GÖZƏ GÜRÜNMƏYƏN ƏSL İSTEDAD                           

Yanan halı varmı soyuq buzların

Yanğıdan tutaşıb, od-ocaq oldu.

Hay-küyü bərk olar savadsızların,

İstedad həmişə od-ocaq oldu.

Adətən hər hansı bir tarixi hadisə haqqında söhbət düşəndə və tarixi faktın həqiqətə nə dərəcə yaxın olduğunu bilmək istəyəndə, dərhal ixtisaslı tarixçi axtarırlar, amma bir məsələni unudurlar ki, hər tarixçi diplomuna sahib olanlar tarixi faktları ya dürüst analiz edə bilmir, ya da bu hadisədən büsbütün xəbərsizdirlər. Amma belə adamlar özünü tox tutur və savadsızlığını gizlətməyə cəhd edir. Əslində həqiqi savadlı, yalancı mütəxəssis anlayışları arasında olan bu əcaib paradokslar haçansa üzə çıxır. Vaqif Məmmədov ixtisasca nə jurnalist, nə də tarixçidir. O, mükəmməl iqtisadçıdır. Amma o, çox-çox tarixçidən və çox-çox jurnalistdən savadlıdır və hər hansı bir məsələ barəsində onun yazılarında təkzibolunmaz məntiq, fakt bolluğu, inandırıcılıq qabiliyyəti və güclü analiz ustalığı var. “Savad” ərəb dilində (əs-savad), “qaralamaq” (ağ kağızı qara mürəkkəblə qaralamaq) deməkdir. Vaqif isə heç vaxat kağız qaralamır, ağ kağız üstündə yazdığı qara mürəkkəblə həmişə üzünü ağ eləməyi bacarır. Bundan əlavə alman alimi Georq Sixtenberqin bir fikrini də yada salmaq yerinə düşər. O, belə deyirdi: ”Kimya elmindən başqa, digər elmlərdən xəbərsiz adam, deməli heç kimyanı da bilmir. Vaqif tarix haqqında fikrini belə ifadə edir: ”Tarix müqəddəsdir. Ana kimi! Onu saxtalaşdıranlar, onu dağıdanlar və ona arxa çevirənlər hər cür qəzəbə, lənətə və nifrətə layiqdirlər”.

Vaqif Məmmədov “Tircan tarixi məkandır”adlı məqaləsində inandırıcı faktlarla bizə bir həqiqəti çatdırır ki, sözün ən geniş mənasında böyük vətən anlayışı elə məhz hər bir vətəndaşın doğulduğu kənddən, obadan başlayır. Vətən bölünməz olduğu kimi, vətən anlayışını da xırdalamaq olmaz. Vaqif öz doğma kəndi ilə bağlı olan yer toponimlərinə əsaslanaraq yeni və heç bir tarixçinin ağlına gəlməyən, orta əsrlərə, xüsusən böyük hökmdar və qəhrəman olan Cavanşirin adı ilə bağlı toponimləri sadalamaqla bir həqiqəti də üzə çıxarır ki, bizim bir çox tarixçilərimiz yalnız haçansa deyilmiş faktlara istinad etməklə məhdudlaşır, deyilmişləri təkrar edir, yeni fikir demir, deyilənlərə heç nə əlavə etmir. Vaqif sübut edir ki, tarixçi alim üçün ən etibarlı mənbə tarixi toponimlərin yarandığı məkanla, kənd, şəhər, dağ, dərə və sairlə bağlılıqdır. Bu mənada Vaqifin 7-ci əsrdə yaşamış və Alban çarlığına hakim olmuş yadellilərə qarşı şir kimi mübarizə aparmış və çox təəssüf ki, öz “adamları” tərəfindən xaincəsinə öldürülmüş Cavanşirin adı ilə bağlı toponimləri yada salmaqla bir məsələni də nəzərə çatdırır ki, bizim tarixçilərimiz İsmayıllının qonşuluğunda, Alban dövləti ilə birbaşa bağlı olan, Girdiman dövlətinin simvolu olan Girdiman çayının böyründə olan Tircan kəndinin ətrafındakı toponimlərlə niyə məşğul olmayıblar. Hətta  bu çayın coğrafi məkanını da Şamxor ərazisi  ilə (Şəmkirlə) bağlayırlar. Müəllifin göstərdiyi toponimlər bizə bir həqiqəti sübut edir ki, bizim bir çox tarixçilərimiz yalnız elmi dərəcə almaq üçün dissertasiyalar yazırlar. Tircan kəndi yaxınlığında olan tarixi toponimlərə diqqət yetirək: ”Cavanşir qazmaları” (meşələşmiş qədim qəbristanlıq), “Cavanşir bulağı”, ”Cavanşir qəhəlləri” (at tövlələri), “Cavanşir düzənliyi” (Sərdüz), Qəhliyə dağı məhz 616-681-ci illər arası ömür sürmüş, 631-681-ci illər arası isə Alban hökmdarı olmuş, Mehranilər sülaləsinin ən parlaq simalarından biri olan Varaz Qriqorun oğlu Cavanşirin adı ilə bağlı toponimlərdir.

