Roman müzakirə olunub                Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edir.

 

İlyas Əfəndiyev (“Körpüsalanlar”)

 

İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları nasir, dramaturq, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Körpüsalanlar” romanının müzakirəsini keçiriblər. Müzakirə zamanı əsərin qəhrəmanları müqayisəli şəkildə təhlil olunub, əsərə hərə öz münasibətini bildirib.

İlyas Əfəndiyev yeni hissləri təbliğ edən canlı, romantik obrazlar yaradan orjinal yazıçıdır və 60–80-cı illərdə şöhrət qazanmış “Körpüsalanlar” romanını oxucular və tənqidçilər arasında fikir ayrılığına səbəb olur.

“Körpüsalanlar” romanının Səriyyə obrazı ailə-əxlaq normalarının saflığını pozan, davranışlarında sərbəst, nə müasir həyatla, nə də milli adət və ənənələrlə bağlanan, ipə-sapa yatmayan, xoşbəxtlik anlayışı fərqli olan bir qızdır.

Romanının digər qəhrəmanı Adil – vəzifəpərəst, qadını kişidən aşağı statusda görən bir gəncdir. Onun Səriyyədən fərqli olaraq xoşbəxtlik anlayışı vəzifə pillələrini yuxarı qalxmaqdan ibarətdir.

Səriyyə qadın haqlarının tanındığı bir cəmiyyətdə yaşayır. Xoşbəxt olmaq üçün hər bir imkanı var. Mental mədəniyyətimizi nəzərə alsaq, hər cür xoşbəxtliyi olan Səriyyənin ərindən ayrılmaq istəyi mübahisə doğurur.

Onların həyata baxışlarında, zövq və xarakterində ciddi fərqlər yenicə qurulmuş bir ailəni uçuruma aparır.

Romanın 50-60 il əvvəlki tarixi əhatə etməsinə baxmayaraq, tərbiyyəvi əhəmiyyəti baxımından bugünkü həyata, oxucuya verə biləcəyi məsləhətlər öz çəkisini, orijinallığını saxlamaqdadır.

E.Mikayılova

 

Şərh Yaz