlərə

 

Təbrikə yığışıb səni sevənlər,

Başlayıb yağışı şirin sözlərin.

Sinif otağından, dərs jurnalından,

Ayrılmaq istəmir nurlu gözlərin.

 

Müəllim – dünyada ən böyük addır,

Niyə kövrəlirsən, niyə dolursan.

Qara saçlarına təbaşir qonub.

Ağsaqqal, ağbirçək, müdrik olursan.

 

Boylanıb baxırsan ötən günlərə,

Əkdiyin ağaclar düşübdür bara.

İndi xəyalında tək bir sual var –

Bu yetkin yaşımda gedirəm hara?

 

İllərlə dan yeri ağaran zaman,

Tələsdin məktəbə, ziya evinə.

Düşündün – qazanım halal duz-çörək,

Balalar doyunca yeyib, sevinə.

 

Çəkdiyin zəhmətin haqqı böyükdür,

Evdə oturmadın qarda, qışda da.

Gənclik həvəsilə döyünür ürək,

Var ol, müəllimsən sən yüz yaşda da.

 

Taledən hərənin var qismət payı,

Sənin ömür payın ziyadı, nurdu.

Dünən dərs dediyin dəcəl uşaqlar,

Düşmənin əlindən aldı bu yurdu.

 

Haqqında danışır hərə bir ağız,

Sən isə dinləyib kədərlənirsən.

Təşəkkür oxunur baxışlarından,

Nə qədər qismətdir, bizimlə birsən.

 

Müəllim, adına qurban olum mən,

Həmişə əzizsən, sevimlisən sən!

Yolunda can vermək səadət olar,

Sən bizim anamız, atamız – VƏTƏN!

Kifayət Xalıqova-Ələkbərova,

İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı

 

Səmədim

 

Şəhid Səməd Hüseynzadə üçün

 

Gör nələr varıymış sənin qanında,

Vətən sevgisi var həyacanında,

İgidlik, kişilik sənin canında,

Bənzəyirsən oda, közə Səmədim.

 

Düşmənləri nifrətinlə dağladın,

Qeyrətinlə əldə silah saxladın,

Şəhidləri hər bir zaman ağladın,

Bənzəyirsən oda, közə Səmədim.

 

Qərənfillər bir boyda, bir biçində,

Qəhrəmansan, qəhrəmanlar içində,

Adın, özün şəhidlərin köçündə,

Bənzəyirsən oda, közə Səmədim.

 

Yerin cənnət, cənnətgülü, ləçəksən,

Cənnət quşu, göydə uçan mələksən.

Şəhidimsən, ətirli bir çiçəksən,

Bənzəyirsən oda, közə Səmədim.

 

İki dünya arasında bir qüdrət,

“Ad günü”ndür, ürəklərdə məhəbbət.

Keçirdirik sənsiz belə həqiqət,

Bənzəyirsən oda, közə Səmədim.

 

Cənnətdəki, “Ad günü”n də mübarək,

Qarşında baş əyib, çiçəklər əkək.

Balamızsan, hər ağrını biz çəkək,

Bənzəyirsən oda, közə Səmədim.

 

Etibarın, saf niyyətin barı var,

Şəhidliyin zirvəsində təmiz qar.

Surə yazdı, nəsillərə yadigar,

Bənzəyirsən oda, közə Səmədim.

 

Sönməz ocağı

Polkovnik-leytenat şəhid Tağıyev Ruslan Fuad oğluna

Şöhrətindir Vətənimin incisi,
Cəsarətin Koroğlunun “Misri”si,
Hünərindir döyüşlərin “Cəngi”si,
Vətən sevgisinin sönməz ocağı.

Ruslan cəsur, mərd igidim, oğulum,
Qüdrətim, hikmətim şirin noğulum,
“Zəfər” kitabında dastan, nağılım,
Vətən sevgisinin sönməz ocağı.

Tacısan Vətənin şanlı səsinə,
“Qeyrət” qalasısan Yer kürəsinə,
İgidsən, igidlik xəritəsinə,
Vətən sevgisinin sönməz ocağı.

Qəhrəmanım, canım, arxa, dayağım,
Həyat yollarında nurlu mayağım,
Günəşli səhərdə doğan  növrağım,
Vətən sevgisinin sönməz ocağı.

O, atəşdir, od-ocaqdır sönməyir,
O, bayraqdır, zirvələrdən enməyir,
O, məğrurdur, dediyindən dönməyir,
Vətən sevgisinin sönməz ocağı.

Qarşında baş əyib çiçəklər əkək,
Üç balan var, ürəkləri tən bölək,
Cənnətdəki yeni yaşın mübarək,
Vətən sevgisinin sönməz ocağı.