Daha tutarlı fakt isə Sasani padşahı 1-ci Qubadın hakimiyyətdə qalıb möhkəmlənməsində sanballı köməyi olmuş Məzdəki hərəkatının tərəfdarlarının bir qisminin bu yerlərdə məskunlaşdıqları məkan olmasıdır. Tircanın 5 (beş) məhləsindən biri indi də “Məzgaha” adlanır ki, bu da məzdəki kahaları, yəni sığınacaqları mənasındadır. Vaqif Məmmədov bu faktları gətirməklə bizə xatırladır ki, tarixçilər çox reallıqları gizlədir və tarixçinin borcu bu duvağı tarixin üzündən sıyırıb çıxarmaqdır. Hamıya məlumdur ki, Misir ehramlarının bir çox sirri hələ də açılmamışdır və bu qədim sivilizasiya yenə də öz sirrini gizlədir. Vaqif doğulduğu Tircan kəndinin bir neçə adla əlaqələndirməsi, yəni bu kəndin adının tarixən başqa-başqa adlarla tanınmasında tarixi-coğrafi səbəblərini də aydınlaşdırmaq tarixçinin vəzifəsidir. Tarixçilər, geoloqlar bu kəndlə bağlı olan toponimlərinin dəyişməsinin səbəblərini əsaslı şəkildə aydınlaşdırmalıdırlar. Müəllif “Tircan tarixi məkandır” məqaləsində çoxlarına məlum olmayan bir çox faktları ilə də oxucuları maraqlandırır. Məşhur rus şairi M.Y.Lermontovun Tircan kəndində olması, o zamanın məşhur aşığı olan Aşıq Orucun “Aşıq Qərib” dastanını dinləməsi və sonradan bu təəssüratla özünün “Aşıq Qərib” dastanı yazması yalnız quruca bir fakt kimi götürülmür, eyni zamanda məşhur rus şairinin Azərbaycan xalqının tükənməz istedadına, qonaqpərvərliyinə, insanlığına işarə edir, hətta misilsiz Azərbaycan dilini öyrənməyə can atır.

Vaqif Məmmədovun mühakimələri konkret faktlara söykənir, faktsız və predmetsiz sözlər işlətmir, misal gətirdiyi faktlarda absurd fikir, diletant xırdaçılığı qətiyyən hiss olunmur. O, öz doğma kəndini böyük doğma Vətəninin – Azərbaycan torpağının bir parçası kimi təqdim edir, onun yazı tərzi, ifadə manerası, cümlələri sadədir. Onun təsviri şairanədir, qaynar ürəkdən gəlir, onun faktları ümumiləşdirmə qabiliyyəti güclüdür. Tariximizə yaxşı bələddir. Bizim tarix kitablarımızda bəzi qeyri-obyektiv, rasional mahiyyətdən uzaq, sxematik, həqiqətdən uzaq fikirlər uzun zaman oxucularda çaşqınlıq yaradıb. Bir zaman oxuculara təqdim edilən “Midiya əfsanəsi” adlı yazılarda həqiqət təhrif olunur, oxucularda elə təsəvvür yaranırdı ki, güya Midiya farsların dövləti olub. Halbuki Midiya dövləti adlı Azərbaycan dövləti olub (e.ə. 585/84, 550/49). Kuaksarın oğlu Astiaq onun hökmdarlarından biri olub və Astiaqın yaxın qohumu, sərkərdə Harpağın xəyanəti nəticəsində Astiaq məğlub olur və hakimiyyətə 2-ci Kir (Kuruş) gəlir. Beləliklə, Midiya dövlətinə son qoyulur.  Azərbaycanın taleyi belə gətirib ki, güya bütöv İran farslara, İrəvan xanlığı ermənilərə, İberiya başqa yadellilərə, Dərbənd də özgəsinə qurban verilib. Bu da maraqlıdır ki, bizim qədim tariximizi bəzi tarixçilərdən daha düzgün yazan filoloq və yazıçılarımız olub. Yusif Vəzir Çəmənzəminlinin, M.S.Ordubadinin tariximiz, dinimiz haqqında fikirləri dəmir məntiqə əsaslanırdı. Yusif Vəzir deyirdi: ”Söz tarixin yuvasıdır”.

