“Qarabağ məktəbləri ilə əməkdaşlıq”                     

Respublikamızın təhsil ictimaiyyəti təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib gəlmiş layihələrdən faydalanmaq ərəfəsindədir. Gəndov kənd ümumi orta məktəbi V qrant müsabiqəsində həm “Ümumtəhsil müəssisələrinin “dişli çarxlar” modelində əməkdaşlığı – qardaşlaşmış məktəblər” layihəsi ilə fərdi kateqoriyada, həm də “Naxışlar dünyasına səyahət – Qarabağ xalçaçılıq məktəbi” layihəsi ilə ümumi təhsil məktəbi kateqoriyasında qalib olmuşdur. Mən, Gəndov kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyhun Əsgərov,  “Ümumtəhsil müəssisələrinin “dişli çarxlar” modelində əməkdaşlığı – qardaşlaşmış məktəblər” adlı layihəmin icrasına başlamaq ərəfəsindəyəm. Layihə qarşılıqlı əməkdaşlığa əsaslanır. Belə ki, İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi, Şuşa şəhər 1 saylı tam orta məktəbi, Şuşa şəhər 7 saylı tam orta məktəbi və Şuşa şəhər 10 saylı tam orta məktəbi arasında baş tutacaq layihənin nümunəvi işlərlə yadda qalacağına ümid edirəm. Fizikanın dişli çarxlar qanunundan məktəblərarası əməkdaşlıqda da bəhrələnəcəyik. Bildiyimiz kimi, bir-biri ilə əlaqəli olan çarxlardan birinin hərəkəti digərlərini də hərəkətə gətirir. Əməkdaşlıq baxımından isə “dişli çarxlar” modeli bizə əhəmiyyətli fəaliyyətlər vəd edir. Layihənin qarşısında duran başlıca problem və ona yanaşma prizmasl ilə bağlı açıqlama vermək istərdim.

Bildiyimiz kimi, doğma Qarabağın düşmən tapdağından azad olunması ilə regionda geniş quruculuq işlərinə başlanmışdır. Bu sahədə ən mühüm işlərdən biri də, heç şübhəsiz ki, təhsil fəaliyyətləridir. Qarabağın ümümtəhsil məktəbləri qısa zamandan sonra  fəaliyyətlərini doğma ərazilərdə davam etdirəcəklər. Bu zaman onların digər regionlarda yerləşən məktəblərlə sıx əməkdaşlığa, ortaq işbirliklərinə ehtiyacları yaranacaqdır. Bu layihədə sözügedən qarşılıqlı çalışmaların Azərbaycan dili, ədəbiyyat və tarix fənləri prizmasından ələ alınacağı başlıca istiqamət kimi qoyulur. Azərbaycan dilinin Şuşa və Şirvan dialekləri üzrə işlər aparılacaq, əslən Füzulidən olan İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” dramı səhnələşdirildikdən sonra şagirdlərin rolları ifa bacarıqları Şuşa Musiqili Dram Teatrının peşəkar aktyor heyətinin ədəbi tənqidinə həvalə ediləcək, bölgələrin etnoqrafik özəllikləri ilə bağlı işlər görüləcəkdir. Nəzərə alsaq ki, təhsil mühiti cəmiyyətin dinamik inkişafından kənarda qalmır, əksinə, bir sıra məsələlər, yaxud işlər vardır ki, bilavasitə təhsil müəssisələrindən qaynaqlanır, tədris işlərinin real produktiv bəhrəsi olaraq təzahürünü tapır. Buradan çıxış edərək deyə bilərik ki, Qarabağ məktəblərinin də regionun inkişafına öz töhfələrini vermələri üçün onların fəaliyyətlərində motivasiya artırılmalı, qarşıdakı hədəflər üçün yeni stimullar qazanmalıdırlar. Digər regionlarda yerləşən məktəblərlə sıx əməkdaşlıq şəraitində aparılan tədris sözügedən məsələdə mühüm amil rolunu oynayacaqdır. Əlbəttə, müxtəlif dövlət qurumlarının məktəblərin işlərində onlara yardımçı olmaları da böyük önəm daşıyır. “Dişli çarxlar” prinsipi ilə məsələyə yanaşılma, ortaq əməkdaşlıq öz səmərəsini verəcəkdir. Bir problemin həllinin vəzifə bölgüsü əsasında bəlli sayda məktəb, eləcə də müəssisə arasında bölüşdürülməsi mühüm əməkdaşlıq kimi özünü göstərəcəkdir. Vaciblik dərəcəsinə görə ardıcıllığın aparılması, işə cəlb olunan tərəflərin bunun əsasında sıralanması “dişli çarxlar” metodunun tətbiqinə zəmin yaradır.

Ceyhun Əsgərov

İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, layihə rəhbəri.

 

 

 

Şərh Yaz