Möcüzəli Tanrı payı  –  Musa Yaqub                   

 (Şair Musa Yaqubun dəfn günü düşüncələrim)                          

 

… Eşitdiyim, inanmadığım, inanmaq istəmədiyim bir acı xəbərin sorağı ilə… Qonaqlı-qaralı evinə getmişdim, MUSA MÜƏLLİM – xalqmıza bəxş olunan möcüzəli Tanrı payı MUSA YAQUB.

Həmişəki kimi qapıdan içəri girəndə təbiətin yaratdığı bənzərsiz gözəlliyi görüb, bilirsən, ilk əvvəl yadıma nə düşdü? Sənin ürəklərə meydan oxuyan iki misran: (Ürəklərə meydan oxumayan misraların varmı heç?!!).

Dünyaya baxanda dünya nə gözəl,

Tikan da, gül-çiçək bitirir, ALLAH?!

Eyni zamanda, doğma Azərbaycan təbiətinə vurğunluğunun hər mənalı anının xüsusi ifadəsi, Vətənə məhəbbətin daha bir bariz nümunəsi, anaforaların  da xüsusi gözəllik bəxş etdiyi, çox sevdiyim şeirini xatırladım:

Burda hər meşənin min cür ağacı,

Burda hər ağacın yamyaşıl tacı.

Burda hər tac üstə sarmaşıq saçı,

Hər saçın küləkdən darağı vardır.

 

…Burda hər yamacın çiçəkdir daşı,

Burda çiçəklərin şehdir göz yaşı;                                                                                                      

Burda şeh damlası bir üzük qaşı,

Hər qaşın qızılı qurşağı vardır.

 

…Burda qayaların daşdır suvağı,

Burda hər daş üstə qartal caynağı,

Caynaqlı hər daşın bir buz bulağı,

Burda hər bulağın qonağı vardır.

Harda bu saydığım gözəllik  olsa,

Orda Azərbaycan torpağı vardır.

Gözüm bu heyranlığa hakim kəsilən, təbiətə, insanlığa bənzərsiz “şedevrlər” həsr etdiyin məkanı – dağdağan ağacının altını, oturduğun  daş stol-stulu axtardı: GÖRÜNMÜRDÜN!!!

Axı belə ola bilməzdi…Son vaxtlar hər gün taleyimizə şükür edirdik ki, necə də xoşbəxtik: Bizim ucalıq mücəssəməsi Musa Yaqubumuz var. Hər an dərin, dibsiz göylərə baxır və pıçıldayırdıq: İlahi, insan adının etalonu, insanlığın bəzəyi Musa Yaqub bizimlə bir dünyada, bir əsrdə yaşayır, nəfəs alır. Bu hiss adama yeni qüvvə, inam verir, yaşamağa, yaratmağa  ruhlandırırdı.

…”Mən bu təmənnada ikən” qəflətən  ürəyimə səksəkəli bir şübhə toxumu “səpildi”. Nisgilli, eyni zamanda ecazkar misralarını xatırladım:

Nə tonqal qalanır, nə ocaq yanır,                                                                                         

Bizim xəlbirimiz burda ələnir.

Göydə xəlbirimiz burda fırlanır-

Daha söz deməyə tutarım gedib,

Dostları aparan qatarım gedib.

Bu daşı özümə yoldaş eyləyib,

Bəlkə, elə mən də qurtarım gedim.

Qalsın süfrə daşım  mamır bağlasın.

Üstümə yağışlar yağsın, ağlasın.

Yadındamı, ömrünün 83-cü ilində uşaqlarla səni təbrikə gəlmişdik. Həyətdə – həmin daşın ətrafında  oturmaq istədin. Bir dağ əzəməti ilə eyvana çıxdın, gələnlərə göz gəzdirdin.Ayağına rahat ayaqqabı verdilər: etiraz etdin. Öz həmişəki ayaqqabını istədin. Mən ağacın kölgəsinə çəkildim. Səsləndin: ”İranə hara getdi?” O anda məni təəccüb hissi bürüdü: bu qədər həyati problemlərlə, keşməkeşli həyatınla, beynindəki ağır poyeziya yükü ilə hər kəsi düşüncəndə necə saxlaya bilmişdin? Bu da bir bənzərsiz Musa Yaqub ucalığı deyildimi?

…Xəyalımı çözələməyə başladım.Yadıma “Təkərlər üstündə bir ev istərəm” şeirin düşdü. Necə deyirdin:

Paxıl qonşulardan qaçıb uzağa,

Yaxşı adamların qonşuluğunda

                            məskən salmağa,

Təkərlər üstündə birev istərəm.