Vaqif Məmmədov öz məqaləsində yer adlarının etimologiyası, toponim, eyxonim və başqa bu kimi izahatında başqalarının nağıl hesab etdikləri yer adlarını təqdim edərək xalqın təfəkkürünü başqaları kimi primitiv fikir hesab etmir. Yadımdadır ki, biz uşaq olarkən palçıqdan təkər düzəldir, ona “qanqılı” deyərdik. Sonra mənə məlum olur ki, tarixdə qanqılı tayfaları olub və ilk dəfə təkəri onlar kəşf ediblər. Etiraf edim ki, M.Ə.Rəsulzadənin vaxtilə Lahıca getməsi faktını bilirdim, amma onun Tircanda qalıb meşələr ilə getməsini Vaqifin “Tircan” kitabından öyrəndim. Vaqif Məmmədovun oxuculara təqdim etdiyi məqaləsində, “Tircan” adlı kitabında fakt bolluğu, tarixçilərimizin tədqiqatlarında rast gəlmədiyim faktları üzə çıxarır, bunlar haqqında maraqlı məlumat verməklə bəzi tarixçilərə sanki mesaj verir ki, bəzən kiçik, zahirən əhəmiyyətsiz görünən bir debat bütöv bir tarixi hadisənin aydın başa düşülməsinə imkan yarada bilir. Vaqifin təsvirində yoruculuq, tapdanmış fikir yoxdur, fikirləri onun qaynar, vətən yanğılı ürəyinin atəşindən yaranır. Yenə təkrar edirəm, Vətən hər bir təəssüfkeş insanın doğulduğu yerdən başlanır. Bizim elə alimlərimiz, tarixçilərimiz var ki, bütün dünya dinləri üçün ümumi həqiqətə yaxın konsepsiya irəli sürən və xalis Azərbaycan oğlu olan Babəkin böyüklüyünü, dahiliyini unutmağa və hətta unutdurmağa cəhd edən söz sahiblərimiz Zərdüştə ögey nəzərlə baxırlar. Özgə filosoflar Zərdüştü göylərə qaldırdığı halda özümüzünkülər onu göydən yerə endirmək istəyirlər. Vaqif Məmmədovun yazılarından məlum olur ki, o, mütaliədən qaçmır, biliklərini artırmağa cəhd göstərir. O, öz fikirlərini məntiqi cəhətdən möhkəmləndirməyi bacarır.

