BƏXTİYAR YADİGARI – PİR AĞASƏN                      

Pir dedikdə gözlərimiz önündə budaqları sınıb yerə tökülmüş, yandırılması, daşınması haram buyrulan, səliqə-sahmandan çox-çox uzaq olan, hər çör-çöpünə rəngbərəng saplar, çındırlar bağlanan bir palıd meşəliyi, bir topa böyürtkən kolluğu, bir topa daşlıq sahə, ya da nadir hallarda uçub dağılmaqda olan köhnə sərdabəli bir qəbristanlıq  canlanır. Adını da müxtəlif qondarma rəvayətlərlə bağlayıb, çıxırlar əməlisaleh, Allah mütisi olan nüfuzlu bir şəxsin adına. Dindən, Qurandan ibtidai xəbərləri belə olmayan, asan yolla pul qazanmaq istəyən “gözüaçıq” kəmsavad insanlar,  bundan istifadə edib  başlayırlar təsəy örtüb təsbeh çevirməyə, əllərinə qeyri ərəb qrafikasında yazılan dəftərçə alıb, libaslarına ilahiyyatçı görkəmi verməyə. Daha anlamırlar ki, onlar bu hərəkətləri ilə dinimizi, etiqadımızı, Peyğəmbərimizi, milli mənəvi dəyərlərimizi nüfuzdan salırlar, təhqir edirlər, həm özünə, həm də özündən sonrakılara günah qazandırırlar. Din, bütün elmlərin mənbəidir. Bəşəriyyətin açılmayan sirləri ordadır. Allahsız, dinsiz alim yoxdur. Pir – Allah əmrlərini qəbul, qadağalarını  isə rədd edən, axirət dünyasını qazanmışlara deyilır. Bu yüksək məqam ancaq onun özünə məxsusdur, heç kim onun kölgəsində gizlənə bilməz. Çünki, hər kəs öz pirlik dərəcəsini saleh əməlləri ilə özləri qazanmalıdır.  Pir – bəşəriyyətin, eləcə də elinin, obasının, millətinin ağrı-acılarını yaşadan, tərənnüm edən, onu canında, qanında duyan, haqq-ədaləti nizam-tərəzidə çəkməyi bacaran Haqq Aşiqləridir. Bu qəbildən olan insanlar sırasına şairlər, ədiblər, filosoflar, müdriklər, ağıl sahibləri daxildir. Şeyx Nizami kimi, Mövlanə Füzuli kimi, Mövlanə Cəmaləddin Rumi kimi, Şəhriyar kimi, Bəxtiyar kimi…

Pirləri qeybə çəkilmişlərin məzarı kimi təlqin ediblər bizlərə. Amma mən bununla razılaşmıram. Pirlər də bizim kimi bu dünyada doğulur, yaşayır, yetişir, bizimlə həmahəng ömür sürür və bizim kimi dünyalarını dəyişirlər. Sadəcə təkəbbürlik edib onları sağlığında görməməzliyə, saymamazlığa , eşitməməzliyə vururuq. Belə pirlərdən biri, müasirimiz, ömrünün 81-ci baharını yenicə başa vurmuş Ağasən Bədəlzadədir. Ağasən müəllimi təqdim etməyə ehtiyac yoxdur. Çünki, böyük şəxsiyyətlərdən olan Xalq Şairi Bəxtiyar Vahabzadə çox-çox illər öncə əlinə qələm alıb Ağasən müəllim haqqında “Yanmaq ona deyərəm ki…” adlı məqalə yazıb onu ədəbi mühitə və geniş ictimaiyyətə təqdim etmişdi. Ədəbiyyatımızın klassikləri və görkəmli nümayəndələri olan R.Rza, B.Məmmədzadə, Ş.Zaman, B.Nəbiyev, M.Hüseynov, N.Tağısoy, T.Həmid, Ə.Xələfli, T.Novruzov, H.Əliyev və başqa qələm sahibləri Ağasən Bədəlzadənin poetik düşüncələrinə valeh olub öz müsbət fikirlərini bildirmişlər. Şairliyi Ağasən müəllim özü seçməyibdir. O Allah tərəfindən ona verilən sədəqədir, vergidir, nemətdir, qismətdir.

5-ci və  ya da 6-cı siniflərdə oxuyardım. Azərbaycan dili və ədəbiyyatı müəllimimiz Əvəz müəllim Pirəbilqasım kəndindən idi. O, hər gün 7-8 kilometr məsafədə olan bu kənddən Tircana pay-piyada gəlib gedərdi. Bilmirəm təsadüfdənmi, yoxsa nədənmi onun dərsləri həmişə birinci saata düşərdi. Olduqca səmimi, sirayətedici, anlaşıqlı dil və danışıq qabiliyyəti olan Əvəz müəlimin dərslərini səbisizliklə gözləyərdik. O, həmişə dərsə başlamazdan əvvəl əl atıb pencəyinin sol döş cibindən bir kağız çıxarardı, onu bizə göstərib deyərdi: “Uşaqlar, dərsimizə başlamazdan əvvəl, sizə mənim qonşum, sizin həmyaşıdınız olan Ağasən adlı bir həmyaşıdınızın şeirini oxuyacağam”. Əvəz müəllim şeiri intonasiya ilə oxuyardı. Uşaq düşüncəsi ilə fikirləşərdik ki, “uşaq da şeir yaza bilər?”. Bütün günü bu təsir altında olardıq. Bəli, Ağasən müəllim fitrətən anadan belə doğulmuşdur.

