Narkomaniya ümumbəşəri bəladır      

Son vaxtlar narkotikləri və psixotrop maddələri satan, istifadə edən, xaricdən ölkəmizə gətirən, əkən, becərən şəxslərə  qarşı mübarizə güclənmişdir. Hər birimiz bu işdə fəal iştirak etməli, ölkəmizdə narkomanlığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarına yaxından köməklik göstərməliyik.

Hər bir valideyn övladını bu bəladan müdafiə etməlidir. Narkotikləri və psixotrop maddələri satanlar çalışırlar ki, imkanlı ailələrin övladlarını tora salsınlar. Onlara əvvəlcə pulsuz narkotik və psixotrop maddələr verir və asılı vəziyyətə salırlar. Artıq narkotik qəbul etməyə alışan yeniyetmələr  evdən pul oğurlayıb narkotik almağa başlayırlar. Belələri evdə pul tapmadıqda ev əşyalarını oğurlayıb satır və narkotik maddələri alırlar.

Nə etməli: Valideynlər öz övladlarının hərəkətlərini daim müşahidə etməli, dəyişiklik hiss etdikdə səbəbini aydınlaşdırmağa çalışmalı, son günlərdə kiminlə yoldaşlıq etdiklərini öyrənməklə övladında baş verən dəyişikliyi dəqiqləşdirməlidir. Hamı yaşadığı məhəllədə kimin nə ilə məşğul olduğunu yaxşı bilir. Ona görə də həmin ailələrin övladları ilə uşaqlarının ünsiyyətinin qarşısı alınmalıdır.

Narkotik olan yerdə həmişə qəzəb, oğurluq, qətl, dağılmış ailələr və valideyn himayəsindən məhrum qalan uşaqlar olur. Hamı yaxşı bilməlidir ki, narkotik iblisin silahıdır.

Son illərdə narkotik və psixotrop maddələrdən istifadə edənlərin sayı çoxalıb. Bu maddələrin yayılmasının və istifadə olunmasının qarşısının alınması çətinləşib. Hər kəs övladlarını narkomanlardan uzaqlaşdırmaq məqsədi ilə şəxsi nümunələrdən istifadə edərsə daha faydalı olar. Məsələn: Narkomanların müxtəlif xəstəliklərə tez-tez tutulması, onların uşaqlarının fiziki və əqli cəhətdən  anormal olması, ailə başçısının və yetkin övladlarının həps olunması, həmin ailələrin dağılması, boşanmaların sayının artması və sair səbəblər uşaqlara izah edilməlidir.

Məktəblərdə hər bir müəllim uşaqların davranışlarına diqqət yetirməli, sinif rəhbərləri, məktəbin psixoloqu, tərbiyə üzrə direktor müavini bu sahədə daha diqqətli olmalıdırlar.

Narkomaniya kimi bəlaya qarşı hamılıqla mübarizə aparsaq bu ümumbəşəri bəladan xilas olarıq və sağlam nəsil böyüdərik.

Xatirə Nuriyeva,

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli  tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi     

 

Şərh Yaz