Demirəm, mən nəşə,

Ya kef istərəm;

Bir az yaylaqların sakitliyində

Bir az şəhərlərin  hay-harayında

Ömür sürməyə                                                                                                                 

Təkərlər üstündə bir ev istərəm.

…Xeyr: buna da bənzəmirdi. Təkərlər üstündə  arzuladığın evdən də əsər-əlamət görünmürdü. Axı bir də hara getsə idin, səni ziyarətə gələnləri naümid qoymazdın:

Xeyirlə açılan bir al səhərin,

Şehli ağuşuna axım evimlə.

Mənim görüşümə tələsənlərin,

Durub pişvazına çıxım evimlə

Mən çıxım səfərə

Təkərlər üstə,

Özümlə aparım od-ocağımı.

…Od-ocağın da, evin də, hətta səndən yadigar bir “gül rəngli, sevinclə, gülüşlə dolu, gedib yaxşılığın üstünə çıxan cığır da” yerində idi.

Vaxtilə fəxr edirdin:

Atam son sözündə demişdi mənə:

Dünyanı bu yerdən baxanda sevim.

Yer var – Himalaydan görünməz mənə,

Ən dərin dərədən görünər evim.

Vətən anlamı ilə vəsf etdiyin EVİNİ sənsiz görüb yadıma yenə səni şəhərə, ”gözqamaşdırıcı” həyata (yəni daha yaxşı çap olunmağa) dəvət edənlərin sözlərinə “inanıb” gedəndə yazdığın misraların düşdü:

Uğurlu günədir niyyətim, yolum –

Gələrəm, gəlmərəm, bağışla məni.

Tutdun ətəyimdən, böyürtkən kolu,

Yox qala bilmərəm: Bağışla məni.

Ancaq o anda da fikrimdən daşındım. Xəyalım uzaq zamanlara “uçdu”: Getdin və çox tezliklə də dağlardan böyük “xahiş-minnət”lə doğulub-böyüdüyün dağlar qoynuna qayıdıb “doyunca” sevindiyini xatırladım:

Ömrüm,günüm,salam, salam…

Gəlmişəm ki, sizdə qalam.

A xeyirxah, müdrik anam,

Dağlar, məni qəbul edin.

 

Ey ulduzu, ayı olan,

Günəşə sərpayı olan,

Buluda çarpayı olan

Dağlar, məni qəbul edin.

Bütün olanları yada saldıqdan sonra  burda olmamağına necə inanardım?! Və… gözüm axtarırdı.

…Eh, bu şübhələr, düşüncələr, bəlkələr məndən əl çəkmir ki, çəkmir. Deyirəm, bəlkə, “Karvan, götür məni apar özünlə” şeirindəki fikirləri reallaşdırmısan?

Bu nə mavi dünya,

Nə mavi axın.

Karvan, götür məni apar özünlə,

Bulaq suyu kimi düzülüm, axım…

Bəlkə də, ayağım heç dəyməz yerə,

Bir mələk olaram,

Bir ruh olaram,

Uçaram ən təmiz səmalar içrə

Və nəhayət, “Gör məni haraya gətirdi bu yol,”, – deyərək, qismətinə düşən təmiz ömür payı yaşadığına görə, şükranlıq etdin:

Sağ ol təmiz ömür, var ol, təmiz yol,

Ey mavi zümzümə, ax, daim var ol…

Maral talasında gülən çəmənim,

Yaşa yəhər qayam, – var ol, daş atım.

Sağ ol, ey qismətim, möhlət verənim,

Bir az ömür sürüb xeyli yaşadım.

…Yoxsa… son anda həmişəki kimi ürək sirdaşın, sevinc və qəm həmdəmin olan dağlara son sualını sormağa getdin:

Üzü bəri baxan dağlar,

Mənim sizdə nəyim qaldı?

…Və ya Kərbəlada namaz qılıb sənə dua etmiş bir xanımdan son anda halallıq almağa getdin:

Mənə dua edən xanım,

Bu dünyada söz borcu var,

Nə deyim ki,

           can borcu var.

Sən şeirimə,

Mən də sənə borclu qalım.

 

Mənim də ki,

Olanlarım olub gedib,

Bağ-bağatım solub gedib,

Bu dünyada

         Solub gedən payızımın,

Gülünə nə arzuladın?

Əli əldən üzülmüşün,

Əlinə nə arzuladın?

Yarıçılpaq

         Budağını xəzan vuran

Koğuşunda ocaq yanıb

Tək qabığı üstə duran,

Ağaca nə arzuladın?