Ağasən müəllim çox ağrılı-acılı həyat keçirib. Bir yandan 1941-45-ci illər müharibəsinin yaratdığı dözülməz ağır şərait, ehtiyac, bir yandan da sağlamlığında olan fiziki qüsur, gənc Ağasənin arzu-istəklərini həyata keçirməsində ona keçilməz sədd olmuşdur. Ağasənsə hər əzaba dözdü, qatlaşdı, ruhdan düşmədi, bəxtindən dönmədi, küsmədi. Əksinə, həyatla daha əzmkar mübarizə apardı. Yazdı, yaratdı. Əvvəlcə M.Ə.Sabir adına Pedaqoji Texnikumunu bitirdi, 4 il doğma kəndlərində rus dili müəllimi işlədi. Ali təhsil almaq arzusu Ağasəni bir an da tərk etmədi. 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldı. O, burada şəxsiyyətinə və yaradıcılığına pərəstiş etdiyi Bəxtiyar Vahabzadənin tələbəsi oldu.

Bir gün tənəffüs vaxtı Ağasən utana-utana Bəxtiyar müəllimə yanaşır, ona bir neçə şeirini təqdim edir. Bir neçə vaxtdan sonra “Ulduz” jurnalında Ağasənin şeirləri ilə birlikdə dərc edilən Bəxtiyar müəllimin xeyir-duasında belə bir çümləni oxuduq: “Ağasən Bədəlzadə – bu təvəzökar oğlan şeirlərini mənə təqdim edəndə tər tökürdü. Qəlbi dolu bu şairi xalqımıza “Ulduz” jurnalı vasitəsilə tanıtmağı özümə şərəf bilirəm”. Ulu şair tərəfindən söylənilən necə də möhtəşəm təqdimatdır! Əlbəttə, Ağasən müəllim Bəxtiyar müəllimin bu təqdimatından ruhlandı, qol-qanad açdı, Böyük şairin etimadını doğrultdu, Onun dediyi zirvəyə ucaldı. Elə xalq təəssübkeşliyi ilə öndə gedən Bəxtiyar Vahabzadə də, arxasız, adamsız, imkansız tələbəsini unutmadı. Ona dayaq oldu. 5 il ucqar bir kənddə, daha sonra isə Bakıda orta məktəb müəllimi kimi fəaliyyət göstərən Ağasən müəllimi arayıb-axtardı, onu aspiranturaya dəvət etdi. Çox qısa zamanda dissertasiya müdafiə edib filologiya üzrə fəlsəfə doktoru oldu. Bakı Dövlət Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının saathesabı müəllimi, Bakı Asiya Universitetinin “Ümumi filologiya” kafedrasının isə əməkdaşı olur. 2017-ci ildə “Yapon ədəbiyyatı tarixi” adlı dərsliyin müəllifi olur. Şairin on bir kitabı çap edilib.

Ağasən müəllimin uğurlarına sevinənlər kimi, onu sevməyənlər də tapıldı. Bəxtiyar müəllimlə Ağasən müəllim arasında olan səmimi münasibətə qısqanclıq edən birisi, Ağasən müəllimin adından  Yazıçılar Birliyinə, daha doğrusu məşhur şair B.Vahabzadənin adına məktub ünvanlayır. Məktubda Bəxtiyar müəllim Ağasən tərəfindən pislənilir, xoşagəlməz iftiralar yağdırılır. Bir neçə müddətdən sonra Bəxtiyar müəllim rastlaşarkən məktubu Ağasənə təqdim edir. O, məktubu oxuyanda dəhşətə gəlir, gözləri kəlləsinə çıxır. Orada sevimli, ona arxa-dirək olan, insanlıq qayğısı göstərən müəllimi haqda nələr yazılmamışdı ?! O gündən Bəxtiyar müəllimi hər görəndə Ağasən müəllim xəcalət çəkir, ondan qaçıb gizlənmək istəyir. Onun bu halını duyan Bəxtiyar müəllim, özü yaxınlaşır Ağasənə. Ürək-dirək verib Ağasənə deyir ki, “bilirəm, bu sənin işin deyil, başqasınındır. Mən sənə inanıram, İnanmasaydım məktubu sənə verməzdim” – deyir. Əlbəttə, milçək bir şey deyil, ancaq könül bulandırır. Bu əhvalatdan sonra Ağasən müəllim çalışardı ki, Bəxtiyar müəllimlə az-az rastlaşsın, az-az ünsiyyətdə olsun. Hətta, qəzaya düşüb həlak olan oğlunun faciəsini Bəxtiyar müəllimdən gizlədir, ona bidirməyir. Bəxtiyar müəllim bu xəbəri başqasından eşidir. Dərhal Ağasənin ev ünvanını öyrənib, Suraxanıda kirayədə qaldığı evi axtarıb tapır. Tavanı, döşəməsi uçulub-dağılan, nəm qoxulu, kiçik daxmanı görəndə, Böyük Şairin ürəyi sıxılır. “Deməli, sən burada yaşayırsan?” sualını verir Ağasənə. Daha sonra ondan ev növbəsində durub-durmadığını soruşur. Ağasən Yazıçılar Birliyində ev növbəsində 20-ci adam olduğunu söyləyir. Az müddətdən sonra Ağasən müəllimi Birliyə çağırıb, 8-ci mkr.-da inşa edilən “Yazıçılar” binasında ona iki otaqlı mənzilin açarını təqdim edirlər. Demə, Bəxtiyar müəllim mənzil növbəsi çatmış hansısa həmkarını yola gətirib, mənzilin Ağasənə verilməsinin razılığını alıbmış.

