Vətənin qəlbində əbədi yaşayacaqsan                      

Uzaq bir şəhərdə SƏNİ “gördüm”, AQİL Mirzəliyev. Sanki məni cərəyan vurdu, gözüm bərələ qaldı, ayaqlarım yerə mıxlandı.

Düşündüm ki, ya mən həyatdan köçmüşəm ruhlarımız rastlaşıb, ya da bu acı bir yuxudur: sənə heç nə olmayıb və hər şey yalandır: Sən həyatdasan, Sən yaşayırsan.

Xeyli keçəndən sonra, handan-hana özümə gəldim, Yaxınlaşıb soruşdum: Oğlum, sən kimsən, haralısan? – Ürəyimcə olan cavab gözləyirdim. Dedi: Adım filankəs (başqa bir ad söylədi), cəlilabadlıyam. Bu həqiqətə inanmadım. Xalqımızın həqiqət olan inancı yadıma düşdü: İnsan dünyada cüt yaranır.

Gələn günüm ad günündən sonraya düşdü. Gözlərim önündə zəhmətkeş bir ailənin min bir əzab-əziyyətlə böyütdüyü, ancaq hər anı vicdanla yoğrulan tutyə həyatını bir daha xəyalımda canlandırdım:

Sən harda, nə vaxt bir addım geri qalmışdın ki? Təhsil Şöbəsinin təşkil etdiyi bütün intellektual yarışların da bəzəyi idin.

Vətən torpağının hər qarışı üçün mücadiləyə qoşulanda da, son sözlərində də həmişəki kimi, möhtəşəm bir vətənpərvər insan simvolu oldun.

Sənin kimi insanlıq adına örnək olanların hər birinin ömrü dastanlara sığmaz. Hələlik o dastan yazılmadığına görə, Bəy stolunda otura bilməyən gül üzlü, saf, məsum çöhrəli sənin kimi oğullarımızın nakam həyatını səciyyələndirən əvvəllər qələmə aldığım, sonluğunu ürəyimizcə dəyişdirdiyiniz aşağıdakı yazını ad günün münasibətilə acı göz yaşı ilə paylaşmaqla, ülvi və ölməz ruhuna minnətdarlıq duyğularımızı ifadə edərək, ruhunuz qarşısında alnımız yerə dəyir.

Eyni zamanda, sizin kimi Vətənin dirəyi olan balaları əlimizdən alan şeytani qüvvələrə, dünyanı qana bələyən iblislərə, müharibə qızışdırıcılarına lənətlər yağdırırıq.

Şirin canın bahasına aldığın torpağın qoynunda, dağların sərin mehinin layla çaldığı, daşa dönmüş qara telinə sığal çəkdiyi, el ziyarətgahı olan müqəddəs məzarında rahat uyu, həmişə eyni yaşda qalacaq igid balamız. Sən də digər şəhidlərimiz kimi bu Vətənin qəlbində əbədi yaşayacaqsan.

 

GÜLLƏLƏNMİŞ VAĞZALI, YAXUD GECƏLƏR YUXUMA GƏLMƏ

 

“Vağzalı” çalınırdı. İllərin o tayından anaların həzin dualarının pıçıltısı eşidilirdi.

“Vağzalı” çalınırdı. Qoşa addım atan gənclərin, intəhasız həyatın qoynuna atılmağa hazır olan cavanların ürəkləri köksünə sığmırdı. Üzlər gülür, gözlərdə fərəh qığılcımları parlayırdı. Qohumlar bir-birinə gözaydınlığı verir, neçə ilin arzuları dilə gəlirdi: “Xoşbəxt olsunlar. Qoy bütün övladlarımız muradlarına çatsınlar”.

Bəylə gəlinin boynuna qırmızı parçalar salınır. Bu qırmızılar bir anlığa xəyalımı yaxın keçmişə aparır: – sinəsi şəhid məzarları ilə qazıq-qazıq edilmiş vətən torpağı, bu məzarların önündə kədərin, dərdin sonsuzluğundan, əlacsızlığından sanki lal olmuş, beli bükülmüş, həyatlarında ən müqəddəs arzularından məhrum olmuş, toy arzuları gözündə qalmış, toy xonçalarını aparmağa yer tapmayıb bura gətirmiş analar, dünyada söykənəcəkləri, arxalanacaqları ən böyük dağ həsrəti ilə alışıb-yanan boynubükük bacılar gözümün önündən keçir. İstər-istəməz hələ çox-çox illər əvvəl -1975-ci ildə çox böyük uzaqgörənliklə yaddaşlarımızda əbədi binə quracaq, milli ideallara işıq saçacaq şəhidləri əsl Vətən oğlu kimi tərənnüm edən, özü də hər addımda, hər əsərində bir vətənpərvərlik simvolu olan Bəxtiyar Vahabzadənin ölməz misralarını xatırlayıram:

Şəhid məzarları … Düşmən qənimi.

