YUXUSU ÇİN OLAN VƏZZUHA NƏNƏ              

İsmayıllı lövhələri” silsiləsindən: Birinci yazı

 

Bəzi müəlliflər İsmayıllını vəsf eyləyərkən onu İsveçrəyə bənzədirlər. Doğrusu, bu bənzətmədən heç xoşum gəlmir. Rayonumu aşağılatma qoxusu duyuram bu deyimdən. Göz açıb kitablardan dünyanın yaranışının, elmin, mədəniyyətin, sivilzasiyanın Qoca Şərqdən başlandığını oxuyub öyrənmişik. Görəsən, Misir ehramları yaradılanda, şərq astranomiyası, şərq memarlığı, şərq əl-kimyaçıları təşəkkül tapanda, İsveçrə adlı bir məkan məlum idimi?  Məncə, “İsveçrə İsmayıllıya bənzəyir” desək, daha doğru-dürüst olardı. İsmayıllı Şərqin kiçicik bir parçasıdır, onun qoynunda parlayan mirvari dənəsidir. İsmayıllı yalnız özünə bənzəyir. Özünəməxsus təkrarsız gözəllikləri, fauna və florası, xoşqılıq, mehriban insanları, adət-ənənəsi ilə seçilən coğrafi məkandır. Vətən olaraq tale qismətimə bu yerlər nəsib olduğu üçün Yaradanıma minnətdaram. İsmayıllımın hər qarışı da, hər  kənd-obası da, hər kol-kosu da tarixdir, folklordur.”Kaş ömür payım vəfa edəydi, elimi, yurdumu kəndbəkənd, oba-oba  gəzib dolana biləydim, bildiklərimi, eşitdiklərimi, gördüklərimi qələmə ala biləydim” kimi bir arzu keçir ürəyimdən.