…Yenə çətin anlarda ana qoynu kimi sığındığın,  sənin üçün Vətən anlamı daşıyan doğma məkanına qoşduğun ölməz misralarını xatırladım:

Yaxşını, yamanı araşdırmağa,

Yaxşı ki, sən varsan, ey ana kəndim.

Bəli, bir həqiqət gün kimi aydın idi: Sən burdasan və mütləq axtarmaq lazımdır.

Bəlkə, – bu “bəlkələr” də əl çəkmir, ey- “Gəldim şeirimi yazmağa“- deyib çox sevdiyin təbiət qoynuna yol almısan?

 

Gəldim şeirimi yazmağa,

Alıb yorğun ürəyimi

Gül yarpağından asmağa.

 

Nə yaxşı ki, gələ bildim,

Bu yamacın gül üzünə

                 gülə bildim,

Gəldim şeirimi yazmağa,

Sonra alıb qələmimi

Gül yarpağından asmağa…

Hamını “gözdən qoruyan” dağdağan ağacının altında da, təbiətin “ürəyinə” birbaşa yol olan dəmir körpünün üstündə də gözə dəymirdin. Bu bir təsadüf idimi, görəsən?! İnana bilmirdim ki, belə bir xoşagəlməz hal olsun!!!

Ətrafa diqqətlə göz gəzdirdim. Bəli, bu gün də həmişəki kimi “qonaqlı-qaralı” idi evin, ocağın. Ancaq indi hər yer: həyət-baca, küçə, yol-riz adamla dolu idi. Böyük arzularla ŞAİRLƏRİN HÖKMDARININ adını verdiyin oğlun ŞƏHRİYAR da böyük kədərini gizlədə-gizlədə “qonaqlarını” adına, sanına layiq qarşılayırdı.

“Bu gün bütün dünyanın təvöccö nöqtəsi” (Sabir) də Buynuza idi.

Yenə evində “Poeziya məclisi” düzənlənmişdi: Sanki “BEYTÜS-SƏFA”, “MƏCLİSİ-ÜNS”, “MƏCLİSİ-FƏRAMUŞAN”, “MƏCLİSİ-XAMUŞAN” VƏ NƏLƏR…NƏLƏR “köçmüşdü” bura…

Yenə də məclisin “başında” idin. Başqa cür də ola bilməzdi! Fəqət fərqli məclis idi: Sən dinmirdin, ancaq ardı-arası kəsilmədən şeirlərin səslənirdi. Bu “dəryada” nələr, nələr varmış… Bitməz-tükənməz suyu varmış bu poyeziya  “DƏRYASI”NIN. Bu gün bir başqa dadı, şirinliyi, ölçüyəgəlməz “MÜDRİKLİYİ” vardı sanki onun.

İndi də bambaşqa məna kəsb edirdi bu şeirlər,

Onları dinlədikcə yenə “şirin” misraların “boy- boya” düzüldü:

Adam şair olar, ya haqq aşığı

Düşsə bağçasına payız işığı.

“Payız işığı”, “Payız çiçəyi” adlandırdığın qız balan Yaqut idi bu bənzərsiz “Poeziya məclisi”nin rəhbəri. Həm cismani ciyərparçan, həm də mənəvi ifadəçin idi. Mənəviyyatın, ucalığın, böyüklüyün, saflığın, sadalaya bilmədiyim nələr vardı bu ağıya “bələnmiş” şeirlərdə.

Azərbaycan poeziyasının mənəviyyat “yükü”nü çəkənlər vardı bu məclisdə.

Heyhat! Sən ayaq üstə deyildin… Uzun illərin yorğunluğunu “alırdın”. YATMIŞDIN! Sanki Oğuzların dərin yuxusuna getmişdin. Lakin bu yuxu hər yuxuya bənzəmirdi. Bənzərsiz bir yuxu idi: əbədiyyət yuxusu idi.

“Leyləklərin çöp yuvası boş qaldığı” kimi, Musa Yaqub “ocağı” da, Azərbaycan təbiətinin “Poeziya ocağı” da SƏNSİZ qalmışdı.

Bahar olmasına baxmayaraq, sanki güllü-çiçəkli, təravətli “baharın” getmiş, mənalı ömrünün “xəzanı”, “qışı” gəlmişdi.

Yenə ölməz misralarını, aradığın yolu xatırladım:

Payızdan yaza yol varmı?

Mənim yolum yoxdur, amma…

Payızdan şikayətlənib yaza kəsə yol axtarıb tələsən şair, ancaq sənə vəfasız çıxan bahar oldu: ad gününə cəmi üç gün qalmış, bahar mənalı şair ömrünə “nöqtə” qoydu:

Hə, mənim də ömrüm nağılda nöqtə,

Bir qəfil rəng olub yandı üfüqdə.

