Su həyatdır və əhalinin sağlam yaşamasına təminat verir               

Filling glass of water from stainless steel kitchen faucet

Ölkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq, əldə edilmiş güclü tərəqqi  səviyyəsinin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya-epidemioloji salamatlığının təmin  olunmasında da öz müsbət təsirini göstərməkdədir.

Səhiyyəmizin davamlı inkişaf strategiyasının tərkib hissəsi olan maddi texniki bazasının gücləndirilməsi, yoluxucu xəstəliklərlə mübarizə sahəsində aparılan səmərəli işlər, beynəlxalq  təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmiş profilaktik və əksepidemik tədbirlər ümumilikdə əhalinin sağlamlığının yaxşdırılmasında əsaslı rol oynamışdır.

“Sanitariya-epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq  maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının indiki və gələcək nəsillərin səhhətinə mənfi  təsir  göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə  yaşamaq hüququna malikdirlər.

Əhalinin sanitariya-epidemioloji salamatlığı dedikdə, ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halı nəzərdə tutulur ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli  şərait yardır. Yəni, ölkəmizin əhalisinin əsas hüquqlarından biri  kimi nəzərdə tutulan əlverişli ətraf mühitdə yaşamaq hüququnun təmin olunması həmin mühitin  amillərinin mənfi təsirlərini aradan qaldırılmasından asılıdır.

İnsanı əhatə edən ətraf mühit amilləri isə çox geniş, əhatəli bir  anlayışdır və həmin amillərə bioloji (virus, bakterial, parazitar və digərləri), kimyəvi, fiziki (səs-küy, titrətmə, ultrasəs, istilik, ionlaşdırıcı və  digər şüalar), ictimai (qidalanma, su təchizatı, məişət, əmək şəraiti, istirahət) və digər amillər aiddir və  həmin amillər insanlara və gələcək nəsillərin sağlamlığı vəziyyətinə təsir göstərə bilər.

İnsanın həyat fəaliyyəti üçün əlverişli şərait dedikdə isə, insanı əhatə edən mühit amillərinin insanın  sağlamlığına zərərli təsir göstərmədiyi və insan orqanizminin pozulmuş funksiyalarının bərpasının  mümkün ola bilməsi vəziyyəti başa düşülür.

Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illərində qəbul olunmuş “Sanitariya-epidemioloji  salamatlıq haqqında qanun”la ölkə əhalisinə verilmiş bu hüququn, yəni sanitariya-epidemioloji  salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun möhkəmləndirilməsi üçün çoxsaylı  qanunvericilik  aktları qəbul edilmişdir.  İnsanı əhatə edən bioloji amillərin mənfi təsirindən qorunmaq  üçün yolxucu xəstəliklərlə mübarizə sahəsində bir sıra qanunvericilik aktları, məsələn: “Yoluxucu  xəstəliklərin immunprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə  haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının  alınması haqqında qanunlar qəbul edilmiş, çoxsaylı qanunaltı sənədlər hazırlanıb təsdiq edilmişdir.   Təsadüfü deyildir ki, ölkəmizin müstəqilliyi dövründə aparılmış geniş təşkilati və tibbi profilaktik  tədbirlər nəticəsində əvvəllər ölkəmizdə çoxsaylı insanların düçar olduğu malyariya, poliomielit, difteriya, məxmərək kimi digər ağır xəstəliklərin qeydə alınması son illərdə müşahidə edilmir, peyvəndlə qarşısı  alınan digər yoluxucu xəstəliklərin qeydə alınmasına isə nadir hallarda təsadüf edilir. Digər əksər yoluxucu xəstəliklərin isə dinamik azalması müşahidə olunur.

Vətəndaşlarımızın sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli mühitdə yaşamaq  hüquqlarının təminatı üçün su təchizatı sistemlərinin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci lahiyə” çərçivəsində “İsmayıllı şəhərində su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğularının inşası” lahiyəsi “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına” uyğun olaraq davam etdirilir.  Belə ki, köhnə su xətləri ləğv edilmiş, əhali yeni içməli su ilə təmin olunmuşdur. Çirkab sularının  axıdılması üçün yeni kanalizasiya xəttlərinin çəkilişi başa çatsa da, çirkab sularını bu xəttə qoşmaqdan kənarda qalanlar hələ də vardır.

Rayonun Gəraybəyli, Əyyubbəyli və Xəlilli kəndləri istifadə etdikləri suyu Girdiman çayından, Çəmənli kəndi isə Göyçay çayından götürür. Digər yaşayış məntəqələri içməli suları yerli bulaqlardan, subartezian və artezian quyularından götürürlər.

Su həyatdır. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad  edilmiş şəhər və kəndlərimizin su ilə təchiz edilməsi hazırda dövlətimizin başlıca məqsədlərindən biridir və bu istiqamətdə əsaslı işlər görülməkdədir.

İçməli su mənbələrinin qorunması ərazi icra nümayəndələrinin və bələdiyyələrin iştirak etdiyi toplantılarda diqqətə çatdırılmış və müvafiq tədbirlərin görülməsi haqqında tapşırıqlar verilmişdir.  Sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun ən vacib  istiqamətlərindən biri əhalinin təhlükəsiz, keyfiyyətli qidalanmasının təmin olunmasıdır. “Yeyinti məhsulları haqqında” ölkə qanunun qəbul  edilməsi və həmin qanunun beynəlxalq təcrübələr nəzərə    alınmaqla ardıcıl təkmilləşdirilməsi bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və əhalinin  sağlam və keyfiyyətli qidalanmasına zəmin yaradan səmərəli tədbirlərin həyata keçirilməsinə imkan  yaradır. Qida-sənaye, ictimai-iaşə və ticarət müəssisələrində işləyən hər bir işçi bu sahədə öz   məsuliyyətini başa düşməli, ərzaq məhsullarının istehsalı, daşınması, saxlanması və satışı sahəsində  sanitariya-gigiyena qayda və normalarına ciddi əməl olunmalıdır.

X.Qəmbərov,

İsmayıllı rayon GEM-nin  direktoru                    

Şərh Yaz