Vətənin köksündə vüqarla durub.

Mənim varlığımı bir təsdiq kimi

Yurdun sinəsinə möhürlər vurub

Yeni həyatın başlanğıc simvolu olan “Vağzalı

Nə qədər qeyrətli Vətən övladı bu musiqinin həsrəti ilə dünyadan nakam getdi. Neçə-neçə xoşbəxtlik beşikdəcə boğuldu. Analar bütün həyatları boyu arzuladıqları bu sevincli dəqiqələrə həsrət qaldılar. Neçə-neçə ismətli, qeyrətli Vətən qızının “Vağzalı”sı gülləbaran oldu, arzusu ürəyində qaldı, xəyalları pərən-pərən oldu. Neçə-neçə nişanlı qızın gedəcək ünvanı dəyirdi. Atalar demişkən: “Gəlin atlandı, kimə düşdü?” Eynilə mənim yazımın qəhramanı kimi tale yaşadı. Nişanlısının muradı gözündə qaldı. Bu taleni yaşadı ki, onun kiçik soydaşlarının toy arzuları, xoşbəxtlik arzuları gözündə qalmasın. Yaşadı ki, bir daha anaların oğul həsrətli gözləri yollara dikilməsin.

“Dünya bir pəncərədir, hər gələn baxar gedər”, – demişlər müdrik babalarımız. Müdriklik rəmzi olan bir filosof şairimizin bənzərsiz fikirləri də Tanrının ən böyük önəm verdiyi və yaratdığı qiymətli varlıq olan insan haqqındadır:

Kimi gəlir, bu dünyanın

Nəşəsini yaşamağa.

Kimi gəlir, bu dünyanın

Dərdlərini daşımağa.

Kimi gəlir, bu dünyadan

Umduğunu götürməyə.

Kimi gəlir, bu dünyaya

Öz adından nur verməyə.

Kimi gəlir, bu dünyada,

Olanlara daş atmağa.

Kimi gəlir, bu dünyada

Olmayanı yaratmağa.

Bəli, dünyaya gəlib uzun ömür yaşayıb cismani ölümü ilə unudulanlar, yaddan çıxanlar var. Qısa, lakin dəyərli ömrünü yanar çırağa, işıq dağına döndərib əbədiyyətə qarışan, yaddaşlarda ölməzlər cərgəsinə yazılanlar da.

Söhbət açacağım insan – Vətən fədaisi haqqında yazını bu fikirlərlə başlamağım da təsadüfi deyil. O, yüzlərlə başqaları üçün sanki bir etalon olan şəhid və qəhrəmandır. Bəli, hər ölən “Şəhid” adlanmır. Müqəddəs bir işə – Vətənə qurban gedibsə, şəhid olubsa, ona da “Öldü” deməzlər və nə vaxtsa, kimsə tərəfindən deyilən aşağıdakı sözlər igidlərin, ərənlərin əbədiyyət abidələrinə verilmiş ən dəyərli qiymətdir: “Qəhrəmanlar üçün dünyanın bir qapısı var: onlar dünyaya gələr, ancaq getməzlər”. Bizim qəhrəmanımız kimi.

1960-ci il yanvarın birində Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində Abbasovlar ailəsində bayram bayrama qarışmışdı. Ailədə yeni bir övlad-oğlan uşağı dünyaya gəlmişdi. Ad qoydular uşağa və zarafatlarından da qalmadılar: “Mehdi işimizi asanlaşdırdı. Bir də ad gününə uzaq yerdən gəlməyimizə ehtiyac qalmayacaq. Onsuz da, bayram günü hamı bir yerə yığışır”.

Onda ailənin heç bir üzvü, qohumlar heç ağıllarına da gətirmirdilər ki, tale onları hansı uzaqlıqlara atacaq, hansı sınaqlardan çıxaracaq. Hələlik ömrünün ən xoş çağlarını, qayğısız uşaqlıq illərini yaşayırdı Mehdi də. Elə bu qayğısızlıq içində 1976-cı ildə kənd orta məktəbini müvəffəqiyyətlə bitirdi.

İş elə gətirdi ki, ailə Qazaxıstana köçəsi oldu. Tülkübas rayonunun Kulan kəndinə gələndə 21 yaşı vardı. Bir il kənddəki sovxozda işləyir. 1978-1980-ci illərdə hərbi xidmətdə olur. Xidməti borcunu yerinə yetirdikdən sonra Karakanda Pedoqoji İnstitutuna qəbul olunur.

