Şəhidlik zirvəsi                        

XX əsrin 90-cı illərində Ermənistanın elan olunmamış müharibəsi nəticəsində Azərbaycanın qədim yurdu Dağlıq Qarabağ və ətraf rayonları zəbt olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrildi, on minlərlə vətən övladları həlak oldular. Azərbaycanımız, müstəqilliyimiz uğrunda minlərlə qeyrətli oğullar canından keçdilər.

Cənab Prezident İlham Əliyevin iradəsi nəticəsində Azərbaycan həm diplomatik sahədə, həm də münaqişə ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində işlər görərək, ölkə iqtisadiyyatını inkişaf etdirərək, qüdrətli silahlı qüvvələrini yaradaraq işğal altındakı torpaqlarımızın azad olunması üçün bütün işləri gördü.

Son dövrlərdə baş verən hadisələr, aparılan danışıqlar, nəticəsiz cəhdlər Qarabağ məsələsinin həllinin, daha doğrusu erməni işğalının nəticələrinin yalnız hərbi yolla aradan qaldırılmasının zərurətini yaratdı.

27 sentyabr 2020-ci il tarixində Ermənistan torpaqlarımıza qarşı yenə də işğalçılıq hərəkətlərinə başlayarkən Azərbaycan xalqı öz Ali Baş Komandanın ətrafında sıx birləşərək vahid amala- əzəli torpaqlarımızın mənfur düşməndən azad olunması üçün səfərbər oldu. Səfərbər olan vətən övladlarımızdan biri Teymur Saday oğlu Osmanlı oldu.

Teymur Osmanlı 31 may 1995-ci ildə İsmayıllı rayonunun Cülyan kəndində doğulub. O, 2001-2012-ci illərdə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində alıb. Teymur 2012-ci ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə (Fransız dili) daxil olub və 2016-cı ildə universiteti bitirib. Məhz Fransız dilinə olan marağı onun yolunu Azərbaycan Dillər Universitetinə gətirmişdi. O, tələbəlik illərində tədbirlərdə fəal iştirak edirdi. Universiteti bitirdikdən sonra, elə həmin ili Tərtər rayonunun “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini keçmişdir. Xidməti başa vurduqdan bir müddət sonra Bakıda notariat ofisində baş mütəxəssis vəzifəsində çalışıb. Təhsilə bağlılığı, oxumaq həvəsi onu əlavə təhsil almağa sövq etmişdi. Belə ki, o, 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu.  Onun təhsili qiyabi olduğu üçün həm işləyib, həm təhsil alırdı. Teymur oktyabrın 3-də Talış-Suqovuşan yaşayış məntəqələrinin düşməndən azad olunması istiqamətində şəhid olub.

Hər bir xalqın varlığı onun azadlığı, vətənpərvərliyi, mübarizliyi ilə ölçülür. Azərbaycan əsgəri qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarının müdafiəsi uğruna savaşdı, can verdi. Yaşamaq üçün ölməyi bacaran oğullar, ölmək üçün yaşamağı daha yüksək tutaraq amal, məqsəd fədailəri olduqlarını göstərdilər. Teymur da son nəfəsində də uğrunda can verdiyi həqiqətə inandı, ancaq Vətəninin azadlığını arzuladı və bir çoxları üçün mümkünsüz olanı reallaşdırdı. Teymur vətənini, torpağını, bayrağını sevən bir şəxs idi. O, “Tarix məndən çox danışacaq. çünkü tarixi yazmağa gəldim”  deyirdi və bu sözləri hələ 2015-ci ildə qeyd dəftərində yazmışdı.

Ölümündən sonra Osmanlı Teymur Saday oğlu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidlik haqq yolunda qazanılan ölümdür. Şəhidlər xalqın milli qürurudur, milli iftixarıdır, əzəmətidir. Xalqımızın qəhrəmanlıq sifətlərini öz şəxsiyyətində təcəssüm etdirən igid, vətənpərvər Teymur cismən aramızdan getsə də ruhən həmişə bizimlə bir yerdə olacaqdır. Teymur elə bir qəhrəmandır ki, onun adı heç bir zaman unudulmayacaqdır. Teymurun qısa, ancaq şərəfli həyatı növbəti nəsillərə örnək olacaqdır.

Tamerlan Qurban

Qəbələ Regional ASAN Xidmət Mərkəzi notariat ofisinin notariusu

Şərh Yaz