Ağasən müəllim Şəhriyar, Bəxtiyar qoxulu, onlar ruhlu şairdir. Şeirləri axıcı və rəvandır. Onları oxuduqca xəyala dalmamaq, dərin məna çalarlarını duymamaq qeyri-mümkündür, oxuduqca oxumaq istəyirsən. Şeirlərinin başlıqları da, kitablarının adları da, özləri bir lirikadır. Onların mövzusu həyatdan götürülüb. Bəlkə buna görə də bir çox kitablarının adını “dünya” adı ilə əlaqələndirib. “Hayıf, a dünya səndən”(1999), “Qorxuram bu dünya sevgisiz qala”(2011), “Bu dünyanın hər üzünü görmüşəm” (2012), “Hələ yaşamağa dəyər dünyada” (2014) şeir kitabları belələrindəndir.

Ağasən müəllim vətəndaş şairdir. O, vətənini, dilini, dinini tarixini dəlicəsinə sevən şairdir. Şairin bu il işıq üzü görmüş “Tarixə düzgün baxış, yoxsa mistik naxış” adlı əsərində bir çox müəlliflərin tariximizə dair buraxdığı ciddi səhvləri üzə çıxarır, düzəliş verir. Məsələn, Ağasən müəllim etibarlı tarixi mənbələrə əsaslanaraq  farsların Nizamini fars şairi hesab etməsinə və onun İranın Qum şəhərində anadan olmasına etiraz edir. Sübut edir ki, Nizami İranın aran Qum şəhərində yox, Azərbaycanın  Qax rayonundakı dağlıq Qum kəndində anadan olubdur və s.

Yuxarıda qeyd etdiyimiz kimi şairliyi Ağasən müəllim özü seçməsə də, Allaha qul olub əsl insan, əsl adam olmağı özü seçibdir. Ağasən müəllim elinin-obasının ağsaqqalıdır, onların yol göstərənidir. Qapısına gələn hər bir kəs vəfalı ömür-gün yoldaşı ilə birlikdə sevinclə qarşılanır, nəzakətlə yola salınırlar. Ağasən müəllim ömrünün şərəfli ahıllıq, pirlik dövrünü yaşayır. Onun xeyirxah insanların əl tutub, hələ tamamlanmayan yeni köçdüyü kiçik mənzili, Pirəbilqasım kəndinin lap zirvəsində yerləşməsi, ağsaqqal şairimizin lap ürəyincə olub. Bütün günü uzanıb dirsəkləndiyi divandan uzaqlara doğru çox geniş bir panorama açılır. Sübh tezdən  quşların min bir avazla oxuduqları nəğmələri də, Günəşin doğuşu da, hüdudsuz göyləri seyr etdikdən sonra batışı da, səmada nizamla düzülmüş ulduzların çıxışı da Ağasən müəllimin gözləri önündə baş verir. Buradan, Ağasən müəllimin evinə kimi uzanan yeni asfaltlanmış yollar ovuc içi kimi görünür. Mən, həmkarlarım – Respublikanın əməkdar jurnalisti İldırım Dəmirli, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair Şahməmməd Dağlaroğlu və fotojurnalist Arif Məmmədovla birlikdə şeirimizin ağsaqqalı, piri, Bəxtiyar yadigarı, sevimli  şairimiz Ağasən müəllimi ziyarət edənlərdən olduğumdan çox məmnun qaldım. Ağasən müəllimə uzun ömür, həyatının 9-cu onluğunda yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Sözümü Ağasən müəllimin bir şeiri ilə bitirirəm.

Min il el-obada tək yaşasam da,

Dağa-daşa baxıb, mən darıxmaram.

Torpağın cazibə qüvvəsi vardır,

Vətən çevrəsindən kənar çıxmaram.

 

Yad yerdə büdrəyib yıxılar insan.

Torpaq sevgisinin gücünə bir bax.

O torpaq üstə ki, sən yıxılırsan,

Demək, ya sən yadsan, ya da o torpaq.

Vaqif Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

Şərh Yaz