Mədəd Rzaoğlu                                       

1969-cu ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1980-cı ildən Sumqayıt şəhərində yaşayır. Sumqayıt Dövlət Texniki Kollecində müəllim işləyir. Ə.Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun üzvüdür. Şeirləri ilə dövrü mətbuatda çıxış edir.  Həmyerlimizin 2 şeirini oxuculara təqdim edirik:

 

Azərbaycan

 

Azərbaycan! Anam mənim,

Bir gül üzlü sonam mənim.

Azərbaycan! Göz bəbəyim,

Sən keçmişim, gələcəyim.

Azərbaycan! Görən gözüm,

Həm ilk sözüm, həm son sözüm.

Azərbaycan! Diləyimsən,

Qılınc çalan biləyimsən.

Azərbaycan! Sən canımsan,

Damarımda al qanımsan.

Azərbaycan! Sən bir gülşən,

Süsən, sünbül, qızılgülsən.

Azərbaycan! Neçə vaxtdır

Yaralıydı bağrın sənin.

Məlhəmiylə şəfa tapdın

Bizim cəsur əsgərlərin.

Nə yaxşı ki, vətənimin

Onlar kimi mərdləri var.

Bizim üçün övladdırlar,

Düşmən üçün şir, canavar.

Biz onlardan nə desək də

Yenə azdır, azdır, dostlar.

Aslan kimi kükrəyərək,

Onlar aldı necə postlar.

Düşmənlərin başı üstə

Şimşək kimi siz çaxdınız.

Bu möhtəşəm qayalara

Deyin necə bəs qalxdınız?

Sizin cəsur addımınız

Necə düşmən bağrı dəldi.

Bir erməni komandirin

Hürkmüş, qorxaq səsi gəldi:

“Gərək mənim Aşot babam

Bu günləri bir bilərdi.

Gəlin qaçaq buralardan

O gələnlər “zombi”lərdi”.

Heç sözünü qurtarmamış

Gördü gəldi türk silləsi,

O dağları bürümüşdü

İgidlərin gur nərəsi.

Mərdliklərə şahiddirlər,

O möhtəşəm, sərt qayalar.

Daha bir də görməsinlər

Heç vaxt kədər, dərd qayalar.

Azərbaycan, nə xoşbəxtsən,

Vardır belə igidlərin.

Qarşısında baş əyirik

Cəsur, qorxmaz o mərdlərin.

 

Saralmış yarpağa elegiya

 

Saralmış bir yarpaq idim,

Yapışmışdım budağımdan.

Hər baxanda utanardım,

O qocalmış saplağımdan.

 

Bir az külək əsən kimi,

Qorxub tit-tir titrəyərdim.

“Ayıracaq indi məni

Budağımdan” mən deyərdim.

 

Birdən möhkəm külək əsdi,

Ayrıldım mən budağımdan.

Həm qorxdum, həm çox utandım,

Həyatından, bu çağımdan.

 

Külək məni hey uçurdu,

Gördüm çölü, həm çəməni.

Sonra bir yol kənarında

Kol dibinə atdı məni.

 

Çox üşüdüm, qış gəlincə

Üzərimə qar sərildi.

Kim görmüşdü belə dərdlər,-

Dərd üstünə dərd gəlirdi.

 

Gəldi yenə bahar fəsli,

O əritdi yağan qarı,

Kol dibindən bir bənövşə

Hey baxırdı mənə sarı.

 

Bir də gördüm yolla gəlir,

Bir cavan qız, bir də oğlan,

Qız oğlana heyran idi,

Oğlan da ki, qıza heyran.

 

Birdən oğlan qıza dedi:

– Ay ömrümün ilk gülşəni

Dərib taxım qoy yaxana

Kol dibindən bənövşəni.

 

Oğlan bizə tərəf gəldi,

Addımları çox mətindi.

Ayaq basdı üzərimə, –

Buna dözmək çox çətindi.

 

Elə bil ki, bağrım yandı

Xıncım-xıncım parçalandım.

Həyat nəymiş, ölüm nəymiş,

İndi bildim, indi qandın.

 

Həyatdakı ən böyük dərd

Nə tufanmış, nə küləkmiş

Elə dünya boyda bir dərd

Ayaq altda əzilməkmiş.

Şərh Yaz