Yaşlı insanlar inahat olurlar, dediklərindən dönmürlər. Mənə: “tək-tənha yola çıxma. Ürək xəstəsisən. Yaşın o yaş, yollar gördüyün o yollar deyil. Hər tərəfi kol-kos basıbdır. Qoruq yaradılandan meşədə qurd-quş da çoxalıb, çox təhlükəlidir”- desələr də, deyilənlərə qulaq asmayıb, ilk səfərimi 7 km. məsafədə – neçə-neçə dağ-dərə, meşə arxasında yerləşən Kəlfərəc kəndindən başladım. Od püskürən Günəşin nəfəsi qismən səngiyib zəifləyəndə, artıq Tircandan şimala doğru uzanan, dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşən Cavanşir ordusunun təlim-məşq meydanı sayılan Sərdüzdə idim. Ata nənəm Kəlfərəcdən, ana nənəm isə Tağlabiyandan olduğu üçün, uşaqlıq, yeniyetmə çağlarımda bu yolları çox gedib gəlmişdim. Müdrik ağsaqqal və ağbirçəklərimizdən hər qarışının tarixini, adlarını öyrənmişdim. Beləliklə, Tircanın ilk məskənlərindən biri olmuş qədim Xocalı yurdunu, gözünə keçə tıxanıb suyu azdırılan əfsanəvi Pəri bulağını, qıjılıq adlanan Xocalı qəbristanlığını, 1918-ci ildə Qafqaz-İslam Ordusu tərkibində vuruşub həlak olmuş türk şəhidliyini, nəslimizə məxsus qədim Məmmədsöyün yerini, Pərisinə qovuşa bilməyən alban döyüşçüsünün daşlaşdığı “Qara daş” qayalığını  arxada buraxıb, qarşıdan, Qafqaz Albaniyası hökmdarı olmuş Cavanşirin adı ilə bağlı olan Cavanşir qazmaları, Cavanşir divanxanası, Cavanşir bulağı adlanan tarixi yerlərə yaxınlaşıram. Tırxa çökəkliyi  meşəsindəki, yaşı bilinməyən, baş daşları mamırlaşmış məzarlıqdan, “Müzəffərin dilankəsi”, “Pirinin dilankəsi”, “Cumalı təpəsi” adlı yerlərdən adlayıb, İşqın başına çatıram. Bundan o tərəfə isə Abasyan, Talqıran meşələri adlanır, əgər bura meşə demək olarsa?! SSRİ-nin süqutundan sonra Basqal yaxınlığındakı  Əmrəki meşəsindən tutmuş Maçaxı, Sərdəhar, Zərnava, Kəlfərəc kəndlərinə kimi uzanan 100 hektarlarla meşəliklər son 15-20 il ərzində tamamilə qırılıb məhv edilmışdır. Yalnız qalxması mümkün olmayan sıldırımlıqlar kəlləsində, sal qayalar arasında bitən ağaçlar qalmışdı. (Bu səhnəyə baxanda adamı heyrət bürüyür. Görəsən, bir ovuc torpağı olmayan, maili vəziyyətdə bitən, belinə örkən gəlməyən bu nəhəng ağaclar bu yüksəklikdə nə ilə qidalanır, suyu haradan alır, onları bu vəziyyətdə  saxlayan hansı qüvvədir?). Kəsilmiş ağaçların gövdələrindən pöhrələnib çıxan yeni budaqlar isə, yol-cığırı görünməz etmişdi. Yadıma 66 il əvvəl, həyatda 66 il ömr sürmüş mərhum  Səmid müəllimin toyu düşür. O vaxt ona gəlin gətirmək üçün Kəlfərəc kəndinə gedərkən bu meşədən keçmişdik. Toyu idarə edən məşhur Şirvan aşığı,  Respublika Ali Sovetinin deputatı Aşıq Şakir Hacıyevin  təkidi ilə kiçik bir talada lövbər salıb, məşhur balabançılar İzzətalı Zülfüqarovun, Həsrət Hüseynovun müşaiyyəti ilə sazlı-sözlü bir məclis qurulmuşdu. İndi gözlərimlə hey aradımsa, o talanı tapa bilmədim. Yayın cırcıramasında üşüdüyümüz meşədən əsər-əlamət qalmamışdı. Düşündüm ki, canlıların əşrəfi sayılan İnsan, həm də yırtıcıların ən yırtıcısı imiş… Nərarmudusu, sinisi, şəbranısı, mollaşabısı, cırhacısı, min dərdə dərman olan ətirli qızgörən qara alması kimi alma-armud növləri ilə məşhur olan Tahir bağına çatanda, Kəlfərəcə yaxınlaşdığımı hiss etdim. Sağ tərəfimdə səf-səf göylərə ucalan 5 ədəd küknar ağacları hələ toxunulmaz qalırdı. Rəvayətə görə bu ağacları çarlıq dövründə, 18-incimi, yoxsa 19-cumu əsrlərdə Boris adlı bir meşə gözətçisi  tərəfindən əkildiyi söylənilir. Yanında  indi də yeri bilinən, qırmızı kərpicdən hörülmüş, saxsı örtülü, rus peçli xudmani bir ev də vardı. (Şəxsən görmüşdüm). Adına “Borisin damı” deyərdilər. Yaşlı insanlardan eşitmişdim ki, vaxtı ilə burada nəhəng taxta-şalban emalı zavodu olubdur. İstehsal olunan məmulatlar kəl-öküz arabaları, at furqonları ilə, ermənilərin 1918-ci ildə dinc əhalini qətliam etdikdən sonra “Qannıca dərə” adlanan dərədən, Salman, Səkinə və Məmməd  bağlarından tutmuş ta Əmrəkiyə qədər uzanan yollarla dünyanın istənilən yerinə çatdırılarmış. Bir az məsafədə isə Şıxşirəki pirinin əzəmətli, meşəyə bənzər ərazisi görünür. Dünya görmüş qocalar danışardılar ki, Dədəgünəş, Şıxşirəki və Baba adlı üç qardaş olubmuş. Kimsə onları qarğıyıb deyibmiş ki, görüm sizin birinizin başından günəş, o  birinizin ətrafından işqın (yer sürüşməsi), digərinizin başından isə qar əksik olmasın. Deyilənlərə görə pərən-pərən düşən qardaşlar elə o vaxtdan bu qarğışa uyğun gələn yerlərdə qeybə çəkiliblər. İndi də doğan günəşin ilk zərrin şüaları Şamaxıdakı Dədəgünəşin başından, Kəlfərəcdəki Şıxşirəkinin bir yanı sürüşkənlikdən, Baba dağının başı isə qardan əksik olmur. Düzünü Allah bilir. Hər halda mən belə eşitmişəm. (Tircanda, Cırtılı məhləsində müqəddəs sayılan, ətrafı çəpərli, etiqad edilən bir ərazi var. Əfsanələrə görə Dədəgünəş, qardaşları Şıxşirəki və Babadağını ziyarətə yollanarkən yolüstü burada dayanıb düşərgə salarmış. Ərazinin adı da buradan götürülüb, “Dədəgünəşin düşərgəsi” adlanır).