İbtidai hərbi-hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasında yiyələnərək, 1985-ci ildə təyinatla Tülkübaş rayonunun Micirin kəndindəki Y.Qaqarin adına məktəbə göndərilir. Məsuliyyətlə çalışması, mehriban və səmimi olması heç kəsin nəzərindən qaçmır. Tezliklə pedaqoji kollektivin və şagirdlərin sevimlisinə çevrilir. Bu da ona ruh verər, üzərində işləməyə həvəsləndirirdi. İdman da sanki həyatı idi. Yeni-yeni nailiyyətlər qazanırdı:

Qazaxıstanda sərbəst güləş üzrə çempion, SSRİ idman ustası idi. İdmanın 13 növünə qədər keçirilən yarışlarda mükafatlanmışdı. Atıcılıq, sürücülük, karate, sambo, cüdoda və s. idman növlərini daha çox sevərdi. Eyni zamanda şagirdlərinə yaxından kömək göstərirdi. Bir neçə idman ustası və ustalığa namizəd yetişdirmişdi.

Lakin bütün bunlar onu qane etmirdi. Gənclik enerjisini, qəlbindəki vətənpərvərlik duyğularını daha böyük işlərə sərf etmək arzusu ilə çırpınırdı. 1990-ci ildə Stavropol şəhərində keçmiş SSRİ Daxili İşlər Nazirliyinin ali məktəbini bitirib həmin orqanlarda işləməyə göndərildi.

Lakin Mehdinin qulağı səsdə idi: qürbət ona dar gəlirdi. Ürəyi Azərbaycanla döyünürdü. Xüsusən, Qarabağ hadisələri, görünməmiş xainlik qəlbini ağrıdır, rahatlıq tapa bilmirdi. Bir fürsət axtarırdı ki, vətənə dönsün, Bütün bacarığını sərf edib övladlıq borcunu şərəflə yerinə yetirsin.

Nəhayət, ürəyincə olan bir fürsət ələ düşür. Təsadüfən ora yolu düşmüş yüksək çinli bir vətənpərvər insanla rastlaşır. Ürəyindən keçən hissləri duyaraq və yüksək dəyərləndirərək onun kimi oğullara ehtiyacımız olduğunu bildirir və vətənə dönməyi məsləhət bilir. Başqa övladlarla birgə bu ağrılı, çətin gündə ona dayaq olmağı təklif edir. Ürəyindən xəbər vermirdimi bu təklif?!

1991-ci il iyun ayının 28-də Azərbaycan Respublikası DİN-nin sərəncamına göndərildi. Çox tezliklə döyüşə getmək, bu nankor, xəyanətkar düşmənə gücünü göstərmək, həddini bildirmək istəyi ona rahatlıq vermirdi. Nəhayət, bu istəyi gerçəkləşdi: hərbi hazırlıq cəhətdən təcrübəli bir dəstəyə rota komandiri kimi döyüşlərə qatıldı.

Həmişə, hər yerdə birinci olmağa alışmışdı. Buna görə də döyüşlərdə ən çətin və qorxulu əməliyyatlara hamıdan qabağa düşür, cəsarətlə hərəkət edirdi. Komandirlərinin belə qorxmazlığı onun əsgərlərini də ürəkləndirirdi.İgidliyi ilə fərqlənən Mehdi tez-tez kəşfiyyata da gedir, erməni quldurlarının mövqelərini ətraflı öyrənirdi.

Vətənə, torpağa sonsuz bağlılıq hər döyüşdə ona mənəvi güc və qüvvət verirdi. Hər dəfə döyüçə girəndə sanki düşməni son nəfərədək məhv edəcəyinə inanırdı. O, Ağdam, Goranboy, Füzuli bölgələrində keçirilən döyüş əməliyyatlarında fəal iştirak edir, erməni silahlı birləşmələrinə sarsıdıcı zərbələr vururdu.

1991-ci ilin sentyabr günlərindən biri idi. Mehdi öz dəstəsini vertalyotla növbəti əməliyyata qaldırır. Lakin güclü atəşlə qarşılaşan pilot məcbur olub düşmən əhatəsində yerə enir. Vertolyotdan enən Mehdi ermənicə: “Bunları qəbul edin”, – deyərək yaranan ani çaşqınlıqdan sonra onları gülləbaran edir. Fürsətdən istifadə edərək kömək gələnə qədər öz dəstəsini təhlükəsiz yerə çatdırır.

“Mixaylo” ləqəbli Mehdinin belə döyüş şücaətləri isə çox idi. Buna görə o, DİN-nin “Əla xidmətə görə” döş nişanına, mükafatlara layiq görülmüşdü.

