Şair Ağasən Bədəlzadənin ocağında görüş                          

O günü filologiya üzrə fəlsəfə doktoru, sevimli şair Ağasən Mehdi oğlu Bədəlzadənin Pirəbilqasım kəndinin başında yerləşən ikimərtəbəli, küləklərin rəqs etdiyi, yarlı-yaraşıqlı təzə evində xüsusi bir canlanma var idi. Şairin dostları – “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, Prezident təqaüdçüsü Şahməmməd Dağlaroğlu, tanınmış jurnalist-publisist Vaqif Məmmədov, energetika üzrə məşhur mütəxəssis Cahid Nəbiyev və bu sətirlərin müəllifi Ağasən Bədəlzadənin başına toplaşaraq, necə deyərlər, onu duz kimi yalayırdılar. Çoxdan gözlənilən bu görüşün ilk təşkilatçılarından biri – ədəbiyyatımızın və mətbuatımızın aparıcılarından sayılan Şahməmməd Dağlaroğlu vaxtilə universitet müəllimi işləyən, dosent, sevilən şair Ağasən Bədəlzadə yaradıcılığından iftixarla danışaraq dedi:

– Ağasən müəllim nəinki İsmayıllı rayonunun, hətta bütöv Azərbaycanın fəxridir. O, natamam orta məktəb illərini bu kənddə keçirsə də sonrakı təhsil illəri İsmayıllı şəhərində, Şamaxı Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetində keçmişdir. Universitetdə olarkən o, professor, məşhur şair Bəxtiyar Vahabzadədən dərs almış, yaradıcılığına vurulmuş və özü də gənc yazar kimi bu böyük şairin rəğbətini qazanmışdır. Təsadüfi deyil ki, illər ötdükcə onun yaradıcılığını daimi izləyən B.Vahabzadə hətta onun haqqında “Ulduz” jurnalında “Yanmaq ona deyərəm ki…” adlı böyük bir məqalə yazmışdır.

Yeridir, onun yaradıcılığından bir misal gətirim:

Ayrılıq yamanmış demə ölümdən,

Bu hicran bir qıfıl asdı könlümdən,

Yanıb kül olmuşam, bəlkə külümdən

Sovrulub başıma düşüb dən, gülüm.

Ağasən Bədəlzadə nə qədər sadə, təvazökar, düşünən, bədbin, kədərli və duyğulu olsa da, bir o qədər düşündürən, əyləndirən, fərəhləndirən, uzaqgörən, ilk baxışdan adamı ovsunlayan, yanan və yandıran şairdir. Onunla bir gün olmaq bir ilə bərabərdir. Keçən illərdə biz mərhum şairimiz Oqtay İsmayıllı ilə bu kənddə Ağasən müəllimlə görüşə gələndə də o, belə nikbin, belə sevincək, belə qonaqpərvər idi. Elə hey bizə razılığını bildirir, bizi güldürür, bizi ilhamlandırırdı. Sözarası böyük dahilərdən misal gətirərək bizi yoldaşlıqda, münasibətdə, dostbazlıqda daha da möhkəm olmağımıza görə tərifləyirdi. Amma onda belə yarlı-yaraşıqlı, ikimərtəbəli, küləfərəngi, müasir tipli evi yox idi. Özü də kəndin lap başında. Hələ demirəm ki, magistral yoldan kəndin başına – onun evinədək çəkilən asfalt yol (çəkənlərin canını uzun müddət böyük Allah sağ-salamat eləsin!) bizi nə qədər sevindirdi, mənzil başına nə qədər tez çatdırdı?!

Qoy şair dostumun daha bir bənd şeirini deyim və bununla da söz-söhbətimi qurtarım:

Bir nəfərin sözü dada çatırsa,

Bir təkin düz sözü məgər pisdirmi?

Biri milyonları tərs oynadırsa,

“El gücü, sel gücü” – demək düzdürmü?..

İldırım Dəmirli,

Əməkdar jurnalist

Şərh Yaz