Səcərəmizə dair tədqiqat apararkən, Respublika Arxivində saxlanılan 1886-cı illərə dair kameral siyahıyaalma sənədlərinə nəzər yetirəndə, məlum olur ki, 1886-cı ildə, Kəlfərəc kəndində 12 tüstü (yəni, ailə, ev) olubmuş. Sakinlərdən 62-si kişi, 45-i isə qadın cinsinə mənsub olublar. Kəndin ən böyük ailəsi Rəsul Musa oğluna (1838) mənsub olubdur: 10 kişi, 5 qadın. Nənəm Həcər (1865) bu nəslə mənsub olubdur. Allah tərəfindən müjdələnən savadsız bu qadın Şirvan mahalında bir mamaça, bir ara həkimi kimi çox məşhur olubdur. Mərhum anam qaynanasına rəğmən danışardı ki, nənəm əvvəlcə Maçaxı kəndində ərdə olubmuş. Bir gün nənəm kiminləsə Kəlfərəcdən  Maçaxıya qayıdarkən yolu babamgilin evinin yanından düşür. Onlar ötüşüb gözdən itdikdən sonra, dul qalmış babam, nəfsini gizlətməyib yanındakına deyir ki, “adamın belə bir arvadı olaydı”. Zaman keçir, babam eşidir ki, nənəm uşağı olmadığı üçün boşanır və babam fürsəti əldən buraxmayır. 3 oğul bir qız atası olur.

