Asudə vaxtlarının səmərəli təşkili və vətənpərvərlik tərbiyəsi             

20 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu, İsmayıllı Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə şəhid müəllim Famil Əhmədzadənin əziz xatirəsinə həsr edilmiş Nə? Harada? Nə Zaman? intellektual oyunu üzrə Regional Azərbaycan Kuboku layihəsinin İsmayıllı rayonu üzrə seçim turu keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Gənclər siyasətinin prioritet istiqamətlərindən biri intellektual oyunların gənclər arasında təbliği, onların asudə vaxtlarının səmərəli təşkili və onlara vətənpərvərliyin aşılanmasıdır.

İlk öncə tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Tədbir açıq elan edildikdən sonra İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları salamlayaraq şəhid müəllimin keçdiyi şanlı döyüş yolundan söz açaraq qeyd edib ki, Famil müəllim 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Ürəyində böyük vətən sevgisi yaşadan cəsur zabit, müəllim Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 dekabr 2020-ci ildə “Vətən uğrunda” medalı, 18 dekabr 2020-ci ildə “Döyüşdə fərqlənməyə görə” medalı və 24 iyun 2021-ci ildə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

İntelektual oyunun açlışında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, İsmayıllı İntelektual Oyunlar Klubunun sədri Azad Manaflı və digərləri çıxış ediblər.

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov, ictimaiət nümayəndələri, şəhid müəllimin ailə üzvləri və yaxınları da iştirak edib.

Gərginliyi ilə yadda qalan və 12 məktəb komandasının iştirakı ilə keçirilən intelektual yarışmada İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin “Zəfər-2” adlı komandası birinci yerə, İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbin “Kaspi” adlı komandası ikinci yerə və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin “Dəmir Yumruq“ adlı komandası isə üçüncü yerə layiq görülərək layihənin final mərhələsinə vəsiqə qazanıblar.

Bilik yarışmasının sonunda şəhidin atası Ağaəhməd Əhmədov tədbirin təşkilatçılarına şəhidin xatirəsini əziz tutduqlarına görə təşəkkürünü bildirib.

Fərhad Qurbanov

Şərh Yaz