Lakin xoş “müjdə” vardı: “Göy çəməndə” çatdığın gur “ocağın” sönməmişdi. Necə yandırmışdın, eləcə də qalmışdı. Gələnlər bu “ocağı” körükləyir, sönməyə qoymurdular, heç vaxt da qoymayacaqlar .

Ancaq təəccüblüsü odur ki, yazdığın sözlər birinci dəfədir, “səhv çıxıb”, Yazmısan:

“Nə bu ocaq közərəsi, yanası”…

Fərqinə vardınmı, QÜDRƏTLİ ŞAİR?!

İndən belə: “Bu ocaq həmişə közərəsi, yanası”, – şəklində deyiləcək misran.

Bilirəm, etiraz eləmirsən. Çünki sənin bir qarışqanı da incidəcək ruhun yoxdur.

Düşünürdüm ki, cahan boyda dünyanı, arzuları, ümidləri, inamları, düşüncələri, ülviliyi, nəcibliyi və daha nələri… nələri sığışdırdığın qəlbin hələ çox şərqilər qoşacaq. Çünki bu müdriklik zirvəsinə qalxmaq üçün nələrdən… nələrdən keçmisən. Zirvəyə çatanda, topladığın “söz balı”nı insanlara paylamaq istəyəndə ömür vəfa etmədi. Bunu anlayanda bir təəssüf nidası qopdu dilindən:

Mehi çox şirindir, qəzəbi acı,

Necə qalım razı, dünyadan razı

Bu boyda qəlb verib, bu boyda arzu,

Ancaq ömür verib bir iynə ucu,

Bu iynə ucuyla neyləmək olar?

Dəryada damcıyla neyləmək olar?

Sevgisi şirin Vətən məhəbbətini doyunca vəsf eyləyə bilmədiyinə görəmi ömürdən şikayətləndin, böyük ustad:

Yolları çox uzun,

göyləri dərin,

Bir də Vətən verib

Sevgisi dərin.

Heç bu şirinlikdən doymaq olmadı.

Bir göz qırpımında keçən günlərin

Xoşca anlarını saymaq olmadı.

Bir göz qırpımında neyləmək olar?

Bir qəlb çırpımında neyləmək olar?

Bunu da yazan da, yaşamaq, yazıb-yaratmaq həvəsi ilə alışıb yanan da, saf, təmiz, ülvi hisslərlə dolu ürəyinə vurulan yaralara görə dünyadan küsüb  neçə dəfə “köçmək” arzusunda olan da sən idin:

Qalmayıb dünyanın yaxşı, pisiylə,

Gərək o baharla çıxıb gedəydim.

Mən gərək Fərmanla, İsa, İsiylə,

Aydınla, Eldarla çıxıb gedəydim.

 

Dünyanın zəmisi heç imiş demə,

Dəryanın gəmisi köç imiş demə.

Heçimi, köçümü indi bilmişəm,

İndi bilməyim də gec imiş demə.

Yoxsa, əvvəlki şövqlə yazıb-yarada bilmədiyinə görə özünü bağışlaya bilmirdin:

Bir yorğun torpağam dincə qoyulmuş,

Daha əkilməyim, biçilməyim yox.

Köhnə qarağacam içi oyulmuş,

Bir də körpülənib keçilməyim yox.

Hiss olunurdu ki, ən böyük arzuna çatmış kimi idin:

Heç isti görmədim bir yad nəfəsdə.

Ürəyim, kamanı bu eldən istə.

Vətənin bir qarış torpağı üstə

Yaşaya biləydim ölənə kimi.

Sən dünyada hər kəsə, hər şeyə sadiq olan şair, bu anda gözlədiyin bir gözləntinə görə yazdığın, lakin əməyinin hədər olub qələmə aldığın, misraları da xatırladım:

Gəlmədin…

Gözləmək ümidim əbəs,

Kimə saxlayıram əllərimi bəs?

Kimə saxlayıram gözlərimi bəs?

Kimə saxlayıram ürəyimi bəs?

Bəli, dünyanın bütün nazü-nemətlərini, töhfələrini, şan-şöhrətini, təltiflərini unudub bu müqəddəs həyatında, şairlik yolunda sənə həmdəm olan, ilhamlandıran, ürəyinə xal düşməyə qoymayan sadiq bir Azərbaycan qadını əziz Zöhrənin gəlmədiyini görüb bir yol qovşağında-məzarlıqda görüşünə tələsdin: (Şairliyinlə bu bənzərsiz arzunu tarazlaşdırdığın tərəzinə əhsən, müqəddəs insan):

Bir gözə dəymədən gözdən itənim,

Bir gizli bəxt ilə əhdə yetənim.