Çılğın arzularla yaşayan Mehdi üçün 1992-ci il yanvar ayının 13-də Məlikcan postu ətrafındakı döyüş həyatının sonu oldu. Qızğın döyüş getdiyi anda yenə Mehdi ön xətdə vuruşurdu. Bu döyüşdə erməni snayperinin gülləsi ilə başından ağır yaralanır. Onu böyük çətinliklə döyüş meydanından çıxarırlar. Həmin gün elin bir mərd övladının sonu olur.

Gözəl hərbçi, yaxşı idmançı, kövrək və həzin təbiətli şeirlər müəllifi olan qəhrəmanın özünün dediyi kimi oldu:

İstəyirsən çox yaşa, istəyirsən də az,

İnan ki, bu dünya heç kimə qalmaz.

Bəli, hamıda olduğu kimi, o da öz ömür payını yaşadı. Az yaşadı – cəmi 31 il. Minlərlə başqa övladımız kimi nakam ömür yaşadı. Ananın müqəddəs arzusunu yerinə yetirmədi: bəy stolunda oturmadı. Bir el sonasının – nişanlısının gözünü yolda qoydu. Bəlkə də, böyük bir şəcərənin, qəhrəman bir nəslin başlanğıcını qoyacaqdı. Bu arzu beşikdəcə boğuldu.

Amma mənalı, yaddaşlarda, könüllərdə qalacaq, ruhu ilə vətən göylərində əbədi pərvaz edəcək ömür yaşadı. Məxsus olduğu xalqın, millətin sınağından mərdanəliklə çıxdı. Qismətini, alın yazısını yaşadı. Lakin xalq qəlbində yaşamaq,əfsanələşmək heç də hər kəsə nəsib olan tale deyildi və bu tale onun üçün yaşandı. Ən ülvi, ən müqəddəs iş üçün – Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda şəhid oldu. Məkanca da,mənəviyyatca da uca yerdə – Şəhidlər xiyabanında dəfn olundu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə ölümündən sonra Abbasov Mehdi Yusif oğluna Azərbaycanın Milli Qəhramanı fəxri adı verildi.

Mehdi bir vaxt cəbhədən nişanlısına yazırdı:

Yaxın gəl, məlhəm et sən öz sevgini,

Hə vaxtdır qəribəm-görmürəm səni,

Nişan üzüyünü tax barmağına

Toyumuz gözləyir son qələbəni.

Gecələr uzaq düş, yuxuma gəlmə,

Yoxsa diksinərsən güllə səsindən.

Uzaqdan-uzağa yada sal məni,

Yaram məlhəm tapsın xoş nəfəsindən.

Özünü, sevgisini qurban verən nakam bir igid minlərlə yeni sevgilərə rəvac verdi, onları qorudu. Bu gün doğulan körpələr, toy edən yeniyetmələr, sevən-sevilən gənclər bu xoşbəxtliyə görə Mehdi kimi igidlərə borcludurlar.

Bu anda məktəbli ikən dərs kitablarımızda qəhrəmanlığı əks olunan Mehdi Hüseynzadəni, onun haqqında yazılanları xatırladım. Adları da, təxəllüsləri də də eyni olan bu adaşları birləşdirən bir çox cəhətlər var. Lakin təsadüfdəndirmi, nədəndir M.Hüseynzadənin qəbri üstündəki epitafiya adaşına da çox uyğundur: “Rahat yat, Azərbaycan xalqının qəhraman oğlu, əzizimiz Mehdi Azadlıq uğrunda, göstərdiyin fədakarlıqlar dostlarının qəlbində əbədi yaşayacaqdır” (Bu dəyərli qiymətə hər ikisi üçün “Azərbaycan xalqının” da ifadəsini əlavə edərdim).

Mehdinin valideynləri qaçqınlıq həyatını İsmayıllıda keçirirlər. Mərcan ana bu dərdə dözmədi: Allah dərgahına qovuşdu. Atası Yusif kişi, ailənin digər üzvləri bu ağır dərdi sızlaya-sızlaya ürəklərində çəkirlər.

İsmayıllıda bir küçə və Füzuli rayonundakı Çınqıllı kənd tam orta məktəbi bu igidin adını daşıyır.

Qoy Mehdi kimi qəhrəmanların ruhu narahat olmasın. O gün gələcək ki, bu ərənlərin ömürlərini fəda etdikləri Vətən torpaqları yağı düşməndən təmizlənəcək, suverenliyimiz, ərazi bütövlüyümüz təmin olunacaq. Bu da onlara, ruhlarına ən qiymətli töhfə olacaq.

Rəna Mirzəliyeva,

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

 

 

 

 

 

 

 

Şərh Yaz