Kəlfərəc uzunömürlülər, nər igidlər diyarıdır. Elə kəndin adı da buradandır. Bir gün kəndə küy düşür ki, İrandan kəndə bir pəhləvan gəlib. Keçib gəldiyi yollarda onun qarşısına çıxan bir igid tapılmayıb. Hamısına qalib gəlib. Xəbər, meşədə odun qıran qayış bədənli, qartal baxışlı, ilahidən çevik yaradılan yeniyetmə Fərəcə çatır. Eşitdiklərindən vəcdə gəlir. Baltanı ağaca sancıb kəndə yollanır. İranlı pəhləvan cılız bədənli odunçuya baxıb ironiya ilə gülümsəyir. Fərəc Yaradanından  özünə səbr, dözüm diləyir. Qarşısındakı əzələli, tökmə bədənli pəhləvana ədəblə salam verir, ona yüngülcə nəzər yetirir. Sakitliyə çəkilib xeyli fikrə dalır, ətrafına göz gəzdirir. Birdən nəzərləri, pərdə arxasından, kiçik bir dəlikdən, sevgilisinin ona zillənən ümid dolu yalvarıcı nəzərləri ilə toqquşur. Fərəc ani olaraq ayağa qalxır. Çölə çıxıb İranlı pəhləvanla döyüşə girməyə hazır olduğunu bildirir. Çoxları ona: “o, sənin yemin deyil, sən ona bata bilməzsən” desələr də, Fərəc qərarından dönmür. Kənd bütünlüklə qarşıdakı təpəliyin geniş meydançasına axışır. Qızğın döyüşlər başlanır. İranlı pəhləvan ilk anlardan üstünlüyü ələ alır, Fərəci bir neçə dəfə müxtəlif fəndlərlə yerə sərir, burnu zədələnir, qana qərq olur, lakin İranlı pəhləvana kürəklərini yerə vurmağa imkan verməyir. Fərəc hər dəfə belə uğursuzluqdan sonra şişib dama dönürdü, damarları pırt eləyib  çölə çıxmaq istəyırdı. Hiss olunurdu ki, Fərəc  bilərəkdən vaxtı uzadır. Həmləyə keçmək üçün fürsət axtarır, bunun üçün rəqibini daha çox yorub əldən salmaq istəyir. Hamı “Fərəc, Fərəc” deyib qışqırışırdı. Bu səslər içərisində sevgilisinin ağlamsınan səslə: “Fərəc, ümidimizi üzmə! “ nidası daha tez çatırdı Fərəcin qulaqlarlına. Fərəc elə bil buna bənd imiş ki, qızğın pələngə döndü, nərə çəkib qartal cəldliyi ilə rəqibinin paçaları arasına girdi, onu göyə qaldırıb kürəklərini bir andaca yerə vurdu… Tarixi bilinməyən bu qəhrəmanlıq səlnaməsindən  sonra, bu güləş yeri el arasında o vaxtdan “Zırxana” (Zorxana) adlanır. Fərəcə isə gücünə görə “Kəl” ləqəbi verilir. Zaman keçdikcə kənd də bu el pəhləvanının adı ilə”Kəlfərəc” adlandırılır.

Kəlfərəcdən bəhs edərkən 120 ildən çox ömür sürmüş Vəzzuha nənədən danışmamaq qəbahət olardı. Mən hələ onu 1950-ci illərin başlanğıcında görəndə, hələ onda  deyirdilər ki, Vəzzuha nənənin 120 yaşı var. Vəzzüha nənə, danışığı, yaddaşı, gözü, gəzişi yerli yerində olan, nəvəsini, nəticəsini, kötücəsini, poxlucasını (üzr istəyirəm, kötücədən sonrası el arasında belə adlandırılır) görmüş, yumaq boyda, sözü keçərli, pirani, ağbirçək bir qadın idi.  O, dövrünün cavanlarını dərdə salan qənirsiz gözəl bir qız olubdur. Onun dərdindən Səfəralı, Nəsrulla adlı qardaşlar ölsələr də, Sədulla adlı kiçik qardaşa qismət olubdur. Ailə qurarkən Sədulla 18-19 yaşlarında, papaq zərbəsinə tab gətirib yıxılmayan Vəzzuha isə 10-11 yaş həddində olublar. Allah onları “ata”, ”ana” şərəfi ilə tez müjdələyir. Ard-arda 7 qız övladı valideynləri olurlar. Sədulla Vəzzuhaya oğul anası olmayınca ondan əl çəkməyəcəyini bildirir. (Boz atlı Gülalı kişi kimi). Xeyirxah bəndələrinin yalvarışlarını eşidən Allah, onlara bir oğul payı da bəxş edir. Qızları Anaxanım, Hənifə, Gülxanım, Balabacı, Balaxanım, Gülsüm, Mülayim adlarından  sonra, oğlanlarına Əlabbas adı qoyurlar. 7 bacının bir madar qardaşı! Bacılar pərvazlanıb Pirəbilqasım, Şəbyan, Minkə, Lahıc (ikisi), Kəlfərəcdə (ikisi) öz yuvalarına qonduqca, Sədulla kişiyə “baba”, Vəzzuha arvada “nənə”, Əlabbasa isə “dayı” deyənlərin sayı maşallah o qədər artırdı ki, “dayı” deyəndə ancaq Əlabbas kişi yada düşürdü. Çoxları elə bilirdi ki, bütün dayıların adı Əlabbasdır.  Ata-anası, bacıları qocalıb əldən düşənə kimi Əlabbası tutiyə sandılar. Onlardan nə vaxt soruşsaydın ki, “Əlabbas dayı necədir?”, göz qaçırmaq üçün cavab verərdilər ki, “Əlabbas neçə-gündür qızdırma içərisində yanır, xəstədir”. Amma sözləri ağızlarından çıxmamış, bir də görərdin ki, budur, Əlabbas dayı  kəhər atın belində gəldi…