Tircan kəndinin cənubunda “Soğanlıq” adlanan ərazidə bir zaman Antik şəhər varmış. Burada qazıntı işi aparan alimlər də bu faktı təsdiq edirlər. Vaqif bu tarixi faktı da müfəssəl izah edə bilib. Tircan kəndindən bir qədər kənarda “Şəmdilan” adlı yerdə də böyük yaşayış məntəqəsi olubmuş və bu ərazinin Tircan əhalisinə mənsub olduğunu müəllif təfsilatı ilə aydınlaşdırır və oxucuda belə bir sual yaranır ki, tarixçilərimiz Şəmdilan adlanan bu ərazinin tarixi ilə niyə məşğul olmur. Vaqif oxucuların marağını gücləndirən bu ərazi haqqında ətraflı fikir irəli sürmüşdür. Vaqif bəlkə də bir çox oxuculara məlum olmayan bəzi faktları üzə çıxarır. O, belə bir faktla oxucunu maraqlandırır: 1858-ci ildə Fransız yazıcısı Aleksandr Düma Şamaxıdan Şəkiyə səfəri zamanı Maçaxı kəndinin cənubunda, Girdimançayın zümzüməli  sahilində, “Poçt yeri” adlanan ərazidə yolüstü dincəlmək istəyərkən Tircandan keçib gedibmiş. Hər bir jurnalistin oxucuya təqdim etdiyi əsərin oxunaqlı, cazibadar olması üçün təkcə fakt bolluğu hələ kifayət deyil. Gərək müəllifin fikirlərində dilimizin zənginliyini, rəvanlığını sübut edən sənətkarlıq qabiliyyəti olsun. Primitivlikdən, yersiz ritorikadan uzaq olsun. Mən belə yaradıcılıq pafosunu, ciddiliyi, sadəliyi, sözü ustalıqla ölçüb-biçməyi, özünə və sözünə hörmət qoymağı Vaqifin yaradıcılığında qabarıq şəkildə görürəm və hiss edirəm. Müəllifin ruhunda, qəlbində, sözündə olan təmizliyi, obyektivliyi onun parlaq və fitri istedadından doğan bir əlamət kimi qiymətləndirirəm.

Vaqif Məmmədovun bu məqaləsi məndə güclü bir təəssürat və razılıq hissi yaratmaqla bərabər bir təəssüfümü də hərəkətə gətirir. Əslində müəllif qeyrətli bir vətəndaş kimi oxucuları qəflət yuxusundan oyadır ki, bir vətənin, xalqın tarixi yalnız tarixçilərin kitablarından öyrənilməməlidir. Hər bir savadlı vətəndaş öz yaşadığı kəndin, obanın tarixini, coğrafi toponimlərini öyrənməli və toponimlərin hardan və necə və nə üçün yarandığını araşdırmalı, öz doğulduğu məkanın bütöv bir Vətənin bir parçası olduğunu sübut eləməli və başqa yad ünsürlərin, erməni kimilərin yalançı iddialarını rədd etməlidir. İkinci tərəfdən belə bir təşəbbüs Böyük Vətənimizin tarixini öyrənən tarixçilərimizə köməkçi impuls verməlidirlər. Çünki hər bir obamızın tarixi hamımızın Vətəni olan Azərbaycanın bir parçasıdır və biz bu parçanı bütövə birləşdirməyi vicdani borc kimi qəbul etməliyik. Belə olmadıqda yadellilər – düşmənlərimiz doğma torpaqlarımıza qondarma ad qoyub torpaq iddiasına düşməzlər. Biz yaxşı ki, indi ayılmışıq. Ermənilər yer adlarımızı öz adlarına çıxmaqla biz qəflət yuxusunda olmuşuq. İndiki Rusiya ərazisində külli miqdarda türk adlı toponimlər, çaylar, göllər var, amma ruslar və Rusiyada yaşayan başqa xalqlar ermənilər kimi onları dəyişdirməyib. Biz böyük şəxsiyyətlərimizin, sənətkarlarımızın adlarını unutmuş, ya da onların əməllərini başqalarının adlarına çıxmışıq. Bu mənada mən bir tarixi faktı yada salmaq istəyirəm. Tarixdən məlumdur ki, 1367-ci ildə Moskvada yanğın baş vermişdi. O zaman Kreml taxtadan qurulmuşdu və Kremli yenidən tikmək lazım idi. O zamankı Moskva knyazı Dmitri İvanov qərara gəldi ki, bu dəfə Kreml daşdan inşa edilsin. O zaman əslən Şamaxıdan olan misilsiz sənətkar, ecazkar memar Əli Kərimli yada düşür. Həmin dövrdə Əli Kərimli Konstantinapolda tikinti ilə məşğul idi. Sonra o, Kazan şəhərinə gəlir və burada xeyli böyük, əzəmətli saraylar tikir. Moskva knyazı Dmitri İvanov bu məşhur memar ilə maraqlanır, onu Moskvaya çağırır və Kremli yenidən qurmağı ona tapşırır. Əli Kərimli onun təklifi ilə razılaşır. Ecazkar Kreml hazır olduqdan sonra Knyaz memara və onun köməkçilərinə bahalı hədiyyələr verib yola salır. Memar Əli Kərimli gedəndən bir xeyli sonra Knyaz düşünür ki, birdən memar Kremlin sirrini başqalarına bildirə bilər və ya başqalarına bundan da əzəmətli saraylar tikə bilər. Ona görə də Knyazın əmri ilə yola düşən adamlar Əli Kərimlini və dəstəsini meşədə haqlayıb onları qətlə yetirirlər. Onlardan yalnız biri qaçıb canını qurtara bilir. Belə də deyirlər ki,“Kreml” sözü də elə memarın soyadından götürülüb. Rus dilində “ə” hərfi olmadığından Kərimli – Kreml kimi adlanıb.

