Yeni nəşrlər:   Onsəkkizinci görüş                              

Həmyerlimiz, şair Mövlud Teymurunun yeni şeirlər kitabı işıq üzü görüb. “Dünya eşitsin” adını almış bu kitabda müəllifin son illərdə yazdığı qələm nümunələri cəmlənib. Ömrünün səkkisinci onluğunu yaşayan qələm dostumuzun sayca onsəkkizinci olan bu kitabında təbiət təsviri, yurd, Vətənə sevgisi, bəşəri hisləri tərənnüm edən, arxada qalmış gənclikdən, üzləşməkdə olduğu qocalıqdan bəhs edən  şeirlər yer alıb. “Təknur” nəşriyyatının nəfis şəkildə çap etdiyi 428 səhifəlik bu kitabdan  iki şeiri oxucularımıza təqdim edirik:

Azərbaycan deyərsən

 

Oxucum, məni oxu,

Sünbülü, dəni oxu.

Zəhmətkeş ünü oxu,

Torpağa can deyərsən,

Azərbaycan deyərsən!

 

Haqqa, düzə boylan, bax,

Ceyran – düzə boylan bax.

Gözəl üzə boylan bax,

Zambağa can deyərsən,

Azərbaycan deyərsən!

 

Bizim yerlər cənnətdi,

Bərəkət, var-dövlətdi.

Şan-şöhrətdi, şövkətdi,

Üz ağa can deyərsən,

Azərbaycan deyərsən!

 

Mən bir alnıaçığam,

Sözü aydın, açığam.

Oxu məni, bir dağam,

Bulağa can deyərsən,

Azərbaycan deyərsən!

Torpaq

 

Gün döydükcə torpağı

Torpaq qızıla dönür.

El öydükcə torpağı,

Şəkərə, bala dönür!

 

İşıqlıdı, nurludu,

Çeşidlidi, dürlüdü.

Sünbülü qürurludu,

Demərəm kola dönür!

 

Qaragözdü bu torpaq,

Bir ağ üzdü bu torpaq.

Gül, nərgizdi bu torpaq,

Ləçəkdə xala dönür.

 

Qoymaq bizə o, minnət,

Babalardan əmanət.

Ölsən, torpaqdı cənnət,

Qalsan, amala dönür

 

Şərh Yaz