Surə deyir, gözlərimin yaşısan,
Vətənimin torpağısan, daşısan,
Şəhidimsən, ürəyimin başısan,
Vətən sevgisinin sönməz ocağı.

Surə Ziyadqızı,

“Qızıl Qələm”, “Xan Qızı Nətavan”,  “İlin Şairi” və s. ali media  mükafatı laureatı, şair-publisist

Analar

 

Anadır qadının ikinci adı,

Ana da, qadın da yüksəkdə durar.

Hər qadın ürəyi fərqli dünyadı,

Onun həssaslığı, incəliyi var.

 

Hər yerdə sülhsevər olur analar,

Əminlik arzular öz balasına.

Oğullar anadan güc, qüvvət alar,

Ana da güvənər öz qalasına.

 

Övladlar Vətənin bağında çiçək,

Analar günəşdir, daim nur saçar.

Ana övladına bağlayar ürək,

Qorxu da, qəzəb də anadan qaçar.

 

Gərək hər anaya heykəl qoyula,

Sülh ola, analar şəhid verməyə.

O, sadiq Vətənə, elə, oğula,

El ana önündə gərək baş əyə!

 

Adamlar

 

Adam var, hamının dostu, əzizi,

Adam var, üzünü çevirir görən.

Sərvətdir adamın safı, təmizi,

Biri pay alandır, biri pay verən.

 

Adamın yaxşısı halallıq sevər,

Nadanı, şeytanı dəyər qəlbinə.

Qanı təmiz olan – kişi, igid, ər,

Əyrisi əyilər, çəp baxar sənə.

 

Heç vax könül qırmaz zatı olanlar,

Heç kəsin malına dikməz gözünü.

Kimin ki əsli var, soyu, kökü var,

Daim uca tutar adam sözünü.

Nizami Göyçəli

 

Saxladın

 

Yusif Mahmudovun xahişi ilə şəhid Xəyyam Daşdəmirov üçün

 

Amansız əcəli salıb heyrətə,

Vətəni əbədi miras saxladın.

Ölümü öldürüb ölümün ilə,

Əbədi dünyada cənnət haqladın.

 

Şəhidlər ölmür ki, buyurub Allah,

Onların ruhuyla açılır sabah.

Vətən yer üzündə şəhidə pənah,

Göydə qılmanlarla ülfət bağladın.

 

Zəfər müjdəsindən olanda soraq,

Şəhidin qanıyla yuyuldu qınaq.

Əcəlin əlini sıxmazdan qabaq,

Yağılar bağrını çarpaz dağladı.

 

General Poladın əmriylə Xəyyam,

Yaratdın ölkədə bəxtəvər əyyam.

O gündən Qələbə eləyir davam,

Sevinc yaşlarıyla, Yusif, ağladın.

 

Zəfər xəbərləri gəldi silsilə,

Türkün qüdrətini düşmənlər bilə.

Matəmdən çıxmağa gələn nəsilə,

Qələbə soraqlı gün soraqladın.

 

Tanrı şəhidlərin verir savabın,

Silir vücudundan ölüm əzabın.

Silahla yazmağa tarix kitabın,

Şükür, nəsib oldu, sən varaqladın.

Bəydadaş Cəfərli,

AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü

 

Layla de, laylay

 

Tapa bilsəm əgər yuxu yerini,

Olar belə yuxu paydan gözəl pay.

Bayatı sarıdan qalmayıb geri,

İstəmirəm olam laylasıza tay,

Al məni qoynuna, layla de, laylay.

 

Ay anam, eşidin, bilin, ay Vətən,

Yaş yox, yaşantılar salıb saça dən.

Qaçırır gözümdən yuxumu dərd-qəm,

Qoymur yatam məni bu qədər, bu say.

Al məni qoynuna, layla de, laylay.

 

Buludu dağıdıb, duman yaran da,

Olsun unudulmaz, yaddaqalan da.

Sən mənə dil deyib, layla çalanda,

Düşünüm sel axır, nərildəyir çay,

Al məni qoynuna, layla de, laylay.

 

Kəs başım üstünü, söylə “Şikəstə”,

Ol soz deməyində şeir həvəsdə.

Uymayıb talana, getməyib qəsdə,

Layla xəstəsinə dönmüşəm ay… ay…

Al məni qoynuna, layla de, laylay.

 

Tərk etməli olub ömürü, yaşı,

Aparmış olacam nisgili, yaşı.

Görün başım üstə, Vətənin daşı,

Torpağım, üstümə səpələn lay-lay,

Al məni qoynuna, layla de, laylay.

Tamam Nur Tağlabiyanlı

 

 

 

 

 

 

Şərh Yaz