İstedadlı jurnalistimiz Vaqif Məmmədov da bizə xatırladır ki, vətənimizin hər bir parçası bir tarix səhifəsidir. Bir vacib məsələni də oxucuların nəzərinə çatdırmaq istəyirəm. Bizə misilsiz nemətlər bəxş edən torpağımıza ölüncə minnətdar olmalıyıq, çünki ölümdən sonra bizə yiyə çıxan, bağrına basan yenə torpağımız olacaqdır. Füsunkar Ana torpağımıza dəb xatirinə laqeyidlilik, formal münasibət göstərməməliyik. Bu bizim tariximizdir, muzey eksponatımızdır. Mən çox dəyərli jurnalistimiz və ziyalımız olan Vaqif Məmmədovun torpaq məhəbbətinə dərindən inanıram və sevimli müəllimim Bəxtiyar Vahabzadənin Vətən haqda dediyi bir bənzətməni misal çəkmək istəyirəm. O deyirdi: ”Əgər bir oğlan bir qızı sevirsə, o, başqa bir adamı da buna qısqanar. Amma vətənə məhəbbət mənasında ən qısqanc adam da, onun vətənini sevməyə qısqanmaz. Biz öz vətənimizi, onu sevənlərin heç birisinə qısqanmayıb bu ilahi torpağa, ilahi məhəbbət bəsləməliyik”.

 

HAQQA BAŞ ƏYMİSƏN!

 

Qəlbi, gözü nurlu, ruhu qürurlu, istedadlı jurnalist dostum Vaqif Məmmədova

 

Haqqı Haqq da sevər, qanan bəndə də,

Könlüm, haqqı gördüm elə səndə də.

Haqqa baş əyəsən baş əyəndə də,

Nahaqqa əyilən başı görməyəm!

 

Təkcə göz yaşıyla yuyulmaz ləkə,

Günahkar lap gözdən dərya yaş tökə,

Qardaş qardaş ilə min bir dərd çəkə,

Qardaşı qardaşa qarşı görməyəm!

 

Yanıb, göz yaşını tökər analar,

Ürəkdən yanana gərək yanalar,

Analar ki, dərddən saçın yonalar,

Kor olam, dünyanı yaxşı görməyə!

 

Haqqı görən ola lap çiskində də,

Haqqa yan, kor olsan lap tüstündə də,

Çiçəklər yetişər daş üstündə də,

Çiçəklər üstündə daşı görməyəm!

 

Fağır dad deyəndə yetərsən dada,

İnsan, mürvəti vermədin bada.

Lap qurban olaram avamlığa da,

Həqiqət yolunda naşı görməyəm!

 

Sən gülü qatmazsan ota-əncərə,

Salmaz saf ağlında səni cəncələ.

İnsanın gözüdür qəlbə pəncərə,

Tər-təmiz gözündə yaşı görməyəm!

 

Var ömrün-günündə yağışı, qarı,

Qardaş, yaxşılardır mərdin vüqarı,

Sənə yaş umuram yüzdən yuxarı,

Ömründə bundan az yaşı görməyəm!

 

Vaqif! Haqq yoldasan əzəldən bəri,

Sənin nur gözlərin qorxudar şəri.

Səntək yaxşıları görməyənləri

Tutula gözlərim, yaxşı görməyəm!

Ağasən Bədəlzadə,

filologiya üzrə fəlsəfə doktoru

 

 

Şərh Yaz