Durub iki dünya üz-üzə-gəlmə,

Bir daha göstərib möcüzə, gəlmə.

Bir yol qovşağında bəlkə görüşdük –

Mən sizə gəlirəm, sən bizə gəlmə.

Vətən torpağını qucaqlamaq, bir ruh olub uçmaq arzusu ilə yaşayan şair, həyətindəki iki qapını indi görəndən sonra, vaxtilə yazdığın misralarının doğruluğuna inandım. İnandım ki, artıq səni cismani şəkildə axtarmağım əbəsdir: Girdiyin qapıdan deyil, o biri qapıdan çıxıb həmişəlik əbədiyyətə qovuşmusan:

Yarpaq-yarpaq tökülmüşəm,

Sarmaşığa bükülmüşəm.

Kərpic-kərpic sökülmüşəm.

Pəncərədən baxım gedim.

O qapıdan girmiş idim,

Bu qapıdan çıxım gedim.

Bura gəlib-gedən qalsın,

Nişan qalsın, bədən qalsın.

Qoy məzarım Vətən qalsın,

Torpağını qucum gedim,

Bir də dönüm, bir də baxım,

Bir ruh olub uçum gedim.

Fəqət… bir yəqinin düz çıxıb: Neçə illər bundan əvvəl yazdığın, hamının dilində əzbər olan, dərin Vətən məhəbbətinin rəmzinə çevrilən aşağıdakı bir bənd “son beşiy”inə – məzarına “epitafiya” oldu:

BƏLKƏ DƏ, BORCUNDAN ÇIXMADIM, VƏTƏN,

ÖMÜR BAHAR DEYİL, BİR DƏ QAYITSIN.

ÖLƏNDƏ QOYNUNDA QOY ÖLÜM Kİ, MƏN,

ÇÜRÜYÜM, BİR OVUC TORPAĞIN ARTSIN.

Sözümüz çoxdur: Lap çox. Ancaq MUSA YAQUBU vəsf edəcək qüdrətimiz yox… Axı hamı hər sozü ilə insanı lərzəyə salan MUSA YAQUB OLA BİLMƏZ Kİ… Necə ki atalar deyib: “Hər oxuyan Molla Pənah olmaz”.

Ancaq bir çarəmiz qalıb, onu deyək ki: Ürək dolusu müqəddəsliyini vəsf etdiyin Baba dağını, Canalını, Soyuqbulağı, Şaxşaxa bulağını,Yelli gədiyi, Zarat çalasını, vüqarlı palıdı, qurumaqdan qurtulan qarağacı, tək bitən qovağı, ətəyindən tutan böyürtkən kolunu, qan-yaş tökən el-obasını Musa Yaqubsuz qoyan, Buynuz qəbiristanlığını “Şairlər qəbiristanlığı”na çevirən ŞƏHADƏTİN MÜBARƏK, BİR OVUC VƏTƏN TORPAĞINI ARTIRMAQ ARZUSU İLƏ YAŞAYAN VƏ BU MÜQƏDDƏS ARZUSUNA “ÇATAN” ŞAİR!!!

Böyük nigaranlığını  özünlə apardın. Həmişə canına, qanına hopan təvazökarlıqla  təəssüflənirdin ki:

Mən ki daha günəş ola bilmədim,

Mən ki daha ulduz ola bilmədim.

Hamının baxdığı, görə bildiyi

Göylərin tağında qala bilmədim.

Xeyr, siz poyeziyamızda özünüzə məxsus elə bir iz qoyub getdiniz ki, illər, əsrlər keçsə də, bu iz pozulmayacaq. Arxanızca bir xalqın təəssüf dolu baxışlarını əks etdirən şairin misraları kimi:

Sən dünya içində bir dünya idin,

Getdin, bu dünyanın özəyi getdi.

Gözəl nə var idi, qoşuldu sənə,

Dağımın, düzümün bəzəyi getdi.

(Hər “çəməndən” bir çiçək kimi “topladığım” söz “gülləri”ndən hazırladığım bu “çələngi” – dərya  “damcısı” olsa da, müqəddəs məzarına qoyur və deyirəm: “Mənəvi dünyamıza “xoş gəldin” insanlığı şərəfləndirən MÜQƏDDƏS İNSAN!!!”)

Rəna Mirzəliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

Şərh Yaz