“Zəfər yürüşlü sərhədçilər”                                      

Bu sənədli hekayədə Sərhəd Qoşunlarının Xüsusi Təyinatlısı snayperçi kiçik gizir Əşrəf Elman oğlu Məmmədlinin həyatı və döyüş yolundan bəhs edilir.

 

Payızın ilk günləri idi. İsmayıllı rayonunun kiçik Maçaxı kəndində Elman əminin ailəsində ilk övladı Əşrəf dünyaya gəldi. Həmin gün 15 sentyabr 1999-cu ilə təsadüf etdi. Əşrəfin dünyaya gəlməsi Elman  əminin illərcə çəkdiyi acılara bir məlhəm oldu. Çünki Elman əmi iki qardaşını eyni gündə itirmişdi.  Özüdə, qardaşının biri  cəbhədə yaralanmışdı, digər qardaşı yaralı qardaşını gətirməyə getmişdi. Geri dönərkən ikisi də avtomobil qəzasında dünyasını dəyişmişdi. Dərdə bir bax… Amma insan dözümlü  varlıqdır. Əşrəfin dünyaya gəlişi Elman əminin çöhrəsindəki dərd xəttinə yeni bir ümid, yeni bir işıq vermiş oldu.

Əşrəf elə kiçik yaşlarından hamıdan fərqli birisi idi. Çalışqan, zəhmətkeş, ailəcanlı. İllər ötdü, Əşrəf  dağların əhatəsindəki kiçik Maçaxı kəndində isti, mehriban kollektivi olan məktəbin birinci sinfinə  qəbul olundu. Maçaxı məktəbi ibtidai məktəb olduğundan qalan təhsil illərini yaxınlıqdakı Tircan kənd  tam orta məktəbində davam etdirdi. Əşrəf məktəbdə də təmkini, hörməti və nüfuzu ilə seçilirdi. Zəhmətkeş və əzmkar ruhu Əşrəfi kiçik məkandan böyük şəhərə atdı. Abşeron rayonunda Ceyranbatan peşə liseyində “təmirçi çilingər” ixtisası üzrə təhsil aldı.

2016-cı  il aprel döyüşləri… Cəbhədən şəhid xəbərləri gəlirdi. Əşrəf anidən sarsıdıcı, üzücü bir xəbər aldı. Cəbhədən uşaqlıq dostu, qonşusu Mikayılın şəhid olma xəbərini eşitdi. Qisas yanğısı Əşrəfin içini  parçalayırdı. Gun gəldi, zaman yetişdi. Əşrəf vətənə xidmətə yola düşdü.

Bir ölkənin çərçivələri sərhəddən başlayır. Əşrəf Dövlət Sərhəd Xidmətində qulluq edirdi. Daxilində olan Vətən sevdası tam şəkildə özünü göstərdi. Vaxt bitti. Əşrəf xidməti borcunu yerinə yetirdi və  doğma kəndinə qayıtdı. Bəli, xidməti borcunu tamamladı, lakin, daxilindəki qisas alovu sönməmişdi.

Atası Elman əmi deyir: “Əşrəf evə qayıtdıqdan sonra dedi ata, mən orduya qayıtmaq istəyirəm”. Kövrəlir Elman əmi. Bir anlıq sükut çökür… Dedim: ay Əşrəf, axı sənin sənətin var. Dedi: “Ata, mən  özümü orduda görürəm. Mənim orduda tamamlanmamış işim qalıb”. Mən heç cür Əşrəfə mane ola bilmədim.

Əşrəf geri qayıdır. Elə xidmət etdiyi Dövlət Sərhəd Xidməti sıralarına. Kiçik yaşlarından çətinliklərə alışan Əşrəf  SQ-nın Xüsusi Təyinatlı qüvvələrinə daxil olur. Seçimi özü edir, Mikayıla qıyan əlləri qırmaq, düşməni məhv etmək üçün. Əşrəf  sınaqlardan keçir və snayperçi olur. Özü də çox  kəskin  nişançı. Kiçik gizir Əşrəf üçün çoxdan gözlənilən zaman yetişdi, 27 sentyabr 2020-ci il. Ali Baş Komandan tərəfindən əks hücum əmri verilir. Vətən müharibəsi başlayır.

Daxilindəki düşmənə nifrət hissi, öyrəndiklərini tətbiq etmək həvəsi, vətənpərvərlik ruhu, şəhidlərimizə olan sevgi Əşrəfi rahat buraxmırdı. O, səbirsizliklə məqamı gözləyirdi. Ordumuz sürətlə irəliləyir, sərhədçilər  dövlət sərhədlərini möhkəmləndirir.