Müharibədən sonrakı illərin birində Vəzzuha nənənin şəhərdə yaşayan nəvələrindən biri kəndə ilk  olaraq “Pobeda” maşınında gəlir. Hamı maraq üçün maşının ətrafına toplaşır. Adamlar dağılışandan sonra Vəzzuha nənə bir əlində ot, bir əlində su gətirib qoyur maşının qabağına. Düşünür ki, heyvandır, yol gəlibdir, yorulubdur, acıyıbdır, susayıbdır, qoy yeyib-içsin, dincəlsin. Elə bu dəm maşının salonunda qalan uşağın barmaqları işıq düyməsinə dəyir və işıqları yanır. Vəzzuha nənə əməlindən o qədər xoşhal olur ki! “Yazıq heyvan, demə, acından, susuzdan ölürmüş, yeyən kimi gözləri işığa gəldi” deyə sevinir. Başqa bir dəfə isə, Vəzzuha nənə eyvanda uzanıb istirahət edirmiş. Birdən Şıxşirəki piri yolunda hərəkət edən iri bir şey görür. Hövlnak qıy-qışqırıq salıb qonşuları, evdəkiləri səsləyir ki, vaayy, qoymayın dünyanın axırıdır, evlər yeriyir. Yığışanlar Vəzzuha nənənin yuxu gördüyünü zənn edib, bir-birlərinə baxışırlar. Amma, Vəzzuha nənə gördüyünə onları inandıra bilir. Yığışanlar onun göstərdiyi istiqamətə qaçışırlar. Bir azdan onlar geri qayıdıb, “yeriyən evin” pirə ziyarətə gələnlərin iri çadırlı maşını olduğunu deyirlər…

Kəlfərəc qayğısız uşaqlıq çağlarımın beşiyi olub. Uşaq olmağıma baxmayaraq kəndə hər gəlişim zamanı  yetgin insanlar kimi qarşılanardım. Bir gündə neçə-neçə evə qonaq dəvət edilərdim, adıma qazan asılardı. O qonaqpərvər yaşlı insanlardan demək olar çoxları həyatda yoxdur. Mən, Dədə-Qorqud görkəmli Məhərrəm dayını, Tükəzban bibini, Fəzilə əmidostunu Mahmud, Musa, Gülzar, Əlabbas, Bayram, Yarməmməd dayını, çörəkli Gülalı kişini, uzun-uzun pəncə çörəkli Balabacı xalanı və s. dərin minnətdarlıq hissi ilə anıram, Vəzzuha gəlini 107 yaşlı Səkinə xalaya isə can sağlığı arzulayıram. İndi Kəlfərəc əvvəlki torpaq damlı Kəlfərəc deyil. Vəzzuha nənənin artıb örəyən, dünyanın hər yerindən xoş xəbərləri gələn ziyalı nəvə-nəticələri kimi, Kəlfərəc də böyüyüb abad, müasir bir kənd olubdur. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının səyi və qayğısı ilə kəndə çəkilmiş asfalt yol nəticəsində mərhum Vəzzuha nənənin yuxusu da çin olubdur, “yeriyən evlərin” sayı da, iriliyi də artıbdır.

Vaqif Məmmədov

 

 

 

 

 

Şərh Yaz