21 yaşlı sərhədçi- snayperçi kiçik gizir Əşrəf Məmmədli “döyüşə” əmrini alır. Əşrəf döyüşlərə qoşulur. Kəskin nişançı üçün vacib məsələ özünü “maskalamaq” idi ki, düşmənə hədəf olmasın.

Əşrəfin silahından açılan hər atəş bir  düşmən əsgərinin cəhənnəmə vəsiqəsi idi. Maskalanmaq üçün geyindiyi saçaqlı səhra geyimində Əşrəf hər düşmən əsgərini məhv etdikcə həmin saçaqların birini düyünləyirmiş. Düyünlərin sayı getdikcə artır. Əşrəf azad olunan torpaqlarda özünə əlverişli mövqelər seçir, düşmənə sərrast zərbələr endirirdi. Cəbrayıl rayonu uğrunda döyüşlər gedir. O torpaqlarda ki,  Əşrəfin əmisi döyüşmüş və yaralanmışdır. Əmisini yaralayan mənfur düşmənin Əşrəf sehirli  barmaqlarının  hissiyatı və dəqiq atəşi  ilə beynini parça-parça edirdi. Hər düşmən əsgəri dəqiq hədəfə çevrildikcə igid snayperçinin içindəki qisas alovu qığılcımlayırdı.

Qızğın döyüşlər gedir. Müzəffər ordumuz düşmənin başına od ələyirdi. Milli  televiziya kanallarında  hər gün cəbhədən xoş xəbərlər gəlməkdədir. Əşrəfin valideyinləri də hamı kimi xəbərləri qaçırmır, qələbə müjdəli xəbəri səbirsizliklə gözləyirdilər.

Oktyabrın ayının 17-si 2020-ci il. Düşmən minaatanlardan hərbi birləşmələrimizi aramsız atəşə tutur. Ordumuz geri çəkilmədən irəliləyir və düşmənin atəş nöqtələrini susdururlar. Birdən Əşrəf  başında və  əllərində istilik hiss edir. O, əlləri boşalmaq istəsə də, son gücünü toplayır. Döyüş dostu olan snayperini  əlindən yerə buraxmır. Artıq  hiss edir ki, canı qədər sevdiyi vətən üçün həyatını qurban verir. Gözləri əbədi yumulur. 21 yaşlı gənc, enerjili Əşrəf Məmmədli dövlət sərhədlərimizin bütövlüyü uğrunda şirin  canını qurban verir. Amma, silahını sinəsinə sıxır və onu əlindən buraxmır.

Elman əmi danışır: “Əşrəfdən başqa dörd övladım var. Ancaq, hər balanın öz şirinliyi var. Əşrəflə bağlı arzularım vardı. Mən iki doğma qardaşımı eyni gündə itirdim, ancaq bu qədər sarsılmamışdım. Övlad acısı ağırdır. Buna dözmək olmur. Lakin, Vətən yolunda şəhidlik zirvəsinə yüksəlmək şərəflidir. Əşrəfin bu şərəfi mənimçün təsəllidir. Bilirsiniz, Əşrəfi döyüş yoldaşları götürəndə  görüblər ki, silahını nəyinki əlindən buraxmayıb, əksinə snayperini bərk-bərk sinəsinə sıxıb”. Eşqə bax, istəyə bax! Türklər həmişə sonadək vuruşub və silahı əldən buraxmayıblar. Əşrəf mənə məhz o türk qanlı mehmetciyi xatırlatdı. Geyimindəki düyünlənmiş saçaqlar sayılır. Onların sayı 90 idi. Deməli, igid qardaşımız Əşrəf ən azı 90 erməni quldurunu qanına qəltan edərək cəhənnəmə vasil eləmişdir. O, xüsusi hərbi  geyimindəki saçaqları düyünlədikcə, müqəddəs Qarabağ torpaqlarına vurulan 30 illik düyünlər açılırdı.

Balaca, qəhrəman ruhlu kənd – Maçaxı, ruhun necə zəngindir. Kiçik, müqəddəs torpağında iki qəhrəman, igid oğlun uyuyur. Aprel şəhidi Mikayıl və 44 günlük Vətən  müharibəsinin zəfər qələbəsində  böyük rolu olan igid snayperçi-sərhədçimiz şəhid Əşrəf Məmmədli.

Beləcə, zəfər yürüşlü sərhədçilərimiz və ordu birləşmələri Vətən torpaqlarının hüdudlarını, müqəddəs vətən sərhədlərini qorumaq əzmini sübut elədi, qorudu və bundan sonra da qoruyacaqlar!

Rahat uyu, qəhrəman kəndin qəhrəman tətikçisi- Əşrəf, ruhun bizimlədir, adın əzizdir!

Sahil  Əzimov.

İsmayıllı rayonu Qərib Məmmədov adına Ruşan kənd tam orta məktəbinin tarix müəllimi 

Şərh Yaz